USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

İlham Əliyev strategiyasında Azərbaycançılıq ideologiyası siyasi-fəlsəfi məktəbdir


https://img.baki-baku.az/news/2020/11/photo_1662.jpg?v=MjAyMC0xMS0wNSAxNjowNjoyNg==

Rəna  Mirzəzadə AMEA Fəlsəfə İnstitutu
“Müasir siyasətin fəlsəfəsi”
şöbəsinin müdiri, f.e.d, prof.

 

Ulu Öndər Heydər Əliyev tərəfindən ölkədə rəsmiləşən azərbaycançılıq ideologiyası Prezident İlham Əliyev siyasətində etnik, ideoloji və siyasi-mənəvi standart oldu. Azərbaycan tarixən milli-mənəvi cəhətdən müxtəlif dil, din və mədəniyyətlərin inkişaf etdiyi məkanlardan biridir. Şərqlə-Qərbin, Şimalla-Cənubun kəsiyində yerləşən Azərbaycan zəngin tarixi və mədəni irsə malikdir.  Azərbaycan tarixi inkişaf mərhələlərinin müxtəlif dövrlərində bu ərazidə məskunlaşan çoxsaylı xalqların, mədəniyyətlərin və konfessiyalarının nümayəndələri üçün vahid vətənə çevrilmişdir.  Ölkədə çox mədəniyyətlilik və tolerantlıq dəyərlərinin tarixi kökü çox qədim dövrlərə qədər uzanır. Bu torpaqlarda ta qədimdən təşəkkül tapmış müxtəlif millətlər dil, din, mədəniyyət fərqlərinə baxmadan dostluq və qardaşlıq şəraitində birgə yaşamışdır. Avropanın “immiqrant” ölkələrindən fərqli olaraq Azərbaycan miqrant ölkəsi deyildir. Azərbaycanda müxtəlif etnoslar və konfessiyalar arasında dialoq, tolerantlıq mühiti bərqərar olmuşdur. Xalqların min illərlə birgə yaşayışı nəticəsində formalaşmış və dərin kökləri olan tarix yaddaşı da məhz azərbaycançılığın əsaslarındandır. Prezident İlham Əliyevin IV Beynəlxalq Bakı Humanitar Forumunda söylədiyi kimi: “Azərbaycanda bütün xalqlar dostluq, mehribanlıq şəraitində, bir ailə kimi yaşayır. Heç vaxt Azərbaycanda dini, milli zəmində qarşıdurma, anlaşılmazlıq olmayıb və bu, bizim böyük sərvətimizdir. Çünki hər bir ölkənin gücünü əlbəttə ki, bir neçə amil müəyyən edir – siyasi imkanlar, iqtisadi güc və eyni zamanda, cəmiyyətdə mövcud olan ab-hava, sağlam mühit və həmrəylik duyguları. Hesab edirəm ki, bu baxımdan Azərbaycanın təcrübəsi çox müsbətdir və biz öz işimizlə dünyada gedən proseslərə müsbət töhfəmizi veririk. Multikulturalizm Azərbaycanda həyat tərzidir. Düzdür, bu termin nisbətən yenidir. Ancaq əsrlər boyu Azərbaycanda multimədəniyyətli cəmiyyətlər mövcud olub. Xalqlar arasındakı dostluq və həmrəylik bunun bariz nümunəsidir.”(Bax:02.oktyabr 2014-ci il president.az/articles/13038).

Məhz bu konstekdə Prezident İlham Əliyev siyasətində azərbaycançılıq ideyasının XXI əsrdə təzahür istiqamətlərinə nəzər yetirək.

