- Daxili siyasət
- 09:37 20.09.2024
“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dondurub”. Bu barədə baş nazir Nikol Paşinyan Parisə səfəri zamanı “France 24” telekanalına müsahibəsində demişdi. Dünən isə Hayastan parlamentindəki çıxışında gündəmi zəbt etmiş mövzu ilə bağlı qərarını bir qədər də konkretləşdirdi: “KTMT ilə de-fakto münasibətlərimizi dondurmuşuq. Əgər proses belə davam edərsə, münasibətləri de-yure dondurmalı olacağıq”.
Deputatlar qarşısında çıxış edən Paşinyan qərarının səbəbi kimi sözügedən təşkilatla bağlanmış sazişin Ermənistana heç bir fayda verməməsini göstərib.
“Sualımıza hələ də cavab almamışıq”
“Biz KTMT-yə sual ünvanladıq, amma bu günə qədər cavab almamışıq”,– deyən baş nazir bu məsələdə aydınlığın olmamasının Ermənistan Respublikasının milli təhlükəsizliyinə və ərazi bütövlüyünə təhdidlər yaratdığını söyləyib.
“Bizim sualımız çox aydındır: KTMT-nin Ermənistanda məsuliyyət sahəsi nədir?”, – Paşinyan bu sualın 2021-ci ilin may, noyabr və 2023-cü ilin sentyabr hadisələrindən sonra yarandığını vurğulayıb.
Nikol daha sonra bildirib ki, bu məsələ ətrafında suallar KTMT missiyasının Ermənistana göndərilməsi kontekstində yaranıb və məhz bunun nəticəsində məlum hərəkətlər və araşdırmalar nəticəsində vəziyyəti yenidən dəyərləndirmək lazım gəlib: “Əslində KTMT üzrə tərəfdaşlarımız vəziyyəti qiymətləndirməkdən imtina etdilər. Bu isə indi üzləşdiyimiz durumun yaranmasına səbəb oldu”. Nəhayət, baş nazir KTMT ilə münasibətlərin “dondurulması” ilə bağlı açıqlamasına belə aydınlıq gətirib: “Artıq bir ildir ki, Ermənistanın KTMT-də daimi nümayəndəsi yoxdur. Biz uzun müddətdir ki, KTMT-nin tədbirlərində yüksək səviyyədə iştirak etmirik. Bu təşkilat qərar qəbul etməkdən ötrü konsensus prinsipindən istifadə edir, amma biz çox sadə səbəbə görə orada iştirak etmirik. Çünki niyə iştirak etməliyik? Sualımıza cavab verən yoxdur”.
Avropa İttifaqının (Aİ) mülki missiyasını öz ərazisində yerləşdirməklə onsuz da Kremlin qəzəbinə tuş gəlmiş İrəvanın son addımları heç də birmənalı qarşılanmayıb. Paşinyan parlamentarilər qarşısındakı çıxışında Aİ-nin fəaliyyətinə də toxunub: “Aİ Ermənistanın sərhədlərini açıq şəkildə tanıyıb. Məsələn, 2023-cü ilin oktyabrında Qranada dördtərəfli Bəyannaməsi, eləcə də 2022-ci il 6 oktyabr tarixli Praqa Bəyannaməsi ilə. Elə üçtərəfli Bəyanata imza atan Rusiya Federasiyası da Ermənistanın mövcud sərhədlərini tanıyıb. Bu fakt Rusiya Prezidentinin 31 oktyabr 2022-ci ildə imzaladığı üçtərəfli Bəyannamənin mətnində də öz əksini tapıb. Bundan sonra biz KTMT-nin İrəvanda keçirilən sammitində dedik ki, imzaladığımız bəyanatı KTMT-nin ərazisi kimi müəyyən edək. Amma, bu, baş vermədi. Mən 2021–2022-ci illərdən danışıram. Amma artıq 2023-cü il də arxada qalıb və biz mövqeyimizi dəqiqləşdirməliyik. Əslində, KTMT şikayət yeri deyil. Biz bu təşkilatın tamhüquqlu üzvüyük, müşahidəçi və ya qonaq deyilik ki, şikayətimizi edək”.
