- Daxili siyasət
- 09:37 20.09.2024
Ucuz populizm klişelərini hesaba almasaq, Ermənistanın baş naziri Nikol Paşinyanın ölkədə ordunun yaradılmasının 32-ci ildönümü ilə bağlı çıxışında diqqətçəkən məqamlar var. Yazımızda onların üzərində dayanacağıq. Ancaq əvvəlcə bir məsələ barədə söz açmağı vacib sayırıq.
Birinci Dünya müharibəsində məğlubiyyətə uğramış Almaniya acınacaqlı aqibətə düçar olmuşdu. O zamankı şərtlər İkinci Dünya müharibəsindəki kimi dramatik məzmun daşımasa da, ölkənin silahlanması ilə bağlı qadağalar tətbiq edilmişdi. Lakin bütün bunlar Almaniyada faşizm bəlasının baş qaldırmasının qarşısını ala bilməmişdi. Yekunda Adolf Hitlerin hakimiyyətə yiyələnməsi ilə ölkə işğalçılıq planları qurmağa başlamış və tez bir zamanda istəyini gerçəkləşdirmişdi...
Bəli, İkinci Dünya müharibəsinin bəşəriyyətə yaşatdığı faciələri sadalamaqla bitməz. Almaniya bütün bunlara görə cəzasını aldı. Ölkə iki hissəyə bölündü, onun üzərinə ağır şərtlər qoyuldu. Ən əsası isə Birinci Dünya müharibəsindən sonra olduğu kimi, İkinci Cahan savaşından sonra da Almaniya, faktiki olaraq, silahsızlaşdırıldı, ölkəyə mövcud istiqamətdə məhdudiyyətlər tətbiq edildi.
Əlbəttə, məqsədimiz Hitler Almaniyası ilə Ermənistan arasında müqayisə aparmaq deyil. Ona görə müqayisə aparmırıq ki, Ermənistan törətdiyi faciələrin, yaşatdığı məhrumiyyətlərin böyüklüyünə görə Almaniyadan geri qalır. O səbəbdən paralellərə ehtiyac duymuruq ki, Ermənistan özü miqyas baxımından Almaniya deyil. Yəni, birincinin əlində imkan olsaydı, vəhşilik və vandalizm aktları baxımından ikincini geri qoyardı. Hərçənd, Xocalı soyqırımı vəhşətinə görə Ermənistanın nasist Almaniyasını “üstələdiyini” söyləmək də mümkündür.
***
Əlqərəz, hazırkı durumda Ermənistan müharibə məğlubudur. N.Paşinyan isə məğlub ölkənin lideri qismində çıxış edir və orduda islahatlardan danışır. Deyə bilmərik ki, erməni hökumət başçısı, belə demək mümkünsə, günahların bağışlandığını düşünür, yəni o zamankı Almaniya Federativ Respublikasının (Almaniya Demokratik Respublikası sabiq SSRİ-nin patronajlığı altında idi – red.) 1955-ci ildə NATO-ya qoşulması və Qərbin patronajlığına keçməsi tarixindən ilhamlanır. Ancaq bu adam 44 günlük müharibə olmamış kimi danışır. Savaşın başlanma səbəbini unudur. Yəni, orduda islahatlardan danışmaqla yanaşı, bildirir ki, Ermənistanın heç bir ölkəyə qarşı ərazi iddiası yoxdur. Görəsən, “Qarabağ Ermənistandır nöqtə” bəyanatını verən Paşinyan deyildi? Bəlkə, müharibə onun yox, bir başqasının çərənləməsi səbəbindən başlamışdı? Axı, “yeni ərazilər üçün yeni müharibə” şüarını irəli sürən Paşinyanın təyin etdiyi müdafiə naziri idi?
Əlbəttə, Nikol hər şeyi gözəl bilir, xatırlayır və çıxışında Azərbaycanla hücum etməmək haqqında müqavilə imzalamağa hazır olduğunu deyir. Bu yerdə istər-istəməz, yada tarixi Molotov-Rubbentrop paktı düşür. Məlum olduğu kimi, 1939-cu ildə Almaniyanın və SSRİ-nin xarici siyasət idarələri rəhbərləri tərəfindən imzalanmış və onların soyadları ilə tarixə düşmüş bu sənəd dövlətlərin bir-birilərinə hücum etməməsini nəzərdə tuturdu. Amma mövcud pakt birincinin 1941-ci ilin iyununda ikinci üzərinə hücumuna maneçilik törətmədi. Almaniya sazişi pozdu, Molotov-Rubbentrop paktı boş kağız parçasına çevrildi. Həmin vaxt Kreml-dəkilər Hitlerə inanmaqda yanıldılar. Nəzərə almadılar ki, sürətli silahlanaraq, Avropanı dizə gətirən Almaniyanın SSRİ üzərinə hücumu qaçılmazdır. Onlar, heç olmasa, Birinci Dünya müharibəsindən də dərs götürmədilər.
