USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Paşinyanın “sülh məramı” və Qarabağ üçün ikinci “Valday” - ANALİTİKA


https://img.baki-baku.az/news/2020/10/photo_1535.jpg?v=MjAyMC0xMC0yMyAxOToyODo1NA==

Dağlıq Qarabağ münaqişəsi ətrafında son günlər intensivləşməkdə olan məsələlərdən biri bölgədə sülhməramlıların yerləşdirilməsidir. Mövcud istiqamətdə diskussiyalar gedir. Bu, heç də sıradan məsələ sayılmamalıdır. Prinsipcə, hər şey aydındır. Əgər ərazi Azərbaycanındırsa və bu, beynəlxalq hüquqla təsdiqlənirsə, Azərbaycan özünün ərazi bütövlüyünü bərpa edirsə, öz sərhədlərini, o cümlədən Ermənistanla sərhədlərini qoruya bilirsə, sülhməramlılara nə ehtiyac var? Sülhü də özümüz təmin edə bilərik. Bəs bu müzakirələr nədən?

Öncə onu deyək ki, Azərbaycan Prezident İlham Əliyevin şəxsində sülhməramlı məsələsinə Dağlıq Qarabağ danışıqları üzrə baza prinsiplərinin tərkib hissəsi olaraq yanaşdığını bəyan edib. O prinsiplərin ki, Ermənistan ona razı deyil. Yəni işğalçı ölkə heç bir halda Dağlıq Qarabağın, onun ətrafındakı 7 rayonun qaytarılmasını, sonra məcburi köçkünlərin öz yurd-yuvalarına dönməsini istəmir. Bu prinsiplərin Azərbaycanın ərazi bütövlüyünün bərpası olduğunu qəbul etmir. Yəni Paşinyan administrasiyasının sülhməramlı məsələsinin məhz baza prinsiplərində nəzərdə tutulan şəklinə etiraz etdiyi aydındır.

Ancaq Ermənistanın baş naziri Nikol Paşinyan "İnterfaks" İnformasiya Agentliyinə açıqlamasında bildirib ki, Rusiya sülhməramlılarının Dağlıq Qarabağ münaqişəsi zonasına daxil edilməsinə razıdır. "Bizim üçün sülhməramlıların yeridilməsi məqbuldur. Onu deyim ki, Azərbaycanın və Ermənistanın sülhməramlıların tərkibi ilə bağlı təsəvvürləri fərqlidir. Əgər kompromisslərdən danışırıqsa, burada kompromiss variant kimi Rusiya sülhməramlıları ola bilər. Rusiyanın Azərbaycanla və Ermənistanla yaxşı əlaqələri var. Digər regional dövlətlərin fikirləri ilə hesablaşmaq lazımdır ki, sülhməramlılar regionu stabilləşdirsinlər, əksini etməsinlər", - deyə Paşinyan vurğulayıb. Onun bu sitatdakı sonuncu cümləsi çox güman, öz aləmində nümayiş etdirdiyi diplomatiklikdir. Yəqin əsas istəyinə çatdıqdan sonra manevr etməyi düşünür. Hazırkı mərhələdə diplomatiyanı şərtləndirən gücdür. Güc isə Azərbaycanın tərəfindədir. Paşinyan bunu əvvəldən görməliydi, görə bilmədi, yaxud da görmək istəmədi. Elə isə Ermənistan liderinin görmək istədiyi nədir?

 

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsi müstəvisində hərbi əməliyyatların intensivləşdiyi ilk günlərdə Ermənistanın baş naziri Nikol Paşinyan Almaniyanın "Bild" qəzetinə müsahibəsində bölgəyə sülhməramlıların yeridilməsi ilə bağlı suala cavab vermişdi. O zaman həmin vaxtadək danışıqlar prosesinə məhəl qoymayan Paşinyan bildirmişdi ki, sülhməramlıların əraziyə gəlişi ATƏT-in Minsk Qrupunun qərarı ilə tənzimlənə bilər. Bu isə faktiki olaraq razılıq verməmək idi. Çox güman, Paşinyan müharibədə qələbəyə ümüd edirmiş. Qələbə qazandıqdan sonra isə sülhməramlıya onsuz da ehtiyac qalmayacaqdı. Yəni Rusiyaya ehtiyac qalmayacaqdı.

