- Daxili siyasət
- 09:37 20.09.2024
Hadisənin preambulası bundan ibarətdir: Məsih Əlinejad İran əsilli Amerika vətəndaşıdır. Jurnalist və insan haqları müdafiəçisi olan bu qadın sui-qəsdçilərin hədəfinə çevrilib. 2021-ci ilin iyulunda ABŞ Ədliyyə Departamenti İran kəşfiyyatına çalışan şəxsə və bu ölkədə yaşayan iranlı qadın da daxil olmaqla 4 nəfərə qarşı Məsih Əlinejadı oğurlamaq, ona sui-qəsd törətmək cinayəti ilə bağlı ittiham aktı verib. Bunlar Polad Ömərov, Rafət Əmirov, Xalid Mehdiyev və adı hələlik açıqlanmayan dördüncü adamdır. Bu günlərdə Çexiya Ədliyyə Nazirliyi İran hökumətini tənqid edən şəxsi qətlə yetirməyə hazırlaşmaqda təqsirli bilinən Polad Ömərovu ABŞ-a ekstradisiya edib. Yəni, bütün apellyasiya variantları başa çatdıqdan sonra P.Ömərov Praqanın Vatslav Havel Hava Limanından ABŞ-a yola salınıb.
İndi isə hadisənin təfərrüatına nəzər yetirək. Polad Ömərov Rafət Əmirov və Xalid Mehdiyevlə birlikdə ABŞ vətəndaşı olan və Nyu-Yorkun Bruklin rayonunda yaşayan, İran rejiminin tənqidçisi Məsih Əlinejada qarşı sui-qəsd cəhdindəki rollarına görə və çirkli pulların yuyulmasında ittiham edilib. Bu barədə Vaşinqton 2023-cü ilin yanvarında məlumat versə də, potensial qurbanın adını açıqlamamışdı. Hələ 2022-ci ildə X.Mehdiyev jurnalist Məsih Əlinejadın Nyu-Yorkun Bruklin məhəlləsindəki evinin qarşısında əlində odlu silah həbs edilmişdi. Buna qədər, yəni 2021-ci ildə ABŞ prokurorları İran kəşfiyyatına bağlı olduqları iddia edilən dörd iranlını bir ictimai fəalı qaçırmaq planında ittiham etmişdi. Həmin sui-qəsdin hədəfinin adı açıqlanmasa da, Reuters agentliyi onun M.Əlinejad olduğunu təsdiqləmişdi.
ABŞ prokurorları rəsmi açıqlamalarında P.Ömərovun Çexiya və Sloveniyada yaşadığını, Çexiya Ədliyyə Nazirliyi isə onun Gürcüstan vətəndaşı olduğunu bildirmişdi. Polad Ömərov 2023-cü ilin yanvarında Çexiyada həbs olunub. Ədliyyə naziri keçən ilin iyul ayında onun Birləşmiş Ştatlara ekstradisiyasına qərar verməsinə baxmayaraq, o, Konstitusiya Məhkəməsinə şikayət etdiyinə görə, qərarın icrası təxirə salınmışdı. Onda Çexiyanın ədliyyə naziri Pavel Blazek tvitində belə yazmışdı: “Bütün aspektləri nəzərə alaraq, Polad Ömərovun ekstradisiyası düzgün qərardır”. Konstitusiya Məhkəməsi qərarı qüvvədə saxladı.
* * *
“Amerikanın səsi”nin fars xidmətinin tele-şou aparıcısı Məsih Əlinejad qadın hüquqları müdafiəçisi kimi İran rejiminin kəskin tənqidçilərindən biri sayılır. M.Əlinejad uzun illər insan haqları sahəsində ictimai fəallıq göstərir, xüsusən də məcburi hicaba qarşı müxtəlif kampaniyalar aparır və məhz buna görə də təzyiq və təhdidlərə məruz qalır, ona sui-qəsd cəhdləri edilir. Onun sosial mediada kəskin tənqidi çıxışlarına görə üç ildən bəri oğurlanmasının, yaxud sui-qəsd nəticəsində öldürülməsinin planlaşdırıldığı iddia olunur. Rəsmi ittihammnamədə planın kəşfiyyat tərəfindən hazırlandığı qeyd edilib. Əgər istintaq Polad Ömərov, Rəfət Əmirov və Xalid Mehdiyevin qətllər və çirkli pulların yuyulması kimi cinayətlərdə iştirakını sübuta yetirərsə, bu halda hər birini 40 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.
“Silahım səsimdir”
Bütün bunlar barədə “Amerikanın səsi”nə danışan Məsih Əlinejad evinin qarşısında həbs edilən şəxsin Xalid Mehdiyev olduğunu deyib:
“Mənim başlanğıcdan Federal Təhqiqatlar Bürosundan aldığım məlumata görə, bu adam silahla dolu avtomobili ilə evimin qarşısında olub. FTB-dən mənə dedilər ki, o, səni öldürmək üçün orada olub. Daha sonra Ceyk Sallivan (ABŞ-ın milli təhlükəsizlik müşaviri-red.) mənə zəng edib dedi ki, Ağ ev mənə qarşı təhdidlərin İran rejimi tərəfindən olduğunu bilir və bunu pisləyir”.
