- Daxili siyasət
- 09:37 20.09.2024
Ermənistanın fevralın 12-də iki ölkənin şərti sərhədində törətdiyi hərbi təxribat Avropa İttifaqının (Aİ) Hayastanda yerləşdirilmiş yarımhərbiləşdirilmiş missiyası ilə bağlı da müəyyən sualların meydana çıxmasına səbəb oldu. Bu missiya iki ölkə arasında etimad quruculuğu istiqamətində indiyədək, onsuz da, heç bir uğura imza atmamışdı. Əksinə, Azərbaycanda missiyadan narazılıq var idi. İndi isə susqunluq nümayiş etdirməklə, ona yönələn tənqidlərin çoxalmasına rəvac verdi.
Ümumiyyətlə, missiyanın bölgəyə daimi əsaslarla yerləşdirilməsinin özü rəsmi Bakı ilə razılaşdırılmamışdı. Hər zaman bölgədə sülh və sabitlik tərəfdarı olan, məhz bu səbəbdən müxtəlif siyasi mərkəzlərdən gələn təşəbbüslərə “yox!” deməyən Azərbaycan Aİ-nin müvəqqəti missiyasına da razılıq vermişdi. Müvəqqəti missiyanın isə yalnız iki aylıq dövrü əhatə edəcəyi qərarlaşdırılmışdı. Avropa Siyasi Birliyinin 2022-ci il oktyabrın 6-da Çexiyanın paytaxtı Praqada keçirilən ilk Zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Fransa prezidenti Emmanuel Makron, Ermənistan baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında görüş keçirilmişdi. Görüşdən sonra verilən bəyanatda bildirilirdi ki, Ermənistan Azərbaycanla sərhəddə Aİ-nin mülki missiyasının göndərilməsinə razılıq verib. Azərbaycan da bu missiya ilə əməkdaşlığa razılaşıb. Bəyanatda qeyd olunurdu ki, Aİ-nin missiyası oktyabr ayında gələcək və maksimum iki ay müddətində işləyəcək. Onun məqsədi etimad yaratmaq və hesabatları ilə sərhəd komissiyalarının işinə töhfə vermək olacaq. Beləliklə, əldə olunmuş razılaşmaya əsasən, vəziyyətin monitorinqi, təhlili və yerlərdə vəziyyətlə bağlı hesabatların təqdim edilməsi məqsədilə oktyabrın 20-də şərti sərhədin Ermənistan tərəfi boyunca Aİ-nin mülki missiyası yerləşdirildi.
Daha sonra, yəni dekabrın 20-də rəsmi İrəvan missiyanın müddətinin qeyri-müəyyən müddətədək uzadılmasına dair birtərəfli qaydada qərar qəbul etdi. Beləliklə, EUMA adı verilən, yarımhərbiləşmiş olsa da, Aİ-nin mülki missiyası adlandırılan missiya 2023-cü ilin yanvarında sonradan uzadılma imkanı ilə 2 illik ilkin mandata malik olaraq Ermənistanda yerləşdi. İlk vaxtlar missiyada, təxminən, 103 müşahidəçinin olacağı gözlənilirdi. 2023-cü il dekabrın 11-də isə Aİ Ermənistanda yerləşdirilən əməkdaşlarının sayının 209-a çatdırılacağını təsdiqlədi. EUMA-nın əsas vəzifəsi Ermənistanın Azərbaycanla sərhədinin bütün uzunluğunda, o cümlədən Naxçıvan eksklavı boyunca sərhəd patrullarının aparılmasıdır. Missiya yerdəki vəziyyəti müşahidə etməli və bunun əsasında hesabat hazırlamalıdır. EUMA Ermənistanın Qafan, Gorus, İstisu (Cermuk), Yexeqnadzor, Martuni və İcevan şəhərlərində yerləşən 6 əməliyyat bazasından patrul xidməti həyata keçirir.
