- Dünya
- 11:07 10.09.2024
Bütün Amerika qitəsi üzrə fəaliyyət göstərən Kolumbiyanın aparıcı xəbər telekanalı “NTN24”-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri və onun nəticələrinə dair geniş süjet yayımlanıb.
Qeyd olunub ki, Ermənistan tərəfinin bitməyən təxribatları, törətdiyi terror əməlləri və 2020-ci ilin 10 noyabr tarixində imzalanmış Üçtərəfli Bəyanatın şərtlərinə riayət etməməsi lokal xarakterli antiterror tədbirlərini qaçılmaz etdi.
Erməni silahlı qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən həyata keçirilmiş sonuncu terror aktı zamanı 2 nəfər mülki şəxs olmaqla, 7 polis əməkdaşı həyatını itirdi. Nəticədə Qarabağda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək Azərbaycan ərazilərindən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirləri həyata keçirildi.