- Daxili siyasət
- 09:37 20.09.2024
Yeni iqtisadi model, ən müasir texnologiya, dövrün çağırışlarına cavab verən kreativ idarəetmə mexanizmi. Bunlar XXI əsrin dirçəliş və inkişaf strategiyasıdır. Fəqət, bütün bu sadaladıqlarımız yüksək ixtisaslı kadrlar, yəni insan resursları olmadan “ölü kapital” kimi yararsız xammala çevrilir. Hazırda eyni mənzərəni “ölkədənqaçma” tendensiyası ilə üz-üzə qalmış Ermənistan cəmiyyətində müşahidə edirik.
“Biz hazırda olduqca çətin vəziyyətdəyik. İqtisadiyyatımız, həqiqətən də, böhran durumuna düşüb. Əgər biz fiksal nöqteyi-nəzərindən yanaşsaq, vergilər toplanır, xərclər isə yerinə yetirilmir. Bu isə o deməkdir ki, iqtisadiyyatdan pulu toplayırıq, amma onu geri qaytarmağı bacarmırıq. Əslində, hər bir iqtisadiyatın müsbət və mənfi tərəfləri vergi ödənişləri prosesinin effektli təşkil edilməsi ilə deyil, iqtisadiyyata kapital qoyuluşunu artırmağı bacarıb-bacarmamağımızla müəyyən edilir...”.
Bu açıqlamanı erməni mediasına Ermənistan Dövlət gəlirləri komitəsinin keçmiş sədri, tanınmış iqtisadçı David Ananyan verib. Sabiq dövlət məmurunun gəldiyi qənaət bundan ibarətdir ki, hazırda Ermənistan iqtisadiyyatının keyfiyyət göstəricisi üfürülmüş sabun köpüyünü xatırladır, onun bütün strukturları isə daha da pisləşməyə doğru gedir: “Real vəziyyət qeydə alınmış iqtisadi aktivliyin 9,4 faizi ilə ümumi heç nəyə malik deyil. İlk baxışda hər şey yaxşıdır, amma əgər biz iqtisadiyyatın strukturana yaxından nəzər yetirsək, görərik ki, ticarətdə 10 faiz, xidmət sektorunda 2,4 faiz, sənayedə 1 faiz, inşaatda isə cəmi 0,7 faiz artım var. İntəhası, kənd təsərrüfatı üzüaşağı yuvarlanıb. Rəqəmlərdən belə nəticə hasil olur ki, iqtisadi artımın əsas hissəsini ticarət və xidmətlər təşkil edir. Amma bu sahələr ölkəni ayaqda saxlamağa qadir deyil. Xüsusilə də həmin sektorlardakı artımın səbəbi daxili amillərlə, həm də rusiyalıların həyat tonusu kimi, müvəqqəti şəraitlə birbaşa bağlıdır”.
Qeyd etdiyimiz kimi, işçi qüvvəsinin getdikcə tükəndiyi Ermənistan iqtisadiyyatının yalnız kağız üzərində artımından, irəliləyişindən danışmaq mümkündür. Ananyanın təbirincə desək, bu ölkənin rüblük, yarımillik və illik rəsmi hesabatları sadəcə “pripiska”dır.
* * *
Erməni politoloq Vahe Ovannisyan isə bu gün ölkəsinin üzləşdiyi yeni reallığın parametrlərini belə təsvir edir: “Bundan əvvəl İrəvanda güc mərkəzləri arasında münaqişə az-çox ölkənin suverenliyinə və oyun qaydalarına uyğun gedirdisə, artıq, bu, baş verməyəcək. İndi biz münaqişənin istənilən təzahürünü görəcəyik və bu son dərəcə təhlükəli yeni oyun qaydalarının müəllifi Ermənistandır. Belə davam edərsə, dövlət sistemi iflasa uğramağa başlayacaq. Yəni, iqtidar yalançı imitasiyalara gedəcək. Repressiya bu prosesi daha da sürətləndirəcək. Bu gün heç bir normal insan bu hakimiyyətlə işləmək istəmir: daxili qarışıqlıq, çoxsaylı, çoxvektorlu çirkin proseslər, fermentasiya. Dövlətin iqtisadiyyatı, daxili homeostazı pozulur. Cəmiyyət sahibsiz qalıb. Bir qayda olaraq, hakimiyyətin avantürası həmişə dövlətin xarici siyasətinin zəifliyinə, daxili gücsüzlüyünə gətirib çıxarır. Yaranmış vəziyyətdə gücsüzlük və müdafiəsizlik, demək olar ki, sinonimdir. Ermənistanda isə heç kim özünü müdafiəsiz hiss etməyəcək”.
Arzuları ilə imkanları heç cür üst-üstə düşməyən İrəvan iqtidarı can üstündə olan ölkə iqtisadiyyatını ictimai rəyə “inkişaf etməkdə olan” model kimi sırımaqdan çəkinmir. Həmin erməni iqtisadçı və politoloqların yuxarıda sadaladıqları amillər problemin günü-gündən ciddiləşdiyinə dəlalət edir. Bəs, düşdüyü acınacaqlı durumdan Ermənistan necə çıxa bilər? Bu sualın cavabının qonşuları Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdan, reallıqdan uzaq, ağılsız bəyanatlar verməkdən vaz keçməkdən, “yetimə gəl-gəl deyən” Fransanın ətəyindən əl çəkməkdən, sülh müqaviləsi imzalamaqla regional kommunikasiyaları blokdan çıxarmaqdan ibarət olduğunu hamıdan yaxşı İrəvan özü bilir. Bəli, yolların açılması nə qurudan, nə də dənizdən heç yerə çıxışı olmayan Ermənistan iqtisadiyyatına əlavə gəlir mənbəyi, dividendlər gətirəcək. Bekarçılıqdan ölkəni tərk etmək məcburiyyətində qalan əhali işlə təmin olunacaq, onların xaricə axınının qarşısı alınacaq. Məgər Türkiyə ilə sərhədindəki Marqara gömrük məntəqəsinin açılması Ermənistan üçün ideal variant olmazmı?
