- Daxili siyasət
- 09:37 20.09.2024
Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxlamış, vaxtilə özü barəsində “yenilməz, məğlubedilməz ordu” kimi miflər düzüb-qoşmuş Ermənistan ordusunda yüksək vəzifələrdən azad edilmələr, yeni təyinatlar və yerdəyişmələr həyata keçirilib. Ölkə prezidenti Vaaqn Xaçaturyanın imzaladığı sərəncamla general-mayor Artak Budaqyan Ermənistan–Rusiya birləşmiş qoşun qruplaşmasının rəhbəri təyin olunub. Hərbi akademiyanın rəisi, polkovnik Artur Yeroyan baş qərargah rəisinin müavini təyin edilib.
Həmçinin, Karen Qriqoryan silahlı qüvvələrin baş qərargahının mühəndis qoşunları idarəsinin rəisi vəzifəsindən azad edilərək baş qərargah rəisinin müavini postuna gətirilib. Digər sərəncamla Hamlet Levonyan Ermənistan sülhməramlı briqadasının komandiri, Armen Seyranyan silahlı qüvvələrin baş qərargahının strateji planlaşdırma idarəsinin rəisi, David Aleksanyan isə silahlı qüvvələrin baş qərargahının döyüş hazırlığı idarəsinin rəisi təyin edilib. Vaçaqan Nersisyan baş qərargahın döyüş hazırlığı idarəsinin rəisi vəzifəsindən azad olunub. Vigen Mkrtçyan baş qərargahın rabitə və avtomatlaşdırılmış idarəetmə sistemləri idarəsinin rəisi təyin edilib.
Nəhayət, ən çox maraq doğuran general-leytenant Kamo Koçuntsun baş qərargah rəisinin birinci müavini vəzifəsindən azad edilməsi olub. Bütün bu sərəncamlar baş nazir Nikol Paşinyanın təqdimatı əsasında imzalanıb.
Baş verən kadr dəyişikliklərinin Ermənistan tərəfinin fevralın 12-də iki ölkənin şərti sərhədində törətdiyi hərbi təxribatdan dərhal sonraya təsadüf etməsi, bu fonda baş verməsi diqqətdən yayınmır. Məsələ ondadır ki, oxşar hallar artıq həllini tapmış Qarabağ münaqişəsinin mövcud olduğu zamanlarda da yaşanmışdı. Yada salaq ki, şanlı hərbi qələbəmizin müjdəçisi olmuş 2016-cı ilin Aprel döyüşlərindəki məğlubiyyət o vaxtkı müdafiə naziri Seyran Ohanyanın vəzifəsini itirməsinə gətirib çıxarmışdı. Halbuki, Ohanyan Ermənistanın sabiq prezidenti Serj Sarkisyanla çox yaxın idi. Onlar Qarabağda separatizm hərəkatında, dinc azərbaycanlıların qətlə yetirilməsində birgə iştirak etmişdilər. Sarkisyan Ohanyanın bütün naqis əməllərinə göz yumurdu. Ancaq Aprel döyüşlərindəki məğlubiyyət o qədər böyük idi ki, bu yaxınlıq da Seyranı xilas edə bilməmişdi.
Hayastanın 44 günlük Vətən müharibəsindəki sarsıdıcı məğlubiyyəti isə müdafiə naziri David Tonoyanın işdən uzaqlaşdırılması ilə nəticələnmişdi. Müharibənin başa çatmasını rəsmiləşdirən üçtərəfli Bəyanat 2020-ci il noyabrın 10-da imzalanmışdı. Bundan 10 gün sonra – noyabrın 20-də Tonoyan vəzifədən çıxarılmışdı. İndi – Azərbaycan torpaqlarının işğaldan tam azad edildiyi, üçrəngli bayrağımızın Xankəndinin mərkəzində dalğalandığı bir zamanda Tonoyan İrəvanda dəmir barmaqlıqlar arxasında saxlanılır və məhkəmənin barəsində çıxaracağı hökmü gözləyir. Onun 2019-cu ilin martında ortaya atdığı bədnam “Yeni müharibə – yeni ərazilər” tezisi isə yaddaşlardan silinməyib. Xatırlatmaq yerinə düşər ki, 2019-cu il martın 29-da Vyanada Azərbaycan Prezidenti və Ermənistan baş naziri arasında görüş keçirilmişdi. Tonoyan isə həmin vaxt ABŞ-da rəsmi səfərdə idi. O, iki ölkə rəhbərinin danışıqlarından dərhal sonra Nyu-Yorkda erməni icmasının nümayəndələri ilə görüşdə demişdi: “Müdafiə naziri kimi deyirəm ki, mən “sülh müqabilində ərazilər” formulunu “yeni müharibə – yeni ərazilər” formuluna çevirmişəm”. Daha sonra istehza ilə bildirmişdi ki, güzəştlər mümkündür: “Biz hücumçu bölmələrin sayını artıracağıq və səngərdən, müdafiə vəziyyətindən hərbi əməliyyatları düşmən ərazisinə keçirə biləcək bölmələrin sayının artırılmasına keçəcəyik”.
