- Daxili siyasət
- 11:04 16.09.2024
Bunun başqa adı yoxdur. Sadəcə, ikiüzlülük! Dünyanın hansı dövründə yaşayırıq ki, qonşuda baş verənlərdən xəbər tuta bilməyək? Bəlkə, heç İran hakimiyyəti ərazisindən Ermənistana silah daşınması faktını gizlətmək barədə düşünmür? Düşünmür və davranışı ilə Bakıya görk üçün hətta “qatı düşməni” NATO-ya üzv ölkələrlə gizli sövdələşməyə belə getməyə hazır olduğunu nümayiş etdirir.
İnanılmaz görünə bilər, amma çılpaq həqiqətdir: Rusiya–Ukrayna münaqişəsi kontekstində “ölkələrin ərazi bütövlüyü” prinsipini müdafiə edən Qərb bu yaxınlara qədər Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlayan və hələ də separatçı-revanşist xəyallarından imtina etməyən Ermənistana durmadan hücum, ağır, öldürücü silahlar ötürməklə məşğuldur və bu projeni İran vasitəsilə həyata keçirir. Daha maraqlı fakt isə İrəvanı silahlandırma “marafonuna” Hindistandan başqa Almaniyanın da qoşulmasıdır. Birləşmiş “çete”, doğrudanmı Cənubi Qafqazda yeni müharibəni körükləndirməkdə qərarlıdır?
* * *
Aşkar görünən odur ki, ABŞ, Fransa və Avropa İttifaqı Ermənistana Rusiya-Ukrayna müharibəsindən pul qazanmaq imkanı yaratmaqla, onlardan aldığı hər növbəti mərmi ilə daha da aqressivləşən və revanşistləşən Ermənistanı kütləvi silahlandırmağa tələsir. Bu zaman üzdə ermənipərəst kimi görünən, amma əslində öz mənafeiyini güdən kollektiv Qərbə meyl edən Hindistan da haylara fasiləsiz silah-sursat göndərir. Müsəlman qardaşımız İran isə Ermənistan ordusunun müasir silahlarla doldurulmasına öz “töhfəsini” verir.
Bu barədə məlumatı “Caliber.az” paylaşıb. Sayt qeyd edir ki, diplomatik və hərbi mənbələrdən daxil olan, təsdiqlənmiş eksklüziv materiallara əsasən, son bir neçə həftə ərzində Ermənistana Fransanın 155 mm-lik “Sezar” özüyeriyən artilleriya qurğuları və onların komponentləri, həmçinin tank əleyhinə raket kompleksləri və “Havaya” raketləri çatdırılıb. Bu silahlar Fransanın Orli hava limanından İranın Mehrabad hava limanına göndərilir, oradan isə İranın “Merac” aviaşirkəti silahları birbaşa son ünvana – Ermənistana çatdırır.
Hayastanın silahla təchizatının miqyasını daha dəqiq təsəvvür etmək üçün qısa statistikaya müraciət edək: Rusiya-Ukrayna müharibəsinin əvvəlində Fransa ordusunun balansında cəmi 76 “Sezar” var idi. Bundan əlavə, Ermənistan ordusunun sərəncamına onlarla “R511” və “R530” “hava-hava” tipli raketlər, 30 ədəd “ERYX” tank əleyhinə raket, Almaniya istehsalı olan onlarla “DM32” qumbaraatanları (“Bunkerfaust” kimi də tanınır), tank əleyhinə 3 sistem, həmçinin “Panzerfaust” da daxil olub. Daha sonra, Ermənistan silahlı qüvvələrinə Fransa istehsalı olan 500-ə yaxın birdəfəlik “Apilas” reaktiv yaylım atəşi sistemləri və ABŞ-nin 50 ədəd “BGM71-TOW” tank əleyhinə raket kompleksləri verilib.
Yuxarıda göstərilənlər arasında diqqəti xüsusilə Fransanın “R511” və “R530” hava-hava raketləri cəlb edir. Ekspertlərin fikrincə, müvafiq modifikasiya prosesindən sonra bu raketlər Ermənistana məxsus müasir “Su-30” qırıcı təyyarələrində quraşdırılacaq. Nəhayət, İrəvanın hərbi təchizatı məsələsində Almaniya silahlarının olması xüsusi qeyd edilməlidir. NATO silahlarının Ermənistana çatdırılması faktı onu göstərir ki, Almaniya və ABŞ bununla bağlı Parisə müvafiq icazəni veriblər. Bu prosedur olmadan Almaniyanın “Panzerfaut”ları, “Bunkerfaust”ları, eləcə də ABŞ-nin “TOW”ları hay ordusunun sərəncamında ola bilməzdi. Pentaqonun Ermənistanın hərbiləşdirilməsində birbaşa iştirakı barədə oxuculara məlumat vermişdik. Amma Almaniyanın “hərbi marafonda” iştirakı yenilikdir.
