USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ermənistanın Rusiyanı şantajı, yaxud regiondakı "Paşinyan bombası"


https://img.baki-baku.az/news/2020/10/photo_1280.jpg?v=MjAyMC0xMC0wNCAxNTowMTozOQ==

Ermənistan Azərbaycanın ikinci böyük şəhərinə - Gəncəyə atəş açdı. Öz ərazisindən raket zərbəsi endirdi. Bilavasitə işğalçı ölkə daxilindən Azərbaycanın kənd, rayon və qəsəbələrinə belə həmlələrin sayı artmaqdadır. Ermənistan Azərbaycanın onun atəş nöqtələrinə əks zərbə endirməsinə ümüd edir. Paşinyan və Dağlıq Qarabağ xuntasının konkret istəyi, hətta istəkləri var.

Erməni hakimiyyət dairələri belə desək, qurşaqdan aşağı həmlələrlə öz aləmlərində ağıllı tərpənib Rusiyanı fakt qarşısında qoymaq niyyətindədirlər. Azərbaycan sırf Ermənistan ərazisinə yönəlik adekvat tədbirlər görsün və beləliklə Moskva Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının "üzv ölkələrdən birinə hücum digərlərinə hücum kimi qiymətləndiriləcək" müddəasına riayət etmək məcburiyyətində qalsın. Rusiya münaqişəyə qarışmır və indiki mərhələdə Ermənistanın hərəkətinin yalnız bir adı var - şantaj. Nəzərə alaq ki, Paşinyan Qərbpərəsdir, daha doğrusu Sorospərəstdir. Deməli, Ermənistan həm də çalışır ki, Rusiyanın hakim mövqe tutduğu qurumun guya boş şey olduğuna dair ucuz göstərisi yaratsın. Ancaq... 

Üstəlik erməni və ermənipərəst media Türkiyənin Cənubi Qafqazda söz sahibliyi məsələsini qabardır. Paşinyan hərbi əməliyyatların dayandırılması şərti kimi məhz Türkiyənin regiondan çıxması tələbini qoyur. Bu, sırf rəsmi Moskvaya ünvanlanmış gedişdir. Yəni Paşinyan təxminən bunu deyir ki, baxın, Türkiyə, bir NATO ölkəsi sizin burnunuzun dibində at oynadır. Putin administrasiyasından hər hansı tutarlı sözün, yəni Ermənistanı sərf edəcək mövqenin gəlmədiyini görən Nikol çalışır ki, Rusiya ictimaiyyəti içərisində özünə kök salmış erməni tör-töküntüsünün hay-küyü ilə rus cəmiyyətinə təsir göstərib onu hakimiyyətlə üzləşdirsin. Göründüyü kimi, şizofren Paşinyanın iddiası yerə-göyə sığmır. Amma məsələ yalnız bunda da deyil. 

Paşinyan Türkiyə amilini qabartmaqla əslində Cənubi Qafqaza Qərbin diqqətini yönəltməyi də düşünür - baxın, sizin bəyənmədiyiniz Türkiyə buradadır, söz sahibidir, Rusiyanı belə saymır. Azərbaycan rəsmiləri heç də təsadüfən bildirmirlər ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinə geniş geosiyasi məzmun qazandırmağa çalışır və əsas diqqəti işğal məsələsindən yayındırmaq yolu tutur. Məsələ doğrudan da belədir. 

Hər bir halda Paşinyan Rusiyada, eləcə də dünyanın müxtəlif bölgələrində kök salmış erməni diasporuna, lobbi təşkilatlarına və mediasına arxalanaraq odla oynamaqda davam edir. Həm Azərbaycanla bağlı, həm də Rusiyaya və Türkiyəyə qarşı. Bakının konkret istəyi var. İşğala son qoymaq. Moskva və Ankara gəldikdə, onlar belə başından yekə oyunları erməni baş nazirə əsla bağışlamayacaqlar. Onsuz da Kremlin gözündə Nikol oyun qaydalarını pozmuş əbləhdən başqa bir şey deyil. Türkiyənin mövqeyi isə tam açıqlığı ilə ortadadır. 