Hansı tərəfdən və hansı bucaq altında baxılsa da, Ermənistanın yeganə çıxış yolu məhz qonşularla əməkdaşlığın bərpasından keçir. Bu məsələdə ləngimə və itirilən hər gün İrəvanın onsuz da azalan şansını sıfıra yaxınlaşdırmaqdadır...
Fikrət YUSİFOV,
iqtisadçı alim
Ermənistan iqtisadiyyatı barədə verilən bütün məlumatlar erməni yalanından başqa heç nə deyil. Ermənistan dövlət statistika komitəsinin bu ölkənin iqtisadiyyatının durumu barəsindəki məlumatlarına nəzər saldıqda, onun acınacaqlı halda olduğunu asanlıqla görmək mümkündür. Bu göstəricilər Ermənistan iqtisadiyyatının “çiçəklənməsinə” dair erməni hökumətinin bütün yalanlarını ortaya qoyur. Ağır hərbi məğlubiyyətdən çıxmış və daxili siyasi çəkişmələrin pik həddə olduğu bir ölkənin iqtisadiyyatında son üç ildə sıçrayışın baş verməsi mümkündürmü? Ermənistan DSK-nın məlumatına görə, bu ölkədə ÜDM 2021-ci ildə 17,2 milyard, 2022-ci ildə 21 milyard, 2023-cü ildə isə 23,5 milyard ABŞ dolları təşkil edib. Yəni, 2021-ci illə müqaisədə 2023-cü ildə Ermənistanda ÜDM 6,2 milyard dollar və ya 36,0 faizə yaxın artıb. Yanacaq - enerji resursları olmayan, ağır hərbi məğlubiyyət yaşamış bir ölkənin iqtisadiyyatında 3 il ərzində belə artım mümkün deyil.
Bəs Ermənistan hökuməti bu böyüklükdə yalanı necə “əsaslandıra bilir”? Araşdırma apardığımız illər ərzində Ermənistanda xarici ticarət dövriyyəsinin ağıla sığmayan bir sürətlə artdığına şahid oluruq. Rəqəmlərə nəzər salmaq yetərlidir ki, bu ölkənin iqtisadiyyatındakı “bum”un haradan qaynaqlandığını görə bilək. Ermənistanın xarici ticarət dövriyyəsi 2021-ci ildə 8,4 milyard dollar səviyyəsində olmuşdusa, 2023-cü ildə bu rəqəm 2,5 dəfə və ya 12,3 milyard dollar artaraq 20,7 milyard ABŞ dolları təşkil etmişdi. 2021-ci ildə ixracın həcmi cəmisi 3 milyard dollar təşkil etsə də 2023-cü ildə bu rəqəm 2,8 dəfə artaraq 8,4 milyard dollar təşkil etmişdir. Eyni qaydada 2021-ci ildə idxal olunan məhsulların həcmi cəmisi 5,4 milyard dollar olmuşdusa, 2023-cü ildə bu rəqəm 6,9 milyard dollar və ya 2,3 dəfə artaraq 12,3 milyard dollara çatmışdır. Bütün bu göstəricilər fonunda Ermənistandan Rusiyaya ixracın və Ermənistanın Rusiyadan idxalının həcmi də anoloji sürətlə artmışdı. Beləliklə, əgər 2021-ci ildə Ermənistandan Rusiyaya cəmi 841 milyon dollar həcmində məhsul ixrac olunmuşdusa, 2023-cü ildə bu rəqəm 3,4 milyard dollar təşkil etmiş və ya 4 dəfədən çox artmışdı. Müqayisə aparılan illər ərzində Ermənistanın Rusiyadan idxal etdiyi məhsulların həcmi 2,1 milyard dollar və ya 2,2 dəfə artaraq 3,9 milyard dollar təşkil etmişdir. Bütün bunlar onu sübut edir ki, Ermənistan iqtisadiyyatındakı “bum” yalnız xarici ticarət dövriyyəsinin artımı hesabına əldə olunub. Əslində, Ermənistanın xarici ticarət dövriyyəsindəki artımların əsl səbəbi Ermənistanın sanksiyalar altında olan Rusiyaya yardım göstərməsi ilə bağlıdır. Son iki ildir ki, Ermənistan Rusiya bazarına idxalı qadağan olunmuş məhsulları üçüncü ölkələrdən alıb öz ərazisinə idxal edir və sonradan onları öz istehsalı kimi Rusiyaya ixrac edir. Bu gün Ermənistanın idxalının 72 faizi, ixracının isə 41 faizi Rusiyanın payına düşür. İndi oxucularımız bu ölkənin taleyinin kimin əlində olduğunu özləri müəyyənləşdirsinlər...
İmran BƏDİRXANLI