- Daxili siyasət
- 11:41 14.09.2024
Dünyanın bir sıra nüfuzlu mətbuat orqanlarında Ermənistanın siyasi manipulyasiyalarını, Qarabağ ermənilərinin “humanitar fəlakət” yalanlarını ifşa edən məqalələr dərc edilir.
“Imperial Valley Press” nəşrində ABŞ-ın tanınmış yazıçı və siyasi analitiki, politoloq Raul Kontrerasın müəllifi olduğu məqalədə hələ ötən əsrin 60-cı illərində böyük güclər – ABŞ və SSRİ-nin arasında geosiyasi mübarizə fonunda “The New York Times” qəzetinin amerikalı əsgərlərin Vyetnama göndərilməsi ilə bağlı təhrikedici məqalələri xatırladılır və bir neçə gün əvvəl Nikolas Kristoffun Azərbaycana qarşı yazdığı qərəzli yazı ilə müqayisə aparılır.
Müəllif yazır: “Kristoffun nə vaxtsa Azərbaycanda və ya onun düşməni Ermənistanda olub-olmadığını bilmirəm. Onun Azərbaycana qarşı iddialarını araşdırmağa dəyər...Kristoffun Azərbaycan və onun işğalçı qonşusu Ermənistan arasında 30 illik münaqişə haqqında mənim qədər məlumatı ola bilməz. Son səkkiz ildə altı dəfə orada olmuşam. Mən erməni hərbi cinayətləri haqqında kitab, Azərbaycan və onun Ermənistanla problemləri barədə bir neçə məqalə yazmışam. Həmçinin Azərbaycan torpaqlarında erməni işğalçıları ilə azərbaycanlı əsgərlər arasında 500 metr enində olan sahədə 24 saat həyəcan siqnalı ilə dayanmışam. Kristoffun məlumatı yoxdur ki, bu münaqişə 1980-ci illərdə - əsrlər boyu Ermənistan ərazisində yaşayan azərbaycanlı müsəlman əhalinin xristian ermənilər tərəfindən qovulması ilə başlayıb. O, 1988-1992-ci illər arasında Ermənistan hərbçilərinin təxminən 200 min azərbaycanlını qətlə yetirdiyini və ya doğma evlərindən didərgin saldığını da yazmır. Üstəlik, 1992-ci ildə Ermənistan Azərbaycana soxularaq onun ərazisinin 20 faizini, o cümlədən bütün Dağlıq Qarabağ bölgəsini işğal edib, çoxlu sayda dinc sakini öldürüb və ya öz yurd-yuvasından qovub. İşğalçılar heç kəsə aman vermirdilər; kişilər, qadınlar və uşaqlar paytaxt Bakıya qaçırdılar”.
Müəllif qeyd edir ki, Azərbaycan əleyhinə məqalə yazan Kristoff Birləşmiş Millətlər Təşkilatının bir milyona yaxın azərbaycanlının öz evlərindən didərgin salındığını göstərən rəsmi hesabatlarını da görməyib. O, 1994-cü ildə ermənilərin işğal etdiyi Azərbaycanın böyük şəhəri olan Ağdamın tamamilə dağıdılması faktına da diqqət yetirməyib. “Ermənilər mis telefon xətləri, telefon dirəkləri kimi dəyərli hər hansı material və əşyaları oğurlamaq üçün işçi briqadaları göndərir, sökülən evlərdən taxta, şüşə pəncərələr, küçə döşəmələri və s. daşıyır, 50 min əhalisi olan şəhəri yerlə-yeksan edirdilər”, - deyə Kontreras qeyd edib.
Politoloq diqqətə çatdırıb ki, Kristoff öz yazısında Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru Luis Moreno Okamponun “Dağlıq Qarabağda yaşayan 120 min erməniyə qarşı davam edən “soyqırımı” adlı hesabatına istinad edib. O əlavə edib ki, əslində, yaranmış vəziyyət ermənilərin Laçın yolu ilə qaçaq silah daşıması ilə bağlıdır. Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə yerləşən bu yolda ermənilərin qeyri-qanuni fəaliyyətlərinə qarşı tədbir görülməsi Azərbaycanın suveren hüququdur. Eyni zamanda, yüklərini düzgün sənədləşdirən ermənilərə tranzit yoldan istifadə etməyə icazə verilir. Həmçinin Azərbaycanın Qırmızı Aypara Cəmiyyəti “ac qaldıqları” iddia edilən insanlar üçün humanitar yardım karvanı da göndərib.
R.Kontreras vurğulayıb: “Ermənilər Qırmızı Aypara bayraqları dalğalanan yük maşınları karvanını sevinclə qarşıladılar? Xeyr. Ağdamdan gələn yolu beton barrikadalarla bağladılar. Bu yardım ermənilərin viran qoyduqları həmin o 50 minlik Ağdam şəhərindən yola çıxmışdı. Təəccüblüdür ki, “aclıqdan öldüyünü” iddia edən ermənilər yük maşınlarını Azərbaycanın öz ərazisinə buraxmaqdan imtina edirlər. Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru, “ermənilərin aclıqdan öldüyünü iddia edən” “mütəxəssis” Luis Moreno Okampoya gəlincə, onun regiona səfər etməsi barədə heç bir sübut yoxdur və Azərbaycanın bu ərazisinə getmək istəyirsə, 1991-ci ildən müstəqil olan və suveren ərazisi beynəlxalq miqyasda tanınan Azərbaycanın rəsmi orqanlarından giriş vizası almalıdır”.
XQ