30 ilə yaxın müddətdə Dağlıq Qarabağda və ona bitişik ərazilərdə azərbaycanlı yaşasaydı, sülhməramlı məsələsi hansısa formada aktuallaşa bilərdi. O mənada ki, iki konfliktdə olan xalqın nümayəndələrinin bir-birilərilə toqquşmamaları üçün belə bir missiyanın mövcudluğu məqbul idi.

İndi vəziyyət tam dəyişib. Paşinyan adminstrasiyası yaxşı başa düşür ki, Dağlıq Qarabağda hərbi əməliyyatlar uduzulub. Üstəlik bölgənin erməni əhalisi də demək olar, ərazini tam tərk etmək üzrədir. Azərbaycan Ordusu işğal altındakı əraziləri bir-birinin ardınca, özü də yüksək sürətlə geri qaytarır. Ermənistan hakimiyyəti sülhməramlı ideyasına məhz belə bir durumda geri dönür. Ancaq məsələni qabardan yalnız Ermənistan deyil. Paşinyan sadəcə bölgədə mövcud olan digər marağa, yəni Rusiya marağına işləməklə yeni oyun qurmağı düşünür.

“Atəşkəs rejiminin saxlanmasına nəzarət üçün Dağlıq Qarabağda sülhməramlılar yerləşdirilməlidir”. Fikrin müəllifi Rusiyanın xarici işlər naziri Sergey Lavrovdur. “Birinci mərhələdə, iki rayonun azad edilməsi, bütün kommunikasiyaların, iqtisadi əlaqələrin, nəqliyyat təmaslarının açılması ilə yanaşı sülhməramlılar yerləşdirilməlidir. Sülhməramlılar hərbi əməliyatların başlamayacağnın qarantı kimi çıxış edəcək”, - deyən Rusiya XİN rəhbəri niyəsə azərbaycanlıların yurd-yuvalarına qaytarılmasının zəruriliyini dilə gətirmir. Halbuki baza prinsiplərində o da var idi. Demək ki, Rusiya vəziyyətin dəyişməsindən istifadə edərək yeni qaydalar qoymağa cəhd göstərir. Daha doğrusu göstərirdi, indi heç onu da etmir, yaxud edə bilmir. Bu mənada Rusiya prezidentinin köməkçisi Dmitri Peskovun açıqlamasına diqqət yetirək: Dağlıq Qarabağda sülhməramlıların yerləşdirilməsi yalnız Azərbaycan və Ermənistanın razılığı ilə mümkündür”.

  

Peskov Lavrovu sığortalayan qismində çıxış edir. Çünki Lavrovun fikrinin Azərbaycan tərəfindən müsbət qarşılanmadığı aydındır. Azərbaycan Prezidenti baza prinsipləri üzərində dayanılmasının vacibliyini vurğuladı, fikrində qətiyyət nümayiş etdirdi. Üstəlik Türkiyədən gələn açıqlamalardan göründü ki, Ankara sülhməramlı məsələsinə münaqişəyə qarışmaq kimi yanaşacaq. Türkiyə prezidenti buna yol verməz. İzah etməyə ehtiyac yoxdur ki, niyə. Azərbaycan-Türkiyə münasibətlərinin səviyyəsi hər kəsə yaxşı məlumdur…

Reallıqda da belədir ki, Rusiya Dağlıq Qarabağ məsələsində Azərbaycana lap əvvəldən güzəştə gedə, daha doğrusu onun haqq işini müdafiə edə bilərdi. Amma bunu etmirdi. Bir sadə səbəbə görə ki, Azərbaycan öz ərazisində üçüncü dövlətin qoşununu görmək istəmirdi. Moskva Ermənistana olduğu kimi, Azərbaycana da ordu birləşmələrini yeritmək məqsədi güdür. O birləşmələri ki, İranla sərhədləri qoruyacaq. Azərbaycan prezidenti dünən 132 kilometrlik Azərbaycan-İran sərhəddinin Ordumuzun nəzarətinə keçdiyi münasibətilə İran xalqını əbəs yerə təbrik etmədi. Hər halda İran obrazlı desək, burnunun ucunda rus qoşununu görmək istəməzdi. Deməli Tehrana təbrik düşürdü.

