- Dünya
- 11:07 10.09.2024
Cənubi Qafqazda sülh və sabitliyin bərpa olunmasına imkan verməyən, Ermənistanı hər vəchlə qızışdıran bəzi Qərb ölkələrinin önündə gedən Fransada vəziyyət gündən-günə pisləşir. Ölkə daxili siyasi ziddiyyətlərə, necə deyərlər, qərq olub və fransızlar buna görə məsuliyyəti prezident Emmanuel Makronun üzərinə qoyurlar.
Fransanın ən çox baxılan xəbər kanalı olan BFM TV-nin keçirdiyi rəy sorğusunun nəticəsinə əsasən, fransızların demək olar ki, yarısı ifrat solçu, 2024-сü il iyunun 30-da və iyulun 7-də keçirilmiş (müvafiq olaraq birinci və ikinci tur–S.H.) parlament seçkilərində qalib gələn solçu qüvvələr blokunun üzvü olan “Məğlubedilməz Fransa” partiyasının lideri Manuel Bomparın prezident Emmanuel Makronun istefa verməli olduğu barədə təklifini dəstəkləyir. Bu təklifə respondentlərin 49 faizi “hə” deyib. Diqqəti cəlb edən həm də odur ki, təkcə sadə vətəndaşlar deyil, bəzi siyasətçilər də Makrona qarşı siyasi addımların atılması üçün çağırış edirlər. Məsələn, “Vətənpərvərlər” partiyasının lideri Florian Filippo “Teleqram”ın yaradıcısı Pavel Durovun saxlanması ilə bağlı Makronun impiçmentini tələb edir.
Ancaq bu, aysberqin media məkanında yalnız görünən hissəsidir. Fransada siyasi qeyri-sabitliklə yanaşı, sosial problemlər və miqrasiya böhranı da tüğyan edir. Bir sıra avropalı analitiklər, hətta cəmiyyətdə yığılmış ziddiyyətlər səbəbindən ölkədə vətəndaş müharibəsinin baş verəcəyini proqnozlaşdırırlar. Buna görə də bəzi yerli siyasətçilər hesab edirlər ki, Makronun impiçmenti yaranmış vəziyyətdən ən yaxşı çıxış yoludur.
“Məğlubedilməz Fransa” partiyasının baş verənlərlə bağlı yaydığı bəyanatda qeyd olunur ki, onlar “Beşinci respublika”nın prezidentinə qarşı impiçment prosedurunu başlamağa hazırdırlar. Siyasi qüvvələr Fransa liderini demokratiyaya xəyanətdə və öz namizədini yeni baş nazir təyin etməkdən imtinasına görə institusional çevrilişdə ittiham ediblər. Partiya E.Makronu tutduğu vəzifədən məhrum etmək üçün bütün konstitusion vasitələrdən istifadə etməklə hədələyib. “Məğlubedilməz Fransa” qeyd edib ki, onlar prezidentin demokratiyanın əsas qaydasına məhəl qoymamaq cəhdinə göz yummaq fikrində deyillər və hər bir məsələ xalqın səsi ilə müəyyən olunmalıdır. Bundan öncə isə bu partiya ilə E.Makron arasında başqa bir böhran yaşanmışdı. Böhranın əsas səbəbi Makronun hökuməti idarə etmək üçün parlamentdə kifayət qədər dəstək qazana bilməyəcəyini nəzərə alaraq “Məğlubedilməz Fransa”nın baş nazirliyə namizədini dəstəkləməməsi idi. “Dövlət başçısının qərarı demokratiyaya qarşı institusional çevriliş kimi səciyyələndirilə bilər” – deyə “Məğlubedilməz Fransa” bəyan etmişdi.
Qeyd edək ki, Fransa parlamentinə keçirilən növbədənkənar seçkilərin nəticələrinə görə, solçu “Yeni Xalq Cəbhəsi” Milli Assambleyadakı 577 yerdən 193-nü əldə edib. İkinci yerdə 168 mandatla “Respublika naminə birlikdə” prezident bloku qərarlaşıb. Marin Le Penin ifrat sağçı Milli Birlik Partiyası 143 mandat qazanıb. Yəni, heç bir siyasi qüvvənin parlamentdə mütləq çoxluğu (289 yer) yoxdur.
