USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Təxribatlar bumeranqa çevrilir


https://img.baki-baku.az/news/2024/04/photo_12047.jpg

Aprelin 5-də Brüsseldə Ermənistan baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen və ABŞ Dövlət katibi Antoni Blinken arasında keçirilən görüşdə İrəvana hərbi dəstəyin göstərilməsi məsələsinin də müzakirə olunması, o cümlədən, hərbi əməkdaşlığı nəzərdə tutan 20 bənddən ibarət sazişin imzalanması gündəmin ən aktual məsələlərindən biri olaraq qalmaqdadır. Azərbaycan mediası bununla bağlı araşdırma apararaq, ortaya ciddi sübutlar qoyub. Brüsseldə razılaşdırılmış sənədin fotosu mediada yayılıb. Bundan sonra ABŞ tərəfi sənədi “sırf dezinformasiya” adlandırıb. Dövlət Departamenti görüş zamanı təhlükəsizlik məsələlərinin gündəmdə olmadığını iddia edib.

Açıqlanan sənəddə Rusiyanın na­rahatlığına səbəb olan müddəalar da yer alıb. Belə ki, sazişdə Avropa İtti­faqı Ermənistan hökumətinin Rusiya Federal Təhlükəsizlik Xidmətinin sər­həd xidməti qoşunlarının “Zvartnos” beynəlxalq hava limanından, Ermənis­tan–İran sərhədindən və bütün digər sərhəd məntəqələrindən çıxarılması barədə qərarını dəstəklədiyini bildirib. Zənnimizcə, Aİ-nin bilavasitə dəstəyi ilə Nikol Paşinyan hökumətinin bu qə­rarı Rusiyanın Ermənistan ərazisində mövqeyini zəiflətmək üçün ilk konkret, nəzərəçarpacaq addımıdır və görünür, buna görə də Brüssel razılaşmaları kontekstində xüsusilə seçilir. Rusiya sərhəd qoşunlarının beynəlxalq hava limanı və İranla sərhəd kimi mühüm mövqelərdən çıxarılması regionda Av­roatlantik təsirin genişlənməsinə şərait yaradacaq ki, bu da postsovet məka­nında Moskvanın təsirinin azaldılma­sına qarşı daha geniş strategiyanın bir hissəsi kimi qiymətləndirilə bilər. Bu, həm də Aİ-nin Cənubi Qafqaz regio­nunda öz mövqelərini möhkəmləndir­məyə çalışdığı daha böyük geosiyasi oyun kontekstinə tamamilə uyğun gəlir. Məlum qərarın Ermənistanın Rusiya­nın təsirindən tamamilə çıxması üçün tramplin rolu oynayacağını iddia etmək mümkündür.

Üzə çıxarılmış sənəddə qeyd olu­nur ki, Aİ və Ermənistan Rusiyanın Hayastandakı hərbi obyektlərinin sta­tusunu onların 2044-cü ilə qədər möv­cudluğunu nəzərdə tutan hazırkı sazişi nəzərə alaraq nəzərdən keçirib. Bu­nunla əlaqədar onu demək olar ki, son vaxtlar Brüssel və İrəvanın Ermənistan ərazisindəki Rusiya hərbi bazasının gələcəyi ilə bağlı müxtəlif variantları kuluarlarda fəal şəkildə müzakirə et­diklərinə dair məlumatlar yayılırdı. İndi bu məsələnin 5 aprel görüşü ilə bağ­lı sənəddə öz əksini tapması təsadüfi hesab oluna bilməz. Rusiya hərbi kon­tingentinin Hayastandan çıxarılması Aİ və ABŞ-nin Ermənistan siyasətində strateji məqsədlərindən biridir. Ehtimal etmək olar ki, bununla bağlı müxtə­lif ssenarilər, o cümlədən, 102-ci rus bazasının ətrafında gərginlik ocağının yaradılması nəzərdən keçirilir. Beləlik­lə, aydın olur ki, Rusiya hərbi bazası və rus hərbi qulluqçularının Ermənis­tanda olması ilə bağlı məsələlərin aktiv müzakirəsi 102-ci bazanın mövcudlu­ğu haqqında sazişin müddətinin başa çatmasından xeyli əvvəl başlayıb. Aİ və Ermənistan İrəvanın Rusiya hərbi texnikası və texnologiyasından, həm­çinin rus hərbi təhsilindən və təlimdən asılılığının azaldılması zərurətini də müzakirə ediblər.