Azərbaycan Ordusunun gücü, döyüş əzmi qarşısında Tonoyanın ordusu qorxaraq qaçdı. Hayların özlərinin açıqlamalarına görə, işğalçı orduda 11 mindən çox fərari olmuşdu. İndi isə qarşı tərəf, təxminən, 5 aylıq nisbi sakitlikdən sonra yeni təxribata əl atdı. Ancaq anındaca artıqlaması ilə cavabını aldı. Hazırda Hayastan ordusunda müşahidə olunan yüksək vəzifələrdən azad edilmələr, yeni təyinatlar və yerdəyişmələrin də şərti sərhəddəki təxribatın uğursuz olmasından qaynaqlanması ehtimallardan biridir. Güman etmək olar ki, təxribatın istənilən effekti verməməsi yüksək rütbəli zabitlərin işdən çıxarılmasında rol oynayıb. Eyni zamanda, ölkənin baş naziri Nikol Paşinyanın ordu ilə münasibətlərinin hamar olmaması da nəzərdən qaçmamalıdır. Ola bilsin ki, Paşinyan yeni kadr təyinatları ilə onun siyasi xəttinə zidd mövqe göstərən yüksək rütbəli zabitlərdən canını qurtarmaq istəyir.
Hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov mövzu ilə bağlı “XQ”yə açıqlamasında bildirdi ki, hər hansı kadr dəyişikliyi ölkənin daxili işidir. Güc strukturlarındakı dəyişikliklər də ölkəyə rəhbərlik edən şəxsin səlahiyyətindədir: “Ermənistan güc strukturlarında kadr dəyişikliyi mütəmadi olaraq keçirilir. Müdafiə nazirliyində dəyişiklik olacağı barədə də məlumat var idi. Qeyd edilirdi ki, bu dəyişiklik paket halında olacaq. Yəni, bir neçə nəfər işdən çıxarılacaq. Ancaq dəyişikliyin təxribatın törədilməsindən sonraya təsadüf etməsi, həqiqətən də, nəzərdən qaçmır. Paşinyan hər zaman hiyləgərliyi ilə seçilib. O, göstərmək istəyir ki, insidentlə bağlı müəyyən tədbirlər görülüb və yüksək vəzifəli şəxslər vəzifədən azad olunub və sair. Hər halda, Paşinyan Ermənistanda mülki vəzifələrə, belə deyək, Sorosun yetirmələrini təyin edir. Digər tərəfdən isə İrəvanın Rusiyaya münasibətinə baxmaq lazımdır. Orada artıq NATO-nun nümayəndələri var. Bəzi məlumatlar açıq, bəzi məlumatlar gizlidir. Hər halda, müəyyən proseslər gedir. Burada ən vacib sahə, əlbəttə, güc strukturlarıdır, ordudur. Ola bilsin ki, müəyyən müşahidələr aparılır, orduda Rusiyaya meyilliliklə bağlı məlumatlar toplanır. İstisna etmirəm ki, Rusiyaya meyillilik ordudakı son dəyişiklikdə əsas faktor kimi götürülüb. Hər halda, Ermənistan ordusundakı yüksək vəzifəli kadrların hamısı Rusiyada və keçmiş SSRİ-nin digər respublikalarında ali hərbi təhsil alıblar. Onların arasında başqa hansısa ölkədə ali hərbi məktəbləri bitirən şəxslər demək olar ki, yoxdur. Ermənistan ordusu hazırda Cənubi Qafqazda rusmeyilli kadrların ən çox olduğu ordudur. Bu faktoru nəzərə almaq lazımdır”.
