- Daxili siyasət
- 09:37 20.09.2024
Müstəqil Dövlətlər Birliyi dövlət başçılarının dekabrın 26-da Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən qeyri-rəsmi görüşündə baş nazir Nikol Paşinyanın iştirakı Ermənistan daxilində yeni müzakirələrə yol açıb. Bəzi erməni siyasi ekspertlər, politoloqlar N.Paşinyanın görüşdə iştirakını lokal xarakterli antiterror tədbirlərindən ötən üç ay ərzində İrəvanın Rusiya ilə bağlı yürütdüyü “boykot siyasəti”nin başa çatmasının nümunəsi kimi qiymətləndirərək onu tənqid ediblər.
Paşinyanı tənqid edənlər, əsasən, Qərbmeyilli şəxslərdir. Onlar Rusiya və Ermənistanın münasibətlərinin pisləşməsində maraqlıdırlar. Bütün fəaliyyətləri də buna köklənib. Doğrudur, Paşinyan özü də həmin düşərgənin təmsilçisidir. Onu “Sorosun yetirməsi” adlandıranlar haqsız deyillər.
Paşinyan hökumətinin əksər üzvləri qərbpərəstlərdən təşkil olunub. Xarici işlər naziri Ararat Mirzoyan vaxtilə əlinə plakat götürərək Rusiya əleyhinə keçirilən aksiyada ön sırada addımlayırdı. Parlamentin sədri Alen Simonyan da onların fəal nümayəndəsidir. Ancaq müxalifətçilik edərkən Rusiya ilə bağlı müxtəlif tənqidi fikirlər söyləyənlər 2018-ci ildə hakimiyyətə gəldikdən sonra Ermənistanın böyük ölçüdə asılı olduğu dövlətlə bağlı mövqelərində korrektələr etməli oldular.
Azərbaycanın lokal xarakterli antiterror tədbirlərinə Rusiyanın münasibətindən narazı qalan Paşinyan Moskvaya qarşı çıxmağa cəhdlər etdi. Nikol oktyabrın 13-də Bişkekdə MDB Dövlət Başçıları Şurasının iclasına, noyabrın 23-də isə KTMT dövlət başçılarının Zirvə görüşü hesab olunan Kollektiv Təhlükəsizlik Şurasının sessiyasına qatılmadı. Ancaq qeyd etdiyimiz kimi, Ermənistanın asılı olduğu Rusiya qarşısında duruş gətirə bilməyəcəyi aydın idi. Yuxarı Lars sərhəd nəzarət-buraxılış məntəqəsində Ermənistana məxsus yük avtomobillərinin Rusiyaya daxil olması ilə bağlı problemin yaşanması heç də təsadüfi deyildi. Bütün bunlar rəsmi İrəvanı geri çəkilməyə məcbur etdi. Əslində, Ermənistanın dövlətçilik maraqları da bunu tələb edirdi.
Ermənistanın dövlətçilik maraqları həm də Azərbaycanla sülh sazişinin imzalanmasını tələb edir. Regionda davamlı sülhün əldə olunmasından, nəqliyyat kommunikasiyalarının açılmasından yararlanan həm də Ermənistan olacaq. İrəvanda bunu yaxşı anlayırlar. Hər halda, Ermənistan baş nazirinin kommunikasiyaların açılmasını nəzərdə tutan “Sülhün kəsişməsi” layihəsi ilə çıxış etməsi bundan xəbər verir. Ancaq İrəvanda danışdıqları sözün məsuliyyətini anlamayan bəzi siyasətbazlar N.Paşinyana qarşı çıxır, sülh sazişinin imzalanması prosesinə hər vasitə ilə, necə deyərlər, pəl vurmağa çalışırlar. Onların bununla əlində alətə çevrildikləri Qərb dairələrinin sifarişlərini icra etdikləri sirr deyil. Məqsəd sülh prosesinə mane olmaq, sazişin imzalanmasını ləngitmək, bununla da özünü, erməni xalqının canıyananı kimi göstərən Fransanın timsalında Qərbdən olan aktorların geosiyasi maraqlarına xidmət etməkdir.