Mediada yayılmış sənədlə bağlı Moskvanın mövqeyi özünü çox gözlət­məyib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova aprelin 18-də keçirdiyi brifinqdə deyib ki, ölkəsi Brüssel danışıqları barədə mətbuata sızan məlumatlarla bağlı Er­mənistandan dəqiq reaksiya gözləyir. Diplomat bildirib ki, İrəvan daha əvvəl Qərb dövlətləri ilə əməkdaşlığın üçün­cü ölkələrə qarşı yönəlmədiyinə əmin edib: “Bu faktorları nəzərə alaraq, Er­mənistan hakimiyyətindən yayılan mə­lumatlara aydın reaksiya, idealda isə bunun inkar edilməsini gözləyirik. Bü­tün hallarda söz rəsmi İrəvanındır”.

Onun sözlərinə görə, qərblilər Cə­nubi Qafqazdakı qonşuları arasında qarşıdurma yaratmağa çalışırlar və Ermənistana yalnız yeni böyük yanğını alovlandırmaq istədikləri alət rolu verilir: “Brüsseldəki görüş zamanı, həqiqətən də, İrəvana Rusiya bazasının və sər­hədçilərinin Qərb mütəxəssisləri ilə dəyişdirilməsi, eləcə də Ermənistan Respublikasında kritik infrastrukturun istiqamətinin dəyişdirilməsi ilə bağlı planların qoyulduğu ortaya çıxsa, Mos­kva təəccüblənməyəcək”.

Onu da qeyd edək ki, yayılmış sənəd Ermənistanda da müzakirələrə yol açıb. “Birlikdə” adlanan erməni hərəkatının koordinatoru Aram Sar­kisyan mətbuata sızan informasiyala­ra hakimiyyətin cavab vermədiyindən narazılığını bildirib. O, Ermənistan ha­kimiyyətinin son dərəcə təhlükəli oyun oynadığını qeyd edib. Brüsseldəki razı­laşmaların Rusiya və İrana qarşı yönəl­diyini vurğulayıb. Əlavə edib ki, bunu həm Tehran, həm də Moskva birbaşa və ya dolayısı ilə açıqlayır. O, Paşinyan iqtidarının bu təhlükəli gedişinin hayla­ra baha başa gələcəyini də vurğulayıb.

Nəhayət, sənədin yayılmasından təxminən iki günə yaxın vaxt keçəndən sonra Ermənistan xarici işlər nazirliyi dilə gəlib. Nazirliyin mətbuat katibi Ani Badalyan Brüsseldə keçirilən üçtərəfli görüşdə heç bir gizli gündəliyin olma­dığını bildirib. “Əslində, Brüssel görüşü Ermənistanın dayanıqlılığı və iqtisa­diyyatının şaxələndirilməsi ilə bağlı idi. Bunun ətrafında reallığa uyğun gəl­məyən lüzumsuz hay-küy yarandı. Azərbaycan mətbuatında dərc olunan kağız saxtadır, belə məsələlər Brüs­sel görüşünün gündəliyində olmayıb. Brüsseldə müzakirə edilən məsələlərin bütün gündəliyi görüşdən sonra yayı­lan birgə press-relizdə öz əksini tapıb. Gündəlik xaricində edilən hər hansı açıqlama yalandır. Brüssel prosesi tam şəffaf olub və bundan sonra da belə olacaq”, – deyə Ani Badalyan rəs­mi İrəvanı, necə deyərlər, sudan quru çıxarmağa cəhd edib. Amma onun bu cəhdi uğursuz olub.

