USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Əlif Hacıyev: “Xankəndinə Azərbaycan bayrağını assam, ölsəm də dərdim olmaz!” - Milli Qəhrəmanlarımız


  • Hərbi
  •  15:42 16.11.2020
  •  1289
https://img.baki-baku.az/news/2020/11/photo_1747.jpg?v=MjAyMC0xMS0xNiAxNTo1NToxNA==

Qorqut Qocatürk,
Bakı Dövlət Universitetinin Tarix fakultəsinin I kurs tələbəsi

_______________________________________________

Millət, məmləkət də insan kimidir. Yaddaşı ilə yaşayır. Qəlbi dağların, sərt qayaların, əzəmətli qalaların diyarı olan Odlar Yurdu Azərbaycan həm də ərlərin, ərənlərin diyarıdır. “Əl uzatsam Ərzuruma yetəndir, Füzulinin məzarı da vətəndir, vətən!”, “Ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan!”, “Ya azad ol, ya tamam yan, Azərbaycan!” nidasından boylanan, igid oğullarının qəhrəman şəhidlərinin al qanı, qazilərinin qeyrəti, Ali Baş Komandanın cəsarəti ilə bu gün tarixinin ən şanlı səhifələrindən birini yaşayan Odlar Yurdunun hilallı, ulduzlu bayrağı özgürlük rəmzi olaraq indi Şuşa qalasında, Xudafərin körpüsündə dalğalanır. Təkcə son 30 ildə milli istiqlal naminə on minlərlə şəhid verən xalqımızın qəlbində milli qəhrəmanımız Əlif Hacıyevin məxsusi yeri var.

Dünən yer üzündə, Kür-Araz mədəniyyətinin beşiyində bir şəhərimiz vardı: Xocalı. 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə qana boyandı, oda qalandı. Gəlini, qızı, körpəsi, qocası süngüyə keçirildi. Şəhid edildi. 366-cı rus alayının, erməni daşnaklarının terroru nəticəsində təkcə türk- müsəlman olduğuna görə dünyanın gözü qarşısında insanlarımız soyqrıma məruz qaldı. 

Xocalı bir şəhərdi. Hər qarışı tarix, yaddaş yeri idi. İnsanları məsum, igid, mərddi. Onun məsumluğunun, saflığının, humanizminin, igidliyinin, mərdliyinin nümunəsidi Əlif Hacıyev ucalığı. O, bu torpaqlarda 1953-cü ildə doğulmuşdu. 38 illik ömür payının yarısını qəriblikdə, yarısını zindanda keçirmişdi. Çiyninin zər paqonları vardı. Hərbi xidmətdən sonra Belarus Polis Akademiyasında təhsil almışdı. Xocalı Təyyarə Limanı Xətt Daxili İşlər Bölməsinin rəisi, Xocalı Hava Limanının komentantı kimi yüksək vəzifələrin öhdəsindən ləyaqətlə gəlmişdi. Dağlıq Qarabağ üzrə Təşkilat Komitəsində, Qarabağa Xalq Yardımı Komitəsində nüfuz sahibi olmuşdu. “Vətəni sevmək imandandır” deyib səngərlərə sipər, igidlərə təpər olan qəhrəmanımız milləti millət edən ərənlərdən, ömrünü Vətənə verənlərdən idi.

Bu gün Bayrağımız Şuşa qalasında dalğalanır. İki dünya bir olsa da, Xankəndində də dalğalanacaq. Çünki onun yolunda Əlif Hacıyev kimi neçə-neçə qəhrəmanlarımız hələ Sovet dönəmində, Şura hökumətinin “Kür–Araz, Ararat, nə gözəldir bu həyat”, “Azərbaycan iri addımlarla irıliləyir” kimi dırnaqarası şüarları beyinlərə hakim kəsiləndə erməni daşnakları yenə də, Şura hökumətinin 1921-ci ildə kürəyimizə xəncər kimi sapladığı Dağlıq Qarabağ Muxtar Vilayətində anti-türk, anti- Azərbaycan siyasəti yürüdür, gizli təşkilatlarda Qarabağın Ermənistana birləşdirilməsinin planını işləyirdi. Vilayət milisində çalışan, özü boyda Azərbaycan, qəhrəman olan milli qəhrəmanımız daşnakların gizli təşkilatını faş etdiyinə, Mərkəzə - Bakıya məlumat ötürdüyünə görə şərlənir, “rüşvətdə” ittiham olunur. Erməni daşnaklarının fitnəsi ilə Vilayət prokurorluğunda cinayət işi açılır. 10 il iş oxunur, Şuşa qalasına salınır. Qəvi düşmən bununla dayanmır. Xocalının, Qarabağın haqq səsi olan, deyərdim ki, həm də siyasi şəhidi olan igiddən xilas üçün İrəvandakı, Moskvadakı daşnakların əli ilə onun Sibirə sürgününə nail olur. SSRİ-nin dağılması nəticəsində uzun sürən məhkəmə proseslərindən sonra bəraət alır. Dağlıq Qarabağ Muxtar Vilayətində 9 ay davam edən istintaq prosesinə, 4 illik sürgün, həbsxana, Sibir həyatına son qoyulur.

Öldü var, döndü yoxdur, qisas qiyamətə qalmaz deyib, işini, gücünü atıb Belarusdan Vətənə, Xocalıya dönür Əlif Hacıyev. Artıq 90-cı illər idi. Azərbaycan xalqı Milli Azadlıq Hərəkatına başlamış, Özgürlük savaşına qalxmış, Topxanada qırılan bir ağacın, daha doğrusu, Yaddaş Ağacının yolunda Lenin meydanını Azadlıq Meydanına çevirmiş, 20 Yanvarda al qanına boyanmışdı.