Azərbaycançılıq ideologiyasını tarixi-siyasi və etno-mədəni kontekstdə mərhələlərə bölsək belə bir paradiqmal baxış yaranır:

  1. qədim dövrdən –XIX əsrin sonunadək;
  2. XX əsrin əvvəli və XX əsrin 20-ci illərinədək;
  3. XX əsrin 20-70-ci illəri;
  4. XX əsrin 70-90-cı illəri;
  5. XX əsrin 90-cı illərindən  XXI əsrin əvvəlinədək olan dövr

6) XXI əsrin 20-ci illərinədək olan dövr

Bu nəzərdən akademik  N.Cəfərov yazır ki: “İstər təşəkkül dövründə, istərsə də müxtəlif təkamül mərhələlərində, xüsusilə XX əsrin 20-ci illərinin əvvəllərindən 70-ci  illərinin əvvəllərinə, yəni Heydər Əliyev dövrünə qədər  azərbaycançılıq ideologiyası həm ölkə daxilində, həm də ölkə  xaricində (mühacirətdə) biri digərindən, demək olar ki, təcrid olunmuş halda fəaliyyət göstərmişdir. Ölkə daxilində bu ideologiya get-gedə məhdudlaşdırılmış, hətta tamamilə unutdurulması üçün hər  cür cəhdlər edilmiş, az-çox təzahürləri isə müxtəlif mənəvi-ideoloji istiqamətlərə (məsələn, liberal vətənpərvərlik) yönəldilməklə amorflaşdırılmış və ya "simasızlaşdırılmışdır"… Xaricdə  (mühacirətdə) isə sosial bazası olmayan romantik xəyallara çevrilmişdir… Və bütün hallarda Azərbaycan xalqının  milli ideallarının qarşısını həm administrativ, (aqressiv),  həm diplomatik (aldatma), həm də ekspressiv (şirnikləndirmə!) yolları ilə  məhz Sovet- sosialist ideologiyası  kəsmiş, lakin milli idealları məhv etmək mümkün olmadığı kimi, milli ideologiyanı da sona qədər unutdurmaq,  yaddaşlardan silmək mümkün olmamışdır”.(Bax: 525.az.24.12.2015)

- İlham Əliyev strategiyasında azərbaycançılıq ideologiyası "Güclü dövlət" və "dövlətin modernləşdirilməsi" - dəyərlər sisteminin əsas tərkib hissəsi kimi xarakterizə olunur. İlham Əliyev siyasətində güclü dövlət, balanlaşdırılmış siyasi-sabitlik, dayanıqlı iqtisadi ictimai inkişaf və yeni təfəkkür tərzinin yəni mədəni müxtəlifliyin həyat tərzi kimi dövlət səviyyəsində qəbulu, bütün dinlərə qarşı tolerant mühit, hər cür ayrı seçkiliyin aradan qaldırılması və s. bu kimi ideyaların  formalaşdırılması azərbaycançılığın mühüm tərkib hissələridir.

-  İlham Əliyevin həyata keçirdiyi, inkişaf etdirdiyi azərbaycançılıq təlimi özündə varislik və ənənəviliklə vəhdətdə modernliyi də əks etdirir.

- İlham Əliyev müstəqil Azərbaycanın siyasi-ictimai tarixində novator, qurucu-islahatçı, multikulturallığı və həmrəyliyi təmin edən, rasional və kreativ məntiqli, elitar davranışlı, milli kimliyi ənənəvilik və modernliklə təmsil edən XXI əsr Azərbaycanın “mən hər bir azərbaycanlının Prezidentiyəm” söyləyən Lideri və “heç vaxt Qarabağ müstəqil dövlət olmayacaq” fikrini hökmlə bəyan edən Ali Baş Komandan, həmçinin “Bizim üçün bir tarixi amil – azərbaycançılıq ideologiyası var” deyən Ulu Öndər Heydər Əliyev məktəbinin ən uğurlu və kamil yetirməsidir.

Məhz azərbaycançılıq ideologiyasının XXI əsr təkamül dövrü Prezident İlham Əliyev siyasi xəttilə təşəkkül tapmışdır. XXI əsrdə Prezident İlham Əliyev siyasətində azərbaycançılıq təşəkküldən təkamülə, formalaşmadan inkişafa yüksəldi, lokallıqdan çıxaraq nəinki regionda, həm də qlobal səviyyədə tanıdılmağa başladı. Bunun bariz nümunəsi isə ölkədə keçirilən Beynəlxalq Bakı Humanitar Forumları və Mədəniyyətlərarası Dialoq Forumlarıdır. Bu mənada azərbaycançılığın inkişaf xəttinin istiqamətlərinə  diqqət yetirək:

