- Daxili siyasət
- 09:37 20.09.2024
Cəmi 9 gündən sonra Rusiya–Ukrayna müharibəsinin başlanmasının 2-ci ildönümü tamam olacaq. Bu qanlı savaşın hər günü, hər anı günahsız insanların ölümünə səbəb olur. Rəqiblər isə sanki bir-birinin qanına susayıblar.
Dünya birliyi iki qonşu slavyan dövləti arasında gedən amansız savaşı durdurmaq istiqamətində ciddi səylər göstərmir. Üstəlik, hələlik nə Moskva, nə də Kiyev sülh danışıqlarına başlamağa hazır olduğu barədə heç bir müsbət işarə vermir. Deməli, bu üzücü müharibə hələ xeyli davam edə bilər.
Əvvəlcə oxucuya rəqiblərin üzdə olan, gizlədilməsi mümkün olmayan itkiləri barədə məlumat verməyə ehtiyac duyuruq. Müharibə faktiki olaraq Ukraynanın 2 şərq və 3 cənub vilayətində gedir. İki ilə yaxındır ki, ölkənin bütün ərazisi Rusiya aviasiyasının hava zərbələri altındadır.
Bir vaxtlar inkişaf etmiş sənaye və kənd təsərrüfatı ölkəsi sayılan Ukraynanın iqtisadiyyatına ciddi zərbə dəymişdir. Müharibə bu ölkənin insan resurslarını da tükəndirir. Münaqişə başlayandan ölkə ərazisini bir neçə milyona yaxın insan tərk edibdir. Onların çoxu qonşu Polşa, Rumıniya, Bolqarıstana və başqa ölkələrə pənah aparıblar. Bu ailələrin çoxunun müharibə bitəndən sonra belə geri qayıtması şübhə altındadır.
Rusiyanın da müharibədən qazandığı bir şey yoxdur. Şimal qonşumuzun “xüsusi hərbi əməliyyat” adlandırdığı döyüşlər zamanı Donbas tam nəzarətə alınıb, amma regionun və digər bölgələrin infrastukturu faktiki olaraq dağıdılıb. Bu ərazilərin bərpası üçün gələcəkdə yüz milyardlarla dollar vəsait tələb oluna bilər. Digər tərəfdən cəbhədə kimin qələbə çalacağını proqnozlaşdırmaq çətindir.
Qərb dövlətlərinin Rusiyaya qarşı tətbiq etdikləri iqtisadi sanksiyalar onun ixrac imkanlarını məhdudlaşdırıb. Rusiya ağır sənayesini hərbi relslər üzərinə keçirə bilsə də, müharibənin yaraları özünü uzun illər göstərməkdə davam edəcək. Hazırkı iqtidar əhalini müharibəyə səfərbər etmək üçün bəzən sərt tədbirlərə əl atmalı olur.
Rusiya Birləşmiş Ştatlar ilə bərabər dünyanın ən böyük nüvə arsenalına malik ölkəsidir. Qərb isə Kiyevə silah sarıdan kifayət qədər dəstək verir və bu dəstəyin getdikcə həcmi artır ki, azalmır. Ukraynanın özünün istehsal etdiyi pilotsuz uçuş aparatları təkcə qonşu Belqorodu deyil, hətta Moskvaya qədər çata bilir.
Ən dəhşətlisi isə odur ki, etnik cəhətdən qohum olan iki dövlət və onların xalqları arasında nəsillər boyu davam edəcək düşmənçilik münasibəti yaranıb. İnformasiya cəbhəsində gedən savaş da bu xalqlarda bir-birinə qarşı kin və ədavəti gücləndirir. Bu mənasız və üzücü müharibənin nə vaxt bitəcəyi isə bəlli deyil.
Bir çox ekspertlər Ukraynada rəqibin maraqlarına xidmət edən özəl media qurumlarının, xüsusilə də çox sayda internet televiziyaların olduğunu iddia edirlər. Bu qurumlar əhalidə təslimçilik əhval-ruhiyyəsi təbliğ edir. Ukrayna hakimiyyəti onlara qarşı nədənsə “mülayim” davranır.
Müharibə uzandıqca belə bir sual gündəmə gəlir: Rusiya-Ukrayna müharibəsinin başlanmasını önləmək olardımı? Ən azı bu ağır silahlı münaqişənin bu qədər kəskinləşməməsi üçün addımlar atılmalıydı. Lakin tarix şərt zamanını tanımır. Reallıq budur ki, müharibə başlayıb, hər iki xalq, həqiqətən, bundan kəskin əziyyət çəkir.
Müharibə daha çox Qərbin maraqlarına xidmət edir. ABŞ bu yolla yaxın müttəfiqi Avropa İttifaqına (Aİ) üzv dövlətləri Rusiya və Çinlə yaxınlaşmaqdan çəkindirməyə çalışır. Çin məhsullarının Avropa bazarlarına çıxış yolunda əngəllər yaranıb.
Rusiyanın saysız-hesabsız təbii sərvətləri Çinin ixtiyarına keçərsə, “Sarı əjdaha”nın inkişafını dayandırmaq qeyri-mümkün ola bilər. Bunu okeanın o tayında yaxşı başa düşürlər. Rusiyanın Çin ilə “əbədi dostluğu” isə qeyri-mümkündür. Bunlar ayrı-ayrı sivilizasiyalardır.
Bir çox təhlilçilər qeyd edirlər ki, Şərqi Avropanın bir çox dövlətlərinin, eləcə də Polşa, Macarıstan, Rumıniya, hətta Bolqarıstanın Ukraynaya müəyyən ərazi iddiaları var. Hələlik bunları açıq mətnlə dilə gətirmirlər. Lakin cəbhədə vəziyyət kəskin pisləşərsə, Ukrayna indiki “yaxın dostlar”ından belə zərbələr ala bilər.
Atamoğlan MƏMMƏDLİ,
tarix elmləri doktoru, siyasi şərhçi
– Rusiya-Ukrayna müharibəsi, bütövlükdə anqlosakslarla çinlilər arasında yeni dünya düzənini qurmaq uğrunda gedən açıq və gizli savaşın tərkib hissəsidir. Ağ ev Çini Avropa və Rusiya bazarlarından sıxışdırıb çıxarmaq, bu yolla onu iqtisadi cəhətdən zəiflətmək istəyir. Faktiki olaraq bu, Qərblə Rusiya arasında gedən güc savaşıdır.
Ukrayna 2020-ci il fevralın 24-də Rusiyanın başladığı və bu gün də davam edən “xüsusi hərbi əməliyyat”a, bütövlükdə, sinə gərməkdə davam edir. İkinci Dünya müharibəsi bitəndən sonra bu “ağır çəkili pəhləvanlar”ın ən böyük və kəskin silahlı qarşıdurmasıdır.
Ukraynada aparılan hərbi əməliyyatların ilk günləri və həftələrindən məlum oldu ki, Ukraynanı qısa müddətdə təslim etmək mümkün olmayacaq. Beləliklə, müharibə hələ bir neçə il davam edə bilər.
Məlumdur ki, bu ilin martında Rusiyada növbəti prezident seçkiləri keçiriləcək. Seçkilər ərəfəsində hazırkı iqtidarın cəbhədə nəyin bahasına olursa-olsun, kiçik də olsa, uğur qazanmağa cəhd göstərəcəyinə şübhə yoxdur. Bu, isə o deməkdir ki, tərəflər arasında silahlı münaqişə daha da şiddətlənəcək.
M.HACIXANLI