USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C

Əhməd İsmayılov: "Rəqabət şəklində peşəkar media digər qeyri-peşəkar mediadan fərqlənməlidir" - MÜSAHİBƏ


  • Media
  •  11:24 10.02.2022
  •  667
https://img.baki-baku.az/news/2022/02/photo_6259.jpg

Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılovun APA-ya müsahibəsi

- Prezident İlham Əliyev “Media haqqında” Qanunu təsdiqlədi. Bu Qanun Azərbaycan mediası və jurnalistləri üçün hansı üstünlüklərin yaranmasına səbəb olacaq?

- Prezident İlham Əliyev tərəfindən “Media haqqında” Qanunun təsdiqlənməsi münasibətilə jurnalistləri, media subyektlərini təbrik etmək istəyirik. Düşünürük ki, “Media haqqında” Qanunun icrasında bizim birgə əməkdaşlığımız bundan sonra daha yuxarı, üstün səviyyədə olmalıdır. “Media haqqında” Qanun Azərbaycan Respublikasında media sahəsində olan bütün ictimai münasibətlərin tənzimlənməsini özündə ehtiva edir. Bu, istər media subyektlərinin özünün bölgüsünü (onlayn, çap, audiovizual media) əhatə etməkdə, istərsə də informasiya agentliklərinin fəaliyyəti ilə bağlı normaları özündə ehtiva edir. Eyni zamanda, bütün jurnalistlərimizin hüquq və statusları bu qanunla əhatə olunub. İndiyə qədər əmək müqaviləsi olmadan da fəaliyyət göstərən jurnalistlərimizin də hüquq və statusları qanunda öz əksini tapıb. Digər tərəfdən, indiyə qədər onlayn media ilə bağlı heç bir münasibətlər qanunvericiliklə tənzimlənmirdi. “Media haqqında” Qanun bu boşluğu aradan qaldırır. Onlayn media subyektlərinin hüquq və statusları qanunda artıq öz əksini tapıb. Onlayn mediada çalışan jurnalistlərimiz də artıq jurnalist hesab olunur. Onların istər reyesterə düşməsi, istər hər hansı ictimai münasibətlərin iştirakçısı olması “Media haqqında” Qanunda təsbit olunub.

- Qanunda əsas yeniliklərdən biri də Media Reyestrinin yaradılması ilə bağlı maddədir. Ümumiyyətlə, Media Reyestri niyə lazımdır, reyestrdən keçənlərə hansı üstünlüklər tanınacaq?

- Xüsusi məsələni diqqətə çatdırmaq istəyirəm ki, Azərbaycanda jurnalistlərin reyestri anlayışı yoxdur. Ümumiyyətlə, belə reyestr formalaşmayıb. Azərbaycanda Media Reyestri yaradılacaq. Jurnalistlər könüllü əsasla həmin reyestrdə qeydiyyata düşə bilərlər. “Jurnalistlərin reyestri” anlayışı jurnalistlər tərəfindən müzakirələrə səbəb olur. Biz bildiririk ki, “jurnalistlərin reyestri” anlayışı qanunda yoxdur və ümumiyyətlə, İşçi Qrup tərəfindən qanun layihəsi hazırlananda belə bir təklif də verilməyib. Media Reyestrində media subyektləri də qeydiyyata alınır. Media subyektlərinin qeydiyyata alınması bildiriş xarakterlidir və beynəlxalq təcrübədə tətbiq olunur. Beynəlxalq təcrübədə bildiriş xarakterli reyestrlərin mövcud olması bizim tərəfimizdən öyrənilib və belə bir təcrübənin Azərbaycan Respublikasında tətbiqi bu qanunla təmin edilib. Azərbaycanda media subyektləri reyestrdə qeydiyyata alınacaq. Jurnalistlər özləri bəyan edərlərsə, həmin reyestrdə qeydə alınacaq və onlara müvafiq vəsiqə veriləcək. Xüsusi qeyd etmək istəyirəm ki, bu vəsiqələr vahid jurnalist vəsiqəsi deyil. Bunu dəfələrlə demişik. Bir daha təkrar etmək istəyirik. Çünki müxtəlif ekspertlər və media subyektləri xüsusilə bunun üstündə dayanır və onlar tərəfindən düzgün olmayan fikir formalaşdırılır. Media Reyestrində qeydiyyatdan keçən jurnalistlərə jurnalist vəsiqəsi veriləcək. Hansı ki, qanunda da bu göstərilib ki, jurnalist vəsiqəsi özünü Media Reyestrində görmək istəyən jurnalistlərimizə reyestrdə olmasını təsdiq etmək üçün verilən sənəddir. Bu vəsiqə onların jurnalist fəaliyyətinin və yaxud da jurnalistika ilə məşğul olmaq hüququnu təsdiq edən sənəd olmayacaq. Bir qayda olaraq jurnalistlərimizə öz işlədiyi qurum tərəfindən verilən vəsiqələri var. İndiyə qədər verilmiş vəsiqələr hamısı qüvvəsində qalacaq və Medianın İnkişafı Agentliyi tərəfindən verilən jurnalist vəsiqəsi redaksiyanın verdiyi vəsiqəni inkar etməyəcək.

