- Daxili siyasət
- 09:37 20.09.2024
Rəsmi Parisin son günlər Bakının ünvanına üfürdüyü və Yeliseydən əsən küləyin yaydığı xoşagəlməz “diplomatik hava” iki ölkə arasında siyasi atmosferi kifayət qədər ağırlaşdırıb. Emmanuel Makron administrasiyasının yarıtmaz xarisi siyasəti nəticəsində ikitərəfli münasibətlər, faktiki olaraq, diplomatik savaş həddinə çatıb.
Azərbaycanın Parisdəki səfirliyinin iki əməkdaşı Bakının fransalı diplomatlara qarşı oxşar hərəkətinə cavab olaraq “persona non-grata” (arzuolunmaz şəxs) elan edilib. Bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, rəsmi Paris Fransanın Azərbaycandakı səfirliyinin diplomatik heyətinin iki əməkdaşını “persona non-grata” elan etməsi ilə bağlı qərarını nəzərə alıb. Yelisey sarayı Azərbaycanın öz qərarını əsaslandırdığı iddiaları qəti şəkildə rədd edib. Fransa buna cavab tədbiri olaraq Azərbaycanın Fransadakı səfirliyinin iki əməkdaşını “persona non-grata” elan edib.
“Fransanın Azərbaycandakı səfirliyinin iki diplomatik statusa malik əməkdaşını “persona non-grata” elan edilməzdən əvvəl Fransa səfirliyinə nota göndərilib və məsələlərin araşdırılması zərurəti vurğulanıb”. Bu sözləri Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov dünən ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib. Nazir bildirib ki, Fransa tərəfi günahsız olduğuna əmin idisə, araşdırma apara bilərdi: “Amma onlar buna getmədilər. Səfir XİN-ə dəvət olundu, etirazımız ona bildirildi”.
C.Bayramov onu da nəzərə çatdırıb ki, ortaya heç bir əsas qoymayan rəsmi Paris tərəfindən səfir Leyla Abdullayeva Fransa XİN-ə çağırılıb və iki Azərbaycan diplomatı ilə bağlı qərar ona təqdim olunub: “Ancaq bizim atdığımız diplomatik addmla Fransanın addımı arasında böyük fərq var. Biz sübutlarla danışdıq”.
Xatırladaq ki, dekabrın 26-da Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb. Xanım Anna Fransa səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərinə görə ciddi etiraz bildirilib və onların Azərbaycan hökuməti tərəfindən “persona non-grata” elan olunduğu səfirin diqqətinə çatdırılıb. Həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib və XİN-in müvafiq etiraz notası Fransa səfirinə təqdim olunub.
Əvvəlcə Afrikada, ardınca Okeaniyada mövqelərini itirməkdə olan, Cənubi Qafqazda isə maraqlarını təmin etmək imkanı tükənən rəsmi Paris, deyəsən, Azərbaycanın gücünü və əhəmiyyətini doğru qiymətləndirmir. Əslində, o, bununla özünü daha çıxılmaz vəziyyətə salacağının fərqinə varmalı, Bakı ilə siyasi davranışında diplomatik etiketə riayət etməlidir. Emmanuel Makron iqtidarı indi onun qarşısında sülhə vasitəçilik adı altında on illərlə saymazcasına davrandığı 90-cı illərin zəif və köməksiz Azərbaycanın deyil, artıq bölgədə söz sahibinə çevrilən, həmin “qoca qitə”nin böyük güclərinin yaxından əməkdaşlıq etdiyi və faydasını gördüyü Azərbaycanın dayandığını anlamalıdır. İkitərəfli münasibətlərin normal məcrada saxlanması Bakıdan daha çox Yelisey rejiminin xeyrinədir.
Bu günlərdə Britaniyanın “Financial Times” nəşri Fransa prezidenti Emmanuel Makronun hakimiyyətinin zəifləmə səbəblərinə həsr olunmuş analitik məqalə dərc edib. Kifayət qədər maraqlı tezis və fikirlərin yer aldığı məqalədə bu ölkədə vəziyyətin gərgin, Makronun isə bunun qarşısını almaq iqtidarında olmadığı vurğulanır.
Nissa Universitetinin professoru Vinsent Martini apardığı fərdi araşdırmaların yekununda bu qənaətə gəlib ki, Makronun ölkəni idaəretmə üsulu özünü tükəndirib və o, parlamentin və əhalinin istəyinə qətiyyən uyğun gəlmir.
Professor müqayisə aparır: “Təsəvvür edək ki, indi 2027-ci ilin baharıdır. Yelisey sarayının həyətində uzun, qırmızı xalça sərilib. Prezident səlahiyyətlərinin təhvil verilməsi ilə bağlı təntənəli mərasim keçirilir. Ultrasağçı populist siyasətçi və Makronun rəqibi Marin Le Pen seçkilərdə qalib gəlib. Bu, Fransa üçün “siyasi zəlzələyə” bərabər hadisə sayıla bilərdi. Amma artıq bu perspektiv heç kəsə qeyri-real, uydurma kimi görünmür”.
