- Daxili siyasət
- 09:37 20.09.2024
Bu qənaətə gəlməyə ən çox əsas verən Ermənistanın rəsmi və qeyri-qeyri düşərgəsindən son günlər verilən nikbin açıqlamalar, ayrı-ayrı ekspertlərin, sabiq səlahiyyət sahiblərinin dilindən səslənən bəyanatlardır. Bakı və İrəvan arasında vasitəçilərsiz sülh dialoqunun tərəfdarlarının getdikcə artdığının hiss olunduğu Ermənistan cəmiyyəti artıq barışığa hazır olduğunu nümayiş etdirməkdədir. Bu, danışıqların məhz indiki mərhələsində arzuedilən müsbət tendensiyadır.
“Ermənistan ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsini imzalamağa hazırdır”. Bunu iqtidardakı “Vətəndaş sazişi” partiyasının parlamentdəki təmsilçisi Sarkis Xandanyan əminliklə dilə gətirib. Onun sözlərinə görə, rəsmi İrəvanın bugünədək toxunduğu və qaldırdığı, Bakı ilə razılaşdırdığı bütün fundamental məsələlər öz təsdiqini sülh müqaviləsində də taparsa, bu zaman sazişin imzalanması, sadəcə, texniki xarakter daşıyacaq: “Əgər İrəvanın sonuncu dəfə Bakıya göndərdiyi sülh sazişi ilə bağlı təklifləri qəbul edilsə, razılaşmanın bu ilin sonunda imzalanması mümkündür”.
Sülh sazişinin son mətninə İrəvanın konkret hansı təklifləri əlavə etdiyi tam açıqlanmasa da, erməni ictimaiyyətinin ikitərəfli danışıqlara müsbət yanaşdığı ortadadır. Bu reallığı Paşinyana qədərki hakimiyyət nümayəndələrinin də qəbul etdiklərinin və prosesə müsbət yanaşdıqlarının təzahürləri görünməkdədir. Məsələn, Ermənistanın keçmiş baş naziri Armen Darbinyan hesab edir ki, Türkiyə və Azərbaycanla danışıqlar vasitəçi ölkə olmadan aparılmalıdır. O, bu məsələyə praqmatik baxılmasının tərəfdarı olduğunu deyir: “Bir çox yerlərdə belə bir fikir eşidirik ki, Ermənistan–Azərbaycan danışıqlarına vasitəçisiz getmək olmaz. Mən bu cür fikirləri doğru hesab etmirəm. Düşmənlərimizlə mübarizə aparmaqdan ötrü arxamızda niyə rusa, fransıza və ya amerikalıya ehtiyacımız olmalıdır? Yox, biz ayağa qalxıb onlara öz ləyaqətimizlə yanaşacağıq. Mən bu məsələdə heç bir problem görmürəm”.
Düzdür, məğlubiyyətin acısını unuda bilməyən hayların eks-baş naziri qarşı tərəfi hələ də “düşmən” obrazında görür, amma onunla razılaşmanın alternativinin olmadığını da qəbul edir. Digər tərəfdən, Darbinyan etiraf edir ki, Ermənistan hazırda Azərbaycanla sülh danışıqlarının çox çətin mərhələsindədir: “Bu, diplomatiyadır. Harada dayanmaq, nəyi əldə saxlamaq, danışıqlar yolu ilə nəyi vermək və onun əvəzində nəyi almaq lazımdır! Təəssüf ki, biz indi belə bir vəziyyətlə üzləşmişik. Amma bu halda da problemlərin optimal həlli yollarını axtarmaq və tapmaq olar. Bəli, irəliyə doğru addım atmaq, çıxış yollarını axtarmaq lazımdır. Əks təqdirdə sabah vəziyyətimiz bundan da pis ola bilər”.
Ermənistanın hökumət rəsmilərindən birinin – xüsusi tapşırıqlar üzrə səfir Edmond Marukyanın ikitərəfli sülh danışıqları ilə bağlı açıqlaması isə ictimaiyyət tərəfindən maraqla qarşılanıb. O, Ermənistan İctimai Televiziyasının efirindən bəyan edib ki, 2024-cü ilin yanvar ayında iki ölkənin XİN başçıları - Ceyhun Bayramov və Ararat Mirzoyan Vaşinqtonda görüşəcəklər.
