USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Avropanın nizamı pozulur

Sağçıların qələbəsi qitədə islamofobiya və türkofobiya meyillərinin güclənməsinə aparacaq


https://img.baki-baku.az/news/2024/06/photo_12943.jpg

Avroparlamentə seçkilərdə uduzmuş Fransa, Almaniya və Belçika solçuları nə vaxt və harada səhvə yol verdikləri sualına cavab axtarışına başlayıblar. Səbəblər isə bir deyil, üç deyil. 

“Qoca qitə”də həm seçkiyə qədər, həm də dörd gün davam edən seçkilərin gedişində müşahidə olunan geosiyasi vəziyyət və cəmiyyəti narahat edən problemlərin mövcudluğu onu göstərdi ki, Avropa, bütövlükdə, dərin siyasi böhran içində çapalamaqdadır. Avropa İttifaqının nəzarətində olan strukturlarda, ilk növbədə, Avropa Parlamentinin özündə zəruri islahatların həyata keçirilməsinın vaxtı çoxdan yetişib. Amma təəssüf ki, “köhnə dünya”nın yetkililəri bu barədə düşünmək belə istəmirlər. 

* * * 

Ümumiyyətlə, son vaxtlar Aİ-nin Avropa Parlamenti problemlər girdabında çapalamaqdadır. Bu, sadəcə, bəzi avroparlamentarilərin adlarının korrupsiya qalmaqallarında hallanması ilə bağlı deyil. Onların “böyük güclər”in siyasi sifarişlərini yerinə yetirdiklərinə dair təkzibolunmaz faktlar da üzə çıxıb. Elə son bir ildə Azərbaycana qarşı qəbul olunan qətnamə və bəyanatların “istehsal mexanizmi” doğru–düzgün araşdırılarsa bunlardan daha maraqlı və sensasiyalı qanun pozuntularlının aşkar ediləcəyi ­şübhəsizdir. 

Bunlar bir yana, budəfəki seçkilər Aİ üzvü olan aparıcı dövlətlərin daxilində də siyasi qüvvələr nisbətinə ciddi korrektələr etməkdədir. Belçikada sağçıların həm də yerli seçkilərdən qalib ayrılması artıq baş nazirin istefası ilə nəticələnib. Deməli, seçkilər həmin ölkələrdə hakimiyyət böhranına da yol aça bilər. Yunanıstan Xarici işlər naziri Giorgos Gerapetritisin dünən “ERT News”-a müsahibəsində dediklərinə də məhz bu kontekstdən yanaşmaq lazımdır: “Avropa Parlamentinə seçkilərin nəticələri Avropa İttifaqında və ayrı-ayrı dövlətlərin daxilindəki vəziyyətə ­əhəmiyyətli dərəcədə təsir edəcək. ­Avropa İttifaqının iki hərəkətverici qüvvəsində – Fransa və Almaniyada seçkilərin nəticələri bu dövlətlərin illərlə formalaşmış daxili siyasi ab-havasını xeyli dəyişəcək”.

Avropa Parlamentinə seçkilərdə ifrat mərkəzçi–sağçıların qitənin Femidasının tribunasını ələ keçirmələri Fransa Prezidenti Emmanuel Makronu əməlli–başlı şoka salıb. Seçkinin nəticələrinə görə, Makronun rəhbərlik etdiyi İntibah partiyasının Avroparlamentdəki deputat yeri 102-dən 83-dək azalıb. Hazırda yerli medianın müzakirə etdiyi əsas mövzulardan biri Fransa liderinin yaxın ətrafı ilə parlament seçkilərində də sağçıların qalib gələcəyi təqdirdə vəzifəsindən istefa vermək variantı ətrafındadır. Bu barədə “Europe 1” radiostansiyası məlumat yayıb.

“Prezidentin istefası keçilməz tabu deyil. İndi bütün ssenariləri nəzərdən keçirmək məqamıdır”, – radiostansiya Makronun yaxın adamlarından birinin bu sözlərini sitat kimi dövriyyəyə buraxıb. Doğrudan da, son günlər Makron yaxın silahdaşlarından biri ilə görülə biləcək son tədbirlərin “ssenarisini” müzakirə edibmiş. 