- Media Reyestrinin yaradılması ilə ölkədə nə qədər jurnalistin qeydiyyata alınacağını proqnozlaşdırırsınız? Bununla bağlı Maliyyə Nazirliyinə hansısa rəqəm təqdim etmisiniz?

- Azərbaycanda jurnalistlərin və media subyektlərinin sayı ilə bağlı müxtəlif rəqəmlər səsləndirilir. Hazırda bizim əlimizdə etibarlı mənbədən alınmış dəqiq rəqəmlər yoxdur. Məhz Media Reyestrinin formalaşdırılması Azərbaycan mediasında sistemli yanaşmanın tətbiqini nəzərdə tutur. Düşünürük ki, məhz ipoteka güzəştlərindən yararlanmaq, digər mövcud və yaxud da gələcəkdə tətbiq olunacaq sosialyönümlü, iqtisadiyönümlü imtiyazlardan istifadə etmək üçün belə sistemin olması məqsədəmüvafiqdir. Qanun qüvvəyə minən kimi də Prezident İlham Əliyevin Fərmanı ilə Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydasına dəyişiklik edildi və güzəştli ipotekadan istifadə edən şəxslərin siyahısına jurnalistlər də əlavə edildi. Reyestrdə olan jurnalistlərimiz bu güzəştdən yararlana biləcək.

- Media Reyestrinə yalnız ali təhsilli jurnalistlərin daxil edilməsi ilə bağlı maddə etirazlara səbəb olur. Bu maddə, tələb dəyişdirilə bilər? Çünki ali təhsili olmayan və uzun illərdir mediada çalışan jurnalistlər kifayət qədər çoxdur.

- Məsələ bundadır ki, Media Reyestrinə daxil olmaq üçün müvafiq tələblər var. Dövlət tərəfindən həmin jurnalistlərə müəyyən imtiyazların verilməsi, xüsusilə onların peşə və ixtisaslarının artırılması ilə bağlı işlərin görülməsi və jurnalistlərin bunlardan ödənişsiz əsaslarla istifadə etməsi üçün reyestrdə olmaq əsas verəcək. Belə olan təqdirdə reyestrə daxil olmaq üçün də müəyyən tələblərin qoyulması təbiidir. Bu, jurnalistika ilə məşğul olmaq üçün tələb deyil, Reyestrdə olmaq üçün qoyulan tələbdir. Yəni ali təhsili olmadan da jurnalistika fəaliyyəti ilə məşğul olsalar, jurnalist sayılacaqlar, istər əmək müqaviləsi, istərsə də fərdi qaydada istənilən redaksiyada çalışan şəxsə çevrilirlər. Bununla bağlı heç bir məhdudiyyət yoxdur. Sadəcə olaraq reyestrdə olmaq üçün nəinki ali təhsil, stajla bağlı tələblər də var. Bunu biz İşçi qaydada da çox müzakirə etmişik və dünya təcrübəsində də görmüşük ki, bundan da ciddi tələblər qoyulur.

- Media Reyestrində olan jurnalistlərə verilən üstünlüklərdən biri də güzəştli ipotekadan yararlanmalarıdır. Bunun üçün şərtlər açıqlanıb. Jurnalistlərin güzəştli ipotekadan yararlanması üçün mexanizmi hazırlanıb? Necə mexanizm nəzərdə tutulur?

Məsələ bundan ibarətdir ki, Prezident İlham Əliyevin Fərmanı ilə jurnalistlərimiz güzəştli ipotekadan istifadə edəcək şəxslərin siyahısına əlavə edilib. İndiyə qədər Azərbaycan Respublikasında güzəştli ipotekadan yararlanan şəxslərin siyahısı var. Bu o deməkdir ki, siyahıda olan digər şəxslər kimi jurnalistlər də bundan istifadə edəcək. Burada yeni bir sistem yaradılmır. Mövcud sistemdən jurnalistlər də istifadə edə biləcək.

- Amma bundan əvvəl bir çox jurnalistlər əmək kitabçası olmadan fəaliyyət göstərib və onların rəsmi iş stajı hesablanmayıb. Buna görə də aralıq dövrdə həmin jurnalistlər üçün müəyyən güzəştlər tətbiq edilə bilər?

Hazırkı normativ hüquqi bazaya əsasən, biz deyə bilərik ki, güzəştli ipotekadan yararlanmaq media subyektlərində işləyən jurnalistlərə tətbiq olunur. “İşləyən” sözü sırf əmək münasibətlərinə aiddir. Bu tələb nəinki jurnalistlərə, eyni zamanda, həmin güzəştli ipotekadan istifadə etmək hüququ olan şəxslərin bütün dairəsinə tətbiq olunur. Yəni bu tələblər eynilə jurnalistlərə də tətbiq olunur. Burada bizim jurnalistlərimiz üçün yeni, digərlərindən hər hansı fərqli bir tələb müəyyən olunmayıb. Müəllimlərə, həkimlərə və s. tətbiq olunan bütün tələblər eynilə jurnalistlərə də tətbiq olunur.