- ilk öncə nəzərə yetirək ki, XX əsrin sonu-XXI əsrin əvvəlindən Azərbaycançılıq ideyasının etno-tarixi köklərinə, siyasi-mədəni və ictimai-mənəvi, hətta fəlsəfi-bədii qaynaqlarına həm tədqiqi-elmi, həm təbliği, həm də təşviqi mətndə diqqət yüksəldi. Bu obyektivlikdə isə Prezident İlham Əliyev tərəfindən Azərbaycançılıq məfkurəsi yönündə öz həyat və fəaliyyətlərini bu məqsəd uğrunda keçirmiş maarifçi-ziyalı və vətənpərvər, ictimai- siyasi və milli ideya daşıyıcılarının yubileylərinin rəsmi dövlət səviyyəsində qeyd olunması haqda verdiyi tarixi sərəncamlar mühüm əsas oldu.

- Milli ideologiya nümayəndələri bir cəhətdən daha geniş və əhatəli coğrafiyada təbliğ olundusa, digər cəhətdən milli şüur, özünü milli təfəkkürdə bu tarixi irsə sahiblik, milli özünükimliyin dərki, oyanışı tam yeni bir vüsət aldı. Bu mənada Azərbaycan Xalq Cumhuriyyəti qurucularının azərbaycançılıq məfkurəsinin əqidə daşıyıcısı kimi uzun illər sovet dövründə adı belə deyilməyən görkəmli şəxsiyyətlərin  də yubileylərinin qeyd olunması haqda çoxsaylı sərəncamlar imzalandı.

- Başqa bir baxışdan isə müstəqil Azərbaycanda respublikası artıq milli öz fəlsəfi-siyasi, tarixi-ideoloji mərkəz və mənbələrinin də öyrənilməsi, araşdırılmasına da aşkar  stimul verildi və bu sahələrə dövlət tərəfindən müəyyən maddi vəsait ayrıldı.

Digər bir səbəbdən isə, bu yubiley sərəncamları həm də milli-ideoloji və siyasi-hüquqi mətndən azərbaycançılığın təbliği, təşviq və tədrisində, eləcə də müstəqil milli dövlətçiliyin strateji-nəzəri əsaslarının hazırlanmasında əsas elmi-paradiqamal mənbə oldu.

- Azərbaycançılığın formalaşması mərhələsində ikinci  vacib amil Ulu Öndər Heydər Əliyevin milli dövlətçilik strategiyasında ölkə və dünyada bu xəttə hörmətlə,   intellektual- analitik incəliklə  yanaşılmanı təqdim edilməsi idi.  Ulu Öndər Heydər Əliyev azərbaycançılıq  ideologiyasının bir-birindən əsaslı fərqi olan iki- dördüncü  və beşinci mərhələsini formalaşdırmaqla,  həm də  onu dövlətin milli inkişaf platformasının ideoloji kursuna çevirdi.

Məhz Ulu Öndər Heydər Əliyev siyasətinə söykənərək Prezident İlham Əliyev strateji xəttində azərbaycançılıq ideologiyasının, Azərbaycan xalqının əsrlərdən gələn tarixi-mədəni milli ideallarının həm ölkə, həm də dünya miqyasında əhatəli və geniş təbliği başladı. Azərbaycan və Azərbaycan xalqının bütün milli-mədəni və milli mənəvi kökləri-qaynaqları müxtəlif tədbirlər keçirilməklə azərbaycançılıq ideologiyası legitimləşdirildi.

Azərbaycançılıq – Azərbaycan insanının, Azərbaycan Respublikası vətəndaşının dövlətçilik təfəkkürünün özülünü formalaşdıran milli və bəşəri əsasda, tarixi-ictimai, mənəvi-etnik, siyasi-hüquqi, ədəbi-bədii, sosial-iqtisadi ideologiyasıdır.  Azərbaycançılıq – müstəqil Azərbaycanın siyasi sistemində ölkədə məskunlaşan bütün mədəni müxtəliflikləri birləşdirən rasional vətəndaş və humanist davranışın təqdimidir. Azərbaycançılıq ideyası ənənəvi – pozitiv, milli məqsədlərə söykənən, mənəvi və mədəni müxtəliflikdə dialoqu, humanizmi əsas tutan, ənəviliyi müasirlik mətnində ölkənin ictimai-siyasi reallığında əks etdirən mütərəqqi baxışlar məcmusudur.

