- Daxili siyasət
- 09:37 20.09.2024
Əlbəttə ki, Yelisey sarayının müvəqqəti sahibinin dirijor çubuğu ilə idarə olunan senat, şəhər meriyaları, erməni lobbisi, satılmış media anti-Azərbaycan cəbhəsinin “muzdlularıdır”. Onların fəaliyyətinin leytmotivini isə Makron Fransasının ölkəmizə qarşı ikili standartı təşkil edir.
Fransanın anti-Azərbaycan siyasəti özünün çoxçalarlığı ilə diqqəti cəlb edir. Paris bir tərəfdən Bakıya qarşı erməni “kartından” geniş istifadə edir, bölgənin ən zəif bəndi olan Ermənistanı silahlandırmaqla, onu yeni hərbi qarşıdurmaya sürükləməklə Azərbaycana hərbə-zorba gəlməyə çalışır, digər tərəfdən isə ideoloji cəbhədə geniş informasiya savaşı açmaqla beynəlxalq ictimai rəylə manipulyasiyaya cəhd edir. BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı qətnamələrlə bağlı hüquqi fiaskosunu, qara qitədə hərbi-diplomatik uğursuzluğunu hələ də həzm edə bilməyən Emmanuel Makron beynəlxalq aləmdə yeni uğur hekayəsini “yazmaq” üçün yollar, üsullar aramaqdadır. Paris Birinci dünya müharibəsi zamanı Osmanlı Türkiyəsinə qarşı törətdiyi təxribatçılıq əməllərini indi Cənubi Qafqazda, konkret olaraq, Azərbaycanda sınaqdan çıxarmağa girişib.
* * *
Prezident İlham Əliyevin XI Qlobal Bakı Forumundakı çıxışında verdiyi ən ciddi mesajlarından biri Fransanın Azərbaycana yönəlik qərəzli mövqeyi ilə bağlı idi. Rəsmi Parisin hazırda yürütdüyü xarici siyasətin regiondakı reallıqlara beynəlxalq ictimaiyyətin yanaşması ilə ziddiyyət təşkil etdiyini diqqətə çatdıran dövlət başçımız Fransanın BMT başda olmaqla, bir çox beynəlxalq təşkilatlarda ölkəmizə qarşı sanksiyaların tətbiqinə dair uğursuz cəhdlərini yada saldı.
Çıxışında “Ukraynaya ərazi bütövlüyünü bərpa etməyə kömək üçün qoşun göndərəcəyini bəyan edən Fransanın öz ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana qarşı qərəzi qəbuledilməzdir” – deyən cənab Prezident yaxın keçmişə nəzər salır: “Mən buna olduqca təəssüf edirəm. Çünki 1990-cı illərin əvvəlindən Azərbaycan və Fransa arasında münasibətlər müsbət istiqamətdə inkişaf edib. Çoxsaylı yüksək səviyyəli səfərlər baş tutub, biznes sahəsində fəal təmaslar olub, iki ölkənin 13 şəhəri digəri ilə qardaşlaşma münasibətlərinə malik olub. Amma Fransa hökumətinin İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatına münasibəti tamamilə qeyri-adekvat oldu. Onlar tərəfindən bu məsələlərin BMT Təhlükəsizlik Şurasına çıxarılmasına və Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsinə beş dəfə cəhd edilib. Yəni, etmədiyimiz bir əmələ görə”.
Azərbaycanın beynəlxalq hüquqa zidd heç bir addım atmadığını forum iştirakçılarının nəzərinə çatdıran dövlət başçımız Fransanın Avropa İttifaqı çərçivəsində ölkəmizə qarşı sanksiyaların tətbiqi üçün bir neçə dəfə cəhd etdiyini bildirdi ki, həmin cəhdlər də uğursuz oldu. Avropa İttifaqı ölkələrinin əksəriyyəti bunu dəstəkləmədi. Təəssüflər olsun ki, bundan sonra baş verənləri normal dərk etmək mümkün deyil. Fransada – Azərbaycan şəhərlərinin biri ilə qardaşlaşmış Evian şəhərində vandalizm aktı baş verdi. Azərbaycan şairi Natəvanın heykəli vandalizmə məruz qaldı. Sizə həmin heykəli, üzərindəki qırmızı boyanı və heykəlin qırılmış burnunu təsvir edən şəkilləri nümayiş etdirmək istəyirəm. Bu hadisə Fransada baş verdi və buna səbəb BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqında Azərbaycanı cəzalandırmaq cəhdlərinin uğursuz olması idi.