Siyasi analitik Armen Çibuxçyan Brüssel görüşü və M.Zaxarovanın bununla bağlı açıqlamalarını şərh edərkən deyib ki, əslində, görüşün gö­rünən və görünməyən hissəsi olub: “Biz bunu təbii ki, xarici işlər nazirliyi tərə­findən rəsmi şəkildə təkzib etmişik. Ani Badalyan yayılan məlumatın absurd olduğunu və yalnız iqtisadi məsələlərin müzakirə olunduğunu bildirib. Bununla belə, görüşün qapalı hissəsi də olub”.

Onun sözlərinə görə, biz görüş­dən sonra mətbuat konfransının ke­çirilmədiyini gördük: “Mən bilmirəm, sizin məlumatınız var, ya yox, Avropa Sülh Fondundan səhra hospitalları­nın yaradılması üçün 10 milyon avro ayrılıb və sair (qeyd edək ki, sənədə əsasən, mobil səhra düşərgəsinin, o cümlədən, tibb müəssisəsinin, habelə əlaqədar xidmət və obyektlərin yaradıl­ması maliyyələşdiriləcək – S.H.). Bu, dolayı hərbi yardımdır. Yəni, hücum deyil, müdafiə xarakterli hərbi yardım məntiqinə uyğundur. Nə baş verdiyini başa düşürsünüz? Avropa Sülh Fondu Ermənistan üçün ən sadədən işə baş­layır. Bundan əlavə, hərbi yardım mən­tiqində də eyni hal yaşanır. Deyək ki, ilk hərbi yardım ciddi silahlar olmadan döyüş meydanındakı vəziyyəti dəyişə bilməyən “Bastion” zirehli texnikasının tədarükündən başlayıb”.

A.Çibuxçyan daha sonra deyib: “Başqa sözlə, bunun fonunda, təbii ki, güman edirəm və şəxsi fikrimcə, Ermə­nistanla hansısa gizli danışıqlar aparı­lıb. Gizli danışıqlar olub. Sadəcə, onun afişası olmayıb. Avropa Sülh Fondu yardım edirsə, deməli, Paşinyan onlara nəsə vəd edib. Güman edirəm ki, Ma­riya Zaxarovanın Ermənistanın Brüs­seldə nə razılaşdırıldığını izah etməli olması barədə bəyanatı o deməkdir ki, rus qoşunlarının Ermənistandan çıxa­rılması ilə bağlı razılaşma olub”.

Milli Məclisin Müdafiə, təhlükə­sizlik və korrupsiya ilə mübarizə ko­mitəsinin üzvü Aydın Mirzəzadə bil­dirib ki, Brüssel görüşü ilə bağlı yayılan sənəd Azərbaycanda böyük narahatlıq doğurub. Onun sözlərinə görə, səslən­dirilən bəyanatlar və üçtərəfli görüşdən sonra mətbuata verilən açıqlamalar ziddiyyət təşkil edir: “Azərbaycan və Ermənistan sülh və dövlətlərarası mü­nasibətlərin qurulması üzərində iş apa­rırlar. Ölkəmiz digər dövlətlərdən, bey­nəlxalq təşkilatlardan prosesə dəstək vermələrini gözləyir. Çox təəssüf ki, bunun əksinə olaraq, bəzi ölkələr Er­mənistanı silahlandırmaqla onu Azər­baycan əleyhinə qaldırmağa çalışırlar. Bəzi ölkələr isə, bu məsələdə ziddiy­yətli bəyanatlar verirlər. Azərbaycan məsələni diqqətdə saxlayacaq və özü­nün ərazi bütövlüyünə, suverenliyinə yönələn bütün məsələlərə kəskin reak­siya verəcək”.