***
İndi Azərbaycan iki Qarabağ müharibəsi görüb. Üstəlik, Ermənistan Almaniyanın İkinci Dünya müharibəsindən sonra üzləşdiyi aqibəti yaşamayıb. O vaxt sovet qoşunları Berlində Reyxstaqın binasına bayraq sancmışdılar. Azərbaycanın bayrağı İrəvanda dalğalanmayıb. ...Silahlanmaqda olan Ermənistanın baş naziri isə deyir ki, ölkəsi qonşu dövlətlərə hücuma keçmək niyyətindən uzaqdır. Əlbəttə, Paşinyan o anlamda haqlıdır ki, Ermənistan nə Türkiyəyə, nə də İrana təcavüz niyyətindədir.
Biz Nikolun militarist siyasətinin hədəfinin Azərbaycan olmadığına inanmamaqda haqlıyıq. Axı İrəvan, faktiki olaraq, ötən ilin sentyabrınadək işğalçılıq etmişdi. Kim təminat verə bilər ki, onun hazırda belə bir niyyəti yoxdur? Hakimiyyətə gəldikdən sonra “Qarabağ Ermənistandır nöqtə” bəyanatını verən şəxsin sözlərinə etimad nə dərəcədə düzgündür? Hələ məsələnin digər tərəfi də var. Söhbət “Ermənistanın təhlükəsizliyi” şəklində ortaya atılmış oyundan gedir.
***
Bəli, Paşinyan çıxışında bildirir ki, Ermənistanın təhlükəsizlik sistemləri və onların işləkliyi ilə bağlı erməni cəmiyyətində özünə yer tapmış əvvəlki ideyalar ölkəyə münasibətdəki qəddar zarafat idi. Heç şübhə yoxdur ki, o, vurğunu 44 günlük müharibənin üzərinə qoyur. Yəni, həmin savaşa qədər Ermənistan ordusu ilə bağlı mifin yaradıldığına eyham vurur. Diqqət yetirək, bu mif hansı müstəvidə uydurulmuşdu. Əlbəttə, Azərbaycan torpaqlarının işğalı kontekstində. Bildirilmişdi ki, mübariz və yenilməz erməni ordusu müharibədə qələbə qazanıb. Paşinyan isə mifə inanaraq danışıqlar prosesini iflic hala gətirmişdi...
Əlbəttə, Birinci Qarabağ müharibəsindəki uğurda böyük pay sahibi Ermənistan ordusu olmamışdı. Necə deyərlər, it arabanın kölgəsində yatırdı, elə sanırdı ki, öz kölgəsidir. Ancaq 44 günlük müharibə mifi puç etdi. İndi isə Ermənistanın baş naziri məsələni ölkəsinin təhlükəsizlik sistemindəki çat kimi qiymətləndirir. Hər halda İrəvan otuz ilə yaxın müddətdə işğalçılıq etməsəydi, nə sabun köpüyünə bənzər mif yaranacaqdı, nə də hazırkı təhlükəsizlik çağırışları aktual olacaqdı. Fakt budur ki, Ermənistan müasir dövlətçiliyi və varlığı baxımından işğalçılığı seçmiş ölkədir.
Nikol Paşinyana gəldikdə, o, işğalçı keçmişin ölkəsinə vurduğu ağır zərbəni aradan qaldırmaq üçün fərqli yol tutmalı olduğu halda, silahlanmanı əsas götürür və bunu təhlükəsizlik amili ilə əlaqələndirir. Nəzərə almır ki, Cənubi Qafqazda təhlükəsizliyə ən böyük təhdid elə Ermənistanın özüdür. Bunu bütün dünya bilir. Sadəcə bəzi qütblər məsələni birbaşa qoyur, bəziləri isə İrəvandan özlərinin regional “planları” naminə istifadə edir. Yəni, Nikolun “qəddar zarafat” məntiqi bu gün də keçərlidir. Həqiqətən də Ermənistan onu Azərbaycana qarşı yeni müharibəyə təhrik edənlərin zarafatlarını nəinki ciddi qəbul edir, eyni zamanda, dərin illüziyaya qapılır.
Paşinyanın “qəddar zarafat” məntiqi ona görə keçərlidir ki, o, ölkəsinin yeni, müasir silah və texnika əldə etmək yolu tutduğundan fəxrlə söz açır və əlavə edir ki, hökumət son illər mövcud istiqamətdə bir neçə milyard dollarlıq müqavilələr imzalayıb. Bu isə hakimiyyətə yeni yiyələnmiş Hitlerin Birinci Dünya müharibəsindəki məğlub Almaniyanı Birləşmiş Millətlər Cəmiyyətindən çıxarmasına və sürətlə silahlandırmasına bənzəyir.
Otuz ilə yaxın müddətdə işğalla üzləşmiş Azərbaycan, əlbəttə, Ermənistanın silahlanmasına seyrçi qala bilməz və qalmır da. Yəni, indiki halda Nikolun “orduda islahatlar aparmaq, güclü və döyüşə hazır orduya malik olmaq hər bir ölkənin suveren hüququdur və biz bundan sonra da bu yolla gedəcəyik. Güclü və döyüşə hazır ordu Ermənistan Respublikasının suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini təmin edən ən mühüm amillərdən biridir” şəklindəki çıxışı səmimi qarşılana bilməz.