Bütün bunlar Fransanın çoxdan görmədiyi ciddi konstitusiya böhranı yaşadığını deməyə əsaslar verir. Ümumiyyətlə, Fransanın dövlət idarəçiliyi mexanizmi kifayət qədər mürəkkəbdir. Fransa prezident və parlament formatının bir növ qarışığı olan, hamının bir-birindən ayrı fəaliyyət göstərdiyi və bir-birindən seçildiyi idarəçilik modelinə sahibdir. Yaranmış vəziyyəti şərh edən israilli publisist, İsrail Jurnalistlər Birliyinin beynəlxalq əlaqələr komissiyasının rəhbəri Rostislav Qoltsman hesab edir ki, Makron prezidentliyi illərində bu mürəkkəb dövlət idarəçiliyi modeli barədə heç olmasa nəsə öyrənməli idi, amma o, siyasətə yeni gələnlər kimi, klassik səhvə yol verdi: boyundan yuxarı tullandı. Məsələ ondadır ki, Makron ən çox Marin Le Penin rəhbəri olduğu Milli Cəbhənin uğurundan qorxurdu və bunun qarşısını almaq üçün o, solçu partiyaların bloku – “Yeni Xalq Cəbhəsi” ilə əlbir olaraq onlara Fransanın bir sıra regionlarında yer verdi. Nəticədə, Makronun bloku Le Penin partiyasını qabaqladı və ikinci yeri tutdu. Lakin koalisiya hökuməti qurmaq vaxtı gələndə Makronun sonuncu müttəfiqi ultimatum verdi: Yeni baş nazirin namizədliyini məhz o müəyyənləşdirəcək.
Bununla belə, ekspert hesab edir ki, Jan-Luk Melanşonun rəhbərliyi altında “Yeni Xalq Cəbhəsi”ndə sol radikal qruplar, o cümlədən ən odioz fiqurlar (olduqca iyrənc, yaramaz, arzuolunmaz, xoşagəlməz, özünə qarşı mənfi münasibət, nifrət və ikrah oyadanlar–S.H.), xüsusən də antisemitlər cəmləşiblər. Belə bir qrupun təklifinin Fransa parlamentindəki heç bir qüvvə tərəfindən dəstəklənməyəcəyi aydındır: “Makronun siyasi axmaqlıqlarından birinin mahiyyəti budur – Le Penin uğurunu əngəlləməklə o, Fransanı siyasi böhrana sürüklədi. Beləliklə, indi vəziyyəti hansısa formada nizamlamaq üçün Makron həmin Le Pen və nifrət etdiyi digər siyasətçilərlə danışıqlar aparmağa məcburdur. Məqsəd yenə də seçkilərin liderinin – “Yeni Xalq Cəbhə”sinin təhdidlərindən birtəhər qurtulmaqdır. Sonuncu isə gözləmək və heç nə ilə razılaşmaq istəmir və əhalinin dörddə üçünün onunla həmfikir olduğunu iddia edərək minlərlə insanı küçələrə çıxarmaqla hədələyir. Bu təhdidin doğru olub-olmaması vacib deyil, amma Fransa cəmiyyətinin ən fəal hissəsinin “Yeni Xalq Cəbhəsi”nin nəzarəti altında olduğu göz önündədir. Bu, Makronun özü üçün yaratdığı “siyasi kompot” növüdür. Durovla bağlı iş isə Makronun yöndəmsizliyinin başqa bir amili, hazırkı siyasi gündəmin ssenarisinə tam uyğun gəlməməsidir”.
R.Qoltsman bildirib ki, beləliklə, impiçment Makronun siyasi cəhətdən uzaqgörən ola bilməməsinin nəticəsidir. O, özünü tələyə salıb və bu, onun üçün ən ciddi sınaq kimi görünür. “Etməli olduğumuz yeganə şey gözləməkdir. Düşünürəm ki, gözlənilən impiçment onun “prezidentlik səyahəti”nin son dayanacağı olacaq” – deyə israilli analitik vurğulayıb.
Gözlənilən impiçmentin E.Makronun siyasi karyerasına son qoyması və daha uyğun liderə yol açması üçün real şansların nə qədər olması barədə fikirlərini bölüşən fransaşünas, tarix elmləri namizədi, Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının Sosial Elmlər İnstitutunun dosenti İqor İqnatçenkonun fikrincə, Makron indi, sadəcə, obrazlı desək, sağ qalmaq, yəni ikinci prezidentlik müddətinin sonunadək vəzifəsini qoruyub saxlamaq üçün çox şey edir. Buna görə də Makron, ümumilikdə, hələ də müxtəlif siyasi sınaqlara, o cümlədən impiçmentə qarşı müqavimət göstərir: “Onun “qara gün” üçün özünün “sağqalma strategiyası” var. Həmin “strategiya” bu və ya digər siyasi qüvvəyə növbəti güzəştlərdən ibarətdir”.