* * *
Azərbaycan onu da bilir ki, Fransa silahlarının hava ilə ötürülməsinə paralel olaraq, İranın Bəndər-Abbas dəniz limanı Hindistandan Ermənistana sonrakı daşınma üçün nəzərdə tutulan hərbi yüklər də alır. Bu da maraqlı detaldır: Ermənistana verilən həm Fransa, həm də Hindistan silahları qismən rəsmi bəyan edilir, qismən də mülki mallar adı ilə daşınır. Bu da öz növbəsində beynəlxalq ticarət hüququnun və logistika fəaliyyətini tənzimləyən beynəlxalq qaydaların kobud şəkildə pozulmasıdır. Başqa sözlə, burada söhbət qaçaqmalçılıqdan gedir. Bizim üçün ən maraqlısı isə Ermənistanın silahlandırılmasında əsas rolu oynayan ölkənin İran olmasıdır. Bəli, Fransa və Hindistanın göndərdikləri silah və hərbi texnika cənub qonşumuzun hava məkanı və dəniz limanları vasitəsilə çatdırılır. İkinci Qarabağ müharibəsi zamanı Rusiyanın da İran marşrutu ilə Ermənistana silah göndərməsini unutmamışıq. Deməli, İran bu gün Qərb silahlarının İrəvana tədarükü üçün tranzit ölkə statusunda çıxış edir. Yəni, Tehran bu davranışı ilə NATO-nun bu ölkədəki mövqelərinin möhkəmlənməsinə töhfə verir. Bəlkə onun gizli niyyəti Ermənistanı regionda Qərbin “alınmaz qalasına” çevirməkdir? İndi İİR rəhbərliyi hansı haqla “müsəlman həmrəyliyi”nin xarici siyasətinin əsas dəyər prinsipi olduğunu bəyan edə bilər? Azərbaycan bu mərhələni bir dəfə keçib. Həm torpaqlarımızın 30 illik işğalı dövründə, həm də 44 günlük müharibənin gedişində.
Təəssüf ki, Tehranın Azərbaycana qarşı yaxın qonşuluqdan uzaq, qeyri-dost addımları bununla bitmir. Güvəndiyimiz mötəbər mənbələri hərtərəfli araşdırmadan sonra İran və Ermənistanın 500 milyon dollarlıq gizli silah müqaviləsi imzaladığı barədə məlumatın həqiqiliyini təsdiqləyiblər. Bu barədə ilk məlumatı “İran İnternational” yayınlamışdı. Ermənistanla silah sövdələşməsinə gedən İran bu hərəkəti ilə yenə azərbaycanlıların qanı üzərindən pul qazanmağa üstünlük verdi. Görünür, bəzi ölkələrin davranışı insanların xarakteri kimi dəyişməz qalır.
Sonda onu da qeyd etməliyik ki, “Caliber.az” məqaləsində göstərdiyi bütün məlumatların faktiki təsdiqi olduğuna zəmanət verir. ABŞ Hərbi Hava Qüvvələrinə məxsus 2 hərbi-nəqliyyat təyyarəsinin İrəvanın “Zvartnots” hava limanına enməsi barədə xəbərdə olduğu kimi, İran və onun hüdudlarından kənarda yerləşən müvafiq liman və hava limanlarına aid bütün sübutlar məqamı gələndə ictimaiyyətin diqqətinə çatdırılacaq.
Bu gün Ermənistana Qərb markalı silahlar verməklə, guya, “regionda hərbi balansı bərpa etməyi” düşünən ölkələr Qafqazda sülhü yaxınlaşdırmır, əksinə, uzun illər davam edən Ermənistan–Azərbaycan qarşıdurmasının yeni mərhələsini alovlandırmağa səbəbkar olurlar. Onlar revanşizm azarından qurtulmamış Ermənistanı silahlandırmaqla regionda gələcək faciələrə, eləcə də erməni dövlətçiliyinin zorən ləğvinə görə təkcə cinayət deyil, həm də siyasi və tarixi məsuliyyət boyunduruğuna girmiş olacaqlar.
