USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azad edilmiş kəndlərimiz bayrağımızın kölgəsində

Qazaxın işğaldan azad edilmiş 4 kəndində dövlət bayrağımızın ucaldılması Prezident İlham Əliyevin qətiyyətli siyasətinin və iradəsinin nəticəsidir


https://img.baki-baku.az/news/2024/05/photo_12626.jpg

Mayın 24-ü Azərbaycan tarixinə düşəcək günlərdən biri oldu. Məhz dünən dövlət su­verenliyimizin təmin olunması istiqamətində daha bir addım atıldı: Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürüldü.

Nəzarətə götürülən kəndlərdən Prezident İlham Əliyevə məruzə olundu. Dörd kəndin ərazisində Azərbaycan Bayrağı ucaldıldı.

Baş nazirin müavini Şahin Mustafayevin xidmətinin yaydığı məlumatda bildirildi ki, mayın 15-də iki ölkə arasında sərhəddə Azər­baycan Respublikası və Ermənistan Respub­likası arasında dövlət sərhədinin delimita­siyası üzrə Dövlət Komissiyasının, habelə Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası məsələləri və sər­həd təhlükəsizliyi üzrə komissiyanın növbəti 9-cu görüşü keçirilib. Delimitasiya işləri nə­ticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla ərazisi 6,5 kvad­ratkilometr olan Qazax rayonunun 4 kəndinin Azərbaycana qaytarılması təmin edilib.

Zənnimizcə, dörd kəndin işğaldan azad olunmasından bəhs edərkən, onların işğal ta­rixinə nəzər yetirmək də doğru olardı. Ötən əsrin 80-ci illərinin sonlarında başlanan Er­mənistan–Azərbaycan münaqişəsinin ilkin mərhələsində Qarabağdan kənarda gərginlik yaşayan ilk sərhədyanı ərazilərdən biri Qa­zax rayonu idi. Azərbaycan və Ermənistan kəndlərinin qonşu olduğu Qazaxda unikal sərhəd vəziyyəti və bu kəndlərin bəzilərindən ermənilər üçün mühüm olan yolun keçməsi gərginliyin artmasına səbəb oldu. Sərhədin bu hissəsində ilk insident 1990-cı ilin mar­tında Bağanıs Ayrım kəndində baş verdi. Er­mənistanı Gürcüstanla birləşdirən yollardan biri, eləcə də Ermənistanın şimal-şərqindəki Tavuş bölgəsində bir neçə mühüm kəndi bir­ləşdirən əsas yol boyunca yerləşən Bağanıs Ayrım qonşu kəndlərdə ermənilər tərəfindən potensial təhlükə hesab edilirdi. Buna görə də, erməni quldurları martın 4-də kəndə si­lahlı basqın edərək, iki nəfəri öldürüb, iki nəfəri isə yaralayıblar.

Bundan 20 gün sonra, yəni martın 23-dən 24-nə keçən gecə Bağanıs Ayrım kəndi əvvəl­cədən qurulan plan əsasında hücuma məruz qalıb və martın 24-ü səhər saatlarında ermə­nilər tərəfindən işğal olunub. Bununla da Ba­ğanıs Ayrım ermənilərin işğal etdiyi ilk Azər­baycan kəndi kimi tarixə düşüb. İşğal zamanı kəndin əli silahsız, mülki əhalisinə qarşı qətli­am törədilib. Səkkiz soydaşımız qətlə yetirilib. Onlardan 5 nəfəri diri-diri yandırılıb. Yüzdən çox evi olan kənd talan edilib, əhalinin kənd­dən çıxara bilmədiyi ev əşyaları və mal-qara ermənilər tərəfindən aparılıb. Ümumiyyətlə, ermənilər Qarabağ müharibəsinə başlayarkən ilk qırğını Bağanıs Ayrımda törədiblər.

1992-ci ildə isə Qazaxın üç qeyri-eksklav (Xeyrımlı, Aşağı Əskipara və Qızılhacılı) və üç eksklav (Yuxarı Əskipara, Barxudarlı və Sofulu) kəndi də ermənilər tərəfindən işğal olunub. Xeyrımlı 1992-ci il martın 8-də, Aşa­ğı Əskipara martın 12-də, Qızılhacılı mayın 11-də, Yuxarı Əskipara iyunun 8-də, Barxu­darlı və Sofulu isə aprelin 27-də ermənilərin nəzarəti altına keçib.

Birinci Qarabağ müharibəsinin başa çat­masından sonra da şərti sərhədin bu hissəsi ən qeyri-sabit ərazilərdən biri olaraq qalmaq­da idi. 1994-cü ildən 2020-ci ilədək davam edən və şərti olaraq “atəşkəs dövrü” adlandı­rılan müddətdə Müdafiə Nazirliyinin yaydığı məlumatlarda Ermənistan qoşunlarının sər­hədin bu hissəsindən atəşkəsi pozduqlarına dair tez-tez xəbərlər eşidilirdi.

