- Daxili siyasət
- 09:37 20.09.2024
Nikol Paşinyan hökumətinin təşəbbüsü ilə Ermənistan–Azərbaycan şərti sərhədinə yerləşdirilmiş Avropa İttifaqının Mülki Missiyasından (EUMA) yeni xəbər var. Missiyanın “X” platformasındakı hesabında dünən edilən paylaşımda bildirilib ki, EUMA yanvarın 17-də sərhədyanı əraziyə 1500-cü patrulunu göndərib. Qeyd olunub ki, missiyaya yerdəki vəziyyəti müşahidə etmək və bunun əsasında hesabat hazırlamaq təlimatı verilib. EUMA-nın Ermənistanın Qafan, Gorus, Cermuk, Yexeqnadzor, Martuni və İcevan şəhərlərində yerləşən 6 əməliyyat bazasından patrul xidməti həyata keçirdiyi vurğulanıb.
Qeyd edək ki, EUMA 2023-cü il fevralın 20-də işə başlayıb. Missiya “mülki” adlandırılsa da, əslində ona yarımhərbiləşdirilmiş missiya demək daha doğru olardı. Onun tərkibində Qərbin 15 ölkəsindən, əsasən Almaniya və Fransadan olan keçmiş polis zabitlərinin çoxluq təşkil etməsi belə düşünməyə əsas verir. Missiyanın hansı məqsədlərə xidmət etdiyi indiyədək müəmmalı qalır. Qurumun fəaliyyətindən Azərbaycanla yanaşı, regionun digər ölkələri – Rusiya və İran da narazıdır. Hər iki ölkə Aİ missiyasının özlərinin əleyhinə fəaliyyət göstərdiyini, müşahidə həyata keçirdiyini və kəşfiyyat məlumatları topladığını iddia edir.
Avropa İttifaqı Şurasının bəyanatında isə deyilir ki, bu, yalnız Ermənistan ərazisində fəaliyyət göstərən və icra funksiyası olmayan neytral missiyadır.
Ümumiyyətlə, EUMA-nın Ermənistanda daimi əsaslarla yerləşdirilməsinin özünün maraqlı tarixçəsi var. 2022-ci il oktyabrın 6-da Çexiyanın paytaxtı Praqada Avropa Siyasi Birliyinin ilk Zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında görüş keçirilmişdi. Görüşdən sonra verilən bəyanatda bildirilirdi ki, Ermənistan Azərbaycanla sərhəddə Aİ-nin mülki missiyasının göndərilməsinə razılıq verib. Azərbaycan da bu missiya ilə əməkdaşlığa razılaşıb. Bəyanatda o da qeyd olunurdu ki, Aİ-nin missiyası oktyabr ayında gələcək və maksimum iki ay müddətində işləyəcək. Onun məqsədi etimad yaratmaq və hesabatları vasitəsilə sərhəd komissiyalarının işinə töhfə vermək olacaq. Əldə olunmuş razılaşmaya əsasən, vəziyyətin monitorinqi, təhlili və yerlərdə vəziyyətlə bağlı hesabatların təqdim edilməsi məqsədilə oktyabrın 20-də şərti sərhədin Ermənistan tərəfi boyunca Aİ-nin mülki missiyası yerləşdirildi.
Ancaq sonradan, yəni dekabrın 20-də rəsmi İrəvan missiyanın müddətinin qeyri-müəyyən müddətədək uzadılmasına dair birtərəfli qaydada qərar qəbul etdi. Beləliklə, EUMA 2023-cü ilin yanvarında sonradan uzadılma imkanı ilə 2 illik ilkin mandata malik olaraq Ermənistanda yerləşdi. Missiyada, təxminən, 103 Aİ əməkdaşının olacağı gözlənilirdi. 2023-cü il dekabrın 11-də isə Aİ Ermənistanda yerləşdirilən əməkdaşlarının sayının 209-a çatdırılacağını təsdiqlədi. EUMA-nın əsas vəzifəsi Ermənistanın Azərbaycanla sərhədinin bütün uzunluğunda, o cümlədən Naxçıvan eksklavı boyunca sərhəd patrullarının aparılmasıdır.
