- Daxili siyasət
- 09:37 20.09.2024
Ötən əsrin 80-ci illərinin sonunda Qarabağda qanlı etnik təmizləmə siyasətinə başlayan ermənilər həmin vaxt Azərbaycanda mərkəzi hakimiyyətin zəifliyindən istifadə edərək istədiklərinə çatdılar. Onlar keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindən azərbaycanlı əhalini zorla çıxardılar. Bu, az imiş kimi, ölkəmizin DQMV-yə heç bir aidiyyəti olmayan 7 rayonunu (Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, Kəlbəcər və Laçın) işğal etdilər.
Ölkəmiz bir milyon qaçqın və məcburi köçkünlə üzləşdi. Ancaq haqq nazilsə də, üzülmədi. Azərbaycan iqtisadiyyatını, ordusunu gücləndirdi, gənc nəsil yüksək vətənpərvərlik ruhunda tərbiyə edildi. Bütün bunlar isə 2020-ci ildə 44 günlük Vətən müharibəsində qalib gəlməyimizdə mühüm rol oynadı.
Müharibə nəticəsində Qarabağ və Şərqi Zəngəzurun işğal altında olan 13 min kvadratkilometrlik ərazisindən 10 min kvadratkilometri azad olundu. Xankəndi şəhəri, Xocalı, Ağdərə rayonları, Xocavənd rayonunun mərkəzi separatçıların nəzarəti altında qaldı. Əlbəttə, strateji əhəmiyyətə malik Şuşanın azad olunmasından sonra Xankəndiyə çatmaq bir neçə saatlıq iş idi. Ancaq mülki əhalinin, əsasən, Xankəndidə və yuxarıda adları qeyd olunan digər rayonlarda yaşamasını, hərbi əməliyyatlar zamanı onların ziyan çəkə biləcəyini nəzərə alan Azərbaycanın hərbi-siyasi rəhbərliyi məsələnin dinc yolla nizamlanmasını qərara aldı.
Dinc yolun nədən ibarət olduğu isə Azərbaycanın rəsmi şəxslərinin çıxışlarında dəfələrlə səsləndi, Xarici İşlər Nazirliyinin çoxsaylı bəyanatlarında əksini tapdı. Bu istiqamətdə sonuncu dəfə 2023-cü il mayın 28-də Laçın şəhərinə qayıdan əhali ilə görüşdə çıxış edən Prezident İlham Əliyev dedi: “İki il yarım ərzində bütün planlarımız ardıcıllıqla, tədricən həyata keçdi və biz öz planlarımızın son addımlığındayıq, o addım da atılacaq və buna mən şübhə etmirəm. Buradan - uzun illər istismar etdikləri, qanunsuz məskunlaşdıqları Laçın diyarından onlara bir daha deyirəm ki, sizin kitabınız bağlandı. “Miatsum” kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi. Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı göndərmişik lazım olan yerə. Ona görə, yeganə yol qalıb – Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal, normal vətəndaşı olmaq, öz dıqnaqarası saxta dövlət atributlarını zibil yeşiyinə atmaq, “parlament”i buraxmaq”.
Prezident qeyd etdi ki, biz, sadəcə olaraq, dözüm göstəririk. Halbuki hər kəs yaxşı bilir ki, bu gün o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Buna görə “parlament” buraxılmalı, özünü “prezident” adlandıran ünsür təslim olmalı, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər.
Separatçı rejim bu çağırışlardan lazımı nəticəni çıxarmadı. Qarabağdakı hayların reinteqrasiyasına imkan vermədi, əvvəlki təxribatlarını davam etdirdi. Bununla da onlar lokal xarakterli antiterror tədbirlərinin keçirilməsi üçün münbit zəmin yaratdılar. Nəticədə separatçı rejim bir neçə saat ərzində ağ bayraq qaldıraraq təslim oldu. Qarabağ erməniləri isə rejimin fitnəsinə uyaraq guya azərbaycanlıların qisas alacağı düşüncəsi ilə yaşayış yerlərini tərk edərək, Ermənistana köçdülər. Onlar hazırda “ana vətən”də acınacaqlı, miskin durumdadırlar. Qarabağ erməniləri hazırda Ermənistanda həm sosial-iqtisadi problemlər məngənəsindədirlər, həm də yerli haylarla münasibətləri yumşaq desək, ürəkaçan deyil.