Məsələyə münasibət bildirən Prezident İlham Əliyev bu il yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində demişdi: “Praqa görüşünün bir məqamı da var idi. O, ümumi kontekstin bir qədər kənarında qaldı. Bu da Ermənistan ərazisinə, bizim sərhədyanı bölgələrə Avropa müşahidəçi missiyasının göndərilməsi idi. Bu məsələ də çox geniş müzakirə edilmişdir. Təkliflərdən biri o idi ki, o cümlədən Azərbaycan tərəfinə də bu missiya göndərilsin. Biz buna etiraz etdik. Ancaq Ermənistana bu missiyanın göndərilməsinə razılıq verdik. O vaxt da danışıldı və orada müzakirə olundu ki, bu missiya qısamüddətli, 40 nəfərdən ibarət olacaq və cəmi iki ay çəkəcək. Mən də bununla razılaşdım. Ancaq sonra nədənsə bu danışıq, yəni, bu razılaşma pozuldu. Bu, əlbəttə ki, çox məyusedici bir məqamdır. Çünki biz ciddi adamlarıq. Burada ciddi söhbətlər gedir. Biz nəyisə razılaşdırırıqsa, hətta şifahi olsa belə, buna əməl etməliyik. Necə ola bilər? Bir müddət sonra Avropa İttifaqının yüksək vəzifəli şəxsi demişdi ki, missiya uzadılacaq. Ondan sonra Fransanın xarici işlər naziri demişdi ki, biz missiyanı uzadacağıq. Əlbəttə, biz dərhal hərəkətə keçdik və izahat tələb etdik. Bu, nə məsələdir? Siz bunu necə uzadacaqsınız? Siz axı bu missiyanın göndərilməsini bizimlə razılaşdırmısınız. Nə üçün? Çünki bu, bizim sərhədimizin yanında olacaq. Necə ola bilər ki, bu bizimlə razılaşdırılmasın?”
Missiya bu ilin yanvarın 17-də sərhədyanı bölgəyə 1500-cü patrulunu göndərməsini “təntənəli şəkildə” qeyd etmişdi. Ancaq indi bir daha məlum olur ki, həmin patrulların bölgədə sülhün və əmin-amanlığın təmin olunmasına heç bir töhfəsi yox imiş. Belə olmasaydı, missiya baş vermiş hadisə ilə bağlı öz mövqeyini açıqlayar, tərəflərə hansısa bir çağırış ünvanlayardı. Ötən üç gün ərzində bunun baş verməməsi növbəti günlərdə də missiyadan heç bir səs çıxmayacağını deməyə ciddi əsaslar verir.
Bu mənada baş verənlərə görə, Ermənistanın hərbi-siyasi rəhbərliyi ilə yanaşı, Aİ-nin missiyası da məsuliyyət daşıyır. Ekspertlərin də qeyd etdikləri kimi, missiya normalda insidentə reaksiya verməli, baş vermiş təxribatı qınamalı idi. Ancaq onlar nədənsə, bunu etmədilər. Görünən odur ki, avropalı emissarlar hadisəni araşdırmağa belə cəhd göstərmirlər. Halbuki, baş vermiş hadisəyə münasibət bildirmək onların vəzifə borcudur. Üstəlik, bu hadisə onların bilavasitə müşahidə apardıqları ərazidə baş verib. Həmçinin, ekspertlər Qərbin vəziyyəti gərginləşdirməklə Ermənistanda və regionda mövcudluğunu qoruyub saxlamaq istədiyi fikrində həmrəydirlər. Doğrudan da, insident avropalıların müşahidəsi altında baş verdiyi halda, onlar niyə münasibət bildirmirlər? Onlar binokllarla nəyi müşahidə etməklə məşğuldurlar? İnsidentdən ötən üç gün ərzində mövqe formalaşdırıb onu cəmiyyətə təqdim edə bilməyən missiyanın səmərəli olmasından danışmaq qeyri-mümkündür.
Eyni zamanda, baş vermiş hadisədən sonra verilən açıqlamalar əsasında onun hansısa əsgərin özfəliyyəti olmadığı, düşünülmüş təxribat olduğu üzə çıxır. Rəsmi İrəvan isə bu hadisəni Azərbaycana qarşı təzyiqin yeni elementinə çevirməyə çalışır. Ölkənin baş naziri Nikol Paşinyanın fevralın 13-də Böyük Britaniya parlamentinin İcmalar Palatasının üzvü Con Uittinqdeylin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən dediyi sözlər bundan xəbər verir. Paşinyan deyib: “Sizin səfəriniz Azərbaycanla sərhəddə yeni eskalasiyaya təsadüf etdi, Azərbaycan yeni təxribata başladı. Nəticədə 4 erməni əsgəri həlak oldu. Təəssüf ki, bu, təcrid olunmuş bir hərəkət deyil. Qiymətləndirməmizə görə, bu, Azərbaycanın sülh prosesini bütün mümkün vasitələrlə pozmağa yönəlmiş siyasətidir”.
Qeyd edək ki, dünən keçirdiyi brifinq zamanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Birləşmiş Qərargahının rəisi, general-polkovnik Andrey Serdyukov da maraqlı açıqlama ilə çıxış edib. Deyib ki, bəzi dövlətlər Cənubi Qafqazda öz mövqelərini möhkəmləndirmək məqsədilə Ermənistan–Azərbaycan şərti sərhədindəki yüksək münaqişə vəziyyətindən fəal istifadə edirlər. Onun sözlərinə görə, bəzi dövlətlər Cənubi Qafqazda öz mövqelərini möhkəmləndirməyə, Xəzərin ehtiyatlarına şərik olmağa və Mərkəzi Asiyaya birbaşa çıxış əldə etməyə can atırlar.