* * *
Bu məqamda onu da qeyd etməliyik ki, Bakı Forumunun iştirakçıları da Evian şəhərində Azərbaycan şairi Natəvanın heykəlinə qarşı vandalizm aktını ikili standartların növbəti göstəricisi hesab edərək pisləyiblər. Cənab Prezident həmin vandalizm aktının törədilməsinə görə Fransanın müvafiq hakimiyyət orqanlarının məsuliyyət daşıdığını da xatırladıb: “Bu hadisədən sonra hakimiyyət orqanları boyanı yumaq və heykəli bərpa etmək əvəzinə onu, sadəcə, bükdülər və heykəl bu vəziyyətdə bir və ya iki ay qaldı. Vandalizmi dayandırmaqla bağlı bu ölkədəki səfirliyimiz və digər kanallarla Fransa hakimiyyət orqanlarına, Evian şəhərinin meriyasına müraciətlər edildi. Çünki heykəlin belə vəziyyətdə saxlanılması və hətta bu boyanın yuyulmasına cəhdin belə edilməməsinin özü vandalizm aktıdır”.
Baş vermiş hadisəyə nə Fransa hökuməti, nə də Evian meriyasının rəsmiləri tərəfindən heç bir reaksiya verilmədiyini vurğulayan İlham Əliyev Bakının bu məsələyə müdaxilə etdiyini bildirdi: “Belə olan halda biz israr etdik ki, heykəl oradan təxliyə edilsin. Çünki bunu özümüzə təhqir hesab etdik. Bu, bizi alçaltmaq demək idi. Bir çox hallarda özünü mənəvi lider kimi qələmə verən Fransa kimi bir ölkədə belə hallar qəbuledilməzdir. Heykəlin Evian şəhərindən Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzinin qarşısında olan bağçaya təxliyə edilməsi üçün bizə bir neçə ay lazım oldu və hazırda Natəvanın abidəsi oradadır”.
* * *
Burada bir faktı qeyd etməyə bilmərik. Natəvan obrazının azərbaycanlılar üçün Şuşa zəfərini, Xankəndi qələbəsini təcəssüm etdirdiyini yaxşı bilən Fransadakı erməni diasporu Parisi məhz bu cür vandalizm hərəkətlərinə vadar edib. Makron hakimiyyəti isə özünün Bakıya qarşı siyasi hikkəsini Xan qızının heykəlindən çıxmaqla hansı səviyyəyə endirdiyinin fərqində deyil. Doğrudur, Evian şəhər meriyası abidəyə qarşı edilən və diplomatik etriketə sığmayan hərəkətə, barbarlıq aktına görə uyğun açıqlama verib. Bildirilib ki, Xurşidbanu Natəvanın heykəlinin yerləşdiyi bağın ləğvi, abidənin isə oradan götürüləcəyi barədə medianın yaydığı informasiya yanlışdır. Heykələ qarşı vandalizm aktının törədildiyini, onun üzərinə qırmızı boya atıldığını, daş lövhələrin sındırıldığını etiraf edən meriya abidənin təmiri və təmizlənməsi üçün mütəxəssislər axtardığını, bərpadan sonra abidənin və lövhənin əvvəlki yerinə qoyulacağını açıqlayıb.
Fəqət, rəsmi Paris Bakını bu açıqlama–üzrxahlığın səmimi olduğuna inandırmaq istəyirsə, bu zaman azərbaycanlı diplomatların bu ölkədən çıxarılmasına da aydınlıq gətirməlidir. Bundan başqa, Fransa hakimiyyəti təxminən bir il bundan əvvəl Azərbaycanın Parisdəki səfirliyinə hücum faktının araşdırılması, cinayətkarların tapılıb cəzalandırılması üçün də konkret addımlar atmalıdır.
Artıq gün kimi aydındır ki, Paris Cənubi Qafqaz ölkələri arasında münasibətlərin normallaşması prosesinə hər vəchlə mane olmağa çalışır. Hirsindən Afrikada, Orta Asiyada uğursuz siyasətinin “meyvələrini” çeynəyən Yelisey sarayının müvəqqəti “kirayənişini” Emmanuel Makron nəinki xaricdə, daxildə də nüfuzunu itirmiş, əhalinin qınaq obyektinə çevrilmişdir. Fransanın uğursuz cəhdləri həm də Avropa İttifaqının beynəlxalq aləmdə nüfuzuna ciddi zərbə vurur. Şəxsən prezident Emmanuel Makronun və Fransanın dünyadakı nüfuzunun getdikcə aşağı düşməsi, həmçinin ölkədaxili siyasətindəki böhran bu dövlətin qeyri-səmimi siyasətinin fəsadlarıdır.