İqnatçenkonun sözlərinə görə, hazırda Fransada Makronun inadkarlığı və tələsik hərəkətləri ilə alovlanan siyasi qarşıdurma güclənir. O, solçu partiyalar blokundan namizədi hökumət başçısı təyin etməkdən qəti şəkildə imtina edir. Söhbət sonuncu parlament seçkilərində qalib gələn “Yeni Xalq Cəbhəsi”ndən gedir. Namizədin özü – Lüsi Kastets Paris meriyasında işləyir və az-çox mötədil siyasətçidir. O, Makronun gündəminə yaxşı uyğunlaşa bilər, lakin Fransa prezidenti onun namizədliyini əngəlləyir. Yəni, biz sona qədər müqavimət göstərən və aşkar şeylərə göz yuman Makronun belə məntiqsiz hərəkətlərini müşahidə edirik. Belə bir üslubu uzaqgörənlik adlandırmaq olmaz.
Politoloq hesab edir ki, eyni kontekstdə Makronun tələsik addımları sayəsində beynəlxalq qalmaqala çevrilən Pavel Durovla bağlı məsələ Parisin siyasi kredosuna güclü zərbə vurdu: “İlon Maskın Makrondan sahibkarın saxlanılması üçün indi mövcud olanlarla yanaşı, daha tutarlı səbəblər göstərməsini tələb etməsini də unutmaq olmaz. Birləşmiş Ərəb Əmirlikləri isə Durovun saxlanması səbəbindən Fransanın “Rafal” hərbi təyyarələrini almaqdan imtina etməklə qorxudur. Yəni, işlər artıq belə dalanlara dirənib”.
İ.İqnatçenkonun sözlərinə görə, Makron xarizmatik olmağa çalışır, amma əslində hər şey, bir növ, vodevilə çevrilir: “İmpiçmentin özünün nəticəsinə gəldikdə isə Makronun mövqeyinin ölümcül olmasına baxmayaraq, onun prosesdən sağ çıxacağını düşünürəm. Fransa parlamentində həddən artıq müxtəlif siyasi qüvvələr təmsil olunur. Makron buna çox ümid edir. Lakin bu, Fransanın Makronun prezidentliyi dövründə, hökumətin formalaşması məsələsi də daxil olmaqla, ölkənin ən dərin xaosa qərq olması və vəziyyətin bundan sonra necə inkişaf edəcəyi ilə bağlı prezidentin özünün də tam təsəvvürünün olmaması reallığını aradan qaldırmır”.
Onu da bildirək ki, Fransa istefadan sonra hökumətin vəzifələrini yerinə yetirmə müddətinə görə antirekord vurub. İyul ayında Makron Qabriel Attalın kabinetini yeni tamhüquqlu hökumət formalaşana qədər vəzifəsini davam etdirmək şərti ilə istefaya göndərmişdi. Konstitusiyaya görə, Makron gələn yaya qədər parlamenti buraxa bilməz. Ona görə də analitiklər onun partiyalarla dil tapmaq şansı yüksək olan birini baş nazir təyin edəcəyinə inanırlar. Eyni zamanda, Attal və prezidentə çıxışı olan bir sıra siyasətçilər ona yaxın düşərgədən olan şəxsi baş nazir təyin etməməyi məsləhət görürlər. Bu isə o demək olacaq ki, fransızlar dəyişikliyə səs verərkən ölkədə heç nə dəyişməyəcək.
Yaranmış böhran bir sıra ekspertlərin də qeyd etdikləri kimi, Fransa elitasının bir neçə onilliklər ərzində siyasi baxımdan ciddi şəkildə kiçilməsinin və Makronun özünün proseslərin mənfi istiqamətə doğru getməsinə rəvac verdiyinin bariz təzahürüdür. “Beşinci respublika” rəhbərinin ölkəsindən min kilometrlərlə uzaqda yerləşən Cənubi Qafqazdakı proseslərə müdaxilə etməkdən və Ermənistanı silahlandırmaqdansa, bu barədə düşünməsi daha yaxşı olardı.
Səxavət HƏMİD