Ş.Ramaldanov qeyd etdi ki, Paşinyanla ordu arasında hələ də problemlər var: “Ali baş komandanın orduda nüfuzu çox aşağıdır. Paşinyanın Rusiyaya qarşı olan addımları orduda birmənalı qarşılanmır. Baş nazirin Qərbə və NATO-ya meyilliliyi də yüksək rütbəli zabit heyəti tərəfindən müəyyən narazılıq elementləri ilə müşayiət olunur. Ona görə də hesab edirəm ki, kadr dəyişikliyi sırf Paşinyanın qərarı deyil. Mənə elə gəlir ki, onun havadarları tərəfindən orduda müəyyən “islahatlar”ın aparılması istisna olunmur. Zənnimcə, hər bir yüksək vəzifəli şəxsin xarakteristikası aparılıb. Bunun nəticəsində onların Rusiyaya meyillilik dərəcəsi nəzərə alınıb. Digər tərəfdən, Ermənistan ordusunda Paşinyanın və müdafiə nazirinin, belə deyək, sevimli kadrları var. Bu faktor da burada müəyyən rol oynayır. Yaşla əlaqədar ordudan tərxis edilmələri də istisna etmək olmaz”.
Polkovnikin fikrincə, Paşinyanın son vaxtlar Rusiyaya və KTMT-yə olan mənfi münasibəti dövlət qurumlarına, o cümlədən, orduya da öz təsirini göstərir. O, Hayastanda Avropa İttifaqının mülki missiyasının yerləşdirildiyini xatırladıb: “Biz bilirik ki, həmin missiya sərhədi müşahidə etmək üçün yox, daxili prosesləri müşahidə edib istiqamətləndirməsi üçün orada yerləşib. Təbii ki, məxfi məlumatlar toplanılması və həmin məlumatlar əsasında Rusiya meyilli kadrların uzaqlaşdırılması, onların yerinə NATO meyilli kadrların gətirilməsi mümkündür. Qərbə yönəlmiş Paşinyan üçün orduda ruspərəst kadrların çoxluğu, əlbəttə, sabah böyük problemə çevrilə bilər. Bu, hətta dövlət çevrilişinə belə gətirib çıxara biləcək amildir”.
Bununla belə, Ş.Ramaldanov kadr dəyişikliyinin hansısa nəticələrə gətirib çıxarmayacağını vurğuladı: “Rusiyada təhsil alan vəzifəli kadrların hamısını dəyişmək zaman tələb edir. Birincisi, ona görə ki, onların hamısını əvəz etmək üçün yetərincə zabit kadr ehtiyatı yoxdur və yaxın vaxtlarda da olmayacaq. Hətta, yüksək vəzifəli şəxslər Qərbyönümlü olsalar da, onların tabeliyində olanlar yenə ruspərəstdir. Belə olan halda, düşünmürəm ki, 5-10 nəfərin vəzifəsinin dəyişilməsi, yaxud ordudan uzaqlaşdırılması yaxın zamanlarda hansısa konkret nəticələrə gətirib çıxarsın”.
Politoloq İlyas Hüseynov isə bildirdi ki, Zəngilan istiqamətində törədilən hərbi təxribat, ardınca Azərbaycanın həyata keçirdiyi tədbirlər – qisas əməliyyatı Ermənistan ordusunda bir sıra dəyişikliklərə gətirib çıxardı. İnsidentdən ötən müddət ərzində yüksək rütbəli və vəzifəli generalların işdən çıxarılması, yaxud onların yerdəyişməsi baş verdi: “Ümumiyyətlə, mən bu cür hallarda təsadüflərə inanmağın tərəfdarı deyiləm. Məntiqi əlaqə bir sıra hallarda daha üstün görünür. Şərti sərhəddə törədilən təxribatlar, baş tutmayan hərbi-siyasi oyunlar nəticədə cəza mexanizminin işə düşməsinə gətirib çıxardı”.
İ.Hüseynov qeyd etdi ki, Ermənistan daxilində bu kimi təxribatlara böyük ümidlərlə yanaşırlar. Xüsusilə, kənar geosiyasi oyunçuların dəstəyinə ümid edirlər. Onun sözlərinə görə, haylar Ermənistanı məzlum, yazıq görkəmində təqdim etməklə ölkəyə əlavə dəstək axtarışındadırlar: “Ermənistana hərbi texnikanın daşınması, Fransanın briqada generalının İrəvanda hərbi məktəbdə mühazirə oxuması, Azərbaycan sərhədini keçən çexiyalı casusun yaxalanması, Paşinyann “The Telegraph”a müsahibəsində sərt ritorikadan istifadə etməsi, Aİ-nin ali nümayəndəsi Jozep Borrelin Ararat Mirzoyanla görüşdə məsələyə həqiqətdən uzaq yanaşması təsadüf sayıla bilməz. Ermənistan havadarlarının köməyi ilə regionda sabitliyi pozmaq istəyir. Bu cür istəklər isə son təxribata cavab olaraq həyata keçirilən qisas əməliyyatında olduğu kimi, necə deyərlər, beşiyindəcə boğulmalıdır”.
Səxavət HƏMİD