 Azərbaycançılıq müstəqil respublikada yeni siyasi mədəniyyətdə, islami mənəviyyata ehtiram  və digər dinlərə də qarşılıqlı hörmət aşılayan mənəvi-əxlaqi, humanitar-etnik millilik standartıdır.

Bu baxımdan Ulu Öndər Heydər Əliyevin də söylədiyi kimi:  "Müstəqil Azərbaycan dövlətinin əsas ideyası Azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq... Azərbaycanlılar harada yaşamalarından asılı olmayaraq, daim öz milli-mənəvi dəyərlərinə, milli köklərinə sadiq olmalıdırlar. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olub. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir".(Bax: hhtp://az.news_print/php?new_id=198586)

 İlham Əliyev milli kimlik - yəni ənənəvi müsəlman ictimai-psixoloji mentalitet stereotipləri qayəsində həm də bəşəri dəyər kimi modern “multikulturalizm Azərbaycanda həyat tərzidir” fikri ilə tolerantliğa söykənən “Yeniləşən Azərbaycan modelini” dünyaya təqdim etdi, demokratik bir cəmiyyət formalaşdırdı.

Prezident İlham Əliyev ixtisasca beynəlxalq münasibətlər üzrə peşakar mütəxəsis olduğu üçün də emprik-nəzəri mətndə azərbaycançılığa əks qüvvələrin, eləcə də islamafobiya mərkəzlərinin ölkədə təbliğ etmək istədikləri gizli məramlı ağ-qara bayraqlı dinçilik, şüarlarını, müəyyən təşviğat planlarını (məsələn, 2016-cı il Nardaran hadisələri buna nümunədir və s.) darmadağın etdi. Prezident İlham Əliyev tərəfindən Azərbaycanda 2017-ci il “İslam həmrəyliyi ili” elan olunmaqla, həm islam ölkələrini bir daha əməkdaşlığa, mənəvi-mədəni, həm də dünya dövlətlərini bəşəri mədəni-mənəvi dəyərlərin - vəhdətinə səslədi. Prezident İlham Əliyev “İslam həmrəyliyi” ili konstektində Qərbin “İslam terrorist dindir” əsassiz reklamına qarşı çıxaraq, müsəlman şərqində “rəhbəri, - başçısı, - lideri – ideologiyası dövləti olmayan” təşviqinə alternativ mükəmməl, lider + xalq = güclü Azərbaycan dövləti və onun nüfuzlu, sözü beynəlxalq tribunalardan qəbul edilən Prezident İlham Əliyev siyasi portretini təqdim etdi.

Ulu Öndər Heydər Əliyev Prezident İlham Əliyevin siyasi avtoportretini çox mükəmməl göstərərək demişdir ki: “O, yüksək intellekt, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir”. (Bax:Azərtac 2003-cü il, 2 oktyabr)

XXI əsrin əvvəlindən ölkənin inkişaf xəttində kreativ düşüncəli, modernist bacarıqlı, həmçinin planetar təfəkkürlü siyasi Lider İlham Əliyevi yeni dövrün dövlət başçısı kimi səciyyələndirən akademik Ramiz Mehdiyev bu haqqda yazır: "İlham Əliyevin dövlətlə, dövlətin inkişafı ilə bağlı baxışları məlumdur. Onun bütün başlıca arzu və istəkləri Azərbaycan dövlətini modernləşdirmək və ölkəni dünya miqyaslı mühüm qərarlar qəbul edən say-seçmə ölkələr birliyinə daxil etməkdir. O, fəaliyyətində ardıcıl və praqmatikdir, rasional və səmimidir. Onu fərqləndirən cəhət budur ki, O, fəaliyyət dairəsi məhdud olan məmur deyil, əksinə, geniş baxışlara malik siyasətçidir. Onun üstünlüyü bundadır. Azərbaycana məhz belə siyasətçi gərəkdir. Çünki alman dəqiqliyini və məsuliyyətini azərbaycanlıların açıqlığı, səmimiliyi və dini dözümlülüyü ilə birləşdirməyə Azərbaycanın ehtiyacı var. Bütün bunlar səmərəli işləməyi, qayda-qanunu bərqərar etməyi və hələ bir çox həll edilməmiş problemləri olan ölkədə müasir dövlət və cəmiyyət qurmağı öyrənməyə imkan verəcəkdir. (Bax: Səs qəzeti, 19.12.2017-ci il)