Kəndlərin bir güllə belə atılmadan, qan tökülmədən, danışıqlar yolu ilə qaytarılma­sı, heç şübhəsiz, ölkəmizin növbəti uğuru, ardıcıl qələbələr qazanan Azərbaycanın və onun dövlət başçısının növbəti parlaq Zəfə­ridir. Azərbaycanın bir qarış torpağından, o cümlədən Qazax rayonunun işğal altındakı kəndlərindən də imtina etməyəcəyi hər kəsə aydın idi. Dövlətimizin başçısı qeyri-anklav kəndlərin qaytarılması məsələsini 2020-ci ildən qaldırmışdı və ötən müddət ərzində mövzu daim gündəlikdə saxlanılırdı. Bu is­tiqamətdə ardıcıl iş aparılırdı. Yada salmaq yerinə düşər ki, hələ 2023-cü il oktyabrın 7-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Prezident İlham Əliyevə zəngi zama­nı dövlətimizin başçısı ölkəmizin 8 kəndinin hələ də Ermənistanın işğalı altında olduğunu deyərək, bu kəndlərin işğaldan azad olunma­sının vacibliyini vurğulamışdı.

Prezident İlham Əliyev 2024-cü ilin yan­varın 10-da yerli televiziya kanallarına mü­sahibəsi zamanı məsələni yenidən gündəmə gətirərək demişdir: “Bizim mövqeyimiz çox ədalətli və məntiqlidir. Ya siyasi metodologi­ya əsas götürülməlidir, ya xronologiya götü­rülməlidir, ya da biz bütövlükdə heç bir xəritə əsasında işimizi qurmamalıyıq. Komissiya yaradılıb. Komissiyanın işini fəallaşdırmaq üçün ekspert qrupları yaradılmalıdır. Getsin­lər qarış-qarış o yerləri gəzib o sərhədi müəy­yən etsinlər. Çünki bu gün bizim sərhədimiz şərti xarakter daşıyır.

O ki qaldı, işğal altında olan kəndlərə, hesab edirəm ki, bizim təklifimiz də çox məntiqlidir. Bildiyiniz kimi, orada anklav və qeyri-anklav kəndlər var. O kəndlər ki, ank­lav kəndlər deyil, həmin dörd kənd Azərbay­cana qeyd-şərtsiz qaytarılmalıdır. O kəndlər ki, anklav kəndlərdir, – çünki Ermənistanın bir anklav kəndi Azərbaycan ərazisindədir, – həmin kəndlərlə əlaqədar ayrıca bir ekspert qrupu yaradılmalıdır və o, müzakirə edil­məlidir. Biz hesab edirik ki, bütün anklavlar qaytarılmalıdır. Bu anklavlara gedən yollarda şərait olmalıdır və bu anklavlara orada yaşa­yan insanlar yerləşdirilməlidir. Yəni, bizim mövqeyimiz bundan ibarətdir...”

2024-cü il martın 10-da, yəni sərhəd ko­missiyalarının yeddinci iclasından üç gün son­ra, baş nazirin müavini Şahin Mustafayevin xidməti Ermənistandan Qazax rayonundakı dörd qeyri-anklav kəndi dərhal geri qaytarma­ğını tələb etdi. İki gün sonra baş nazir Nikol Paşinyan mətbuat konfransı keçirərək ölkənin de-yure sərhədini göstərmək üçün Ermənistan xəritəsinin maketini nümayiş etdirdi. O, yerli auditoriyaya Azərbaycanın tələb etdiyi kənd­lərin Ermənistan ərazisi daxilində olmadığını izah edərək bildirdi ki, nə sovet dövründə, nə də postsovet dövründə Ermənistan ərazisində bu adda kəndlər heç vaxt olmayıb.

Nəhayət, aprelin 19-da Ermənistan tərəfi 30 ildən çox işğal altında saxladığı 4 kəndin qaytarılması razılaşdı. İki ölkə arasında ya­radılmış komissiyaların səkkizinci görüşündə bununla bağlı razılığa gəlindi.