Avropanın 27 ölkəsində gerçəkləşən seçkilərin heç də tam şəffaf və qüsursuz keçdiyini söyləmək olmaz. İndi müstəqil media qurumları seçki məntəqələrində qeydə alınmış texniki qüsurlarla yanaşı, seçkiöncəsi təbliğat kampaniyasında yol verilmiş qanun pozuntularından da bəhs edirlər. Bunlara misal olaraq, Belçikada səsvermə prosesinin gedişində elektrik cərəyanının kəsilməsi, məlumat bankının yerləşdirildiyi kompüterlərin sönməsi kimi xətalar baş verib. Əslində, korrupsiya faktları üzrə məhkəmə araşdırmalarının davam etdiyi Avropa Parlamentinə seçkinin tam demokratik və obyektiv keçiriləcəyini düşünmək də sadəlövhlük olardı. 

* * * 

Beləliklə, AP-yə seçkilərlə bağlı əksər ekspertlərin verdikləri bədbin proqnozlar özünü doğrultdu. Doğrudur, radikal sağçılar budəfəki seçkilərdə AP-dəki kürsülərinin sayını artırsalar da, mərkəzçi qüvvələr hələ də daha çoxsaylı fraksiyalara malikdir. Beynəlxalq analitiklər hesab edirlər ki, ifrat sağçıların uğurunu, əsasən, onların seçicilər arasında artan populyarlığı, eləcə də elektoratın həm öz ölkələrinin, həm də Aİ-nin rəhbərliyindəki sol mərkəzçi və populist qüvvələrdən, sadəcə, bezməsi şərtləndirib. Bununla belə, burada əsas məqamı qeyd etməyimiz vacibdir. AP-yə seçkilərdə ifrat sağçıların üstünlük qazanması təkcə Olaf Soltsun Almaniyada məğlubiyyətinin deyil, həm də Emmanuel Makronun Fransada yarıtmaz daxili siyasətinin qaçılmaz çöküşünün göstəricisidir. 

Yelisey sarayının müvəqqəti sahibi ilkin nəticələrin elan olunduğu iyunun 9-da axşam saatlarında xalqa müraciətindən sonra başında durduğu İntibah partiyasının Avropa Parlamentinə seçkilərdə məğlubiyyətini etiraf etdi. Ardınca da Senatın aşağı palatası olan Milli Assambleyanın buraxıldığını elan etdi. Amma qarşıdakı parlament seçkilərində intibahçıların səslərin çoxunu qazanacağına heç kəs zəmanət verə bilməz. (AP seçkilərində Marin Le Penin rəhbərlik etdiyi sağçı Milli Birlik Partiyası Emmanuel Makronun partiyasından iki dəfədən də çox səs toplayaraq (14,5 faizə qarşı 31,5 faiz) təsirli qələbə qazanıb) Verilən son məlumatlarda qeyd olunur ki, Fransada parlament seçkilərinin birinci turu iyunun 30-da, ikinci turu isə iyulun 7-də baş tutacaq. 

Bu arada “Associated Press” agentliyi maraqlı açıqlama yayıb. Nüfuzlu agentliyin seçkilərlə bağlı analitik məqaləsində bu ifadələr yer alıb: “Hazırda ifrat sağçılar Avropada miqrasiyadan təhlükəsizliyə və iqlimə qədər siyasi məsələlərdə əsas oyunçu olmağa hazırlaşırlar”. Bu, heç də xoşagələn perspektiv deyil. 

“Reuters” isə sağçı radikalların seçki uğurlarına baxmayaraq, Avropa Parlamentində hələ də aparıcı qüvvənin avropapərəst partiyaların olacağını yazıb. 

* * * 

Amma biz burada qərbli analitik və ekspertlərin toxunmaq istəmədikləri çox vacib bir məsələni qeyd etməyə bilmərik. Söhbət normal nizamı pozulmuş Avropada onsuz da tüğyan edən etnik və dini ayrı–seçkiliyin bundan sonra hansı tendensiya üzrə davam edəcəyi məsələsidir. Məgər İsveç, Norveç, Danimarka, Niderland paytaxtlarının mərkəzi meydanlarında müsəlmanların müqəddəs kitabı Quranı nümayişkaranə şəkildə yandıranlar həmin radikal sağçıların nümayəndələri deyildimi? Həmin Fransada milli mənsubiyyətinə və dini etiqadına görə ən çox təqiblərə məruz qalanlar bu ölkədə özlərinə sığınacaq tapmış əlcəzairlilər və mərakeşlilərdir. Daxildə despotik siyasət yürütmələri azmış kimi, bu ölkələr ara-sıra Azərbaycana qarşı da “səlib yürüşləri” təşkil edirlər. Bütün bunlar Avropanın siyasi isteblişmentinə yol tapmağa başlamış anti–Azərbaycan, anti-Türkiyə, anti-İslam dairələrin növbəti oyunlarıdır.