Deputat vurğulayıb ki, Ermənistanın silahlandırılması, Qərbdəki müəyyən dairələrin təsiri altına salınması İrəva­nın Azərbaycana və qonşu dövlətlərə qarşı ərazi iddiası iştahını daha da ar­tıra bilər: “ABŞ tərəfinin rəsmi bəyana­tının həqiqət olduğuna inanmaq istər­dik. Çox istərdik ki, Vaşinqton verdiyi bəyanata uyğun olaraq, bundan sonra Ermənistana ancaq humanitar yardım və ikitərəfli münasibətlərdən irəli gələn məsələlərlə bağlı kömək göstərsin. Bu gün Ermənistanın silahlandırılması, müəyyən dairələrin təsiri altına salın­ması bu ölkənin təcavüzkarlıq niyyətlə­rinin yenidən baş qaldırmasına səbəb ola bilər”.

Politoloq İlyas Hüseynov isə de­yib ki, Brüssel görüşündə Ermənistana hərbi dəstəyin göstərilməsinin müza­kirəsi əvəlcədən ehtimal edilirdi. Onun sözlərinə görə, Ermənistana hərbi və təhlükəsizlik sahəsində dəstəyin ve­rilməsi ilə bağlı yayılan 20 bənddən ibarət sənəd regional təhlükəsizliyə təhdidləri artıran, sülhə və əmin-amanlığa zərbə vuran məqamdır. Eyni zamanda, Ermənistanın silahlandırıl­masına cəhdlərin edilməsi revanşizm əhval-ruhiyyəsini gücləndirən amildir: “Burada yeni geosiyasi konfiqurasiya­ya qarşı faəliyyət özünü göstərməkdə­dir. Yeni reallıqlar müstəvisində Azər­baycanın sülhə verdiyi töhfələr nəzərə alınmır, əksinə gərginliyin yaradılması niyyəti ortaya qoyulur”.

İ.Hüseynov bildirib ki, qlobal müha­ribələr fonunda həm də Azərbaycanın əsas strateji müttəfiqi Türkiyəyə qarşı da analoji qərəzli münasibət sərgilən­məkdədir: “Bu, qəbuledilən deyil. Biz uzun illərdir ki, Qərbin türkofob mü­nasibətini görmüşük. Ermənistanın hazırda Fransa başda olmaqla Qərb və Hindistan tərəfindən silahlandırıl­ması da deməyə əsas verir ki, bir sıra güc mərkəzləri regional təhlükəsizliyə töhfə vermək adı altında bölgəmizə müdaxilə etmək, özlərini arbitr kimi danışıqlar masasında görmək istəyir­lər. Onların bu pozucu və destruktiv fəaliyyətləri son vaxtlar ardıcıl xarakter almaqdadır”.

Beləliklə, aydın olur ki, Qərbdəki müəyyən dairələrin əsas məqsədi Er­mənistanı silahlandıraraq bölgədə yeni münaqişə ocağı körükləməkdir. Ancaq onların təxribatının baş tutmayacağı, əksinə bumeranq effekti verərək Ermə­nistana yönələcəyi birmənalıdır. Həmin dairələr regionda yaranmış geosiyasi reallıqları, getdikcə güclənən Azərbay­can–Türkiyə amilini gec-tez nəzərə almalı olacaqlar. Bu tandem istənilən təxribatlara qarşı durmağa qadirdir.

Səxavət HƏMİD




Redaktorun seçimi

Anlamamaq azarı
  • Siyasi təhlil
  • 11:13 25.05.2024
Anlamamaq azarı
Erməni kilsəsinin “azar bazarı” bağlanır
  • Daxili siyasət
  • 11:30 24.05.2024
Erməni kilsəsinin “azar bazarı” bağlanır
Fransa əkdiyi haqsızlığı biçir
  • Daxili siyasət
  • 11:19 24.05.2024
Fransa əkdiyi haqsızlığı biçir

Səxavət HƏMİD