A.Serdyukov bildirib: “Onlar bu məqsədlə Ermənistan–Azərbaycan sərhədindəki yüksək münaqişə vəziyyətindən də fəal istifadə edirlər. Gələcəkdə vəziyyətin nizamlanmasında sülh sazişinin bağlanmasının xüsusi əhəmiyyəti var”.
O, Ermənistan–Azərbaycan şərti sərhədində münaqişə potensialını yüksək hesab etdiklərini deyib. Qərargah rəisi əlavə edib ki, Qərb Ermənistanın KTMT-yə üzv olmasına baxmayaraq, Bakı və İrəvan arasında münaqişədən sonrakı nizamlanmaya təsir göstərməyə çalışır.
Mövzu üzrə söhbətləşdiyimiz politoloq Yeganə Hacıyeva Ermənistan tərəfdən qaynaqlanan eskalasiyaya görə, şərti sərhəddə “binokl diplomatiyası” ilə məşğul olan Aİ missiyasının obyektiv yanaşmasının olacağını gözləmədiyini bildirdi. Onun sözlərinə görə, məsələ ondadır ki, elə bu gərginliyin sifarişçisi Aİ-nin mülki missiyasıdır: “Ümumiyyətlə, şərti sərhəddəki bundan öncəki gərginliklərin və son günlərdə baş verənlərin xronologiyası, əslində, vəziyyəti izah edir. Məsələ ondadır ki, 44 günlük Vətən müharibəsindən sonra baş verən böyük eskalasiyalar Aİ-nin işinə yarayıb. 2021-ci ilin noyabrında şərti sərhəddə baş verən gərginlikdən sonra Aİ danışıqlar prosesinə cəlb olunub. 2022-ci ilin sentyabr ayından sonra isə Aİ mülki missiya qismində Cənubi Qafqaza yerləşib. Daha sonra Aİ-nin missiyasının genişləndirilməsi üçün şərti sərhəddə gərginlik vacib idi. Eyni zamanda, gərginlik mülki missiyanın lazım olduğu görüntüsünü yaratmaq üçün Ermənistana və missiyanın təşəbbüskarlarına vacibdir”.
Politoloq şərti şərhəddə baş vermiş eskalasiyadan əvvəl yaşanmış bir sıra hadisələrə, o cümlədən Çexiya vətəndaşının saxlanılmasına toxunaraq deyib ki, Azərbaycan ərazisinə daxil olmağın qanuni yolları mövcuddur. Çexiya vətəndaşı isə sərhədi qeyri-qanuni yollarla keçmək istəyib: “Xatırladım ki, Xankəndidə, guya, aclıq olduğu dövrdə Parisin meri də Azərbaycan sərhədini qanunsuz keçməyə cəhd etmişdi. İndi isə bir çexiyalı belə bir addımı atmağa cəhd edib. Sərhəd şərti də olsa, hər iki tərəfdən ona nəzarət edənlər var. Bu, o demək deyil ki, hər kəs sərhədi istədiyi yerdən keçə bilər”.
Onu da bildirək ki, Aİ missiyasının öz mandatına zidd fəaliyyəti Azərbaycanda son insidentdən öncə də narazılıqla qarşılanırdı. Elə şərti sərhəddəki təxribatın baş verdiyi gün – fevralın 12-də Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko Xarici İşlər Nazirliyinə çağırılmışdı. Görüş zamanı Aİ-nin Ermənistandakı missiyasının əldə olunmuş ilkin razılıqlara zidd olan fəaliyyətinin ciddi narahatlıq doğurduğu bir daha diqqətə çatdırılmışdı. Sözügedən missiyanın regional sabitlik, habelə Azərbaycanla Ermənistan arasında etimad quruculuğuna töhfə vermək kimi bəyan edilmiş məqsədlərinə zidd olaraq, Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi geniş şəkildə sui-istifadə olunduğu nəzərə çatdırılmışdı.
Beləliklə, antiterror tədbirlərindən sonra baş verən ilk insident olan 12 fevral təxribatı Aİ missiyasının faydalılıq əmsalının sıfırın üzərində olduğunu bir daha təsdiqlədi. Bununla missiyaya olan-qalan ümidlər də, necə deyərlər, dəfn edildi. Zənnimizcə, Brüssel formatında danışıqların bərpasında maraqlı olan Aİ Şurasının rəhbərliyi bu barədə ciddi düşünməlidir. Ermənistan isə nəhayət, dərk etməlidir ki, şərtə sərhədə hansı qüvvəni yerləşdirməsindən asılı olmayaraq, təxribata əl atacağı təqdirdə layiqli cavabını alacaq.
Səxavət HƏMİD