“Hazırda bizim əlimizdə sülh sazişinin imzalanmağa hazır olan son və razılaşdırılmış variantı yoxdur. Ümid edirik ki, Azərbaycanın da razılıq verdiyi Vaşinqton görüşündə tərəflər sazişin mətnini təsdiqləyəcəklər”, - deyən Marukyan bununla həm də İrəvanın sülhə kökləndiyini nümayiş etdirib.
* * *
Azərbaycan Sosial Araşdırmalar Mərkəzi Bakı və İrəvan arasında sülhün perspektivləri barədə ictimai rəyi öyrənmək məqsədilə əhali arasında sorğu keçirib. Ölkənin 12 iqtisadi rayonundan yaşı 18-dən yuxarı 390 respondentin qatıldığı sorğunun nəticələrinə əsasən, rəyi soruşulanların 78,5 faizi Ermənistanla sülh müqaviləsinin tərəfdarı olduğunu bildirib. İştirakçıların 20,2 faizi suala mənfi cavab verib, 1,3 faizi isə rəy bildirməkdə çətinlik çəkib. Sorğunun maraq doğuran nəticəsi həm də ondan ibarətdir ki, ermənilərlə sülhü dəstəkləyənlərin 86,9 faizi ali təhsilli vətəndaşlardır.
Noyabrın 25-dən 29-dək aparılan sorğuda rəyi soruşulan kişilərin 42,8 faizi, qadınların isə 31,6 faizi Ermənistanla sülh sazişinin yaxın vaxtlarda imzalanacağına tamamilə inandığını bildirib.
Beləliklə, nəticələr bir həqiqəti üzə çıxardı ki, faktiki olaraq, vətəndaşlarımızın orta hesabla 80 faizi münaqişənin sülh yolu ilə başa çatmasının və Ermənistanla münasibətlərin normallaşmasının tərəfdarıdır. Deməli, ölkə əhalisinin böyük əksəriyyəti artıq qonşu Ermənistanla siyasi və iqtisadi münasibətlərin tam bərpa olunmasına etiraz eləmir.
SAM-ın sorğusu, eyni zamanda, ortaya maraq doğuran bir məqamı da çıxarır: görəsən oxşar rəy sorğusu Ermənistanda keçirilsəydi, eyni sualları sıravi ermənilər necə cavablandırardılar? Onlar da bizim kimi sülhə səs verərdilərmi? Hələlik, əsas suala onların 80 faizinin “hə” deyəcəyi real görünməsə də, prosesin buna doğru getdiyini əminliklə söyləyə bilərik.
* * *
Qayıdaq son günlər Hayastanın daxili siyasi gündəmini məşğul edən sülh dialoquna reaksiyalara. Mövcud kontekstdə siyasi şərhçi Tevos Arşakyanın paylaşımı diqqəti cəlb edir. Arşakyan Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması, sülh prosesində əldə edilən son uğurlara Moskvanın qısqanc yanaşdığından söz açır: “Bu dəfə Moskva Sergey Lavrovun müavini Mixail Qaluzini üstümüzə buraxıb. O, indi həm bizə mühazirə oxumağa, həm də Avropa İttifaqı missiyasının qeyri-konstruktivliyinə işarə vurmağa başlayıb. Guya, Aİ-nin Cənubi Qafqazda yürütdüyü siyasət Rusiyanı bu bölgədən sıxışdırıb çıxarmağa xidmət edir”.