Yeri gəlmişkən, Azərbaycan üçün Avropa Parlamentinə budəfəki seçkilər kifayət qədər böyük əhəmiyyətə malik idi. Ən azı ona görə ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanmasında, iki ölkə liderinin görüşlərinin təşkilində əsas təşəbbüskar fiqur Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişeldir. Seçkinin nəticələri onu göstərdi ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen öz postunu qoruyub saxlaya biləcək. 

Bakı üçün xüsusi maraq kəsb edən digər məsələ isə Avropa İttifaqının təhlükəsizlik və xarici siyasət məsələləri üzrə ali komissarı Cozeff Borrellin seçkidən sonra öz vəzifəsində qalıb–qalmayacağıdır. Çünki onun ölkəmizə qarşı bir sıra hallarda qərəzli münasibətini görmüşük. Bizə ümid etmək qalır ki, Avropa Parlamentinə keçirilən seçkilərdə, bunun nəticəsində qitənin ümumi siyasi-coğrafi konfiqurasiyasında olimpə yüksəlmiş personalar Cənubi Qafqaz bölgəsinə, konkret olaraq, Azərbaycana münasibətdə korrektəli davranacaqlar. 

Fikrət Sadıxov, 
Qərbi Kaspi Universitetinin professoru, politoloq

– Mərkəzçi-sağçıların Avropa Parlamentinə seçkilərdə üstünlük qazanmasının bir sıra səbəbləri var. Bunların sırasında Avropa ölkələrində, birinci növbədə, geosiyasi proseslərdə buraxılan səhvlər, miqrasiya problemi, eləcə də sosial məsələlər qeyd olunmalıdır. Səbəblərdən biri də solçuların həm daxili, həm də xarici siyasətdə buraxdıqları yanlışlıqlardır. Aydın məsələdir ki, sağçılar Avroparlamentə tam nəzarəti ələ keçirə bilməyəcəklər. Çünki qitənin bu ali qanunverici qurumunda Avropa Xalq Partiyasının fraksiyası yenə də üstünlüyə malikdir. Əlbəttə, bu da bir reallıqdır ki, hansısa qərarların qəbul olunmasında sağçılar, birmənalı olaraq, təsir və təzyiq göstərəcəklər. Ümumiyyətlə, avroparlamentarilər sənədlərin qəbulu zamanı bu təzyiqlə hesablaşmalı olacaqlar. Üstəgəl, AP-da dini və irqi ayrı-seçkiliyə meyillərin artacağını gözləmək olar. 

Başqa bir problem ondan ibarətdir ki, sağçıların öz aralarında da siyasi mövqe müxtəlifliyi mövcuddur. Misal üçün, Fransa sağçılarının lideri Marin Le Pen Almaniya sağçıları ilə bəzi məsələlərə yanaşmada fərqli mövqe nümayiş etdirir. Bu, o deməkdir ki, bir çox qərarların qəbulu prosesində bu qüvvələr yekdil mövqedən çıxış etməyəcəklər. Hazırda sayları 720-yə çatdırılmış AP deputatlarının əksəriyyəti AXP üzvləridir və qurum onların nəzarəti altındadır. Hesab edirik ki, əgər sağçıların bu seçkilərdə qələbəsi real proses kimi qiymətləndirilirsə, eyni zamanda, mərkəzçilərin arxa plana keçəcəklərini gözləmək əbəsdir. Yenilənmiş qüvvələr nisbətində onlar da öz sözlərini deməyə qadir fraksiyadır.

İmran BƏDİRXANLI




Redaktorun seçimi

Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır
“Makroniada”nın növbəti seriyası
  • Siyasi təhlil
  • 10:43 20.07.2024
“Makroniada”nın növbəti seriyası

İmran BƏDİRXANLI