Mayın 10-da Şuşada birinci yaşayış kompleksinin açılış mərasimində çıxış edən Prezident İlham Əliyev delimitasiya və de­markasiya prosesinə də toxundu. Dövlətimi­zin başçısı dedi: “Bu gün təkcə bizim tələbi­mizlə heç bir başqa, necə deyərlər, vasitəyə əl atmadan Qazaxın dörd kəndi bizə qaytarılır. Bir tələbimlə qaytarılır, bax, belə də olmalı­dır. Bundan sonra belə də olacaq. Burada söz sahibi bizik, Qafqazda aparıcı dövlət bizik, iqtisadi, siyasi, hərbi, hər cəhətdən aparıcı dövlət bizik, bizimlə hər kəs hesablaşmalıdır. Həm Ermənistan, həm onun arxasında duran, onlara yalançı vədlər verən xarici dairələr bi­zimlə hesablaşmasalar peşman olacaqlar. Bu gün Qazaxın 1990-cı və 1992-ci illərdə işğal edilmiş torpaqları bir güllə atılmadan bizə qaytarılır. Delimitasiya, demarkasiya bizim şərtlərimiz əsasında həyata keçirilir və bu, bizim növbəti zəfərimizdir”.

Bəli, Qazaxın kəndlərinin bir güllə atıl­madan qaytarılması Prezident İlham Əliyevin qətiyyətli siyasətinin və iradəsinin nəticə­sidir. Bu, 2016-cı ilin Aprel döyüşləri ilə əsası qoyulan, 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ildə lokal xarakter­li antiterror tədbirləri ilə davam etdirilən zəfərlərimizin davamıdır. Bu hadisə Prezi­dent İlham Əliyevin xalqımız və dövlətimiz qarşısında növbəti mühüm tarixi xidmətidir. Çünki məhz Prezident İlham Əliyevin hərbi və siyasi-diplomatik sahədə müəyyənləşdir­diyi xətt üzrə hərəkət edən Azərbaycan döv­ləti Ermənistanı beynəlxalq hüquqa hörmətlə yanaşmağa vadar etdi. Bu hadisə “Sözümüz imzamız qədər dəyərlidir” kəlamının müəllifi olan Prezident İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyünün bərpa olunacağı ilə bağlı hələ 2003-cü ildə doğma xalqına verdiyi sözə sadiqliyinin nümayişi oldu. Birmənalı şəkil­də demək olar ki, cənab İlham Əliyev kimi dövlət başçısı olan bir ölkəni qarşıda yalnız yeni qələbələr gözləyir.

Qərbi Kaspi Universitetinin professo­ru, politoloq Fikrət Sadıxov “XQ”yə açıq­lamasında bildirdi ki, Azərbaycan rəhbərliyi ötən müddət ərzində hələ də işğal altında qalan kəndlərin azad edilməsi istiqamətində iş aparırdı. Onun sözlərinə görə, dövlət baş­çımız bu istiqamətdə çox uğurlu adımlar atıb: “Prezident İlham Əliyev həm verdiyi müsa­hibələr, həm də keçirdiyi görüşlər zamanı bu məsələyə münasibət bildirib. Azərbaycan bu məsələdə prinsipial mövqe tutub və suveren ərazilərinin azad edilməsi məsələsinə xüsusi önəm verib. Bu hadisə özlüyündə Azərbay­canın iradəsindən, dövlət başçımızın qətiyyə­tindən xəbər verir”.

F.Sadıxov onu da bildirdi ki, kəndlərin danışıqlar yolu ilə qaytarılması da əhəmiy­yətə malik məqamdır. Qarşıdakı dövrdə Ermənistanın hələ də işğalda saxladığı qey­ri-eksklav kəndlər də qaytarılmalıdır. Biz bu məsələdə də qəti addımlarımızı atmalıyıq.

Səxavət HƏMİD




Redaktorun seçimi

O`Braynın “sülh məntiqi”
  • Daxili siyasət
  • 10:04 14.06.2024
O`Braynın “sülh məntiqi”
İrəvanda ara qarışdı
  • Daxili siyasət
  • 09:42 13.06.2024
İrəvanda ara qarışdı
Akop “Harop”un hayfını sinaqoqdan çıxır?
  • Daxili siyasət
  • 09:41 13.06.2024
Akop “Harop”un hayfını sinaqoqdan çıxır?
Qurtuluşun dörd fəsli
  • Daxili siyasət
  • 09:37 13.06.2024
Qurtuluşun dörd fəsli
Makron despotizmi
  • Daxili siyasət
  • 09:35 13.06.2024
Makron despotizmi
Avantüristlərin “azadlıq nəğmələri”
  • Daxili siyasət
  • 09:30 13.06.2024
Avantüristlərin “azadlıq nəğmələri”
Fransanın məkri sərhəd tanımır
  • Daxili siyasət
  • 09:14 13.06.2024
Fransanın məkri sərhəd tanımır
Avropanın nizamı pozulur
  • Siyasi təhlil
  • 10:11 12.06.2024
Avropanın nizamı pozulur
Sülhün səmt küləyi
  • Daxili siyasət
  • 10:08 12.06.2024
Sülhün səmt küləyi

Səxavət HƏMİD