USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Prezident, Xalq və Ordu üçlüyünün möhtəşəm zəfəri


  • Hərbi
  •  13:04 03.12.2020
  •  416
https://img.baki-baku.az/news/2020/12/photo_1998.jpg

Ənvər MƏŞƏDİYEV,
“Bakı” və “Baku” qəzetləri redaktorunun müavini

____________________________________________________

Bəşər tarixində ilk dəfə yer kürəsinin şəklini insan oğlu çəkmişdir. Bəşər tarixində Vətən müharibəsini ən qısa müddətdə - cəmi 44 günə zəfərlə başa vuran da insan oğlu – Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev olmuşdur. Onun siyasi mətnliyi, iradə möhkəmliyi, sərkərdəlik məharəti, özünün yaratdığı rəşadətli Ordunun möhkəmliyi, vətən sevgisi, ölkə rəhbərliyi ilə xalqımızın, igid əsgərlərimizin dəmir yumruq kimi birləşməsi nəticəsində 27 il işğal altında olan torpaqlarımız azad edildi.

2020-ci il dekabrın 1-də Laçın rayonunun özümüzə - Azərbaycana təhvil verilməsi xalqımızın növbəti bayramına, şadlıq gününə çevrildi. İşğal altında olan Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları və Şuşa şəhərindən sonra Laçının murdar düşmənlərimizin tapdağından azad edilməsi uzun illər 10 milyondan çox Azərbaycan vətəndaşının ürəyinin başından asılmış qara daşların payızın xəzan yarpağı kimi tökülməsinə səbəb oldu.

İndi işğaldan azad olunmuş torpaqlarımız da, Azərbaycan xalqı da rahat nəfəs alır. Bu rahatlığı bizə bəxş edən isə möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin dəyanəti, yüksək idarəçilik qabiliyyəti, düzgün taktikası, siyasi müdrikliyi, müzəffər Ordumuzun möhtəşəmliyi olmuşdur.

Siyasi arenada da, informasiya mübarizəsində də, hərb sahəsində də qarşıya çıxan müxtəlif obyektiv və subyektiv maneələri fədakarlıqla, özünəməxsus yüksək taktika ilə dəf edərək tarixi qələbə qazanan ölkə Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin təcrübəsi bir çox ölkə rəhbərlərinin, hərbi ekspertlərin böyük marağına səbəb olmuşdur. Mətbuatda dərc edilən bir məqalənin sərlövhəsində deyildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni hərbi nəzəriyyənin banisidir.

Son üç rayonumuzun – Ağdam, Kəlbəcər və Laçını bir güllə atmadan təhvil almağımız da İlham Əliyev siyasətinin nəticəsidir. Üç ölkə rəhbərlərinin – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Rusiya prezidenti Vladimir Putinin və Ermənistan baş naziri Nikol Paşinyanın imzaladıqları bəyanatın müddəaları da əsasən möhtərəm Prezidentimiz İlham Əliyevin diplomatik səylərinin məhsuludur.

İkinci Qarabağ müharibəsi bütün cəhətlərdən dünya ölkələrinin, o cümlədən Amerika Birləşmiş Ştatlarının, Yaponiyanın və digərlərinin diqqətini çəkir.  Müxtəlif hərbi-texniki universitetlər, hərbi-elmi hazırlıq səviyyəsi yüksək olan Ordumuzun strateji taktikasını öyrənəcəklərini işarə edirlər.

Laçının işğaldan azad edilməsi ilə ölkəmizin sərhədləri bütövləşdi. İkinci Qarabağ müharibəsi, bu münaqişədə qazandığımız şanlı qələbəmiz yeni tariximizə qızıl hərflərlə yazılacaq.

Həm diplomatik, həm də hərbi müstəvidə öz titanik fəaliyyəti, fədakarlığı ilə zəfərimizi təmin edən Azərbaycan Prezidenti, Ali Baş Komandanımız İlham Əliyev adı nəinki Azərbaycanın yeni tarixində, eyni zamanda daim dünya tarixində qalacaq. Bunu möhtərəm Prezidentimiz öz iti ağlı, fitri istedadı, möhkəm iradəsi düşünülmüş diplomatik gedişi, hərbi nəzəriyyəni mükəmməl bilməsi, düzgün siyasəti, ən əsası isə xalqına, Vətəninə sonsuz məhəbbəti ilə qazanmışdır.

Azərbaycan Prezidenti başımızı təkcə torpaqlarımızı azad etməsi ilə ucaltmamışdır. Azərbaycanı 30-a yaxın xarici ölkə jurnalistlərinə verdiyi müsahibələrlə bütün dünyaya tanıtmışdır. Ölkəmizə müxtəlif münasibətlər bəsləyən mediya nümayəndələrinə demək olar ki, hər gün dar macalda saatlarla müsahibə vermək, öz fitri istedadı, dünya tarixini, diplomatiyanı mükəmməl bilməsi ilə onları məəttəl qoyan çox hörmətli Prezidentimiz İlham Əliyevlə yalnız fəxr etməliyik. Bu cür lideri olan ölkənin vətəndaşı olmaqdan qürur duymalıyıq.