Yəni, fransız professor demək istəyir ki, Makronun prezidentliyi dövründə ölkənin siyasi həyatında yaşanan kataklizmlər vətəndaşları hətta belə pessimist gələcəyə də normal yanaşmasına səbəb olub.
* * *
“Azərbaycanın Fransadakı səfirliyinin iki əməkdaşının rəsmi Paris tərəfindən “persona non-grata” elan olunması ucuz qisasçılıq məqsədi daşıyır və bu fakt üzrə digər hər hansı izahat yolverilməzdir”. Bu sözləri Fransanın məlum diplomatik “jestini” şərh edərkən Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
B.Məhərrəmov hesab edir ki, Fransanın Bakıdakı səfirliyinin himayəsi altında fəaliyyət göstərən agentura şəbəkəsinin məhz Azərbaycan xüsusi xidmət orqanları tərəfindən çökdürülməsi bu ölkənin 30 illik işğala və separatizmə dəstəyi fonunda regionda etimadını itirməsi deməkdir: “Rəsmi Parisin başlatdığı “soyuq müharibə”də Bakıya rüsvayçı formada məğlub olub. Vətən müharibəsində və antiterror tədbirlərində hərb meydanında itirilən mövqelərin ardınca istər BMT Təhlükəsizlik Şurası, istər digər platformalarda anti-Azərbaycan cəhdlərinin puça çıxmasından sonra da çirkin əməllərindən əl çəkməyən Fransanın ölkəmizdəki səfirliyinin 2 əməkdaşı məhz pozuculuq fəaliyyətinə, daha dəqiqi, diplomatik statusa uyğun olmayan və “Diplomatik Əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən konkret əməllərinə görə Azərbaycan tərəfindən “arzuolunmaz şəxslər” elan edilərək ölkədən qovulub.
Casus diplomatların fəaliyyəti ilə bağlı Azərbaycanın əlində təkzibedilməz dəlillərin olduğunu nəzərə çatdıran deputat soruşur: “Bəs Fransanın əlində hansı faktlar var? Əgər Azərbaycanın Fransadakı səfirliyinin əməkdaşlarının əməllərində Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən pozuntu əlamətləri olsaydı, Paris bunu çoxdan aləmə car çəkərdi. Bu mənada, Fransanın cari həmləsi cavab xatirinə atılan ucuz qisasçılıq addımıdır. Paris beynəlxalq hüquqla daban-dabana zidd olan davranışlarından doğan çoxsaylı problemlərin mövcud olduğu ikitərəfli münasibətləri daha da gərginləşdirir. Biz, təbii ki, mövcud situasiyadan məmnun deyilik, lakin Fransa ilə münasibətlərin bu həddə çatması bizim seçimimiz deyil”.
* * *
Bəli, Bakı ölkələrarası münasibətlərin indiki durumunu arzulamazdı. Fəqət Azərbaycan Fransanın çeşidli beynəlxalq platformalarda ermənipərəst, yəni ədalətsiz və ikiüzlü siyasətinə çox dözməli oldu. Bəlkə Makron administrasiyası indi də davam etdirdiyi anti-Azərbaycan avantürası ilə özünüifşaya doğru gedir.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyevin qənaətinə görə, sentyabr ayında keçirilən antiterror tədbirlərindən sonra Fransa, Avropanın digər ölkələri Azərbaycana ikili standartlarla yanaşırlar: “Fransa Azərbaycana qarşı diplomatik müharibə aparır. Paris əvvəlcə BMT Təhlükəsizlik Şurası çərçivəsində Azərbaycana qarşı təklif irəli sürdü və uğursuz oldu. Məndə olan məlumata görə, bu ilin payız aylarında bu məsələni yenidən qaldırmaq istəyir”.
F.Şəfiyev deyib ki, Bakı ilə Paris arasında müəyyən əlaqələr mövcuddur. Mərkəz rəhbəri bəzi fransız siyasiləri ölkə rəhbərliyinin Azərbaycanla bağlı mövqeyini dəstəkləmir: “Belə getsə, Fransa ilə münasibətlərdə heç bir müsbət irəliləyiş olmayacaq. Amma, Azərbaycan və Qərbin münasibətləri hər iki tərəf üçün faydalıdır. Bununla belə, ortada keçilməz qırmızı xətlər var. Yəni, hər kəs dərk etməlidir ki, ərazi bütövlüyü, suverenlik heç vaxt Azərbaycanın kompromis predmeti ola bilməz. Bizim Fransa ilə normal iqtisadi-ticari əlaqələrimiz var, amma siyasi və diplomatik müstəvidə gərginlik yaradan məhz Parisin özüdür. Həm də bu ölkənin Ermənistanla hərbi-texniki əməkdaşlığı bizi narahat edir. Əgər Fransa Ermənistanı silahlandırırsa, bunu kimə qarşı edir?!”.