Elxan ŞAHİNOĞLU,
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi icmalçı
Ermənistan hansı ölkədən mümkündürsə, oradan hərbi texnika almağa çalışır. İrəvanın Fransa və Hindistanla razılaşmaları var və onlar Ermənistana silah göndərməkdə davam edirlər. Paris Ermənistanın hərbi nöqteyi-nəzərdən Azərbaycan qarşısında zəif düşməsinin qarşısını almağa çalışır. Ermənistanın aldığı hərbi texnikaya görə Fransaya pul ödəməsi barədə məlumat yoxdur. Hindistanın Ermənistana hərbi texnika satması isə əsasən, iqtisadi amillə bağlıdır. Nyu-Dehli hərbi-sənaye kompleksini inkişaf etdirir. Son 10 ildə hərbi ixracatını 30 dəfədən çox artırıb. Hindistan daha çox ölkəyə silah satmağa çalışır. Nyu-Dehlinin məqsədi qlobal silah bazarında payını artırmaqdır. Hindistan ABŞ, İsrail və digər ölkələrin lisenziyaları əsasında da hərbi texnika istehsal edir. Bu ölkənin Müdafiə Nazirliyinin məlumatına görə, 2024-cü ilin aprel-iyun aylarında silah ixracı bir il əvvəlki dövrdəki 3,885 milyon rupidən 6,915 milyon rupiyə qədər yüksəlib. Hindistan üçün Ermənistan hərbi texnika satdığı növbəti ölkələrdən biridir. Bəli, Nyu-Dehlinin İrəvana hərbi texnika satması Bakıda narazılıqla qarşılanıb. Rəsmi Bakı Hindistanın bu siyasətini korrektə etməsini istəyir. Çünki Hindistanın Ermənistana hərbi texnika satmasına baxmayaraq, Nyu-Dehlinin Cənubi Qafqazda əsas ticarət tərəfdaşı Azərbaycandır. Hindistan Azərbaycandan aldığı neftin həcmini ildən-ilə artırır. Turizm sahəsində də əməkdaşlıq inkişaf edib.
Bu vəziyyətdə Azərbaycan nə etməlidir? Yaranmış vəziyyətdə Bakı da hərbi-sənaye kompleksinin inkişafını sürətləndirməli, tərəfdaş dövlətlərdən müasir hərbi texnikanın alışına və birgə istehsalına diqqəti artırmalıdır.
Rasim MUSABƏYOV,
politoloq
Düşünürəm ki, Azərbaycanın İranla bağlı heç bir illüziyası olmamalıdır. İran dövlətinin başında başqa millətdən olan şəxs dura bilər. Amma mahiyyət dəyişməyəcək. Və bu rejimin dünyəvi, sivil, böyük savaşdan qalib çıxan güclü Azərbaycanı gözü götürmür. Bundan sonra da götürməyəcək. Bakı bütün vasitələrdən istifadə edərək Tehranla qonşuluq münasibətlərini düşmənçiliyə çevirməməyə çalışır. Fəqət, İranın Azərbaycana qucaq açacağını, özünü qardaş kimi aparacağını düşünmək sadəlövhlük olardı. Dediyim kimi, bu cür illüziyalara qapılmamalıyıq.
Həmin silahlar Ermənistana İrandan savayı, Gürcüstandan da daşına bilərdi. İran üzərindən daşınması onu göstərir ki, Gürcüstan öz ərazisindən Ermənistana silah aparılmasına icazə vermir. Bu, özlüyündə müsbət haldır. İrana gəldikdə, hesab edirəm ki, narazılığımızı rəsmi qaydada diqqətə çatdırmalıyıq. Həm də izah etməliyik ki, belə davranış Tehranın elan etdiyi “müsəlman həmrəyliyi” ilə bir araya sığmır. Əgər İranın Azərbaycana hansısa iradları varsa, bu zaman hərəkətlərində ciddi korrektələr etməlidir. Əks-təqdirdə bunun adı ikiüzlülükdür və bu, Azərbaycan üçün qəbulolunmaz sayılır.
Fərhad MƏMMƏDOV,
siyasi şərhçi
Ermənistanın silahlandırılması ilə bağlı yayılan son məlumatlar, əlbəttə ki, İran–Azərbaycan münasibətlərinə kölgə salır. Ona görə ki, rəsmi Bakı bu ilin əvvəlindən etibarən Tehrana tərəf müsbət addımlar atılıb. Ümid edilirdi ki, İranla münasibətlər yenidən pozitiv və konstruktiv məcraya yönələcək. Lakin, təəssüflər olsun ki, rəsmi Tehranın Ermənistan istiqamətində atdığı addımlar ümumi ab-havaya, o cümlədən ikitərəfli manasibətlərə zərbə vurduğu kimi, eyni zamanda Cənubi Qafqaz bölgəsində mövcud vəziyyəti gərginləşdirir.
Hesab edirik ki, İran rəhbərliyi tərəfindən atılan addımlar, hansı səbəbdən olursa-olsun, rəsmi Tehranın Ermənistana silah daşınmasında tranzit ölkə rolunu oynamasına haqq qazandıra bilməz. Bu fakt Azərbaycan–İran münasibətlərində ciddi fəsadlara gətirib çıxara bilər. İranın yeni rəhbərliyi bunu mütləq nəzərə almalıdır.
İmran BƏDİRXANLI