Cənab Prezidentimiz İlham Əliyev, Ali Baş Komandanımız bu sevgini öz xeyirxah əməlləri, xalqımızın rifahı naminə həyata keçirdiyi işlərlə, dövlət rəmzlərimizi dəyərləndirməklə, dini ənənələrimizə, valideyn nəsihətlərinə sadiq qalmaqla və fitri istedadını, bacarığını, vətəninin, torpaqlarının bütövlüyünün qorunub saxlanmasına həsr etməklə qazanmışdır. Təsadüfi deyil ki, 2020-ci il 27 sentyabrda erməni hərbi birləşmələri növbəti dəfə atəşkəsi pozaraq ölkəmizə qarşı hücuma başlayanda möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev Ordumuzun əks-hücuma keçməsi barədə qərar qəbul etdiyi andan əhalimizin bütün təbəqələri – böyükdən-kiçiyə hamı könüllü döyüş meydanına gedib əsgərlərimizə kömək göstərməyə, torpaqlarımız uğrunda vuruşmağa, dövlət başçımız ətrafında sıx birləşməyə hazır olduğunu bildirmişdir. Və hər kəs bu ölüm-qalım mübarizəsinə istər döyüş meydanında, istərsə də arxa cəbhədə öz köməyini göstərmişdir.

Prezident, Xalq və Ordu üçlüyünün vəhdəti, dəmir yumruğu qısa müddətdə, ağır itki vermədən torpaqlarımızın işğaldan azad olmasını, sərhədlərimizin bütövləşməsini təmin etmişdir.

Müqəddəs dövlət rəmzlərimizdən olan üçrəngli bayrağımıza sonsuz məhəbbət göstərən Prezidentimiz İlham Əliyevin sərəncamı ilə Xəzərin ləpədöyənində böyük bir ərazidə Bayraq meydanı yaradılaraq orada dünyada ən böyük olan bayrağımızın qaldırılması xalqımızın ruh yüksəkliyinə səbəb olmuş, böyükdən-kiçiyə hamıda bu dövlət rəmzimizə sevgi duyğusu oyatmışdır.

44 günlük İkinci Qarabağ müharibəsində ölkəmizin Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun bizə bəxş etdiyi qələbə bayramlarında Şəhidlər Xiyabanının, ayrı-ayrı şəhər və rayonlarımızda küçə və meydanların, avtomobil yürüşlərinin üçrəngli bayraqlarımıza bürünməsi, 2-3 yaşlı uşaqların belə dövlət rəmzimizə sarılması həmin sevginin təzahürüdür.

Dünyada elə bir dövlət yoxdur ki, bir ay yarımda bizim qədər qələbə bayramı, zəfər şənliyi keçirsin. 27 ilin ağrısını ürəyində, yükünü çiyinlərində daşıyan xalqımız qüdrətli Ordumuzun işğalda olan hər bir kəndimizi, rayonumuzu azad etdiyini möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin özündən eşidəndə bunu yüksək ruh yüksəkliyi ilə qarşılamış, qələbəliklə qeyd etmişdir. Necə deyərlər, 30 ilin qəmli, kədərli günlərini keçmiş Dağlıq Qarabağın statusu, təsadüfi olaraq Ermənistanın baş naziri kreslosuna otuzdurulan, idarəçilikdən bixəbər Nikol Paşinyanın sərsəm bəyanatları, şərtləri ilə birlikdə bükülüb tarixin arxivinə, daha doğrusu dərin bir quyuya atılmışdır.

Cənab Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev Laçın rayonunun işğaldan azad olunması münasibətilə xalqa tarixi müraciətində çox inamla dediyi “Özümü xoşbəxt adam hesab edirəm”  kəlmələri sanki bütün azərbaycanlılara, bütün Azərbaycan vətəndaşlarına şamil edilən sözlərdir. Çünki bu gün biz hamımız xoşbəxt adamlarıq.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız İlham Əliyev Birinci vitse-prezident Mehriban Əliyeva ilə birlikdə işğaldan azad edilmiş Füzuli, Cəbrayıl, Ağdam rayonlarına səfərləri zamanı mədəniyyət abidələrimizi, dini məbədlərimizi, məscidlərimizi necə ciddi, eyni zamanda ruh yüksəkliyi ilə, bütün ənənələrimizə sadiq qalaraq ziyarət etdiklərinin hamımız şahidi olmuşuq. Axı cənab Prezidentimiz də, ölkəmizin birinci xanımı da torpaqlarımızın azad edilməsini arzulayır, buna nail olmaqdan ötrü hamıdan çox məsuliyyət hiss etmiş və qlobal tədbirlər həyata keçirmişlər. Və dövlətimizin başçısı İlham Əliyevin titanik fəaliyyəti öz tarixi, heç bir şeylə ölçülə bilməyən dəyərli bəhrəsini cəmi 44 gün ərzində vermişdir. İndi bundan 10 milyon Azərbaycan vətəndaşı bəhrələnir, sevinir, şadlanır, başını dik tutaraq fəxarət hissi keçirir.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Cəbrayıl rayonunda milli abidəmiz Xudafərin körpüsünü ziyarət etdikləri məqamlara həyəcansız baxmaq mümkün deyildi. Ölkə başçımız və birinci xanım həmin tarixi abidəmizin daşlarına əlləri ilə toxunmaları, körpünün altından axan, Məleykələri yenidən özünə qayıdan Araz çayının dumduru suyundan bir ovuc götürmələri, bu müqəddəs yerdə şəkil çəkdirmələri bir tarixdir, təşrifatdır, təntənədir.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız, rəşadətli sərkərdəmiz İlham Əliyevin birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə işğaldan azad edilmiş torpaqlarımıza sükan arxasında ikinci səfəri Ağdam şəhərinə olmuşdur. Ölkə başçımız İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın bu səfərləri də ürəkləri ruhlandıraraq yerindən tərpətmişdir. Onların bir əsilli-nəcabətli azərbaycanlı kimi, əsilzadə kimi Ağdam məscidini ziyarət etmələri də əsrlərlə qəlblərdə qalacaq Azərbaycanın yeni tarixinin qızıl hərflərlə yazılan səhifələrini daha da zənginləşdirəcəkdir.

