USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Səlibçi missiya nədən məmnundur?

Aİ-nin xüsusi nümayəndəsi şərti sərhəddə sabitlikdən, Fransa səfiri isə sülh Pasxasından dəm vurur


https://img.baki-baku.az/news/2024/04/photo_11818.jpg

Ermənistan Azərbaycanla şərti sərhədin müxtəlif istiqamətlərinə şəxsi heyət cəmləşdirir. Şəxsi heyətin aktiv yerdəyişməsinin həyata keçirilməsi peyk vasitəsilə çəkilən foto və video görüntülərlə öz təsdiqini tapır. Eyni zamanda, İrəvan şərti sərhədə zirehli texnika, o cümlədən ağır artilleriya və digər atəş vasitələri yığır. 

Məsələyə Azərbaycan Müdafiə Nazirliyi də münasibətini açıqlayıb. Nazirlik martın 31-də yaydığı məlumatda qeyd edib ki, son zamanlar Ermənistan–Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində Hayastan silahlı qüvvələrinin canlı qüvvəsi, zirehli texnikası, artilleriya qurğuları, habelə digər ağır atəş vasitələrinin cəmləşdirilməsi və qoşunların intensiv hərəkəti müşahidə olunur: “Son vaxtlar Ermənistanda Azərbaycanı müharibə ilə hədələyən revanşist qüvvələrin daha da fəallaşması, ölkəmizə qarşı aqressiv ritorikanın yüksək həddə çatması və təxribat cəhdlərinə hazırlıq məqsədilə informasiya məkanında vəziyyətin gərginləşməsinə xidmət edən təhrikçi məlumatların sayının artması özünü büruzə verir. Xəbərdarlıq edirik ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı hər hansı hərbi təxribat cəhdi olarsa, onun qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınacaqdır. Bir daha bəyan edirik ki, vəziyyətin gərginləşməsinə və baş verə biləcək hər hansı təxribata görə bütün məsuliyyət tamamilə Ermənistan və onun havadarlarının üzərinə düşəcəkdir”.

Öz növbəsində Ermənistanın müda­fiə nazirliyi açıqlama yayaraq, Azərbay­can tərəfinin yaydığı məlumatı təkzib edib. Bildirilib ki, bu məlumat həqiqətə uyğun deyil. Hətta, sübutlarla öz təsdiqini tapmış məlumatlar dezinformasiya ad­landırılıb.

Avropa İttifaqının Ermənistandakı Missiyası (EUMA) da bununla bağlı bə­yanat verib. Bəyanatda şərti sərhəddə “hər hansı qeyri-adi hərəkətlənmənin” müşahidə olunmadığı vurğulanıb. “EUMA bütün günü Ermənistan–Azərbaycan sər­hədində patrul həyata keçirib, sakitlik idi, heç bir qeyri-adi hərəkətlər müşahidə olunmayıb. EUMA hər kəsə dinc Pasxa bayramı arzulayır!” – deyə missiyanın bəyanatında bildirilib.

Məsələyə Fransanın Ermənistandakısəfiri Olivye Dekotininin münasibəti də maraqlıdır. Səfirin “X” mikrobloqunda Aİ missiyasının Azərbaycanla şərti sər­həddəki vəziyyətə dair bəyanatında de­yilir: “İlin bütün günlərində olduğu kimi, bu Pasxa bayramında da Aİ-nin Ermə­nistandakı missiyasının müşahidəçiləri Azərbaycanla sərhəddə patrul həyata keçirirlər”. Fransız diplomat daha sonra missiyanı tərifləyib. Deyib ki, bu patrullar sabitliyi təmin edir və beynəlxalq ictima­iyyətə qərəzsiz məlumatların çatdırılma­sına töhfə verirlər.

Daha bir reaksiya Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayən­dəsi Toivo Klaardan gəlib. O da “X” plat­formasındakı hesabında Aİ missiyasının Ermənistan–Azərbaycan şərti sərhədin­də “qeyri-adi hərəkətlənmənin müşahi­də olunmadığını” bildirən qeydinə cavab verib. Qeyd edib ki, Aİ-nin Ermənistan­dakı missiyasından hərbçilərin qeyri-adi hərəkətlərinin müşahidə olunmadığına dair təsdiqləyici məlumat almaq çox xoş­dur: “Missiyanın məqsədi də budur: daha çox şəffaflığı təmin etmək və inam yarat­maq. Biz Azərbaycan hökuməti ilə daha fəal qarşılıqlı fəaliyyətə açığıq”.