Elnur ALLAHVERDİYEV,
Milli Məclisin deputatı
Fransa Cənubi Qafqaz bölgəsində sabitliyə, dayanıqlı sülhə, eləcə də ölkələrin qarşılıqlı faydalı əməkdaşlığına, iqtisadi tərəqqisinə mane olur. Bu ölkənin Azərbaycana qarşı ikili standartlara əsaslanan, tamamilə qərəzli siyasəti artıq bütün sərhədləri, hətta etik çərçivələri belə aşıb. Azərbaycan xalqının görkəmli dövlət xadimi, şairi Xurşudbanu Natəvanın heykəlinə qarşı Evian şəhər meriyasının münasibəti, abidəyə təcavüzü dəstəkləməsi rəsmi Parisin heç vaxt normal, sivil formada, şərəfli siyasi mübarizə apara bilməməsinin göstəricisidir.
Bu, həm də rəsmi Parisin zəifliyinin əlamətidir. Fransa kimi tarixi dövlətçilik ənənələri olan bir dövlətin bir ovuc erməni lobbisi üzvlərinin əlində əsir-yesir qalması, təbii ki, olduqca biabırçi, üzücü vəziyyətdir və təəssüf doğurur. Bu ölkənin indiki rəhbərliyinin avantürist ritorikası, içiboş aqressiyası onu geosiyasi dalana salıb. Vaxt keçdikcə biz bu zərərli siyasətin Fransa üçün hansı acı nəticələrə səbəb olacağını görürük.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında qətiyyətli, savadlı və arqumentli siyasətlə Fransanın ermənipərəst, qərəzli, ədalətsiz və yersiz kampaniyasına qarşı mübarizə aparılır.
Tofiq ABBASOV,
siyasi icmalçı
Cənab Prezidentin forumdakı çıxışında Makron məsələsinə toxunması son dərəcə vacib idi. Çünki Fransa prezidenti dünyanın müasir, qlobal çağırışlarına Ermənistan prizmasından yanaşır. Yıxılmış, uğursuz, problemli məmləkətə çevrilmiş Ermənistanın qayğılarını öz üzərinə götürüb onu “makro formatda” təqdim etməyin və bu müstəvidə böyük ssenarilər qurmağın özü yalnız bir həqiqətdən xəbər verir: Emmanuel Makron bəsit dünyagörüşlü, zəif bir şəxsdir. Doğrudur, dövlət xadimidir, prezident kimi ikinci müddətini davam etdirir, amma, bu o demək deyil ki, onun hansısa xidmətləri var. Əslində, o, qlobal siyasətə yaralı fiqurdur.
Afrikadan biabırcasına qovulandan sonra uran yataqlarına malik Özbəkistana, Qazaxıstana üz tutan Makronun merkantil maraqları bəliidr. Məsələ ondadır ki, bu adamın aydın, rasional fəaliyyət proqramı yoxdur. Bu amil həm Fransanın daxilinə, həm də xaricinə aiddir. Əgər Makron, həqiqətən də, normal siyasətçi olsaydı, güclü hökumət qurardı. Onun qurduğu yeni hökumətdəki fiqurların adlarını belə çəkmək istəmirəm.
Ukrayna müstəvisinə gəldikdə isə ora bir addım irəli atıb iki-üç addım geri çəkilən Emmanuel Makron Kiyevə verdiyi vədə əməl edə bilmədi. Onun bu yalançı, avantürist siyasəti bir daha göstərdi ki, bu adam dövlət başçısı kimi son dərəcə uğursuz kadrdır. İndi, o, öz ölkəsinində özünü yad hiss edir. Əgər biz bu gün Bakı Forumunda parçalanan dünyanın bərpasından danışırıqsa, çağırışlar ediriksə, bu zaman parçalayanların haqqında da deməliyik. Bunlar kimlərdir? Əlbəttə, bu siyahının başında Emmanuel Makronun adı gəlir.
İmran BƏDİRXANLI