Mövzu ilə bağlı “Azadlıq” radiosuna danışan jurnalist Yuri Manvenlyan deyib ki, Qarabağdan gedənlərə İrəvanda isti qucaq açanlar da, barmaqarası baxıb “sizə görə balalarımız müharibədə qırıldı” deyənlər də var. O qeyd edib ki, Qarabağdan köçənlərin Ermənistan cəmiyyətinə qaynayıb-qarışmaq problemi mövcuddur: “Bəzən küçədə qarabağlıların ünvanına “gəldiniz, torpağınızı (?) qorumadınız” kimi sözlər deyildiyini eşidirəm. Onları keçmiş qarabağlı rəhbərlərə – Robert Koçaryana və Serj Sarkisyana bağlayanlar da var. Bu şəxslərin adı isə korrupsiya və cinayətlərlə assosiasiya olunur”.
Qarabağ erməniləri ilə bağlı digər xəbər onların bugünlərdə İrəvanda keçirdikləri aksiya ilə bağlıdır. Aksiya iştirakçıları iddia edirlər ki, onların günü-gündən artan problemləri ilə heç kəs maraqlanmır və hökumət tərəfindən onlara ayrılan yardımlar, müavinətlər yerli icra orqanlarının məmurları tərəfindən mənimsənilir. Etirazlarını bildirdikdə isə “sizi məcbur edib çağıran yox idi, qayıdın gedin öz xarabanıza” cavabı ilə üzləşirlər. Etirazçılar deyirlər ki, onların güzəranı yaxşılaşmayanadək aksiyaları davam etdirəcəklər: “Biz Qarabağdan çıxanda bizə söz verdilər ki, bütün problemlərimiz həll olunacaq, yeni mənzillərlə təmin olunacağıq. Övladlarımızın təhsil problemləri olmayacaq. Ancaq indi bizimlə maraqlanan yoxdur. Gümrü şəhərinin ən ucqar rayonunda, şəraitsiz bir binada yerləşdirilmişik. Övladlarımız məktəb üzü görmür. Bütün bunlar isə hökumət üzvlərini maraqlandırmır”. Etirazçılar onlara ayrılan müavinətlərin ödənilməməsindən də şikayət ediblər.
Bu arada Ermənistan mediası Qarabağdan gedən ailələrin Hayastanı kütləvi şəkildə tərk etdiyini yazır. Onların sayının 15 minə yaxın olduğu bildirilir. Ermənistanı tərk edənlər daha çox Rusiyaya getməyə üstünlük verirlər. Qeyd edək ki, hələ oktyabr ayında baş nazir Nikol Paşinyan Qarabağ ermənilərinin bir hissəsinin Ermənistandan getdiyini etiraf etmişdi. Paşinyan demişdi ki, onların müvəqqəti getdiklərinə və geri qayıdacaqlarına ümid edir.
Siyasi şərhçi Riçard Kirakosyan deyib ki, gedənlərin bir qismi Rusiyaya, digər qismi Avropaya üz tutur. O, qeyd edib ki, hökumətin Qarabağ ermənilərinin uşaqlarını orta məktəblərə yerləşdirmək, səhiyyə xidməti göstərmək, müavinət və pensiyaları vaxtı-vaxtında vermək kimi problemləri yaranıb.
“Kavkazski uzel” dərgisi Qarabağ ermənilərinin oktyabr ayında sosial tələblərlə keçirdiyi aksiya ilə bağlı yaydığı süjetdə aksiya iştirakçıları qeyd edirdilər ki, hökumətin verdiyi yardım kirayə haqqına çatmır. 7-8 nəfər bir otaqda yaşamalı olur, qeyri-müəyyən durumdadırlar. Riçard Kirakosyan isə deyib ki, hər bir xərc büdcə üçün yükdür: “Bu, Ermənistan hökuməti üçün ciddi çətinlikdir. Rusiyadan Ukrayna ilə müharibə səbəbindən çoxlu ruslar, Suriyadan ermənilər gəlib. İndi Ermənistanda yüzminlərlə insan sosial yardım, mənzil, iş istəyir. Ermənistan hökuməti ciddi çağırış qarşısında qalıb. Bununla belə müsbət cəhətlər də var. Birincisi bütün Qarabağ erməniləri İrəvana toplanmadı, bölgələrə paylandı, paytaxt yüklənmədi. İkincisi isə Ermənistan hökuməti Rusiya və Suriyadan gələnləri yerləşdirərkən müəyyən təcrübə əldə etmişdi”.
