- Daxili siyasət
- 09:37 20.09.2024
Ermənistanın Azərbaycanla sülhə hazır olub-olmaması hazırkı Cənubi Qafqaz gündəminin əsas məsələlərindəndir. Rəsmi İrəvan müxtəlif beynəlxalq platformalarda sülhə hazır olduğunu, həmçinin regional kommunikasiyaların açılmasındakı marağını bəyan edir. Bu məqsədlə hətta, “Sülhün kəsişməsi” adlı layihə də irəli sürüb.
Elə bugünlərdə Tbilisidə işgüzar səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan layihəni gürcü həmkarına təqdim edib. Qeyd edib ki, layihə regional əlaqəni təşviq etmək, dövlətlərin suverenliyinə, bərabərliyinə hörmətlə yanaşmağa yönəlib. Bir sözlə, İrəvanda elə görüntü yaratmağa çalışırlar ki, sanki sülhdə maraqlı olan onlar, maraqlı olmayan bizik. Halbuki Paşinyanın, onun rəhbərlik etdiyi komandanın bəyanatları sülh istəyi ilə qətiyyən uzlaşmır.
Bir ildən çoxdur ki, Almatı Bəyannaməsinin adı Ermənistan baş nazirinin dilindən düşmür. Qeyd edək ki, 1991-ci il dekabrın 21-də imzalanmış həmin sənəd Müstəqil Dövlətlər Birliyinin məqsəd və prinsipləri, onun əsasları haqqında bəyannamədir. Bəyannamədə MDB-nin yaranması ilə SSRİ-nin mövcudluğunu dayandırdığını qeyd edən Belovejsk sazişi təsdiqlənib.
Nikol Paşinyan 2022-ci il oktyabrın 6-da Avropa Siyasi Birliyinin Praqada keçirilən I sammiti çərçivəsində baş tutan dördtərəfli görüşdə 1991-ci il dekabrın 21-də imzalanmış Almatı Bəyannaməsinə əsasən Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etdi. Təbii ki, regionda hər zaman gerçəkdən sülh istəyən ölkə kimi Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü və suverenliyinə sadiqliyini təsdiqlədi. Ancaq həmin vaxtadək bəyannamənin adı erməni tərəfinin heç yadına da düşmürdü. İndi isə Almatı Bəyannaməsi Ermənistanda siyasi leksikonda ən çox işlənən sözlərdən birinə çevrilib. Lakin məlum olur ki, Paşinyan özünü Qərbə sülhpərvər imicdə göstərmək üçün bu addımı atıbmış.
Məsələn, Ermənistan müxalifətinin nümayəndəsi, ölkənin ilk prezidenti Levon Ter-Petrosyanın qurucusu və lideri olduğu Erməni Milli Konqresinin sədr müavini, Ter-Petrosyan prezident olanda onun mətbuat katibi və köməkçisi vəzifəsində çalışmış Levon Zurabyan mətbuata açıqlamasında deyib: “Paşinyan bir ildir Almatı Bəyannaməsi haqqında danışır, amma o sənəd sülh sazişinin əsasını təşkil edə bilməz. Ona görə ki, Ermənistan tərəfi həmin sənədi parlamentdə müəyyən şərtlərlə ratifikasiya edib. Həmin şərtlərə görə isə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü heç tanımayıb”.
Zurabyanın açıqlamasından sonra Paşinyan təbii ki, pis vəziyyətə düşüb və əsəbi şəkildə bildirib: “Mənim bildiyimə görə, Almatıda iclas keçiriləndə erməni tərəfi heç bir şərt irəli sürməyib. Əgər belə şərt varsa, qoy, müxalifət həmin şərti təqdim etsin”.