Belələrindən biri sabiq prezident Levon Ter-Petrosyanın qurucusu və lideri olduğu Erməni Milli Konqresi adlanan siyasi partiyanın sədr müavini Levon Zurabyandır. O, bugünlərdə verdiyi müsahibə zamanı deyib: “Paşinyan əmin idi ki, Qərb Azərbaycanı Ermənistan üçün əlverişli şərtlərlə sülh müqaviləsi imzalamağa məcbur edə bilər. O, əvvəldən bilirdi ki, əks-təqdirdə Qarabağdan imtina etməli olacaq. Yəni, Paşinyan Qarabağdan imtina edir, bunun nəticəsində Rusiyanın Ermənistanda mövqeyi zəifləyir və nüfuzu kəskin şəkildə aşağı düşür, buna cavab olaraq Qərb İrəvana dəstək verir. Qərb isə Paşinyana yalnız siyasi-diplomatik dəstək verdi, planın həyata keçirilməsinə gəldikdə məlum oldu ki, Qərbin çox ciddi məhdudiyyətləri və sərhədi var. Beləliklə, Paşinyan Qərbin Azərbaycana təsir edə biləcəyi düşüncəsinə dalaraq, birtərəfli qaydada Qarabağı qurban verdi”.
Zurabyan əlavə edib ki, Paşinyan Qərbin Ukrayna məsələsində olduğu kimi, Qarabağ məsələsində də birləşəcəyi və Rusiyanı diz çökdürəcəyi təbliğatına inanıb: “Buna inanaraq, o, Qərbə arxalandı, Rusiyanı zəif, geri çəkilən biri kimi qəbul etdi. Sonra reallıqla təbliğatın düz mütənasib gəlmədiyi aşkar olanda, Rusiyanın hələ diz çökmədiyini, əksinə, təşəbbüsü öz əlinə aldığını anlayanda vəziyyəti düzəltməyə çalışır. Onun dekabrın 26-da Sankt-Peterburqa gedişi də bunun göstəricisidir. Bu gün artıq əksər siyasi mərkəzlər Ukraynanın məğlubiyyətinin qaçılmaz olduğundan danışırlar”.
Erməni siyasi şərhçi Ruben Markaryan isə deyib: “Gözlənildiyi kimi, Paşinyan Putinin yanına qonaq getdi. Əvvəlcə, Avrasiya İqtisadi İttifaqının Zirvə görüşü başladı və Nikol “Aİİ iqtisadi birlikdir, onun siyasi və geosiyasi gündəmi olmamalıdır” dedi. O, bunu Qərb tərəfdaşlarının yanında özünə bəraət qazandırmaq üçün etdi. Avrasiya İqtisadi İttifaqının sammitindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin iştirak etdiyi MDB dövlət başçılarının qeyri-rəsmi görüşü başladı. Prezident İlham Əliyevi zəfər qazanmış dövlət başçısı kimi mehribanlıqla qarşıladılar. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Bakıya son səfəri zamanı Prezident İlham Əliyevi Azərbaycanın ərazi bütövlüyünün bərpası münasibətilə təbrik etmişdi. Nə yaxşı ki, liderlər bunu Paşinyanın yanında etməyə başlamadılar”.
Göründüyü kimi, N.Paşinyanın Sankt-Peterburqa getməklə, guya, Rusiyaya əyildiyini iddia edən təkcə müxalifətdəki Milli Konqres Partiyası deyil, digər siyasi qüvvələrdən də oxşar fikirlər səsləndirilir. Onlar Nikolu siyasi səbatsızlıqda, qətiyyətsizlikdə və Hayastanın maraqlarını qurban verməkdə ittiham etməkdən çəkinmirlər. Halbuki, Ermənistan daxilində bu cür düşünən müxtəlif siyasi qüvvələr Azərbaycanla sülh sazişinin imzalanmasına imkan verməməklə, əslində, öz ölkələrinin milli maraqlarına çıxmış olurlar.