Ermənistan baş naziri əvvəllər KTMT-nin ölkəsi üçün təhlükəsizlik sahəsində öz öhdəliklərini yerinə yetirmək əvəzinə, təhlükəsizlik problemləri yaratdığını bəyan etdiyini xatırladıb: “KTMT-nin Ermənistanın adekvat mövqeyini və təhlükəsizliyini təmin etmək öhdəliyinə baxmayaraq, bunun tam əksini həyata keçirir. Hazırda KTMT ilə münasibətlərimizi de-fakto dondurmuşuq. Əgər proses belə davam edərsə, əlaqələrimizi de-yure dondurmalı olacağıq. Biz başqa nə edə bilərik?”.
“Bunu bizdən xalq tələb edir”
Beləliklə, rəsmi İrəvanın Rusiya ilə bağları qoparmaq xəttini tutduğu aydındır. Fəqət, bu zaman ehtiyatlı tərpənməyə, Moskvaya mesajlar göndərməyə üstünlük verən Paşinyan iqtidarının gec-tez əyləşdiyi stullarından birindən imtina edəcəyi şübhəsizdir. İrəvan bir növ həmin stulun şimal qonşusunun təklif etdiyi kürsü olacağının anonsunu da verir. Amma yenə ikibaşlı açıqlamalar, Kremlin qəzəbindən sığortalanmaq üçün diplomatik gedişlər Ermənistan hakimiyyətinin gündəmindədir. Məsələ ilə bağlı parlamentin spikeri Alen Simonyanın açıqlamasını da bu qəbildən saymaq olar. Simonyan dünən keçirdiyi brifinqdə belə deyib: “Ermənistan hakimiyyəti xarici siyasət vektorunu dəyişmir. İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq barədə qərarı yoxdur. Biz Ermənistanı təhdid edə biləcək təhlükələri azaltmaq üçün nə etməli olduğumuzu müzakirə edirik. KTMT-dən çıxmaq barədə qərar yoxdur, amma biz bunu istisna etmirik. Cəmiyyətimiz də bundan danışır. Hətta deyə bilərik ki, belə bir tələb irəli sürür”.
Moskva Paşinyanın və Simonyanın KTMT ilə bağlı məlum açıqlamalarına Xarici işlər nazirinin müavini Aleksandr Pankin səviyyəsində cavab verib. Diplomat RİA-ya müsahibəsində deyib: “Rusiya Ermənistanı ictimai hücumlar və tənqidlər əvəzinə, KTMT-dəki mövcud vəziyyəti müzakirə etməyə çağırır".
A.Pankin daha sonra onu da qeyd edib ki, hər kəs KTMT-nin fəaliyyətinin və onun hərbi-siyasi birlik kimi səmərəliliyinin daha da təkmilləşdirilməsində maraqlıdır: “Təbii ki, buna Ermənistanın tezliklə təşkilat daxilində normal və tamhüquqlu işinə qayıtması da kömək edəcək. Amma, təəssüf ki, erməni müttəfiqlərimiz indiyə qədər, həqiqətən də, ondan uzaqlaşıblar”.
Ən düzgün yol
Bu arada Belarus lideri Aleksandr Lukaşenko da mövzuya münasibətini bildirib. Qeyd edib ki, rəsmi Minsk Ermənistan tərəfinin KTMT-yə üzvlüklə bağlı bəyanatlarına tamamilə sakit yanaşır. Belarus prezindenti, eyni zamanda, Ermənistanın KTMT-də üzvlüyünün ləğvi ilə bağlı İrəvandan heç bir rəsmi bildirişin daxil olmadığını da diqqətə çatdırıb. Bundan başqa, A.Lukaşenko iddia edib ki, KTMT-nin Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatlara müdaxilə etmək imkanı yox idi: “Başa düşmək lazımdır ki, Azərbaycan bütün KTMT üzvləri üçün yad ölkə deyil, ermənilər isə bizim dost xalqımızdır. Biz nə edə bilərdik? Hesab edirəm ki, bu ölkələr problemin həlli üçün indi düzgün yoldadırlar”.
Belarus lideri “düzgün yol” deyəndə, yəqin, Bakı və İrəvan arasında birbaşa, vasitəçisiz sülh dialoqunu nəzərdə tutur. Ermənistan hansı hərbi təşkilatdan çıxmasından, hansı alyansa qoşulmaq cəhdlərindən asılı olmayaraq, Bakı ilə məhz tet-a-tet danışmalı və ortaya qoyulan şərtlərlə razılığa gəlməli olacaq.
İmran BƏDİRXANLI