Göründüyü kimi, Aİ missiyası, Fran­sanın Ermənistandakı səfiri və qurumun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Hayastan müdafiə nazirliyi ilə eyni fikir­də olduqlarını nümayiş etdiriblər. Onlar peykdən çəkilmiş foto və videogörün­tüləri faktiki olaraq, inkar etmək yolunu tutublar. Maraqlıdır, bəs elə isə erməni hərbçilərin hərəkətlənməsində məqsəd nədir? Ağır texnika nə üçün şərti sər­hədə daşınır? Bu suallar açıq qalır və qarşı tərəf onlara münasibət bildirmək­də maraqlı görünmür. Əlbəttə, sərhəddə hər hansı insidentin olmaması Azərbay­canın da marağındadır. Ölkəmiz həm sərhəddə, həm də, bütövlükdə, Cənubi Qafqazda sülhün və əmin-amanlığın tə­min olunmasının tərəfdarıdır. Ancaq belə bir məşhur deyim var: “Sülh istəyirsənsə, müharibəyə hazır olmalısan”.

Bu arada baş nazir Nikol Paşinya­nın rəhbərlik etdiyi “Mülki müqavilə” partiyasının üzvü, parlamentin regio­nal məsələlər və Avrasiya inteqrasiyası məsələləri üzrə daimi komissiyasının sədr müavini Vaqarşak Akopyan maraq­lı açıqlama ilə çıxış edib: “Hazırda ciddi danışıqlar prosesi gedir, biz onu sülh pro­sesi çərçivəsində hər cür şəkildə təşviq etməyə çalışırıq, lakin onlar bizi təxribata çəkmək istəyirlər. Bizi içəridən, xaricdən, yandan təhrik etməyə, danışıqlar prose­sindən çıxarmağa çalışırlar”.

Akopyan həmvətənlərini vəziyyəti ayıq-sayıq qiymətləndirməyə və emosi­yalara təslim olmamağa çağırıb.

Baş verənlər fonunda bir qrup ameri­kalı hərbi təlimatçının ABŞ–Ermənistanın hərbi əməkdaşlığı çərçivəsində aprelin 1-də İrəvana səfər etməsi də diqqəti cəlb edir. Bu barədə Ermənistan müdafiə na­zirliyinə istinadən Rusiyanın “Kommer­sant” qəzeti məlumat yayıb. Məlumata görə, hərbi təlimatçılar aprelin 1-dən 5-dək Ermənistanda olacaqlar. Pentaqon mütəxəssislərinin Ermənistan müdafiə nazirliyinin əməkdaşlarına təlim keçəcəyi məlum olub. Hayastan silahlı qüvvələ­rinin baş qərargah rəisi Edvard Asryan deyib ki, nazirliklə Pentaqon arasındakı razılaşmaya əsasən, təlimlərə ilkin ola­raq informasiya və ictimaiyyətlə əlaqələr departamentinin və onun tərkibində fəa­liyyət göstərən “Zinuj Media” portalının əməkdaşları cəlb olunublar. Təlimlərin əsas mövzusu ictimaiyyətlə əlaqələr və kommunikasiya sahəsində təcrübə mü­badiləsidir.

Şərti sərhəddə baş verən hərəkətlən­məyə münasibət bildirən Ermənistanın hakim “Mülki müqavilə” partiyasından olan deputatı Qaqik Melkonyan “Nyus.am”a deyib: “Mənə elə gəlir ki, azər­baycanlılar hansısa zəmin hazırlayırlar, çünki Ermənistanın qoşun yeritmək planı yoxdur, biz sadəcə sərhəddə dayanmı­şıq. Azərbaycan aprelin 5-nə planlaşdı­rılan Paşinyan, Blinken və Ursula Fon der Lyayen arasında keçiriləcək üçtərəfli görüşdən narahatdırlar. Bilmirəm azər­baycanlılar və ruslar bundan niyə belə narahatdırlar? Rusiya daim bəyanatlar verir ki, Aİ proseslərə müdaxilə edəndə burada sabitlik pozulacaq. Azərbaycan isə Rusiya eyni cəbhədə hərəkət edirlər”.

Ancaq Aİ-nin, bütövlükdə, Qərbin Ermənistanla bağlı planlarını az-çox ob­yektiv şərh edənlər də tapılır. Politoloq Sergey Melkonyan onlardan biridir. Er­mənistanı Rusiyadan qorumağa hazır olduğunu bəyan edən Böyük Britaniya müdafiə naziri müavininin bəyanatına münasibət bildirən Melkonyan deyib ki, Qərb Ermənistanı deyil, Ermənistan haki­miyyətini müdafiə etməyə hazırdır: “Qərb rəsmiləri “Ermənistanı müdafiə edəcəklə­rini” bəyan edəndə aydın başa düşmək lazımdır ki, söhbət Ermənistan dövlətin­dən yox, indiki hakimiyyətdən gedir. Bu bəyanat kontekstində kiçik, lakin heç də az vacib olmayan detalı qeyd etmək istərdim. Britaniyalı nazir müavininin bu bəyanatı ilə bağlı Ermənistan tərəfindən heç bir şərh verilmədi. Bu, o deməkdir ki, Ermənistan hakimiyyəti Rusiyadan təh­didlərin olması ilə bağlı iddialarla faktiki olaraq razılaşır. Digər tərəfdən, Ermə­nistan dövlətini ölkədəki hakim rejimdən fərqləndirmək vacibdir. Burada Nensi Pelosinin İrəvana səfəri zamanı ABŞ-ın Ermənistanda demokratiyanı müdafiə edəcəyini bildirdiyi bəyanatını xatırlat­maq istərdim. Bu, mövcud rejimi qoru­maq demək idi. Rusiya Ermənistan üçün təhlükə yaratmır, lakin indiki rejim üçün təhlükə hesab olunur”.

O qeyd edib ki, Qərb Ermənistanda hakimiyyət dəyişikliyini “demokratiyanın qələbəsi” kimi tanıyıb və indiki rejimi yal­nız bir səbəbdən demokratik hesab edir: Qərb 2018-ci ildə hakimiyyətə gələn si­yasi komandanı dəstəkləyir. Politoloqun fikrincə, amma sabah eyni üsulla haki­miyyətə başqa komanda gəlsə, Qərb çox yaxşı bəyan edə bilər ki, hakimiyyətin ələ keçirilməsi olub, başqa sözlə, Qərb siyasi məqsədəuyğunluğa əsaslanaraq demok­ratiyanı müəyyən edir.

Qərbin konkret olaraq, indiki hakimiy­yəti nə dərəcədə müdafiə edə biləcəyi məsələsini şərh edən Melkonyan güman edib ki, Qərb strukturlarının köməyi ilə Ermənistan ərazisində yarımhərbi birləş­mələr yaradıla bilər və lazım gələrsə, on­lar hakimiyyətə dəstək verəcəklər.

Bu açıqlamadan isə göründüyü kimi, Qərbin Ermənistanı müdafiə bəyanatları da səmimiyyətə söykənmir və daha çox Rusiyanı bölgədən sıxışdırıb çıxarmağa xidmət edir. Mövzu üzrə fikirlərini “XQ” ilə bölüşən politoloq Yeganə Hacıyeva bildirdi ki, Aİ missiyasının, Fransa səfi­rinin və Toivo Klaarın Ermənistan mü­dafiə nazirliyinin açıqlaması ilə üst-üstə düşən rəyinə təəccüblənmək lazım de­yil. Onun sözlərinə görə, Aİ missiyası­nın əsas məqsədi Ermənistanı müdafiə etməkdən və öz təxribatlarını müxtəlif beynəlxalq mexanizmlərlə gizlətməkdən ibarətdir: “Əslində, EUMA-nı Aİ-nin Cə­nubi Qafqazda Ermənistanın təxribatla­rını ört-basdır edən missiya adlandırmaq daha doğru olardı. Etiraf etmək lazımdır ki, onlar bu istiqamətdə işlərini görürlər. Ancaq Ermənistan müdafiə nazirliyinin və EUMA-nın nə deməyindən asılı olmaya­raq, faktlar ortadadır. Faktlar isə bundan ibarətdir ki, şərti sərhəddə canlı qüvvənin və zirehli hərbi texnikanın yerdəyişməsi qeydə alınır. Bununla bağlı görüntülər mövcuddur. Avropalı himayədarlar isə deyirlər ki, siz öz gördüklərinizə deyil, bizim dediyimizə inanın. Qeyd etdiyim kimi, buna da təəccüblənmək lazım de­yil. Çünki onların əsas missiyası budur”.

Y.Hacıyeva qeyd etdi ki, biz bundan öncə də Ermənistanın təxribatları zamanı Aİ missiyasının həmin təxribatları legitim­ləşdirməyə çalışdığının şahidi olmuşuq. Hazırda müşahidə etdiyimiz də onlardan biridir.

Sonda onu deməyi vacib bilirik ki, Aİ-nin missiyası, səfir O.Dekotini və T.Klaar Ermənistanı yeni təxribatlara sürüklədiklərini ya dərk etmirlər, ya da bilərəkdən buna gedirlər. İstənilən hal­da, şərti sərhəddə yaxın gələcəkdə baş verəcək insidentə görə məsuliyyət həm onların, həm də digər qərbli emissarların üzərinə düşəcək.

Səxavət HƏMİD




Redaktorun seçimi

Yenə də “motal” əl çəkmir...
  • Daxili siyasət
  • 11:20 20.04.2024
Yenə də “motal” əl çəkmir...
Lavrovun anti-Ermənistan demarşları
  • Daxili siyasət
  • 09:57 20.04.2024
Lavrovun anti-Ermənistan demarşları
Təxribatlar bumeranqa çevrilir
  • Siyasi təhlil
  • 09:45 20.04.2024
Təxribatlar bumeranqa çevrilir
Azərbaycanın zəfər marafonu davam edir
  • Daxili siyasət
  • 09:42 20.04.2024
Azərbaycanın zəfər marafonu davam edir
Sübhaninin İrəvan sərsəmləməsi
  • Daxili siyasət
  • 13:00 19.04.2024
Sübhaninin İrəvan sərsəmləməsi
“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”