 İlham Əliyev dəyərlər sistemində dövlətçilik və dövlət quruculuğu öncül yerdədir və bu şəxsiyyət dəyərinin alilik göstəricisidir. Nəzərə yetirək ki, Ulu Öndər Heydər Əliyev məktəbinin kamil yetirməsi İlham Əliyev zəkası, məntiqi, idrakı, milli mənliyi, tolerantlığı, humanistliyi, təşkilatçılığı həm də vətənsevər ilə  böyük nüfuza malikdir. Prezident İlham Əliyev bütün mədəni-mənəvi, intellektual-elmi, humanist və ümumbəşəri keyfiyyətlərinə görə, özündə azərbaycançılıq təlim-tərbiyəsinin nümunəvi obrazını yaratdığına görə, Azərbaycan cəmiyyətində özünə ümumxalq istəyi qazandırmış və Azərbaycan vətəndaşları İlham Əliyevi istəyərək dəstəkləyir. Nəzərə yetirək ki, M.Yusifov  "Heydər Əliyev və Azərbaycançılıq ideologiyası" əsərində ölkə başçısı İlham Əliyevin Azərbaycanda dövlətçilik ənənələrinin varisi olması, ölkədə milli birliyin, vətəndaş mütəşəkkilliyinin və milli ideologiyanın yəni- azərbaycançılığın təməli olan Ulu Öndər Heydər Əliyev məktəbinin ideoloji davamçısı olduğunu göstərərək yazır: "İlham Əliyev varislik haqqını hərtərəfli qazanmışdır. Ona görə Azərbaycan cəmiyyəti sabahkı günə işıqlı bir ümidlə baxır və şübhə etmir ki, bu gün Heydər Əliyev ailəsi kimi möhtəşəm bir nəslin varisi olan, siyasi və ideoloji varislik haqqı qazanan İlham Əliyev XXI əsrin siyasi lideri olacaq”.(Bax: hht://sesqazeti:aznews_id=198586)

Ilham Əliyev XXI əsr yeniləşən dünya səviyyəsində tanınan və öz kreativ ziyalılığı və modernliyi ilə sayılıb-seçilən Lider-Rəhbərdir. Belə İlham Əliyev xarizmatik Lider və bütün zamanlarda öz xalqını, ölkəsini, vətənini sevərək tanıdıb təqdim etməklə yaşadır, həm də xalqının özünəməxsus milliçilik  ənənələri fəlsəfəsinə uyğun cəmiyyət həyatına novator dəyişikliklər və müasirlik  gətirir. Bu nəzərdən  İlham Əliyev strategiyasında daxili və xarici siyasət xətti sosioiqtisadi inkişaf və azərbaycançılıq ideologiyası istiqamətində olan “inkişaf məqsədimizdir” modeli özü də bir nümunəvi siyasi-fəlsəfi məktəbdir.

Azərbaycançılıq ideologiyasının tərkib hissəsi kimi türkçülük, islam  və müasirliyin üzvi vəhdətdə, heç birinə üstünlük tanıdılmadan, tam şəklində rəsmi dövlət bayrağında simvol olaraq halında qəbul edildi. Nəzərə yetirək ki, Azərbaycanda xalqı müxtəlif  tarixi vaxtlarda, yəni azərbaycançılığın ideya kimi meydana çıxdığı və formalaşdığı XIX əsrin sonu XX əsrin əvvəllərindən  başlayaraq artıq türkçülük, islam və müasirlik maarıfçi ziyalıların amalı kimi təbliğində ön yerdə idi. Bu səbəblər isə ictimai-siyasi mühitdə AXC dövründə daha da yüksəldi. Lakin XX əsrin 20-ci illərindən artıq sovet ideologiyası dövründə artiq millişüur, dərketmə, təfəkkür əsasən də milli inteqrasiyanın, pozulmasına, yaxud unutdurulmasına yönəldildi və milliçiliyin “pioner-komsomol-kommunist” ideoloji çərçivəsinə sığınması prosesinə başlanıldı.