Möhtərəm Prezidentimiz İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kafirlərin dağıtdıqları Ağdam məscidinə ədəb-ərkanla, dini ayinlərimizə uyğun şəkildə, ayaqqabılarını çıxardaraq daxil olmaları, beton döşəmənin üzərində corabla gəzmələri, Prezidentimizin müqəddəs Məkkədən gətirdiyi Qurani-Kərimi ziyarətgaha bağışlamaları bu dahi insanların həm də böyük Allah adamları olduqlarının daha bir təsdiqidir.

Çox hörmətli Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin Ağdam məbədindəki çıxışında dediyi “Bu gün mən Ağdam məscidinə Məkkədən gətirdiyim "Qurani-Kərim"i bağışladım. Mən xoşbəxt adamam ki, dörd dəfə Məkkə ziyarətində olmuşam. Bir dəfə rəhmətlik atamla, üç dəfə isə Prezident kimi. Xoşbəxtəm ki, mən ailə üzvlərimlə bərabər müqəddəs Kəbənin içində dualar etmişəm. Hər bir insanın ürəyində nə varsa, mənim ürəyimdə də eyni duyğulardır. Etdiyim duaların arasında birinci duam torpaqlarımızın işğaldan azad edilməsi idi. Allahdan xahiş edirdim, mənə güc versin ki, biz torpaqları işğalçılardan azad edək, o xoşbəxtliyi bizə nəsib etsin, biz yenə də dədə-baba torpağımıza qayıdaq” sözlər bir daha göstərir ki, cənab Prezidentimiz İlham Əliyev daim işğal altında olan torpaqlarımızın azad edilməsi barədə düşünmüş və xalqımızın taleyüklü bu probleminin həm siyasi, həm də hərbi yollarını axtarmış, yorulmaq bilmədən çalışmış, onun düzgün həlli yolunu qəti surətdə müəyyənləşdirmişdir. Nəticəsi isə göz qabağındadır.

Möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi, rəşadətli Ordumuzun şücaəti nəticəsində 30 illik nisgilə son qoyulmuş, torpaqlarımız yağı düşmən tapdağından azad edilmiş, sərhədlərimiz bütövləşmişdir. Artıq münaqişəyə son qoyulmuşdur. Prezident, Xalq, Ordu üçlüyünün vəhdəti nəticəsində torpaqlarımızda müharibə fazası bitmiş, quruculuq, bərpa işlərinə başlanmışdır. Əlbəttə, bu çox vacib və taleyüklü işdə də birliyimiz mühüm rol oynamalıdır. Çünki quruculuq işləri müharibə aparmaqdam o qədər də asan deyildir.

Qarabağ müharibəsində şəhid olan əsgərlərimizin, vuruşan bütün döyüşçülərimizin igidlikləri daim ürəklərdə olacaqdır. Onların qəhrəmanlıqlarını ölkə Prezidentimiz, Ali Baş Komandanımız, Müzəffər sərkərdəmiz İlham Əliyev daim yüksək qiymətləndirmişdir. Bu il dekabr ayının 2-də Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlarla  İkinci Qarabağ müharibəsinin başlandığı 27 sentyabr tarixi Anım Günü, müharibənin sona çatdığı 10 noyabr tarixi isə Zəfər  Günü elan edilmişdir.

Bütün bunlar Prezidentimiz, Ali Baş Komandanımız, Müzəffər sərkərdəmiz İlham Əliyevin otuz il erməni faşistlərinin təcavüzü nəticəsində işğal altında qalan torpaqlarımızın azad edilməsində qəhrəmancasına döyüşən əsgər və zabitlərimizə, eyni zamanda bütün xalqımıza olan ehtiramının bariz təcəssümüdür.    

Tanrı Möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevi qorusun!




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Ənvər Məşədiyev