USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Dağlıq Qarabağa ədalət, Ermənistana cəza, Qərbə “dərs” BAXIŞ


https://img.baki-baku.az/news/2020/10/photo_1295.jpg?v=MjAyMC0xMC0wNSAxODo0NDoyNg==

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının oktyabrda Belarusda keçiriləcək "Sarsılmaz qardaşlıq - 2020" hərbi təlimlərində iştirak etməyəcək. Bu barədə məlumatı Rusiyanın "RİA Novosti" agentliyi Ermənistanın Müdafiə Nazirliyinə istinadən yayıb. Məlumatda bildirilir ki, Ermənistanın KTMT-nin təlimlərində iştirak etməməsinin səbəbi Dağlıq Qarabağda hərbi əməliyyatların intensivləşməsidir. 

Ancaq Rusiya daxilindəki bəzi mənbələr bu imtinanın siyasi əhəmiyyət daşıdığını vurğulayırlar. Onların fikrincə, Moskva Dağlıq Qarabağ münaqişəsində Ermənistana dəstək vermədiyi üçün KTMT-nin hərbi təlimində iştirak etməmək qərarı Müdafiə Nazirliyi deyil, birbaşa baş nazir Nikol Paşinyanın administrasiyası tərəfindən verilib. Ekspertlər düşünür ki, Paşinyan belə etməklə Moskvaya etirazını bildirməyə çalışır. 

Bəzi siyasi analitiklər isə vurğulayırlar ki, Qərbin adamı olan Paşinyan onsuz da bu addımı atacaqdı. Yəni ona konkret göstəriş gəlib ki, KTMT müstəvisindən kənarda dayan. Bəs, nəyə görə Paşinyan ciddi cəhdlə Rusiyanı Dağlıq Qarabağ münaqişəsinə cəlb etmək fikrindədir?

Aydındır ki, Ermənistanın baş naziri və havadarları üçün Rusiya tam arzuolunmaz regional faktordur. Zatən Nikolun hakimiyyətə gəlməsi ilə nəticələnən iki il öncəki çevriliş də Moskvanın iradəsinə zidd addım idi. Sadəcə çevrilişi həyata keçirənlər ssenarini demokratiyanın təntənəsi kimi maskalamağı yaxşı bacardılar. Moskvanın prosesə müdaxiləsini minimallaşdıraraq istəklərinə çatdılar. Ancaq gəlin düşünək, Kreml regiondakı bu sayaq özbaşınalığa göz yumarmı? Cavab tam aydındır - əsla yox! Bəli, nə vaxtsa Rusiya Paşinyana və onun havadarlarına yerini göstərməliydi. O, imkan verə bilməzdi ki, Ermənistanın üzü Qərbə çevrilsin. Axı Paşinyan ölkənin qapılarını NATO-nun üzünə taybatay açacaq qədər konkret tapşırıqlarla hərəkətə gətirilmiş, regiondakı tarixən formalaşmış oyun qaydalarına asanlıqla tüpürə bilən siyasi avantüristdir. Bunu Putin administrasiyası çox gözəl bilir.

Paşinyan da yaxşı anlayır ki, indiki durumda Moskvanı Dağlıq Qarabağ münaqişəsinə güc tərəfi kimi cəlb etmək mümkün deyil. Onun KTMT məsələsini qabartması isə manipulyasiya və şantajdır. Bəli, Paşinyan Rusiya ilə münasibətlərlə bağlı bombanı məhz KTMT üzərindən qoyur. Təxminən belə - KTMT bir işə yaramırsa, orda qalmaq nəyə lazımdır? Heç şübhəsiz, Nikol tez bir zamanda bunu açıq bəyanat şəklində də ifadə edəcək.

Təbii ki, Ermənistanın baş naziri ilk bombanı məhz Dağlıq Qarabağ münaqişəsinə hesablayaraq qoymuşdu. Paşinyanadək Rusiya ATƏT-in Minsk qrupu çərçivəsində bütün diplomatik vasitələrdən istifadə edərək elə fəaliyyət ortaya qoyurdu ki, problemə ədalətli yanaşmadan Ermənistan uduzan tərəf kimi çıxmasın. Buna görə müəyyən prinsiplər işlənib hazırlanmışdı. Amma Paşinyan nə etdi? O, hakimiyyətə gələn kimi keçilmiş yola tüpürdü. Sırf erməni xislətini ortaya qoydu. Diqqət edin, Nikol çıxışlarında guya min illik erməni tarixinə istinad edib əsaslandırmalar aparıb. Bu, Qərb imperializminin erməni kartından istifadəsindəki tipik ideoloji metoddur. Rusların tarix boyu erməni amilindən faydalanmaq tərzi belə olmayıb. Onlar vurğunu erməni xalqının guya böyüklüyü, tarixinin qədim dövrlərə gedib çıxması kimi cəfəngiyyata qoymayıblar. Hətta belə hallara ironiyalı da yanaşınlar.