- İlham Əliyevin socio-ideoloji azərbaycançılıq xəttində türkçülük Azərbaycan xalqının vacib mənşəyi, onun  türk etnosu qrupuna aidiyyəti milli ictimai şüurdan qaynaqlanıb müasir türk dünyasının tərkib hissəsi kimi, beynəlxalq səviyyədə türk dünyasının ortaq dəyərlərinin daşıyıcısı olaraq müdafiə edilməsidir. XXI əsrdə Prezident İlham Əliyev türk dünyasının aparıcı siyasi liderlərindən biridir.

- Ilham Əliyev siyasi-mənəvi azərbaycançılıq xəttində İslam-müsəlman dünyasına mənsubluq da Azərbaycanın həm etnik-mənəvi, mədəni-tarixi,  ictimai- siyasi, coğrafi-ərazi, hüquqi-ideoloji,  xüsusiyyətlərində əxz olunur. Müasir Azərbaycan bir örnək müsəlman dövləti kimi modern inkişafı ilə buna nümunədir. Yuxarıda qeyd etdiyimiz kimi 2017-ci ilin Azərbaycanda Prezident tərəfindən “İslam həmrəyliyi” ili elan olunması da buna sübutdur.

Nəzərə yetirək ki, 2017-ci il Azərbaycan üçün bir sıra əlamətdar hadisələrlə zəngin oldu. 2017-ci ilin Azərbaycan üçün uğurlu keçdiyini Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyeva da qeyd edib. Xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun ötən ilin dekabrın 29-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibətilə “Buta” sarayında uşaqlar üçün ənənəvi şənlik tədbirindəki çıxışında 2017-ci ilin uğurlarını belə sıraladı: Birincisi, ölkəmizdə abadlıq, quruculuq işləri davam edir, şəhərlərimiz, kəndlərimiz, regionlarımız gözəlləşir, inkişaf gedir. İkincisi, 2017-ci il ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olundu ki, İslam ölkəsi olaraq Azərbaycanın dünyaya açıq ölkə olduğu bir daha təsdiq edildi. Üçüncüsü, 2017-ci ildə Bakıda IV İslam Həmrəyliyi Oyunları böyük uğurla keçdi. Dördüncüsü, 2017-ci ildə təkcə Azərbaycan üçün yox, bütün region üçün çox vacib irimiqyaslı layihələr həyata keçirildi. Bunlardan Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını, “Əsrin kontraktı”nın 2050-ci ilə qədər davam edəcək ikinci mərhələsinə imza atılmasını göstərmək olar”.(Azərtac.30 dekabr 2017-ci il)

Müasir Azərbaycan  artıq dünyaya inteqrasiya edən qlobal  dünyanın iqtisadi, sosial-siyasi və mədəni texnologiyalarını əxz edən, demokratik və innovativ idarəçilik istiqamətində inkişaf edən ölkədir. Türkçülük, islam və müasirlik triadası bu klassik formul müasir Azərbaycanın bayrağında mavi, yaşıl, qırmızı rənglərdə əksini tapmışdır. Mədəni - müxtəliflik, çoxçalarlı  dünyagörüşlərinin dialoq əsasında müzakirəsi və bütün dinlərə hörmətlə yanaşılması, qloballaşan dünyanın çağırışlarına tolerant münasibət, multikulturallıq azərbaycançılıq ideologiyasının təkamülündə Prezident İlham Əliyev siyasi-ideoloji xəttinin ən aktual və daim prioritet istiqmətidir.