Baş verən hadisənin bütün həyatını alt-üst etdiyini dilə gətirən M.Əlinejad daim yerini dəyişməyə, evindən və ailəsindən uzaqda yaşamağa məcbur olduğunu deyir:
“Təsəvvür edin ki, o adam Bruklində atəş açsaydı, kim bilir neçə qonşum həlak olacaqdı. Mən adi ictimai fəal və jurnalistəm, silahım sadəcə səsimdir. İnstaqram, Twitter və Facebook-da doqquz milyondan çox izləyicim var və mənim yeganə cinayətim İran cəmiyyətində cəsur insanların səsini yaymaqdır. Mən açıq deyirəm, öz həyatımdan qorxmuram. İranda etiraz aksiyalarında 1500 nəfər həlak olub. Elə analar var ki, hələ də həbsxanadadırlar. Mənim həyatım “gender aparteidinə yox” dedikləri üçün zindana atılan iranlı qadınların həyatından fərqlənmir. Amma təslim olmayacağam, zülmə qarşı mübarizəmi davam etdirəcəyəm”.
Məsih Əlinejad radiostansiyanın “siz jurnalist və qadın hüquqları müdafiəçisisiniz. İranlı qadınlar sizə nə söyləyir? Onların tələbləri və narahatlıqları nədir?”– sualına belə cavab verib:
“Siz jurnalistsiniz və barmaqlıqlar arxasında olmağın və ya azadlıqda öz fikrinizi ifadə etmək hüququnuzun yoxluğunun necə bir hiss olduğunu başa düşürsünüz. İranda jurnalistlərin vəziyyəti belədir. Başqa bir məsələ də var. Texnologiya şirkətləri Tehran rejiminə sosial mediada söz azadlığından istifadə etməyə imkan verir, amma, eyni zamanda, xalqın Twitter, Instagram və Facebookdan istifadə etməsi qadağan edilib. Baxın, İranda vəziyyət belədir. Əgər iranlılar sosial mediadan yararlanırsa, deməli, onlar cinayətkar sayılırlar. Təkcə orta təbəqə deyil, fəhlə, müəllim, tibb bacısı, avtobus sürücüsü kimi, sıravi vətəndaşlar, İslam Respublikasına dəstək verən fəhlə sinfi indi yoxsulluqdan əziyyət çəkir. Aylardır maaşları verilmir və əgər onlar etiraz etsələr, silahla üz-üzə gələcəklər”.
“Feministlər hicab geyinib, rejimə baş əyirlər”
“İran xalqını, həqiqətən də, qorxudan, məyus edən və qəzəbləndirən bəzi fəalların, üzdəniraq media qurumlarının və ölkədən kənarda yaşayan bəzi iranlı üzrxahların beynəlxalq mediadan rejimin, guya, normal bir rejim olduğunu nümayiş etdirməkdən ötrü istifadə etməsidir. Buna nə ad vermək olar? Yeddi yaşından sonra qız uşağı saçını göstərsə, o, məktəbə gedə bilməz. Mən indi göründüyüm kimi ictimaiyyət arasına çıxsam, şallaq cəzası alaram. Belə davrandığına görə qadınlar həbsxanaya düşürlər, əxlaq polisi tərəfindən döyülürlər. Yəni, normal həyat yaşadığın üçün həbsxanaya salınırsan. Aman Allahım, mən inana bilmirəm ki, Qərbdə bir çox insanlar bu azadlıqları adi hal kimi qəbul edirlər.
Biz onu da görürük ki, Qərb feministləri mənim ölkəmə gedəndə dediklərimə qətiyyən məhəl qoymurlar. Elələri başlarına hicabı ötrür və rejimə baş əyirlər. Hicab geyinir və deyirlər ki, “bu, sizin mədəniyyətinizdir”. Belə şeylər ürəyimi parçalayır”,– deyən M.Əlinejad bir gün İran qadınlarının çarşabdan xilas olacağına inandığını söyləyir: “Vaxt gələcək, tarix bizi müdafiə etmək əvəzinə zalımları dəstəkləyən, özlərini azad, demokratik sayan ölkələri mühakimə edəcək. Onlar bu hərəkətləri ilə bizə zülm edənləri legitimləşdirirlər. Bu, mənim baxışımdır.
Düşünürəm ki, bütün Qərb ölkələri, yüksək texnologiya şirkətləri mənim səsimi eşitməlidirlər. Bu, həm də bir xahişdir. Mən normal həyat yaşamağa layiqəm. İndi burada dediyim hər bir sözə görə İranda ailəmin başına nə gələcəyini bilmirəm. Hətta, burada da başıma nə gələcəyini təsəvvür etmirəm. Sadəcə, Amerika Birləşmiş Ştatlarının vətəndaşı olaraq öz hüququmdan istifadə edirəm. Məhz haqsızlığa qarşı səsimi ucaltmaq, səssizlərə səsimi vermək üçün vətənimi tərk etmişəm”.
Hazırladı:
İ.HƏSƏNQALA