- Daxili siyasət
- 17:54 23.09.2023
3 May Türkçülük Günündə Nizami Kino Mərkəzində Azərbaycan Türk Qadınlar Birliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illik yubileyləri münasibəti ilə tədbir keçirilib.
Azəri–Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı Azərbaycan–Türkiyə qardaşlığından, ulu öndər Heydər Əliyevin bu istiqamətdəki fəaliyyətindən, eyni zamanda, birliyin keçdiyi yol barədə geniş məlumat verərək bildirib ki, əlamətdar tarixlərin, günlərin qovuşduğu bir vaxtda toplaşmaq unudulmaz hadisədir. Bizim tək məqsədimiz millətimiz üçün çalışmaqdır.
Tənzilə Rüstəmxanlı Vətən müharibəsindəki zəfərimizi qeyd edərək bildirib: “Var olsun cənab Ali Baş Komandan. Var olsun Azərbaycanın Müzəffər Ordusu. Var olsun şəhid və qazilərimizin anaları. Biz bu qələbə üçün onlara borcluyuq. Bu gün böyük bir zəfərə imza atmış, Qarabağı Azərbaycan edən bir ordunun mənsub olduğu bir millətin nümayəndəsi kimi çıxış etmək böyük fərəhdir”.
Milli Məclis sədrinin müavini Fəzail İbrahimli Azəri–Türk Qadınları Birliyinin bu illər ərzində fəaliyyətindən danışaraq onların fəaliyyətini yüksək dəyərləndirib və Azərbaycan və Türkiyə qardaşlığının möhkəmləndirilməsində bu təşkilatın böyük rolunu qeyd edib.
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı da, Azərbaycan–Türkiyə qardaşlıq münasibətlərindən söz açıb: – “Azərbaycan–Türkiyə münasibətlərinin bir adı var: qardaşlıq. Bu il həm ulu öndər Heydər Əliyevin, həm də Türkiyə Cümhuriyyətinin yüz illik yubileyidir. Heydər Əliyev bütün dünyada söz sahibi sayılan şəxsiyyət olub. Mən Qazi Mustafa Kamal Atatürkün bir ifadəsini xatırlamaq istəyirəm. Atatürk Naxçıvan üçün “türk qapısı” ifadəsini işlədib. Mən əminəm ki, əlbəttə, o qapı bir gün açılacaq”.
Milli Məclisin deputatı, Xalq yazıçısı Sabir Rüstəmxanlı Azərbaycanda Türkçülük Gününün mahiyyətindən və təntənəli qeyd olunmasının əhəmiyyətindən danışıb. Sabir Rüstəmxanlı tarixən türk xalqlarına qarşı həyata keçirilmiş ədalətsizliklərdən söhbət açaraq bildirib ki, bu gün türk adı öz külündən doğulub. Bu gün türkçülük dünyada bir ideologiyaya çevrilir. Türk xalqlarının, türk dövlətlərinin birliyi bu səbəblərdən zərurətdir.
Sonda Azəri–Türk Qadınlar Birliyinin “Türkçülük yolunda” adlı sənədli filmi nümayiş olunub.
Anar Turan