Bu xəttin mədəni-ideoloji beynəlxalq səviyyədə təbliğində ölkənin Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın da xidmətləri danılmazdır. Azərbaycanın Birinci vitse-prezidenti Xanım Mehriban Əliyevanın rəhbərliyi ilə milli-mənəvi, mədəni müxtəlifliyin Azərbaycanda həyat tərzi hesab edilməsini və bu modelin  müsbət nəticələrini dünyada təbliği günün realığıdır. Tarixi ictimai-siyasi zərurət elə olmuşdur ki, Azərbaycan türklərinin beşdən biri müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Təxminən dünya azərbaycanlılarının beşdən dördü isə öz tarixi Vətənində yaşamır, dünyanın müxtəlif ölkələrində məskunlaşmışlar. Bu baxımdan  əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin - Dünya azərbaycanlılarının həmrəyliyi siyasətinin  Azərbaycan  dövlətçiliyi tərəfindən ardıcıllıqla davam  etdirilməsi də azərbaycançılıq məfkurəsini onun məzmununu, fəlsəfəsini vəhdətdə göstərən konseptual paradiqamıdır. Dünyada harada yaşamasına baxmayaraq azərbaycanlılar hamısı bir etnik mənşəyə, bir dinə mənsubdur. Mədəni müxtəlifliyi fərqli də olsa, eyni mentalitetin daşıyıcısı eyni adət-ənənələrinə riayət edən, vahid bir doğma dilləri olan  yəni Azərbaycan dili vardır.

Təbii ki, geosiyası məkanca ayrı-ayrı yerdə məskunlaşan azərbaycanlıların siyasi- inzibati maneləri dəf edərək, bir- biri ilə əlaqə qurmaları, milli maraq və mənafelərini demokratik mətndə təmin etməsi tək milli deyil, həm də bəşəri dəyər kimi “bütün azərbaycanlıların vahid vətəni Azərbaycandır” fəlsəfəsi var.  Azərbaycanlıların dünyanın inkişaf etmiş xalqları  ilə müqayisədə “geridə” olması fikri də artıq aradan qaldırılmış, Bakı-Azərbaycan artıq xəritədə deyil, dünyada tanınır.

Müasir Azərbaycanda  heç bir Azərbaycan vətəndaş, özünü heç bir xalqdan əksik bilmir. Milli qürur hissi sözdə deyil, həm də  işdə, əməldə özünü əks göstərir. Bu Ulu Öndər Heydər Əliyevin qürurla söylədiyi “Mən fəxr edirəm ki, azərbaycanlıyam” geniş siyasi fəlsəfəsində və Prezident İlham Əliyevin “mən hər bir azərbaycanlının prezidentiyəm” strateji-məntiqi fikrində əks olunur. Azərbaycançılığın əsas əlamətlərindən biri kimi Azərbaycan dili rəsmən dövlət dili olmaqla bahəm, ölkədə digər etnik mədənilərin də dilinə hörmət və qayğı gözlənilir. Azərbaycançılıq ideyasının inkişafında Prezident İlham Əliyev siyasi xəttinin bir aspektidə həm geoiqtisadi, həm geosiyasi, hətta geomədəni yanaşmada da dünya dövlətləri ilə qarşılıqlı əlaqələrin, Azərbaycan- Beynəlxalq dünya mədəniyyətlərarası dialoqu təcrübəsinin  yaranmasıdır. Bu məsələ isə 2008-ci ildən hər iki ildən bir Bakıda keçirilən “Bakı prosesi” konstektindən Beynəlxalq Humanitar Formula şərtlənir.

Nəzərə yetirək ki, bu aspektdə azərbaycançılıq ideologiyası mətnində universallaşmış, sərhədlərin, genişləndirilməsidir. Beynəlxalq mədəniyyətlər arası Dialoqlara, Qlobal Forumlara ev sahibliyi edən Azərbaycan çoxsəpkili ideyaların, müxtəlif ideologiyaların bir yerdə - bir məkanda birləşərək müzakirə - dialoq aparılmasına rəhbərlik etdikcə, azərbaycançılıq da təkmilləşir, ölkənin beynəlxalq nüfuzu artıq güclənir, elmi-mədəni statusu da genişlənir.

İlham Əliyevin “Neft kapitalını insane kapitalına çevirək” və “AMEA  intelektual elmi  bazamızdır” söyləyən ölkə başçısı Azərbaycan xalqının intellektual səviyyəsinin artması yönündə, onun müasir texnologiyalarla təmini, perspektivli  özünüifadə və özünütəsdiq  metodları  və vərdişlərinin  innovativləşməsi və gənc nəsilin də bu paradiqmalarda tərbiyə edilməsi azərbaycançılıq ideyası məzmununda olan strateji  xəttidir.