Mövzu üzrə “XQ”yə açıqlama verən “Qafqaz tarixi” Mərkəzinin rəhbəri, siyasi şərhçi Rizvan Hüseynov dedi ki, erməni xalqı öz tarixi ərzində dəfələrlə indikinə bənzər hallarla üzləşib. Onun sözlərinə görə, yazılan yalançı tarix həm onların öz başlarına bəladır, həm də qonşu xalqlara problem yaradır: “Onların “böyük Ermənistan” adlı uydurma tarixi konsepsiyası var. Belə nağıllarla hayları sanki “qurbanlıq qoyun” kimi hazırlayıblar. Onu hazırlayanlar isə XVII-XIX əsrlərdə Avropa siyasi və dini mərkəzləri, sonra isə çar Rusiyası və ABŞ olub. Onlar yalançı erməni tarixi konsepsiyasını yaradan və onu tədris edənlərdir. Məqsəd onlardan bölgədəki müsəlman-türk toplumuna qarşı istifadə etməkdir. Onlar həmin siyasət nəticəsində dəfələrlə acı tale yaşayıblar. Haylar XIX əsrin sonları XX əsrin əvvəllərində Osmanlı dövlətinə qarşı terror dalğasını başladılar. Avropa və Rusiya onlardan istifadə etdi və Birinci dünya müharibəsindən sonra xərclədi. Nəticə etibarilə haylar 1915-ci ildə Türkiyədən qaçmağa məcbur oldular. Bir qismi İrəvana və Qarabağ ərazisinə gəldi. Yalançı daşnak millətçi ideyasının arxasınca getdilər. Hətta bu ideyanın arxasınca getməyən mülki əhali də qaçmağa məcbur oldu”.
Ekspert bildirdi ki, həmin məsələ Cənubi Qafqazda da təkrarlanıb. Belə ki, sovet dövründə yenə də haylara yalançı millətçi ideologiya tədris edilib: “Bu dəfə hədəf Qarabağ erməniləri idi və onların beyinləri, necə deyərlər, yuyulurdu. SSRİ-nin dağılması ərəfəsində Qarabağ ermənilərindən istifadə olundu. Qarabağ münaqişəsinin arxasında dayanan da elə erməni kilsəsi, diasporu və millətçiləri idi. Onlar Qarabağ ermənilərini yem kimi qabağa verdilər, onlar Azərbaycan torpaqlarını işğal etdilər. Amma yenə də acı sonluqla üzləşdilər. Həmin faciəvi sonluq 2020-2023-cü illərdə baş verdi. Cəzalarını aldılar. Nəticədə mülki əhali də köç etməyə məcbur oldu”.
Müsahibimiz qeyd etdi ki, bu, həmin xalqın taleyidir. Onlar yalançı tarixi konsepsiyadan qurtulmadıqca, eyni hal yenə də təkrar olunacaq: “Bəlkə də gələcəkdə Qarabağ erməniləri, yaxud başqa ermənilər Rusiya ərazisində acı tale yaşayacaqlar. Orada məskunlaşıb, məsələn, zəifləyən dövründə Rusiyanın cənubuna iddia edəcəklər. Bəlkə də nəsə əldə edəcəklər. Bir müddət sonra Rusiya güclənəndə yenə “qurbanlıq” kimi erməniləri rusların əlinə verəcəklər. Ruslar da hayları məğlub edəcəklər. Necə ki, vaxtilə Osmanlı dövləti, indi isə Azərbaycan Respublikası bunu etdi”.
Rizvan Hüseynov dedi ki, ermənilər yalançı tarix konsepsiyasının əsiridirlər. Hayların bundan azad olmaları isə bizim işimiz deyil. Gərək, erməni ziyalıları bu barədə fikirləşsinlər, yoxsa ermənilər gələcəkdə də 2023-cü ildəkinə bənzər tale ilə üzləşəcəklər.
Səxavət HƏMİD