Müxalifət də öz növbəsində həmin şərti təqdim etdi. Belə ki, Zurabyan mediaya açıqlamasında deyib: “Ratifikasiya zamanı Ermənistan Ali Soveti sənədə 10 düzəliş qəbul etdi. Onuncu düzəlişə əsasən, MDB-yə yalnız keçmiş sovet respublikalarının deyil, həmçinin hələ SSRİ-nin süqutundan öncə müstəqillik haqqında referendum keçirmiş muxtar qurumların da qoşulmalarına imkan verilməli idi. Düzəliş orijinalda belə səslənirdi: “13-cü maddənin ikinci abzasına – “bütün keçmiş müttəfiq sovet respublikaları üçün açıqdır” cümləsinə, həmçinin SSRİ-nin mövcudluğunu başa vurması ilə bağlı bəyannamədən öncə öz müstəqilliklərinin elan edilməsi haqqında referendum keçirmiş muxtariyyətlər üçün də açıq olmalıdır cümləsi əlavə olunmalıdır”. Ermənistan 1992-ci ildə Almatı Bəyannaməsini ratifikasiya etdi. Orada çox aydın şəkildə bir istinad var idi ki, “dağlıq qarabağ respublikası” müstəqil respublika qismində MDB-yə qoşula bilər”.
Yeri gəlmişkən, qeyd edək ki, ümumiyyətlə, Almatı Bəyannaməsində ərazi bütövlüyü ilə bağlı bənd ümumi xarakter daşıyır. Yəni, burada təkcə Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü tanımasından söhbət getmir. Sənəddə ərazi bütövlüyü belə ifadə olunur: “Bəyannamə bir daha təsdiq etdi ki, SSRİ-nin mövcudluğu dayandırılır və onun yerində indi on bir keçmiş sovet respublikasının daxil olduğu Müstəqil Dövlətlər Birliyi yaranır. MDB nə dövlət, nə də dövlətüstü qurumdur, onun bütün iştirakçıları bir-birinin ərazi bütövlüyünü tanıyır və mövcud sərhədlərin toxunulmazlığına hörmət edirlər”.
Ermənistan müxalifətinin təmsilçisi Levon Zurabyanın dediklərindən və proseslərin ümumi gedişindən aydın olur ki, Ermənistan diplomatiyası 2022-ci ilin oktyabrından bu yana, əslində, Almatı Bəyannaməsi ətrafında oyun oynayırmış. Bu yerdə “ayının min oyunu, bir armudun başındadır” məsəli yada düşür. İrəvan da sülh istəyi adı altında “sülh oyunu” oynayırmış.
Onu da qeyd edək ki, 2023-cü il mayın 14-də və iyulun 15-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşü keçirilmişdi. Həmin təmasda da Almatı Bəyannaməsi meydana gəlmişdi. Görüşdən sonra açıqlama verən Şarl Mişel bəyan etmişdi ki, iki ölkə bir-birinin ərazi bütövlüyünü tanımaqla bağlı Praqa bəyanatına sadiqdir. Belə ki, Ermənistan Azərbaycanın 86,6 min kvadratkilometrdə, Azərbaycan isə Ermənistanın 29,8 min kvadratkilometrdə ərazi bütövlüyünü tanıyır. Beləliklə, Almatı Bəyannaməsi burada da baza rolunu oynadı. Bundan sonra ermənipərəst Qərb dövlətləri və təşkilatları böyük bir kampaniyaya start verdilər.
Onlar Paşinyanı öyməyə, onun cəsarətli addım atdığını deməyə başladılar. Bildirdilər ki, “Görün Paşinyan necə cəsarətli addım atıb. Əvvəlki erməni rəhbərlərindən fərqli olaraq, o açıq bəyan edir ki, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Almatı Bəyannaməsi əsasında sülh müqaviləsi imzalamağa hazırdır. Hətta bizə iradlar da tutulurdu. Deyilirdi ki, nədənsə, Azərbaycan bu haqda çox həvəslə danışmır, çox soyuqqanlı yanaşır. Bizə çağırışlar edirdilər ki, Paşinyanın bu açıqlamasından sonra Azərbaycan da bəzi tələblərindən geri çəkilməlidir. Çünki Paşinyan belə “böyük, vacib addım atıb”. Ancaq vaxt keçdi və indi bəlli olur ki, Azərbaycanın bu məsələyə soyuqqanlı, təmkinlə yanaşmasının əsaslı səbəbləri var imiş. Levon Zurabyanın yuxarıda qeyd etdiyimiz açıqlaması da bunun daha bir təsdiqidir.
