USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

"Fransız olmaq istəməyən" Makron


https://img.baki-baku.az/news/2020/10/photo_1335.jpg?v=MjAyMC0xMC0wOCAxNjoxNzo1Nw==

ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaranmış son vəziyyət fonunda tutduqları mövqe ortadadır. Münaqişənin həllinə məsul olan, lakin 30 ildə heç bir nəticə əldə edə bilməyən Minsk Qrupuna daxil olan ölkələrin birgə verdikləri son iki bəyanatı bir kənara qoyub hər üç dövlətin ayrı-ayrılıqda tutduğu mövqeyə diqqət edək.
 
Azərbaycanın yaxın qonşusu, həmsədr ölkə Rusiyanın mövqeyi rəsmi Bakı tərəfindən məsuliyyətli mövqe kimi dəyərləndirilir. Ötən gün Rusiya prezidenti Vladimir Putinin verdiyi müsahibəyə nəzər saldıqda, bir daha bunun şahidi oluruq. Dağlıq Qarabağda başlanan müharibə ilə bağlı mövqeyini açıqlayan Putin atəşkəsə çağırış edib və Azərbaycanın hazırda apardığı haqq işinə birbaşa müdaxiləni rədd edən bir münasibət sərgiləyib. Müharibənin Ermənistan ərazisində getmədiyini ifadə edən Putin bununla bir daha həm Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını, həm də hazırda başlanan müharibəyə birtərəfli qaydada müdaxilə etməyəcəklərini büruzə verib. 

Minsk qrupunun həmsədrlərindən olan digər ölkə- ABŞ-ın mövqeyi də təqdirəlayiqdir. Amerikanın superdövlət kimi Azərbaycanın ərazi bütövlüyünü tanıyan mövqeyi sabitdir. ABŞ prezidenti Donald Tramp hələ ki münaqişə tərəfləri ilə birbaşa əlaqəyə girməyə ehtiyac görməyib. Bundan başqa, hazırda davam edən müharibə ilə bağlı Azərbaycanın maraqlarına zidd hər hansı açıqlama da yoxdur. 

Son hadisələrə qədər neytrallığını az-çox saxlamağa çalışan sonuncu həmsədr ölkə Fransanın davranışları ilə bağlı isə eyni sözləri demək mümkün deyil. Konkret olaraq Fransa prezidenti Emmanuel Makron münaqişənin başlandığı ilk gündən bütün diplomatik və beynəlxalq hüquqa əsaslanan sərhədləri tapdalayaraq erməni lobbisinin əlində alətə çevrildiyini sərgiləməkdədir. Belə bir ölkənin rəhbəri Ermənistan tərəfinin feyk məlumatlarına söykənib açıqlamalar verməklə bütün ciddiyyətini itirmiş şəxs durumuna düşüb. Erməni lobbisinin bu ölkənin hökumətinə təsirinin belə bir həddə çatması təəssüf doğurmaya bilməz. 

Fransada yaşayan ermənilərin təşkilatlanmış qaydada Azərbaycana qarşı apardıqları qara təbliğat kampaniyasına Makronun da ağına-bozuna baxmadan qoşulması, birtərəfli mövqe sərgiləməsi, tərəf tutması, ölkəsinin vasitəçilik missiyasına xas olan tərəfsizlik və qərəzsizlik prinsipinə ölümcül zərbə vurması qəbul edilməsi çətin olan mənzərə doğurur.  

Makronun “Azərbaycanla Türkiyə birlikdə bölgəyə terror qruplarının nümayəndələrini gətirir” kimi ermənilərin feyk məlumatını ifadə etməsindən 11 gün keçir.  Azərbaycan Prezidenti İlham Əliyev Fransa prezidenti ilə telefon söhbətində ondan bu iddia ilə bağlı sübutlar təqdim etməsini, əgər belə sübutlar yoxdursa, onda Azərbaycan xalqından üzr istəməsini tələb edib. Nə sübut var, nə üzr... Və çətin ki də olsun! 

Makronun Dağlıq Qarabağ üçün öz müqəddəratını təyinetmə statusu istəməsinə ən tutarlı cavabı Prezident İlham Əliyev verib: “Əgər Fransa Dağlıq Qarabağ üçün öz müqəddəratını təyinetmə istəyirsə, qoy onlar demək olar ki, sakinlərinin yarısı ermənilərdən ibarət olan Marsel şəhərini onlara versinlər və onlara Dağlıq Qarabağ respublikası elan etməyə icazə versinlər və qoy onlara müstəqillik versinlər.  Qoy Korsikaya müstəqillik versinlər, qoy basklara müstəqillik versinlər. Niyə onlar bizdən Dağlıq Qarabağ üçün müstəqillik tələb edirlər? Onların bunu bizdən tələb etməyə nə haqqı var? Onlar bu ittihamları dayandırmalıdırlar. Azərbaycana hücum etməyi və nüfuzumuza xələl gətirməyi dayandırmalıdırlar. Əgər biz muzdlular və terrorçular barədə danışmağa başlasaq, düşünürəm ki, bizi günahlandıranlar özləri çox utancverici vəziyyətə düşəcəklər. Yaxşı olar ki, onlar bizi günahlandırmazdan əvvəl güzgüyə baxsınlar”.

Həqiqətən Makron güzgüyə diqqətlə baxsa, Fransanın alnındakı qara ləkələri görə bilər. Görər ki, ölkəsi Əlcəzair soyqırımının müəllifidir. 1954-62-ci illərdə davam edən müstəqillik mübarizəsi əsnasında Əlcəzair qiyamını ört-basdır etmək üçün 1.5 milyon insan qətlə yetirilib. Qətllər birbaşa Fransa rəhbərliyinin dəstəyi ilə həyata keçirilib. 
Həmçinin görər ki, Ruanda soyqırımında əlləri var. Bu soqırıım 1994-ci ildə, təxminən yüz gün ərzində 800 min tutsi və huduların öldürülməsi hadisəsidir.  Soyqırımı həyata keçirən Hutu hökumətinə o dövrdə  ən yaxın müttəfiqi Fransa dəstək verib.

Hələlik isə Makron ancaq erməni lobbisini görür və özünü Fransanın rəhbəri kimi yox, ermənilərin rəhbəri kimi aparır. İki il əvvəl Ermənistanda səfərdə olarkən Nikol Paşinyanla rəqs edən Makronun indiki davranışları onun elə həqiqətən erməni lobbisinin diqtəsi ilə “rəqs etdiyini” sərgiləyir. 

Bəşəriyyətə tarixi şəxsiyyətlər bəxş edən Fransanın indiki rəhbəri tarixdə necə xatırlanacaq məlumdur. “Fransız olmaq istəməyən” Makron erməni lobbisinin əlində alətə dönən şəxs kimi yaddaşlara həkk olunacaq. Görkəmli fransız yazıçısı, səyyah Aleksandr Düma deyirdi ki, “Ermənilər həmişə başqa dinə qulluq edən hökmdarların hakimiyyəti altında olmuşlar. Nəticədə öz fikir, niyyət və duyğularını gizli saxlayan, hiyləgər və kələkbaz adamlara çevrilmişlər. Dünən onlara həyan olan, kömək edən bir adam bu gün gözdən, etibardan düşəndə ona kömək etmirlər, boyunlarının vurulacağından qorxub nankora çevriliblər”.

Dümanın ağlına da gəlməzdi ki, vaxt gələcək ölkəsinin prezidenti məhz belə bir keyfiyyətə malik millətin lobbisi tərəfindən idarə olunan şəxsə çevriləcək. 

Makron erməni lobbisinə sığınıb ölkəsinin inqilablarından bəşəriyyətə miras qalmış bərabərlik, humanizm, ədalət ideyalarını çoxdan tapdalayıb. Onun gah müsəlmanlara, gah da konkret olaraq Türkiyəyə yönəlik, bütün əndazələri aşan açıqlamalarının, qondarma “erməni soyqırımı”nın təbliğatçısına çevrilməsinin kökü də məhz bundan qaynaqlanır.

Elman Babayev




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Elman Babayev