Bəli, Paşinyan sərsəmlədi. Görünür, tam inkarçılıq yolunu ancaq Qərbdəki havadarlarına güvənərək tutdu. Əlbəttə, belə davranmağına özünün siyasi cəhətdən naşılığı da “kömək göstərdi”. Ona dəstək verib hakimiyyətə gətirənlər bu adama nəyi tapşırsalar da, hər halda deməmişdilər ki, get, başını “divara vur”. Paşinyan isə vaxtilə meydanlarda döyüldüyü kimi döyülməyə tamarzı qaldığından başını divara böyük məmnuniyyətlə çırpdı. Azərbaycan torpaqlarını işğalda saxlamasında öz yolunun olduğuna dair mesaj verdi. Bu mesaj Azərbaycana şübhəsiz təsir göstərdi. Azərbaycan haqlı olaraq düşündü ki, illərlə danışıqlar prosesinə sadiqliyini ortaya at(dır)ılmış bir avantüristin hərbə-zorba bəyanatları, alçaldıcı və təhqiredici tonuna görə qorumalı deyil. Mövcud durumda Moskvanın da Azərbaycanı saxlamaq üçün sözü ola bilməz. Əksinə Ermənistanın cəzalanması Rusiya üçün də sərfəlidir.

Baxın, Ermənistanın baş naziri artıq Rusiyanın Ermənistandakı hərbi bazası barədə də danışır. Almaniyanın “Bild” qəzetinə bu günlərdə verdiyi açıqlaması bu baxımdan maraq doğurmaya bilməz. Paşinyan bazanın Ermənistanda olmasına dair sazişdəki müddəaları xatırladır. Bir daha deyək ki, bu adam Moskvanın regionda hərbi müdaxiləsinin olmayacağını və Azərbaycanla baş-başa buraxıldığını gözəl anlayır. Onu da yaxşı bilir ki, Dağlıq Qarabağ müharibəsində məğlubiyyətə məhkumdur. O, sadəcə müharibədən sonrakı dövrü – Ermənistan cəmiyyətinə nə deyəcəyi ilə bağlı ideoloji baza formalaşdırır. Təbii ki, bu deyiləcək söz Ermənistana ərazisində Rusiya hərbi bazasının lazımsızlığı ilə bağlı olacaq. Axı Paşinyan “Qarabağ Ermənistandır” deyə sərsəmləmişdi. Qarabağ əldən gedəcəksə, demək ki, nə rus hərbi bazasına, nə də KTMT-yə ehtiyac qalır. Moskva bu düşüncəyə qarşı nələri irəli sürəcək, bunu zaman göstərəcək…

Sonda bir məqamı da vurğulayaq. Paşinyan elə həmin “Bild”ə açıqlamasında Dağlıq Qarabağda Rusiyaya məxsus sülhməramlıların yerləşdirilməsinin mümkünlüyü ilə bağlı suala cavab verərkən vurğulayıb ki, bu qərar geniş müstəvidə ATƏT-in Minsk Qrupu tərəfindən qəbul edilə bilər. Təsəvvür edin, indiyədək ATƏT-in Minsk qrupunu saya salmayan biri söhbət Rusiya qoşunlarının bölgədə yerləşdirilməsindən düşəndə həmin qurumu yada salır. Bir daha aydın olur ki, Paşinyanın bölgəyə gətirmək istədiyi tamam başqa məsələlər var.

Əvəz RÜSTƏMOV




Redaktorun seçimi

Məğlub millətçilər İrəvanda sülhə qarşı
  • Daxili siyasət
  • 13:29 08.05.2024
Məğlub millətçilər İrəvanda sülhə qarşı
Fransa siyasi qızdırma ağuşunda
  • Daxili siyasət
  • 12:26 08.05.2024
Fransa siyasi qızdırma ağuşunda
Ədalətsiz vasitəçilikdən ədalətli sülhə
  • Daxili siyasət
  • 12:23 08.05.2024
Ədalətsiz vasitəçilikdən ədalətli sülhə
Pekin Avropa səfərindən nə gözləyir?
  • Daxili siyasət
  • 11:44 07.05.2024
Pekin Avropa səfərindən nə gözləyir?

Əvəz RÜSTƏMOV