Bununla bağlı Prezident İlham Əliyev hələ 2023-cü il yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində fikirlərini açıqlamışdı. Dövlətimizin başçısı demişdi: “Praqa görüşünün bir məqamı da var idi. O, ümumi kontekstin bir qədər kənarında qaldı. Bu da Ermənistan ərazisinə, bizim sərhədyanı bölgələrə Avropa müşahidəçi missiyasının göndərilməsi idi. Bu məsələ də çox geniş müzakirə edilmişdir. Təkliflərdən biri o idi ki, o cümlədən Azərbaycan tərəfinə də bu missiya göndərilsin. Biz buna etiraz etdik. Ancaq Ermənistana bu missiyanın göndərilməsinə razılıq verdik. O vaxt da danışıldı və orada müzakirə olundu ki, bu missiya qısamüddətli, 40 nəfərdən ibarət olacaq və cəmi iki ay çəkəcək. Mən də bununla razılaşdım. Ancaq sonra nədənsə bu danışıq, yəni, bu razılaşma pozuldu. Bu, əlbəttə ki, çox məyusedici bir məqamdır. Çünki biz ciddi adamlarıq. Burada ciddi söhbətlər gedir. Biz nəyisə razılaşdırırıqsa, hətta şifahi olsa belə, buna əməl etməliyik. Necə ola bilər? Bir müddət sonra Avropa İttifaqının yüksək vəzifəli şəxsi demişdi ki, missiya uzadılacaq. Ondan sonra Fransanın xarici işlər naziri demişdi ki, biz missiyanı uzadacağıq. Əlbəttə, biz dərhal hərəkətə keçdik və izahat tələb etdik. Bu, nə məsələdir? Siz bunu necə uzadacaqsınız? Siz axı bu missiyanın göndərilməsini bizimlə razılaşdırmısınız. Nə üçün? Çünki bu, bizim sərhədimizin yanında olacaq. Necə ola bilər ki, bizimlə bu razılaşdırılmasın?
Dekabrın 19-da bu missiyanın müddəti başa çatmalı idi, siz də getməli idiniz öz yerlərinizə. Yəni, bu, bizi aldatmaq deməkdir. Biz bundan sonra sizinlə necə işləyək, necə müzakirə aparaq? Əgər siz bizi burada iki ay keçmədən belə xırda məsələdə, – yəni, əslində, o qədər də ciddi məsələ deyil, – aldadırsınız. Ondan sonra nə etdilər? Ondan sonra rəsmən dekabrın 19-da missiyanın fəaliyyətini dayandırdılar. Amma dekabrın 20-də yeni missiya göndərdilər. Bu da sadəcə olaraq, manipulyasiyadır. İndi yeni missiyanın nümayəndələri Ermənistandadır, orada yüksək vəzifəli şəxslərlə görüşlər keçirirlər. Bizdə olan məlumata görə, fevral ayında böyük heyətlə yenə də oraya göndəriləcəklər. Yenə də bizimlə razılaşdırılmadan”.
Missiyası Ermənistan və Azərbaycan arasında etimad yaradılması və sərhəd komissiyalarının işinə töhfə vermək olan EUMA-nın hansısa müsbət nəticə əldə etdiyini söyləmək çətindir. Əksinə, onun fəaliyyəti iki ölkə arasında etimadın yaradılmasına zərbə vurub. Prezident İlham Əliyevin qiymətləndirməsi də bu yöndədir.
Ümumiyyətlə, Qərbin əsas məqsədi Ermənistan və Azərbaycan arasında etimadın yaradılması və davamlı sülhün əldə edilməsi deyil. Qərbin heç zaman belə bir istəyi olmayıb. Qərb dünyasında Ermənistanı üç tərəfdən müsəlman ölkəsi ilə əhatə olunmuş Şərqdə “xristianlığın qalası” hesab edirlər. Onlar qeyd edirlər ki, Ermənistan dünyada xristianlığı dövlət dini kimi ilk dəfə (301-ci ildə) qəbul etmiş ölkədir və onu hərtərəfli dəstəkləmək lazımdır. Qərb hər zaman bu yanaşmanı əsas götürüb. Bundan əlavə, Ermənistanı Rusiyadan qoparmaq xətti də Qərbin əsas niyyətlərindən biridir. Bu yaxınlarda Rusiyanın federal dövlət xəbər agentliyində məlumatlı mənbəyə istinadən yerləşdirilmiş bir informasiyada da qeyd olunurdu ki, Almaniya Ermənistanı Qərbin anti-Rusiya siyasətinə sürükləməyə çalışır. Agentlik bildirirdi ki, Almaniya Rusiya sərhədçilərinin Ermənistandan tezliklə çıxarılmasında maraqlıdır. Berlin bu və digər anti-Rusiya addımlarının müqabilində İrəvana maliyyə yardımı təklif edir. Zənnimizcə, Ermənistanda yerləşdirilmiş Aİ missiyasına da bu nöqteyi-nəzərdən yanaşmaq lazımdır.