Paşinyanın erməni xalqına son müraciətindəki saxta, arxasında real hərbi gücün dayanmadığı pafos, ən əsası dirəniş nümayişi həm də Rusiyaya meydan oxumaqdır. İrəvan əslində Moskva qarşısında dizini yerə qoymaq istəmədiyini Qərbə göstərir və köhnə soyqırımı zəngulələrilə dünya ölkələrindən dəstək umur. Təsəvvür edin, XXI əsrdə bir xalqın digərinin kökünü kəsməsi avantürası nə deməkdir. Guya azərbaycanlılar erməniləri yer üzündən silmək istəyirlərmiş. Bu qədər gülünc iddia yalnız Paşinyanın demokrat qiyafəsinə bürünmüş saxta təfəkkürünün məhsulu ola bilər. Bu adam Azərbaycanda 30 mindən artıq erməninin dinc və əminamanlıq şəraitində yaşadıqlarından xəbərsiz olmaz. Ancaq Azərbaycanın əks-hücumunu nəzərdə tutaraq özünü Qarabağda sanki ermənilərə qarşı səlib yürüşü reallaşdırıldığı həyasızlığına kökləyib. Əslində isə Qərbi Şərqə səlib yürüşü avantürasına təhrik etməyə ümüd bəsləyir. Axı Paşinyan yarımçıq oxuduğu tarix dərslərindəkilərin indiki şəraitə uyğunlaşdırmağı düşünəcək qədər xəstə təbiətə malikdir.

Baxın, Ermənistana açıq dəstək Fransadan gəlir. Ölkənin Belarus prezidenti Aleksandr Lukaşenkonun təbirincə desək, yetişməmiş siyasətçi olan prezidenti Makronun timsalında. Makron Dağlıq Qarabağ münaqişəsindən olduqca çiy formada, biabırçı şəkildə, Qərb dəyərlərini, beynəlxalq hüququn norma və prinsiplərini, ən əsası ölkəsinin ATƏT-in Minsk Qrupundakı vasitəçilik missiyasını ayaq altına alaraq danışır. Sən demə Qarabağın Azərbaycan tərəfindən ikinci dəfə işğalı yolverilməz imiş. Bu qədər sərsəmliyi dünya tarixi görməmişdi, gördü.

Şübhəsiz, Paşinyan yalnız sözdə deyil, hərbi dəstəyə ümüd edir. Bu da yenə Rusiyaya qarşı yönəlmiş gedişdir. Təxminən belə -  gəlin, Cənubi Qafqazı Türkiyədən və Rusiyadan alın. Ermənistanın baş naziri hələlik Türkiyənin adını çəkir. Amma belə getsə, o, anti-Rusiya ovqatına da köklənəcək. Təsadüfi deyil ki, Rusiyanın siyasi dairələrində Paşinyana bir növ, dinamit kimi yanaşırlar. Bu gün guya min illik tarixə "söykənib" Dağlıq Qarabağ münaqişəsilə bağlı bütün danışıqlara tüpürmək yolu tutan, separatçılığı norma olaraq qəbul edən birinin sabah Qərbin dəstəyinə arxalanmış Soros demokratizminin orqazmının təsiri ilə Rusiya Federasiyası daxilindəki subyektlərə yönəlik nələrdən, hansı bölücü, təfriqəçi fikirlərdən dəm vuracağını proqnozlaşdırmaq çətin deyil. Bəli, Rusiyada məsələdən yaxşı xəbərdardırlar. Ona görə Paşinyan, necə deyərlər telfonyana çevrilib. 

Bütün bunları nəzərə alaraq belə qənaətə gəlmək mümkündür ki, hazırkı məqamda Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın haqq işi deyil, eyni zamanda bölgəni Nikol Paşinyan kimi Qərv avantürizminin təhlükəli layihəsindən, regiondakı milli dövlətləri parçalamağa yönəlmiş qlobal oyunun erməni kartı üzərinə oynanılmış mahiyyətindən qurtarmaq mübarizəsidir. Bu mübarizədə Paşinyan istefa verib getməli və onun yerinə Ermənistanda heç olmasa, arxasını masa üzərinə qoymağı bacaranlar hakimiyyətə gəlməlidir. Əks halda İrəvanda alçaldıcı kapitulyasiya sonluğu qaçılmaz görünür. Nəyə görə kapitulyasiya? Çün heç kəs təminat verə bilməz ki, Azərbaycan öz torpaqlarını geri qaytardıqdan sonra ərazisi Ermənistan tərəfindən yenidən atəşə tutulmayacaq.

Əvəz RÜSTƏMOV




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi