USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

İşğalçı elə bağırdı ki…

Ermənistanın hərəkətləri şərti sərhəddə yeni təxribata hazırlığından xəbər verir


https://img.baki-baku.az/news/2024/04/photo_11816.jpg

Son günlər Azərbaycan və Ermənistan arasındakı şərti sərhəddə baş verənlər müxtəlif ehtimal və fərziyyələrə yol açır. Erməni media portallarında rəsmi İrəvanın sərhədə canlı qüvvə və hərbi texnikanı toplamasında məqsədin, guya, Azərbaycan tərəfdən mümkün təcavüzün qarşısını almaq olduğu barədə məlumatlar dolaşır. İki gün əvəl Ermənistan müdafiə nazirliyi qoşunlarının Arazdəyən istiqamətindən Kərki kəndi istiqamətində hərəkətini əks etdirən görüntülər barədə açıqlama yayıb. 

Nazirlik yayılan videogörüntülərin həqiqəti əks etdirmədiyini iddia edib. Ermənistan–Azərbaycan şərti sərhədində son əməliyyat vəziyyətinin “sabit” olduğunu açıqlayan qurum sərhədin mühafizəsi üçün əlavə tədbirlərin görülməsinə ehtiyac olmadığını da diqqətə çatdırıb: “Martın 30-da təlim prosesi çərçivəsində avtoyürüş keçirən işə götürülən sürücülərin fotoşəkilləri bir sıra teleqram kanallarında yayaraq bunu qoşunların hərəkəti kimi təqdim etməyə çalışırlar”.

“Azərbaycan Pasxada hücum etmək istəyir”

Ermənistanın Avropa İttifaqındakı daimi nümayəndəsi Tiqran Balayan “X”-dəki mik­robloqunda bunları yazıb: “İlham Əliyev və müttəfiqləri baş nazir Nikol Paşinyanın ABŞ dövlət katibi Antoni Blinken və Avropa Ko­missiyasının rəhbəri Ursula Fon der Lyayen­lə görüşünü pozmaq məqsədilə Ermənistana hücum etmək istəyirlər”. İrəvanın Belçika­dakı fövqəladə və səlahiyyətli səfiri “opera­tiv xəbərdarılğında” bir az da irəli gedərək, bəyanatına dini çalar vermək məqsədilə Ba­kının hücümu “Pasxa bayramında, aprelin 5-də Ermənistanın inkişafı və dayanıqlılığına yönəlmiş görüşü pozmaq üçün” planladığı­nı xüsusi olaraq vurğulayıb. Müdriklər belə məqamlar üçün deyiblər: “Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı”.

Rəsmi Bakı bölgədə yeni bir nifaq toxu­mu səpməyə yönəlik “üçlər”in Brüssel gö­rüşü ilə bağlı öz münasibətini açıqlayıb. Azərbaycan hesab edir ki, bu qəbildən olan təşəbbüslər revanşist əhval-ruhiyyənin hələ də hökm sürdüyü Ermənistanı yeni təxri­batlara sövq etməyə hesablanıb. Bunun­la yanaşı, Azərbaycan hakimiyyəti onu da dəfələrlə vurğulayıb ki, mövcud çətinliklərə və çağırışlara baxmayaraq, ölkəmiz Cənubi Qafqazda sülhün və sabitliyin təmin edilməsi istiqamətində fəaliyyətini bundan sonra da davam etdirmək əzmindədir. 

İrəvandan səslənən məlum açıqlamalar isə ermənilərin ənənəvi yalan və riyakarlı­ğa köklənmiş dezinformasiya siyasətindən başqa bir şey deyil. Azərbaycan ermənipərəst Qərbin son 30 il ərzində işğalçı dövləti nəin­ki siyasi və maliyyə cəhətdən dəstəklədiyini, həm də sistemli şəkildə Ermənistanı Azərbay­canla yeni müharibəyə təhrik etdiyini görüb. Aİ-nin və ABŞ-nin bu yöndə oxşar cəhdlərini bu gün də müşahidə edirik. Görünən odur ki, Qərb məqsədyönlü şəkildə Ermənistan üçün, bir növ, “mini–NATO” formatı yaratmağa çalışır. “Səlibçilərin bu ittifaqı” İrəvanı ölkə­mizə qarşı istifadə etmək üçün silah-sursatla da təmin edir. 

“Məsuliyyət İrəvanın və havadarlarının üzərinə düşəcək”

Hayastan müdafiə idarəsinin “təkzib” xa­rakterli açıqlamasının yalandan ibarət oldu­ğu Azərbaycan Müdafiə Nazirliyinin dünən səhər saatlarında yaydığı məlumatda ortaya qoyulur. Məlumatda deyilir ki, son vaxtlar Ermənistan–Azərbaycan arasındakı şərti sər­hədin müxtəlif istiqamətlərində canlı qüvvə, zirehli texnika, artilleriya qurğuları, eləcə də digər ağır atıcı silahlar və texnikalar cəmləş­dirilir. Ermənistan silahlı qüvvələrinin inten­siv hərəkətinin müşahidə edilməsi ilə bağlı bəyanatında daha sonra bildirilir: “Biz xəbər­darlıq edirik ki, Ermənistan silahlı qüvvələri­nin istənilən hərbi təxribat cəhdi Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınacaq. Biz bir daha bəyan edirik ki, vəziyyətin gərginləşmə­sinə və baş verə biləcək hər hansı təxribata görə bütün məsuliyyət bütünlüklə Ermənista­nın və onun havadarlarının üzərinə düşəcək”.

Müdafiə Nazirliyinin bəyanatı şərti sər­həddə düşünülmüş şəkildə təxribat həyata keçirməyə hazırlaşan bütün qüvvələrə vax­tında verilmiş aydın mesaj sayıla bilər. Hər şeydən göründüyü kimi, aprelin 5-də Brüs­seldə Antoni Blinken, Ursula Fon der Lyayen və Nikol Paşinyan arasında üçtərəfli görüşdə Ermənistanın Avropa İttifaqına üzvlüyünün perspektivləri, eləcə də Qərbin rəsmi İrəva­na təqdim etməyə hazır olduğu təhlükəsizlik təminatları müzakirə mövzuları olacaq. Yəni, dünyanın gözü qarşısında Ermənistan, Aİ və ABŞ-nin iştirakı ilə “üçlük” adlandırılacaq hərbi-siyasi pakt formalaşdırılır. Azərbaycan bütün bunları görür və müvafiq xəbərdarlığı­nı da edir. Əlbəttə ki, ölkəmizə qarşı məqsəd­yönlü şəkildə həyata keçirilən bu siyasi avan­türaya görə bütün məsuliyyət İrəvanın və onun qərbli havadarlarının üzərinə düşür.

Müşahidə kameraları sıradan çıxarıldı

“Ermənistan silahlı qüvvələrinə məxsus 200-dən artıq optik-elektron və müşahidə ka­meraları bölmələrimizin və mülki sakinləri­mizin hərəkətini izləmək, onlara qarşı müxtə­lif xarakterli təxribat fəaliyyətləri həyata keçirmək məqsədilə kustar üsulla hazırlana­raq 480 kilometrədək təmas xətti boyunca 10-15 və 20-30 metr hündürlükdə quraşdı­rılmışdı”. Azərbaycan Müdafiə Nazirliyinin dünən yaydığı məlumatında daha sonra bil­dirilir ki, Qarabağ iqtisadi rayonunda kəşfiy­yat vasitələrimiz tərəfindən müəyyən edilmiş Ermənistan silahlı qüvvələrinə məxsus optik-elektron və müşahidə kameraları ordumuzun arsenalında olan yüksək dəqiqlikli silahla­rın tətbiqi ilə sıradan çıxarılıb. Aİ-nin mülki missiyasının müşahidə zonasına düşən həmin ərazilərdə kəşfiyyat kameralarının peyda ol­ması da təsadüfi sayıla bilməzdi. 

Sonda onu da qeyd edək ki, iki gün əvvəl Ermənistanın sərhədimizə qoşun və zirehli texnika topladığını əks etdirən videogörün­tülərdə hərbi karvanın ardınca “Spayka” şirkətinə məxsus yük maşınının hərəkət etdi­yi də aydın müşahidə olunur. Bu, 2023-cü ilin yayında Qarabağ ermənilərinə “humanitar yardım karvanı” təşkil etmiş həmin şirkətə məxsus yük maşını idi. Yəqin “Spayka”nın TIR-ı da Ermənistan müdafiə nazirliyinin keçirdiyi “təlim prosesi çərçivəsində avtoyü­rüşə” qatılacağmış. 

Bəli, ortada sülh tərəfdarı olmayan ölkələrin Brüssel görüşündən cəsarətlənərək bölgədə yeni bir savaş alovlandıracaqları ilə bağlı təhlükəli ehtimal var. Nikol Paşin­yanın bir həftə əvvəl Ermənistanın dünyaya çıxışının Türkiyə və Azərbaycansız mümkün olmadığı barədə etirafının ardınca belə təxri­batçı plana “hə” deməsi, ilk növbədə, özünə arxadan vurduğu zərbədir. Cənubi Qafqazda yeni münaqişə ocağını körükləmək istəyənlər isə unutmasınlar ki, indi onlara Azərbaycan, Türkiyə, Pakistan, eləcə də Türk Dövlətləri Təşkilatı növbəti, həm də daha ibrətamiz dər­si vermək qüdrətindədirlər. 

Tofiq ABBASOV, 
politoloq

Ermənistan yenə qabaqdangəlmişlik edir. Özü militarizmə üstünlük verərək, xaricdən hərbi texnologiyalar alır, cəbbəxa­nasını müxtəlif dağıdıcı silahlarla doldurur. Amma bu zaman Azərbaycanı təcavüzkar planlar hazırlamaqda itiham edir. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, bizim heç bir ölkənin ərazisində gözümüz yoxdur. Sadəcə mövcud sərhədlərimizin daxilindəyik və öz ərazimizin təhlükəsizliyini qorumağa qadı­rık. İrəvan isə xarici tərəfdaşlarından hərbi dəstək gözləyir və buna ümid edir. 

5 aprel konfransı özülüyündə qəribə məqamdır. Təbii ki, KTMT-dən və Avrasiya İqtisadi İttifaqından çıxmadığı halda Ermə­nistan, belə demək olar ki, daha zəngin döv­lətlə ikinci “izdivaca” gedir. Bu isə region siyasəti anlayışı baxımından “qırmızı xətti” keçməyə bərabərdir. Amma bu zaman İrə­vanın özünün fəsadları artar, xüsusilə, Rusi­ya və İran onun dərsini verə bilərlər. 

Belə oyunları əvvəllər də Ermənistanın ifasında izləmişik və ona yaxşı heç nə gətir­məyib. Burada daha önəmli məqam Avropa İttifaqının Ernmənistanda yerləşdirilən və sayı iki yüzü aşmış mülki missiya ilə bağ­lıdır. Ermənistan şərti sərhəddə təxribat törədir, sərhədçimizi yaralayır, amma bu missiyanın səsi çıxmır. 

Düşünürəm ki, Aİ missiyasının psev­dofəaliyyəti özünü hansısa alovlu prosesə təkan verəcək alət kimi göstərəcək. Aİ-nin də, ABŞ-nin də niyyəti ən yaxın vaxtlarda vahid sistem yaratmaqdır ki, mülki mü­şahidəçilərin əli ilə xaricdən gətirməyə çalışdıqları hərbi kontingenti bölgəyə yer­ləşdirsinlər. Aydındır ki, rəsmi İrəvanın qər­byönümlü mövqeyi Moskvanın və Tehranın gözləntilərinə cavab vermir. “3+3” formatı Vaşinqtonda və Avropada həm də bu sə­bəbdən qıcıq doğurur. Amma İran tərəfi bu günlərdə həmin formatda görüşün baş tuta biləcəyini bildirib. Çox güman ki, belə bir görüşün keçirilməsi “üçlər”in 5 aprel konf­ransından sonra gündəmə gələcək.

Asif NƏRİMANLI, 
siyasi şərhçi

Aprelin 1-dən iyunun 28-dək Ermə­nistanda ehtiyatda olanlar hərbi təlimlərə çağırılıb. Hesab etmək olar ki, canlı qüvvə və hərbi texnikanın hərəkətliliyi bu təlim­lərlə bağlıdır. Amma bu zaman müəyyən detallar diqqət çəkir. Birincisi, təlimə ça­ğırılan hərbçilərin sayı 5 minə yaxındır və xüsusi üstünlük zabit heyətinə verilib (4.799 nəfərin 4.353 nəfəri sıravi və kiçik rütbəli zabit, 144-ü yüksək rütbəli zabit, 302 nəfəri isə motoatıcı və rabitə korpusu­nun, o cümlədən, kəşfiyyat, mühəndislik və raket-artilleriya ixtisasları olan zabit­lərdir). Mövcud vəziyyətdə 5 minə yaxın hərbçinin eyni vaxtda təlimə cəlb olunma­sı müəyyən şübhələrə yol açır. 

İkincisi, təlimə çağırılan hərbçilərin Azərbaycana qarşı təxribatlarda iştirakı təcrübəsi var. Ötən ilin sentyabrında sər­həddə törədilən erməni təxribatından son­ra ordumuzun cavab addımları nəticəsində məhv edilən hərbçilər arasında 25 günlük təlimə çağırılanların olması (misal üçün, 40 yaşlı Andranik Antonyan) bunu təsdiq edir. Bu kontekstdə 5 minə yaxın hərbçi­nin mümkün təxribata hazırlıq məqsədi ilə təlim keçməsi istisna edilməməlidir. 

Paşinyan Tavuş səfərində “kəndləri qaytarmasaq, müharibə olacaq” demişdi və bunu daxili ictimai rəydə ispatlamaq üçün kiçikmiqyaslı “hərbi macəraya” gedə bilər. Əsas hədəfin Qərbin Ermə­nistanın təhlükəsizliyinə cəlb edilməsi olduğu istisna deyil. Aprelin 5-də Brüs­seldə keçiriləcək görüşün Qərbin Cənu­bi Qafqaza girişi üçün qapıların geniş açılması məqsədi daşıdığı məlumdur. Bu ərəfədə, yaxud görüşdən sonra Azərbay­canla sərhəddə baş verə biləcək eskalasiya müttəfiqlərin Ermənistanın “təhlükəsizli­yinə” cəlb edilməsi üçün əsaslı arqument ola bilər. Belə bir eskalasiya Rusiyanın Ermənistandakı mövqelərinin “vurulma­sı” ssenarisinə də uyğundur.

Bu baxımdan, Ermənistanda ehtiyatda olan 5 min hərbçinin cəlb edildiyi hərbi təlimlər və Cənubi Qafqazda gözlənilən planlar fonunda Azərbaycanla sərhədə canlı qüvvənin, hərbi texnikanın toplan­ması xəbərləri mümkün təxribata hazırlı­ğa dair gözləntiləri ön plana çıxarır.

İmran BƏDİRXANLI




Redaktorun seçimi

Yenə də “motal” əl çəkmir...
  • Daxili siyasət
  • 11:20 20.04.2024
Yenə də “motal” əl çəkmir...
Lavrovun anti-Ermənistan demarşları
  • Daxili siyasət
  • 09:57 20.04.2024
Lavrovun anti-Ermənistan demarşları
Təxribatlar bumeranqa çevrilir
  • Siyasi təhlil
  • 09:45 20.04.2024
Təxribatlar bumeranqa çevrilir
Azərbaycanın zəfər marafonu davam edir
  • Daxili siyasət
  • 09:42 20.04.2024
Azərbaycanın zəfər marafonu davam edir
Sübhaninin İrəvan sərsəmləməsi
  • Daxili siyasət
  • 13:00 19.04.2024
Sübhaninin İrəvan sərsəmləməsi
“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”

İmran BƏDİRXANLI