   

Ermənistanın Qarabağı itirməsi reallığını nəzərə alsaq, belə düşünməyə əsas var ki, Paşinyan “Bild” qəzetinə müsahibəsində söylədiklərindən geri durur. Yəni o, bölgəyə sülhməramlıların yerləşdirilməsi məsələsində ATƏT-in Minsk Qrupunun qərar müştərəkliyi mövqeyindən daşınaraq birbaşa Rusiyaya fokslanır.

Paşinyan yaxşı başa düşür ki, ona kömək yoxdur, hansısa formada Rusiyanı bölgəyə salmağa cəhd göstərir. Çox güman, münaqişənin sakitləşməsindən sonranı fazanı hesablayır. Təxminən belə - təki Azərbaycan təhlükəsi uzaqlaşsın, sonra Rusiya ilə hansısa formada danışmaq mümkündür. Nəinki danışmaq, hətta onu hədəfə almaq da, şantaj etmək də. Böyük dövlət hədəfə tez gəlir. Söhbət Rusiyadan gedirsə, ölkə əbədi hədəfdədir.

Ancaq hərbi meydan Azərbaycana uduzulsa, Qarabağ Ermənistandan tamamilə qopur. Bəli, Paşinyanın belə desək, sülhməramlı qoşun ovqatı məhz buna görədir. Üstəlik Rusiyanın köhnə reallıqlarda ilişib-qalmış zatulinçi ictimai rəyinin təmsilçiləri üçün də bu ovqat sərfəlidir. Onlar Qərbyönümlü baş nazirin elə-belədən Rusiya hərbçiləri ilə bağlı niyyət ifadə etməyəcəyini düşünməyəcək qədər korlaşıblar. Məsələni geninə-boluna gündəmə gətirirlər.

Bəli, Ermənistanın baş naziri Qarabağdan yapışmağın yolunu bunda görür, ya da yapışdığını göstərmək üçün daxilə mesaj verir. Başqa çarəsi yoxdur. Dünya terror, soyqırımı ilə bağlı klassik erməni nağıllarına inanmaqdan uzaq durumdadır. Dağlıq Qarabağın müstəqilliyinin tanınması isə cəfəngiyyatdan başqa bir şey deyil. Çünki Azərbaycan diplomatiyasının illərlə münaqişə ilə bağlı apardığı prinsipial, ardıcıl mübarizə nəticəsində ortaya sərgilənmiş həqiqətlər var. Onlardan yan keçmək mümkünsüzdür.

Demək Ermənistanın ümüdü qalır Rusiyaya. O Rusiyaya ki, mövqeyini dünən “Valday”da prezident Vladimir Putinin şəxsində ali səviyyədə bildirdi - Azərbaycanın torpaqlarının əhəmiyyətli hissəsinin itirilməsi vəziyyəti sonsuzadək davam edə bilməz.

Yeri gəlmişkən, "Valday" Beynəlxalq Diskussiya Klubu Azərbaycan üçün sıradan bir yer deyil. Düz bir il öncə Prezident İlham Əliyev klubun XVI illik iclasının plenar sessiyasındakı çıxışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən geniş bəhs etmiş və çıxışının sonunda “Qarabağ Azərbaycandır və nida işarəsi” demişdir. İndi Putin də Qarabağla bağlı mövqeyini məhz “Valday”dan ifadə edir.

Belə görünür ki, Moskva Paşinyana nəinki əlini uzatmaqdan, ona əlini bulaşdırmaqdan da uzaqdır. Əlbəttə, bu, Ermənistanın baş nazirinin yenə nəyəsə ümüd bəsləyib erməni xalqını qırğına verməsinə qətiyyən maneçilik törətmir.

"Baki-Baku.az" analitik qrupu




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Siyasi təhlil