USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

“Əl-Cəzirə” qəzetində Azərbaycan səfirinin ölkəmizin sülh səyləri barədə məqaləsi dərc edilib


  • Media
  •  19:02 04.09.2023
  •  115
https://img.baki-baku.az/news/2023/09/photo_8008.jpg

Ölkəmizin Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayevin “Azərbaycanın regionda sülhün və sabitliyin əldə edilməsində rolu” adlı məqaləsi Krallığın “Əl-Cəzirə” qəzetində dərc edilib.

Məqalədə 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə xalqımızın 44 günlük Vətən müharibəsində işğalçı Ermənistan üzərində tarixi Qələbə çaldığı, torpaqlarımızın işğalına son qoyulduğu, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpa olunduğu diqqətə çatdırılıb.

Müəllif yazıb ki, Azərbaycan öz tarixi Zəfərindən qısa müddət sonra Ermənistan tərəfinə hər iki ölkənin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınmasını, habelə münasibətlərin normallaşdırılması üçün əsas prinsipləri və sülh müqaviləsinin imzalanmasını təklif edib. Lakin Ermənistan tərəfi uzun müddətdir ki, Azərbaycanın sülh təşəbbüslərinə cavab vermir və müxtəlif bəhanələrlə prosesi ləngidir.

Məqalədə bu gün Azərbaycanın dünyada mina və partlayıcı qalıqları ilə ən çox çirklənmiş ölkələrdən birinə çevrilməsi, ilkin məlumatlara görə minaların minimum sayının təxminən 1,5 milyon olması, minaların partlaması nəticəsində 300-dən çox azərbaycanlı hərbçi və mülki şəxsin həlak olması və ya ağır yaralanması barədə məlumat verilib. Müəllif qeyd edib ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ ərazisindən çıxarılması və bütün hərbi fəaliyyətlərin dayandırılması ilə bağlı aydın bəndin olmasına baxmayaraq, bu ərazilərdə hələ də qeyri-qanuni erməni qüvvələri var və onlar region üçün böyük təhdid təşkil edir. Yazıda diqqətə çatdırılıb ki, hazırda Azərbaycanın Qarabağ bölgəsinin erməni əhalisinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası ilə bağlı erməni nümayəndələri açıq və həqiqi dialoqa dəvət olunur, Azərbaycan Konstitusiyasında bütün xalqların hüquq və təhlükəsizliyinə təminat verilir.

Yazıda, həmçinin Azərbaycanın öz sərhədlərinə nəzarəti gücləndirmək və Ermənistanın qanunsuz fəaliyyətinin qarşısını almaq üçün suveren ərazisindəki Laçın şəhərində sərhəd-keçid məntəqəsi yaratması, eyni zamanda, Laçın yoluna alternativ olaraq daha qısa və geniş Ağdam-Xankəndi marşrutu ilə regionu ərzaq və dərmanla təmin etməyi təklif etməsi və bu marşrutdan istifadənin mümkünlüyünün həm Avropa İttifaqı, həm də Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən tanınması faktları da yer alıb. Məqalədə 2023-cü il avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin qida ehtiyaclarını ödəmək üçün ərzaq daşınmasını təşkil etməsi, lakin ermənilərin bu ərzaq mallarını Azərbaycan tərəfdən göndərildiyini bəhanə gətirərək almaqdan imtina etməsi, bu cür təxribatlarla, süni humanitar böhranlar nümayiş etdirməklə, Azərbaycana qarşı təzyiq göstərməyə çalışdıqları ilə bağlı məlumatlar da öz əksini tapıb.

Səfir vurğulayıb ki, Qarabağdakı erməni azlığının yeganə yolu Azərbaycan dövlətinin Konstitusiyası və Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi çərçivəsində, dinc yanaşı yaşamaq prinsipi əsasında Azərbaycan cəmiyyətinə inteqrasiya etmək və Azərbaycan vətəndaşlığını qəbul etməkdir. Məqalədə bildirilib ki, Ermənistan siyasi kampaniyalara və manipulyasiyalara əl atmaq əvəzinə, öz üzərinə Azərbaycanla sülh danışıqlarının başa çatdırılması və münasibətlərin normallaşdırılması öhdəliyini götürməlidir.




Redaktorun seçimi

Orkestrdə “yad not”
  • Daxili siyasət
  • 12:40 07.09.2024
Orkestrdə “yad not”
Söz demək haqqını itirənlərin heyrəti
  • Daxili siyasət
  • 10:05 06.09.2024
Söz demək haqqını itirənlərin heyrəti

Media