Azərbaycan Qafqaz regionunda və  dünya səviyyəli beynəlxalq qurumlarda söz sahibi və regionda inkişaf edən ölkə olaraq onun da mövqeyi ilə razılaşılır xarici siyasətdə də dünyadan  kənarda qalmadan təcrid olunmamış, balanslı qarşılıqlı münasibətlərə söykənən siyasət yürüdür və bu paradiqmalarda XXI əsrin Qafqazda tanınan Lider kimi Prezident İlham Əliyev siyasətidir.

Nəticə olaraq  qeyd edək ki:

- Azərbaycançılıq ideyası cəmiyyət həyatında strateji – ictimai və milli-mənəvi sistemliyi təmin edən tarixi proses, çoxşaxəli fəlsəfi – siyasi kateqorial baxışdır.

- Azərbaycançılıq – Azərbaycan vətəndaşlarının bir çox milli-mədəni və milli-mənəvi özünəməxsus keyfiyyətlərinin və ümumbəşəri ideyalarının varisi-daşıyıcısıdır.

- Milli-mənəvi dəyərlər və ümumbəşəri ideyalar azərbaycançılıq faktoru kontekstində  amili vasitəsi ilə nəsildən-nəsilə ötürülərək yaşayır, tərəqqi edir və inkişafdadır.

- Azərbaycançılıq milli-mənəvi və milli-mədəni xüsusiyyətləri zəminində ümumdünya təcrübəsinin  elə cəhətlərini özündə qovuşdurur ki, həmin zəruriliklər mədəni-əxlaqi, hüquqi-siyasi, sosial-psixoloji, sosioloji aspektdən Azərbaycanın milli özünəməxsusluq keyfiyyətlərini və onun humanist prinsiplərini daha da tərəqqiləşdirsin.

- Bu baxımdan da, dünya, Qərb-Şərq mədəniyyətinə məxsus keyfiyyətlər varislik prinsipindən Azərbaycanın milli özünəməxsusluq xüsusiyyətləri ilə adaptasiya olmayanda, milli  sərvət hesab  olunan milli-mənəvi və milli-mədəni dəyərləri ilə inteqrasiya edilə bilmir.

- Nəzərə yetirək ki, milli-mənəvi və milli-mədəni dəyərlərin hər bir  tarixi inkişaf mərhələsində varisi tanınmış mütəfəkkir şəxsiyyətlər və ziyalı nümayəndələrdir. Hər bir xalqın da nüfuzu, əzəməti, imici böyüklüyü, xarakteri və onun bəşər sivilizasiyasındakı yeri və beynəlxalq səviyyədə mövqeyi hər zaman milli-mədəni və  milli-mənəvi xüsusiyyətlərin varisi olan belə şəxsiyyətlərə görə tanınmış və sayılmışdır.

- İlham Əliyevin azərbaycançılıq kursunda ölkədə bərabərhüquqlu vətəndaş həmrəyliyinin qorunub saxlanılması, siyasi ictimai sabitliyin qorunması, əhalinin maddi rifah səviyyəsinin yaxşılaşdırılması prinsipləri özəl yer tutur və sosialyönümlüllük dövlətin əsas prioritet xəttidir.

Azərbaycançılıq ideologiyasının XXI əsrdə aktuallaşması, yeni məzmunda təkamülü Prezident İlham Əliyev siyasi xəttində onun inkişafı üçün çoxyönlü perspektivlər yaranmışdır. Azərbaycançılıq ideologiyasının təkamülündə Prezident İlham Əliyev siyasi  xəttinin spesifik paradiqmal və hərtərəfli inkişafı, milli ictimai-siyasi şüurun əsaslarının formalaşmasında bu yolun, yüksəlişi müasir modern Azərbaycanın rəmzidir.




Redaktorun seçimi

Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi
Dünya qlobal iqlim fəlakəti astanasında
  • Daxili siyasət
  • 10:04 19.03.2024
Dünya qlobal iqlim fəlakəti astanasında
Avropa Parlamentinin qərəz marafonu
  • Daxili siyasət
  • 10:06 18.03.2024
Avropa Parlamentinin qərəz marafonu

Rəna MİRZƏZADƏ