Xatırladaq ki, Aİ Ermənistandakı mülki müşahidə missiyası heyətinin sayını 138 nəfərdən 209-a çatdırmaq qərarına gəlib. Tevos Arşakyan bunun üçün İrəvanın heç kimdən, o cümlədən tərəfdaşlarından və qondarma müttəfiqlərindən icazə istəmək məcburiyyətində olmadığını ərz edir: “Biz belə düşünürük, amma nədənsə davranışımızın şərtlərini diktə etmək hüququna sahib olduqlarına inanan bəzi “müttəfiqlər” ərazimizə kimi qəbul etməyimizə müdaxiləyə çalışır. Burada söhbət, təxmin etdiyiniz kimi, avromissiyanın Ermənistanda genişlənməsinə görə haray-həşir salan Rusiyadan gedir. Moskva çox narahatdır. Bəli, Azərbaycan–Ermənistan münasibətlərinin tənzimlənməsi Kremli əndişələndirir. Əlbəttə, İrəvan və Bakı indi fəal şəkildə, birbaşa danışıqlar aparmağa başlayıb. Bunu birgə bəyanat və qarşılıqlı razılaşmanın müsbət nəticəsi kimi hərbi əsirlərin mübadiləsi sübuta yetirir. İlk dəfədir ki, Bakı və İrəvan məhz Moskvanın vasitəçiliyi olmadan “tet-a-tet” danışmağa başladı. Aydın məsələdir ki, Rusiya bunu həzm edə bilmir. Amma mən əminəm ki, əgər Moskva olmasaydı, azərbaycanlılar və ermənilər öz aralarında çoxdan ortaq məxrəcə gələ bilərdilər”.
Erməni politoloqun İrəvanın şimallı strateji müttəfiqinə qarşı, kifayət qədər sərt reaksiyanın sərgiləndiyi bu açıqlamasını sosial şəbəkədə dəstəkləyənlərin sayı yüzlərlədir.
Bu arada Ermənistanın rəsmi mediası ölkənin Nazirlər Kabinetinin dövlət sərhədinin delimitasiyası üzrə hökumətlərarası komissiyanın iş reqlamentini təsdiqlədiyini açıqlayıb. İkitərəfli dialoqun əsas mövzularından hesab olunan bu müstəvidə də irəliləyişin əldə olunması sülhə ümidləri artırır. Bu barədə baş nazirin müavini Mqer Qriqoryan deyib: “Bu, hələlik texniki sənəddir, amma tezliklə iş metodologiyası təsdiqlənməlidir. Bundan sonra tərəflər konkret sənədlər və topoqrafik xəritələr üzərində işə başlayacaqlar”.
Yəni, tərəfləri barışığa aparan yolda buzların əridiyinin, süni maneələrin aradan qalxdığının şahidi olmaqdayıq. Ümid edək ki, rəsmi İrəvan məsələyə bu dəfə diplomatik imitasiyadan uzaq, şəffaf və sağlam mövqedən yanaşır. Yox, əgər Ermənistan yenidən suyu bulandıranların felinə uyub yolun yarısından dönəcəksə, onda vay onun hakimiyyətinin də, cəmiyyətin də halına.
Elxan ŞAHİNOĞLU,
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi
Aydın məsələdir ki, dənizə çıxışı olmayan Ermənistan üçün Azərbaycanla sülh sazişini imzalanmasının əhəmiyyəti xeyli artıb. Birincisi, sülh sazişi imzalanarsa, Ermənistan Azərbaycan üzərindən Xəzər dənizinə və buradan Mərkəzi Asiyaya və Çinə çıxış imkanı əldə edəcək. İkincisi, Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalaması İrəvanın Türkiyə ilə də münasibətlərinin normallaşmasına, eyni zamanda sərhədlərinin açılmasına imkan verəcək. Bu, həm də Aralıq dənizinə çıxış imkanı deməkdir.
Otuz ildən artıqdır ki, Ermənistanın həm Türkiyə, həm də Azərbaycanla sərhədləri bağlıdır. Paşinyan sülhə doğru addım atmaqla, nəqliyyat kommunikasiyalarının açılmasına marağını ortaya qoyub. Amma məsələ ondadır ki, Ermənistanın baş naziri rəsmi Bakının Zəngəzur dəhlizi təklifini qəbul etməlidir. Bu zaman iki ölkə arasında artıq real görünməyə başlanan sülhə nail olmaqdan ötrü heç bir maneə qalmayacaq.
İ.HƏSƏNQALA