Milli mənlik, milli kimlik, milli istiqlal uğrunda gedən savaşımızın memarlarından, həm də qurbanlarından idi Əlif Hacıyev. Ötən əsrin 60- cı illərində Dağlıq Qarabağ Muxtar Vilayətində Komsomol Komitəsinin sədri Davidyanın rəhbərliyi ilə Vilayətin Ermənistana birləşdirilməsi haqqında qərar çıxarılmışdı. Azərbaycanın o zamankı rəhbər şəxsləri Vəli Axundovun, Şıxəli Qurbanovun, Məsud Əlizadənin qəzəbi şahə qalxmış, Davidyan gecəylə tutduğu vəzifədən azad edilmişdi. Qəzəblənən erməni daşnakları, onların havadarı Moskva bu addımı Azərbaycan rəhbərliyinə bağışlamamışdı. Vəli Axundov vəzifədən alınmış, Məsud Əlizadəyə, Şıxəli Qurbanova əcəl şərbəti içirilmiş, Əlif Hacıyev kimi qəhrəmanlar Sibirə sürgün edilmiş, bir neçə nəfərsə məhkəmə zalından həbsxanaya göndərilərkən yolda yandırılıb külə döndərilmişdi…

Biz Milli Azadlıq Hərəkatından doğulduq. 20 Yanvar Şəhidlərinin al qanından cücərdik. Şuşada, Xudafərin körpüsündən dalğalanan Bayraqdan, ikinci Qarabağ savaşından, Vətən müharibəsindən dirçəldik! Dirçəlməli idik. Əlyar Əliyev, Allahverdi Bağırov, Əlif Hacıyev, Polad Həşimov kimi Milli Qəhrəmanlarımızın ruhu bizə yar oldu!

Xocalı tarixin qanlı səhifəsi, insanlığın üz qarası, ədalətin öldüyü yerdi. Xocalı həm də qeyrətin, ləyaqətin, humanizmin olduğu yerdi. Birinci Balayanın, Köçəryanın, Sarkisyanın, Paşinyanın, daha nə bilim hansı yanların əlinin qana batdığı yerdi. Ocağı sönmüş Zori Balayan şərəfsiz yazılarında deyir ki, “Xocalıda divara mismarlanmış qız uşağının üzünün dərisini öz əllərimlə soydum. Anasının döşünü kəsib ağzına qoydum ki, çox qışqırmasın. Dedim ağlama, indi qanın axıb bitər, sakitləşərsən!”. Aman Allahım! Bundan dəhşətli mənzərə varmı?! Və bunu bir tarixçi – alim edə bilərmi? Özü də akademik… Bax, bu günahın akademik səviyyəsidi. Bu, həm də şərəfsiz erməni tarixidi, erməni xislətidi.

Azərbaycanın Milli Qəhrəmanı, türkün igid sərkərdəsi Əlif Hacıyev əsgərlərinə, döyüş yoldaşlarına deyərmiş: “Əsirlərə dəyməyin, dəyişənə, təhvil verənə kimi qonaq kimi davranın, namərd olsalar da, qonşularımızdır, çörək kəsmişik.”, “Əsir düşsəm, məni öz əlinizlə güllələyin, düşmən əlinə verməyin.” Bu, bir sərkərədə ucalığı, əsgər şərəfi, türk əzəməti, Azərbaycanlı ürəyidi! Qanlı Xocalı gecəsində erməni daşnaklarının başına bir milyon dollar qoyduğu Əlif Hacıyev ürəyindən vurulub. Xocalı insanının bir hissəsini Ağdamın Şelli kəndinə köçürüb qayıdanda, savaşa davam edəndə Əlif Hacıyev daşnaklara xəbər yollamışdı: “Xocalıya girə bilərsiniz, amma mənim cəsədimin üstündən.” 1992-ci ilin qanlı soyqrımı tarixdə “Xocalı qətliamı”, Əlif Hacıyevin Şəhidlik məqamı kimi qaldı!

Bir zamanlar Gəncə xanı Cavad xan çar cəlladı Sisyanova Əlif Hacıyev kimi söyləmişdi. Cavad xan və oğulları Şəhidlik zirvəsinə ucalmışdı. Sisyanovun dərsi isə Bakıda, İçərişəhərin qala divarları önündə verilmişdi.

Əlif Hacıyev Milli Qəhrəmandı, özü də qəhrəmanlar yetirən Qəhrəman! Onun şəhidliyə qovuşmasından sonra Əliyar Əliyev, Həsənqulu Qorxmaz, Allahverdi Bağırov, Asif Məhərrəmov, Mübariz İbrahimov, Polad Həşimov, Malik Həsənov,  Mais Bərxudarov, Hikmət Mirzəyev kimi Milli Qəhrəmanlarımız yetişdi. Enən Bayrağımız Şuşa qalasında, Xudafərin körpüsündə, Murovun zirvəsində dalğalandı. Əlif Hacıyevin bir qəhrəman, özü də qəhrəmanlar yetirən Qəhrəman kimi bir arzusu vardı. Silahdaşlarına deyərmiş: “Xankəndinə Azərbaycan bayrağını assam, ölsəm də dərdim olmaz!”

Tanrı Müzəffər Ordumuza, Ali Baş Komandanımıza, müdrik, məğrur xalqımıza bu böyük sevinci nəsib etsin!




Redaktorun seçimi

Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi
Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Qorqut Qocatürk