Əlbəttə ki, tanınmış politoloqun dilə gətirdiyi ritorik sualdır. Makron Fransası Ermənistanı məhz Azərbaycana qarşı silahlandırdığını heç gizlətmir də.
Evian-Le Ba şəhər merinin ermənipərəst qərarı
Bu, artıq Yelisey sarayının Bakıya qarşı genişmiqyaslı, total “diplomatik savaşa” başlamasının təzahürüdür. Artıq savaş iki ölkə arasında humanitar sahəni də əhatə etməkdədir. İsmayıllı Rayon İcra Hakimiyyəti maraqlı bəyanat yayıb. Bəyanatda deyilir ki, 2015-ci ilin may ayında İsmayıllı və Fransanın Evian-Le Ba şəhərləri arasında Dostluq və Əməkdaşlıq Xartiyası imzalanıb. Məqsəd iki şəhər arasında dostluq əlaqələrini inkişaf etdirmək, mədəniyyət, turizm kimi sahələrdə yaxından əməkdaşlıq etməkdən ibarət idi. Bu istiqamətdə praktiki addımlar atılmış, əməkdaşlığın davamı kimi 2017-ci ildə Evian şəhərində “Azərbaycan bağı”nın və parkda “Dostluq” bulağının, eləcə də görkəmli Azərbaycan şairi Xurşidbanu Natəvanın heykəlinin açılış mərasimi keçirilib. Eyni zamanda, İsmayıllı şəhər mərkəzi parkında “Azərbaycan-Fransa dostluq parkı” lövhəsi yerləşdirilib. Təəssüf ki, “Qardaşlaşmış şəhərlər” humanist ideyasını Fransa tərəfi siyasiləşdirərək, Vətən müharibəsindən sonra Ermənistana dəstək əlaməti kimi şəhərlərarası təmasları dayandırıb.
Bəyanatda qeyd olunur ki, 2023-cü il dekabrın 18-də Evian Şəhər Bələdiyyə şurasının iclasında ölkəmizə qarşı əsassız ittihamlar səsləndirilib, Ermənistana dəstək ifadə olunub. Həmçinin şəhər meri “Azərbaycan bağı” qeyd edilən yazıların silindiyini elan edib. Buna cavab olaraq Fransanın ölkəmizə qarşı bütün platformalarda apardığı anti-Azərbaycan siyasətinə və Evian Şəhər Bələdiyyə Şurasının “Azərbaycan bağı” qeyd edilən yazıların silinməsi ilə bağlı qərarına etiraz əlaməti olaraq, İsmayıllı şəhəri və Evian-Le Ba şəhəri arasında imzalanmış Dostluq və Əməkdaşlıq Xartiyası qüvvədən düşmüş hesab edilib.
Bundan sonra İsmayıllı şəhər mərkəzi parkı məşhur Azərbaycan şairi Xurşidbanu Natəvanın adını daşıyacaq.
* * *
Bəs, Paris Bakı ilə bilərəkdən gərginləşdirməyə çalışdığı münasibətlərin nə ilə nəticələnə biləcəyini, onun Azərbaycanda, bütövlükdə Cənubi Qafqazda nələrdən məhrum olacağını hesablayıbmı? Hansı tərəfin daha çox itirəcəyini nəzərə alıbmı? Hesabı özü aparsın. Amma bu diplomatik qarşıdurmanın aqibətinin heç də Fransanın xeyrinə bitməyəcəyi indidən gün kimi aydındır.
Əgər Parisin günahı ucbatından başlanan bu “savaş” Fransa və Azərbaycan arasında diplomatik münasibətlərin tamamilə kəsilməsi kimi neqativ sonluğa gətirib çıxaracaqsa, bunun günahkarı yalnız rəsmi Paris, Emmanuel Makron administrasiyası olacaq. Yazımızın əvvəlində analitik məqaləsinə istinad etdiyimiz “Financial Times” qəzeti Fransa dövlət başçısının xarakterik cizgilərini keçmiş müttəfiqlərindən birinin dilindən belə təsvir edir: “Fransa prezidentinin sabah hansı addımı atacağı barədə heç kəsin dəqiq təsəvvürü yoxdur. Bu qətiyyətsiz, çılğın, ətrafından və özündən xoflu, tənha vəziyyətindəki adamdan nə desəniz gözləmək mümkündür”.
Yelisey sarayından əsən küləyin səmtini, doğrudan da, ipinin üstünə odun yığmaq olmayan çılğın və tənha birisi müəyyənləşdirirsə, onda bu küləyin sonda onun özünü hara aparıb çıxaracağını uzaqdan seyr etmək daha məntiqli olmazmı?
İmran BƏDİRXANLI