Erməni baş nazirin fikirlərinin səmimi qəbulu həm də ona görə mümkün deyil ki, o, ölkəsinin təhlükəsizliyinin təminatı kontekstində iki əsas amilin üzərində dayanmaqdadır. Birincisi, xarici əlaqələr, ikincisi isə beynəlxalq hüquq baxımından aparılan siyasətin legitimliyi. Onun sözlərinə görə, legitimlik, eyni zamanda, Ermənistanın xarici təhlükəsizliyinin təmin edilməsində ən mühüm amil olmalıdır. Bu nə deməkdir? Əlbəttə, avantüra və reallıqların təhrifi, habelə Azərbaycanın haqlı mövqeyini nəzərə almamaq.
Doğrudur, Paşinyan Ermənistanın özünü beynəlxalq ictimaiyyət tərəfindən tanındığı ərazi ilə eyniləşdirməsinin vacibliyini bildirərkən, müəyyən mənada, konstruktiv sayıla bilər. Yəni, hesab edək ki, bu deyim qonşulara qarşı ərazi iddiası irəli sürməməkdir. Ancaq məsələnin ikinci tərəfinə də diqqət yetirməliyik. Nikol bildirir ki, Ermənistanın suveren ərazisi ilə eyni olan Ermənistan SSR ərazisi qəbul edilməlidir və bu, ölkənin xarici təhlükəsizliyinin təminatı üçün strateji əsasa çevrilməlidir. Nəzərə alaq ki, belə bir fikri söyləyən otuz ilə yaxın müddətdə sərhədinin Azərbaycanın Ağdam rayonunda olduğunu iddia edən ölkənin lideridir və o, haqqında söz açdığı məsələni “Azərbaycandan gələn bir sıra aqressiv bəyanatlara” toxunaraq gündəmə gətirir. Görəsən, fərqinə varırmı ki, silahlanma kontekstində “Azərbaycanın təcavüzü” ritorikasını qabartmaq işğalçılıq niyyəti kimi assosiasiya olunur? Heç şübhəsiz, baş nazirin sözlərindən sonra Ermənistanın revanşa hazırlaşması qənaəti daha da güclənəcək. Paşinyana və tərəfdarlarına bu lazımdırmı?
Diqqət yetirək, güclü və döyüşə hazır orduya sahiblənməyin hər bir ölkənin suveren hüququ olduğunu deyən erməni baş nazir bildirir ki, heç kim Ermənistanın bu haqqını şübhə altına ala bilməz: “Əgər kimsə hüququmuzu şüb-hə altına alırsa, o zaman bizim varlıq haqqımızı şübhə altına alır. Belə olan halda dövlətçiliyimizi, müstəqilliyimizi, ərazi bütövlüyümüzü mümkün və qeyri-mümkün üsullarla müdafiə etməkdən başqa çarəmiz qalmayacaq”.
Aydındır ki, Paşinyanın fikri Azərbaycan Prezidenti İlham Əliyevin bu il yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bildirdiklərinə, bir növ, cavab kimi səslənməkdədir. Belə yanaşmada 44 günlük müharibədən əvvəlki “yeni ərazilər uğrunda yeni müharibə” deyimi ilə oxşarlıq axtarıla bilər. Yəni, Azərbaycanın məsələni məhz bu cür qəbul etməsi mümkündür. Çünki işğala məruz qalmış ölkədir. Deməli, Paşinyanın hücum etməməklə bağlı “güclü və geri dönməz zəmanətləri” də boş söz yığınından başqa bir şey sayılmayacaq.
***
Ermənistan müharibə məğlubu kimi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi də Nikolun fikirlərinin səmimiliyinə şübhə yaradır. Digər tərəfdən, Paşinyan qoşunların tutduqları mövqelərdən geri çəkilməsi fikrini ortaya atır və yenə 1991-ci ilin Alma-Ata Bəyannaməsinə söykənməyə çalışır. O deyir ki, Azərbaycanın və Ermənistanın hazırkı sərhədləri sözügedən sənədə uyğun olaraq dövlət sərhədinə çevrilib və mövcud əsasda 2022-ci il oktyabrın 6-da Praqada qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınması barədə razılıq əldə olunub. Söhbət Azərbaycan Prezidenti İlham Əliyevin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Paşinyanın görüşündəki razılaşmadan gedir.
Ancaq məlumdur ki, həmin razılaşmadan, təxminən, bir il sonrayadək Azərbaycan ərazisində, yəni Qarabağda Ermənistanın hərbçiləri qalırdılar və onlar yalnız lokal xarakterli antiterror tədbirlərindən sonra ərazini məcburən tərk etdilər. Deməli, Ermənistan indiyədək yalnız zor dilindən anlayıb. Belə olan halda Nikolun ölkəsinin sülh gündəliyinə sadiqliyini və bu gündəmdən kənara çıxmayacağını dilə gətirməsi də inandırıcı görünmür.
Ə.CAHANGİROĞLU