Onu da qeyd edək ki, qərbpərəst Paşinyan iqtidarı ona belə təkliflərin edilməsinə əsaslar verir. Azərbaycanın sen-tyabrın 19-20-də keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra Rusiyaya açıq demarşlar edən, oktyabrın 13-də MDB Dövlət Başçıları Şurasının iclasına, noyabrın 23-də isə KTMT-nin Minsk-də keçirilən sammitlərinə qatılmaqdan imtina edən Paşinyan ilin sonunda sanki fikrini dəyişərək dekabrın 25-də Avrasiya İqtisadi İttifaqının (Aİİ) Sankt-Peterburqda keçirilən iclasına, dekabrın 26-da isə həmin şəhərdə MDB dövlət başçılarının qeyri-rəsmi görüşünə qatıldı. Ancaq Paşinyan elə Aİİ-nin sammitində bəyan etdi ki, təşkilat iqtisadi birlikdir, onun siyasi və geosiyasi gündəmi olmamalıdır: “Biz bunu belə dərk etməyə və bu kontekstdə Avrasiya inteqrasiyasını siyasiləşdirmək cəhdlərinin qarşısını almağa çalışaraq, iqtisadi çərçivəsində əməkdaşlığı inkişaf etdirməyə davam edirik. Aİİ və onun iqtisadi prinsipləri siyasi ambisiyalarla əlaqələndirilməməlidir. Ticarət və inteqrasiyanın əsas azadlıqları siyasi mülahizələrə görə məhdudlaşdırıla bilməz, bu, mütləq birləşmənin fundamental prinsiplərinin korroziyasına gətirib çıxaracaq”.
2024-cü il yanvarın 1-dən Aİİ orqanlarına sədrliyi Rusiyadan təhvil alan Ermənistanın baş naziri yanvarın 16-da yenidən təşkilatın depolitizasiyası tezisini səsləndirib. Paşinyan Ermənistanın sədr-liyi ilə əlaqədar Aİİ ölkələrinin liderlərinə müraciətində qarşılıqlı iqtisadi fəaliyyətin prinsip və alətlərinə yenidən baxılmasının vacibliyini vurğulayıb. Qeyd edib ki, Aİİ-nin 10 illik fəaliyyətinin yekunları ilə əməkdaşlığın bütün sahələrində mühüm nəticələr əldə edilib: “Eyni zamanda, bir sıra strateji əhəmiyyət kəsb edən məsələlər qalır ki, onların həlli olmadan səmərəli vahid iqtisadi zonanın formalaşdırılmasını başa çatdırmaq mümkün deyil. Aİİ üzv dövlətləri yalnız səyləri birləşdirməklə, gələcək nəsillər üçün siyasi və geosiyasi dəyişikliklərlə bağlı olmayan daha sabit iqtisadi əməkdaşlıq modeli yarada biləcəklər”.
Göründüyü kimi, Ermənistanın MDB-də, Aİİ-də, KTMT-də üzvlüyü davam etsə də, onun əsas istiqaməti Qərbə doğrudur. Paşinyanın ölkəsinin sədrlik etdiyi təşkilatın siyasi gündəminin olmamasına açıq formada çalışması bunun göstəricisidir. Bu sürüşkən mövqe isə Qərbin rəsmi İrəvana müxtəlif təkliflər etməsinə rəvac verir. Aİ-nin Ermənistanda yerləşən yarımhərbiləşmiş missiyası da məhz həmin təkliflərdən birinin nəticəsi kimi meydana çıxıb və Cənubi Qafqazda pozucu elementə çevrilib.
Yeganə HACIYEVA,
politoloq
EUMA-nın fəaliyyəti və onun ətrafında baş verənlər Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Komissarlığı tərəfindən Azərbaycana qarşı aparılan aqressiv diplomatiyanın bir elementidir. Məsələ ondadır ki, Aİ komissarı Azərbaycan ərazilərinin işğal altında qaldığı 30 il ərzində bir dəfə də olsun sərhədlərin toxunulmazlığına dair fikir səsləndirməyib. Amma hazırkı dövrdə Aİ, daha doğrusu Fransa regiona yerləşmək üçün sərhəddə gərginliyin olduğu görüntüsünü yaratmağa çalışır. Bu, uzunmüddətli plandır. Xatırladım ki, bütün bunların fonunda Senat Fransa hökumətini “Laçın dəhlizinin statusu”nun bərpa olunması üçün Ermənistana qoşun yeritməyə, ölkəmizə qarşı sanksiyaların tətbiqinə çağırmışdı. Yəni, bütün bunlara eyni prizmadan yanaşmaq lazımdır. Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Komissarlığının sözçüsü görüntü yaradır, Fransa Senatı ordunun yerləşməsinə çağırır, daxildə isə bizi Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko zəif salmaq istəyir. Yəni, ölkəmizə qarşı ümumi oyun gedir. EUMA da həmin oyunun tərkib hissəsidir.
Səxavət HƏMİD