Fikrət SADIXOV,
politoloq
– Almatı Bəyannaməsinin Ermənistan parlamentində hansı şərtlərlə ratifikasiya edildiyi məlum deyil. Bunu heç bilmək də olmur. Onlar indi, yəni üstündən neçə il keçəndən sonra hansısa düzəlişlərdən danışırlar. Söhbət ondan gedir ki, əgər onlar Almata Bəyannaməsini tam qəbul etmirlərsə, sual yaranır. Bəs onlar orduları sərhəddən geri çəkməklə bağlı təklif irəli sürərkən hansı sərhədlərdən danışırlar?! Digər suallar da yaranır. Amma indi söhbət ondan gedir ki, torpaqlarımızı işğaldan azad etmişik və oyun qaydalarını biz diktə edirik. Yəni, müxtəlif hoqqabazlıqla, hansısa şərtlər irəli sürməklə məsələlər həll olunmur. Hazırda söhbət sülh müqaviləsinin imzalanmasından gedir. Onlar, ilk növbədə, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın bütün şərtlərini yerinə yetirməlidirlər. İlk növbədə, Zəngəzur dəhlizi açılmalıdır. Buna əngəl törədirlər. Görünür, sülh sazişinin imzalanmaması üçün müxtəlif bəhanələr irəli sürürlər. Əslində, bizim bu məsələ ilə bağlı mövqeyimiz kifayət qədər aydındır. Biz regionda təhlükəsizliyin təmin olunmasında maraqlıyıq. Müharibədə qalib gəlməyimizə və torpaqlarımızı azad etməyimizə baxmayaraq, yenə də alicənablığımızı nümayiş etdiririk. Sülh istiqamətində təkliflərimizi irəli sürmüşük. Bunu qəbul etmək və birdəfəlik sülh sazişinə imza atmaq lazımdır.
Elxan ŞAHİNOĞLU,
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq
– Almatı Bəyannaməsi ilə bağlı Ermənistanın siyasi qüvvələri arasında çox müzakirələr gedir. Levon Zurabyan isə elə də ciddi fiqur deyil. Onun fikirlərinə heç Ermənistanın özündə o qədər də əhəmiyyət vermirlər. Yəni, zəif bir qurumun nümayəndəsidir. Ümumiyyətlə, müxalifətin cəmiyyətdə səsi eşidilmir. Önəmli olan Qarabağ da daxil olmaqla, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasıdır. Bunun Almatı Bəyannaməsinə, yaxud digər bir sənədə uyğun olacağı elə də əhəmiyyət kəsb etmir. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. İrəvanın başqa alternativi yoxdur. Məhz bu əsasda sülh sazişi imzalanmalıdır.
Onsuz da Paşinyanın müxalifətdən qorxusu yoxdur. Bu addımları atmaq istəsə, ona mane ola bilməyəcəklər. Müxalifət onu devirə bilmədi, seçkidə məğlubiyyətə uğradı. Küçələrə 3 mindən çox adam çıxara bilmir. Orada Levon Zurabyandan da güclü fiqurlar var. Məsələn, Serjik Sarkisyanın, Robert Koçaryanın tərəfdarları var. Heç onlar durumu dəyişə bilmirlər, nəinki Levon Zurabyan. Onun qarışıqlıq yaratması, keçmiş sənədi fərqli izah etməyə çalışması da əbəsdir.
Onlar işğal dövründə Qarabağı Azərbaycan ərazisi kimi tanımaya bilərdilər. Ancaq indi reallıqlar dəyişib. Əslində, sülh müqaviləsi, ilk növbədə, Ermənistanın özünə lazımdır. Biz sülh müqaviləsi olmadan da işimizə davam edə bilərik. Zatən, ərazi bütövlüyümüzü təmin etmişik. Ermənistanın bunu tanıyıb tanımaması heç nəyi dəyişməyəcək. Yaxud sərhəd məsələsi uzanır. Onsuz da strateji yüksəkliklər bizim nəzarətimizdədir. Bizim əsas tələbimiz odur ki, bəli, sülh sazişi imzalamaq istəyirlərsə, ölkəmizin ərazi bütövlüyünü tanımalıdırlar.
Səxavət HƏMİD