- Siyasi təhlil
- 09:45 26.09.2023
Türkiyə
Türkiyənin Xarici İşlər Nazirliyi Azərbaycanın Qarabağ bölgəsində qeyri-qanuni erməni qüvvələrinin nəzarətində olan ərazilərdə keçirilən qondarma "prezident seçkisi" ilə bağlı məlumat yayıb.
Nazirliyin məlumatında bildirilib ki, Azərbaycanın Qarabağ bölgəsində qanunsuz erməni qüvvələrinin nəzarətində olan torpaqlarda keçirilən seçkilər regionda beynəlxalq hüquqa zidd olan mövcud vəziyyəti birtərəfli qaydada legitimləşdirmək cəhdlərinin yeni təzahürüdür: “Bu addım beynəlxalq hüququn, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və ATƏT-in prinsiplərinin açıq şəkildə pozulmasıdır.
Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının davam etdirilməsinə çalışıldığı bir vaxtda keçirilən seçkiləri sülh danışıqlarına xələl gətirmək cəhdi kimi qəbul edir və pisləyirik.
Türkiyə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün pozulmasını təşkil edən bu qeyri-legitim seçkini tanımır. Biz BMT və beynəlxalq ictimaiyyəti bu seçkiləri tanımamağa çağırırıq.
Türkiyə Azərbaycan və Ermənistan arasında sülh danışıqları prosesini dəstəkləyir və ən qısa zamanda daimi sülh sazişinin imzalanmasının regionun sülh və sabitliyinə böyük töhfə verəcəyinə inanır”.
Ukrayna
Ukraynanın Xarici İşlər Nazirliyi sentyabrın 9-da Qarabağ ərazisində (Azərbaycan Respublikası) qondarma “prezident seçkilərinin” keçirilməsini pisləyir.
Bu fikirlər Ukrayna XİN-in dünən yaydığı bəyanatda yer alıb.
Bəyanatda qeyd olunub: “Qondarma “prezident seçkilərinin” keçirilməsi beynəlxalq hüquq normalarına və prinsiplərinə ziddir və onların nəticələri əhəmiyyətsizdir.
Ukrayna növbəti dəfə Azərbaycan Respublikasının suverenliyinə, onun beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünə dəstəyini ifadə edir və Qarabağ münaqişəsinin siyasi-diplomatik yolla nizama salınmasının tərəfdarıdır”.
Moldova
Moldova Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Qarabağ bölgəsində erməni separatçılarının keçirdiyi qondarma “prezident seçkilərini” pisləyən bəyanat verib.
XQ xəbər verir ki, Moldova XİN-in bəyanatında deyilir: “Moldova Respublikası sentyabrın 9-da Qarabağ bölgəsində keçirilən qondarma "prezident seçkiləri"ni beynəlxalq hüququn norma və əsas prinsiplərinə zidd hesab edir və onları tanımır.
Moldova Respublikası Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə qəti dəstəyini bir daha vurğulayır”.
Avropa İttifaqı
“9 sentyabr 2023-cü il tarixində Xankəndidə keçirilən qondarma “prezident seçkiləri”ni nəzərə alaraq, Avropa İttifaqı bir daha bəyan edir ki, o, "seçkinin" keçirildiyi konstitusiya və hüquqi çərçivəni tanımır”.
Bunu Aİ-nin Xarici Fəaliyyət Xidmətinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə sözçüsü Nabila Massrali bildirib.
“Eyni zamanda, Aİ hesab edir ki, Qarabağ ermənilərinin Bakı ilə nəticəyönümlü müzakirələr aparmağa qadir və buna hazır olan de-fakto liderlik ətrafında cəmləşməsi vacibdir. Aİ bu prosesi dəstəkləməyə sadiqdir” – o, qeyd edib.
Türk Dövlətləri Təşkilatı
Türk Dövlətləri Təşkilatının Katibliyi Azərbaycan Respublikasının ərazisində qanunsuz separatçı rejim tərəfindən keçirilən qondarma “prezident seçkiləri” ilə bağlı bəyanat yayıb.
Təşkilatın rəsmi saytında bildirilir ki, bəyanatda deyilir: “Türk Dövlətləri Təşkilatının Baş katibi 2023-cü il sentyabrın 9-da Azərbaycan Respublikasının Qarabağ bölgəsində Ermənistanın yaratdığı qanunsuz rejim tərəfindən təşkil edilən qondarma “prezident seçkiləri” ilə bağlı dərin narahatlığını ifadə edir.
Biz regionda sülh və sabitliyə xələl gətirən bu təxribatçı hərəkəti beynəlxalq hüququn, eləcə də Azərbaycan Konstitusiyasının və qanunlarının kobud şəkildə pozulması kimi qətiyyətlə pisləyirik. Eyni zamanda, biz Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin öz konstitusiya sisteminə yenidən inteqrasiyası istiqamətində səylərini yüksək qiymətləndiririk.
Baş katib Qarabağ bölgəsinin Azərbaycanın və Türk dünyasının bir hissəsi olduğunu bir daha vurğulayır və buna görə də Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə mane ola biləcək hər hansı hərəkətlərdən çəkinməyə və konstruktiv dialoqa çağırır.
XQ