Paşinyanın son siyasi gedişlərinə rusiyalı ekspertlər də münasibət bildiriblər. Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markovun fikrincə, Paşinyan Sankt-Peterburqa gəlməklə Qərbə Ermənistanın hələ tam Qərbin olmadığını göstərmək istəyib: “Ermənistan mətbuatı yazır ki, Putin Paşinyandan münasibətlərin gərginləşməsinə aydınlıq gətirməsini istəyib. Düşünürəm ki, Putin münasibətlərin pisləşməsinin səbəblərini yaxşı bilir. Bu səbəblər Ermənistanın Rusiyadan Azərbaycanla münaqişədə onun tərəfini tutmasını tələb etməsi və Paşinyanın Rusiyadan üz çevirərək Qərbə – Moskvanın düşmənləri olan Fransa və ABŞ-a doğru getməsi ilə bağlıdır. Paşinyan bunu çoxdan arzulayırdı. Məncə, əslində, bu sammitdə Putin Paşinyanın Rusiyadan nə qədər uzağa getməyə hazır olduğunu öyrənmək istəyib. Paşinyan isə Ermənistanın bu addımı atacağı təqdirdə, Rusiyanın ona nə qədər sərt cavab verə biləcəyini dəqiqləşdirmək istəyir. Lakin hələ ki, Paşinyanın nə etmək istədiyi tam anlaşılan deyil. Ya da ki, o, bu yolla Rusiyanı şantaj etmək istəyir. Digər tərəfdən də Paşinyan Sankt-Peterburqa gəlməklə Qərbə göstərmək istəyir ki, Ermənistan hələ tam Qərbin deyil. Bunun baş verməsi üçün Qərb çox çalışmalı, Ermənistanı daha çox dəstəkləməlidir”.
Sankt-Peterburqda fəaliyyət göstərən Müasir Dövlət İnkişafı İnstitutunun direktoru, siyasi texnoloq Dmitri Solonnikov isə hesab edir ki, MDB sammitindən sonra Ermənistanın Qərbyönümlü siyasi kursu dəyişməyəcək: “Paşinyan hesab edir ki, Ermənistanın Avrasiya inteqrasiya prosesində iştirakı siyasi və ya geosiyasi yox, iqtisadi faktordur. Bu, təbii ki, onun düşüncəsidir. O ki qaldı, Paşinyanın sammit çərçivəsində Azərbaycan və Rusiya prezidentləri ilə ayrı-ayrılıqda təmaslarına, bu, müsbət haldır. Anlaşılandır ki, Ermənistanın son zamanlar nümayiş etdirdiyi davranışlar postsovet məkanında inteqrasiya prosesinin bir çox iştirakçılarını narahat edirdi. Ona görə də liderlərin şəxsi təmasları bu cəhətdən çox vacib idi. Lakin bu təmaslarla bağlı hansısa sensasiyalı bəyanatı gözləməyə dəyməz”.
Rusiyalı ekspertlərin fikrincə, MDB sammitindən sonra da İrəvanın Avropa İttifaqı və ABŞ-la yaxınlaşması prosesi dayanmayacaq. Bununla belə, Rusiyada hesab edirlər ki, Ermənistan MDB və Avrasiya məkanındakı mövcud əməkdaşlıqların verdiyi iqtisadi üstünlüklərdən sona qədər yararlanmağa çalışacaq. Çünki rəsmi İrəvan Qərbin ona vəd etdiyi iqtisadi imkanların Ermənistanı rifah bəxş edəcəyinə hələ inanmır.
İlyas HÜSEYNOV,
politoloq
– Ermənistanın bəzi siyasi partiyalarının və ekspertlərinin Paşinyanın MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirakına reaksiyası anlaşılan deyil. Onlar doğru-dürüst şərhlər vermək əvəzinə, müxtəlif siyasi qüvvələrin maraqlarının xidmətçisinə çevrildiklərini nümayiş etdirirlər. Proseslərin əsas mahiyyətini bir kənara qoyaraq diqqəti ikinci, üçüncü dərəcəli məsələlərə yönəldirlər. Belə məsələlərdən biri Ermənistan baş nazirinin Sankt-Peterburqda Azərbaycan Prezidenti ilə ayaqüstü təmasıdır. Bu, normal etiket qaydasıdır. Əgər yaxın vaxtlara qədər iki ölkəni bir-birindən ayıran problem, yəni ərazi münaqişəsi mövcud deyilsə, Azərbaycan və Ermənistan rəhbərləri niyə əl verib görüşməsinlər?!
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun da dediyi kimi, Azərbaycan və Ermənistan artıq bir-birinə qarşı duran tərəf deyillər. Hər iki ölkə sülh danışıqlarını yekunlaşdırmağa, ortaq sənədə, sülh müqaviləsi bağlamağa tam hazır olduqlarını bəyan ediblər.
Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan da təsdiqləyib ki, Paşinyan və İlham Əliyev sülh müqaviləsi məsələsini tədbirdə vasitəçisiz müzakirə ediblər. Bu mənada düşünürəm ki, Ermənistanda müxtəlif siyasi qüvvələr və ekspertlər prosesə mane olmağa çalışsalar da uğursuzluğa düçar olacaqlar.
Səxavət HƏMİD