- Jurnalistlər üçün güzəştli ipotekanın təxmini maliyyə tutumu hesablanıb? Bununla əlaqədar İpoteka və Kredit Zəmanəti Fonduna bu ilin büdcəsindən əlavə vəsait ayrılması təklifi ilə çıxış etmisiniz?

Belə iqtisadiyönümlü layihələrin həyata keçirilməsi iqtisadi bloka daxil olan qurumların iştirakı ilə razılaşdırılır, müzakirə olunur. Dövlətin hər hansı sosial zərfi həyata keçirməsi üçün həmin layihənin maddi yükü araşdırılmalıdır. Bizim də qeydimiz o idi ki, Media Reyestrinin olması həmin açıq qalan sualları aradan qaldırmış olacaq. Bu qanunun tətbiqindən sonra jurnalistlər güzəştli ipotekadan yararlana biləcək.

Bəs jurnalistlər üçün tikilmiş 3-cü binanın taleyi necə olacaq? Bu bina da ipoteka əsasında jurnalistlərə verilə bilər?

- Bu sual MEDİA-nın səlahiyyətlərinə aid deyil. Sadəcə onu deyə bilərəm ki, indiki Fərmanın 3-cü bina ilə bağlı olan proseslərlə heç bir əlaqəsi yoxdur.

- Qanun sosial şəbəkələri əhatə edir? Qanunun “Youtube” və digər şəbəkələr üzərindən yayımı qadağan etdiyi barədə fikirlər var, bu doğrudur?

- “Media haqqında” Qanunda sosial şəbəkələrlə bağlı heç bir tənzimləmə yoxdur. Ümumiyyətlə, sosial şəbəkələri bu qanun tənzimləmir və bununla bağlı heç bir müddəa yoxdur. Bu qanun peşəkar media münasibətlərini tənzimləyir. Bloggerlər, “Youtube”də yayımlanan internet televiziyaları, kanalları ilə bağlı qanunda heç bir müddəa yoxdur. Qanun o münasibətləri tənzimləmir və bu qanunun məqsədi həmin münasibətləri tənzimləmək deyil. Qanun yalnız peşəkar mediaya istiqamətlənib, media sahəsindəki bütün münasibətləri - müəllif hüquqlarından tutmuş ən sadə münasibətlərə qədər tənzimləməkdir.

- Bu qanunun medianın iqtisadi müstəqilliyinin təmin edilməsi üçün qəbul olunduğu fikrini də tez-tez səsləndirirsiniz. Buna necə nail olmağı düşünürsünüz? “Reklam haqqında” qanuna hansı əlavə və dəyişikliklərin edilməsi üçün təkliflər hazırlamısınız?

- “Media haqqında” Qanunun tətbiqi ilə bağlı Fərmanda hökumətə tapşırılıb ki, Azərbaycanda normativ hüquqi baza “Media haqqında” Qanuna uyğunlaşdırılsın. Həmin müddət ərzində “Reklam haqqında” Qanuna da müvafiq dəyişiklikləri təqdim etməliyik. Bizim məqsədimiz media subyektlərinin iqtisadi müstəqilliyinin təmin olunması, onların peşəkarlığının artırılması ilə bağlıdır. Beləliklə də cəmiyyətin obyektiv və qərəzsiz informasiya almaq hüququnu təmin etməkdir.

- Reklam bazarında hansı dəyişikliklərdən sonra medianın iqtisadi müstəqilliyi təmin ediləcək?

- Hazırda medianın peşəkarlığı ön sıraya çıxmalıdır və rəqabət şəklində peşəkar media digər qeyri-peşəkar mediadan fərqlənməlidir. Fərqləndiyi halda isə artıq biz düşünürük ki, biznes subyektləri peşəkar media ilə reklam müstəvisində münasibətlərə yenidən baxmağı düşünəcək. Reklam bazarının formalaşması məhz media subyektləri arasındakı rəqabətə əsasən də proporsional surətdə inkişaf etmiş olacaq. Və beləliklə medianın gəlirlərinin artmasını təmin etmək mümkün olacaq. Eyni zamanda, Medianın İnkişafı Agentliyi biznes subyektləri və media subyektləri arasında platforma rolunu oynamağa da hazırdır. Biz onların mütəmadi görüşlərinin keçirilməsi və reklam bazarında mövcud problemlərin müzakirəsi, problemlərin həlli yollarının araşdırılması üçün də müvafiq birgə müzakirələrin aparılmasını təmin edə bilərik.

- Agentliyin çap və onlayn mediaya dəstək layihələri davamlı xarakter alacaq? Bu layihələrə bəzi media subyektləri qarşı çıxır və bu yolla medianın iqtisadi müstəqilliyinin təmin edilməsinə maneələr yarandığı deyilir. Bu fikirlərə münasibətiniz necədir?

Əslində bu, adında da qeyd olunduğu kimi müsabiqədir. Burada iştirak məcburi deyil. İstəməyən media subyekti həmin müsabiqədə iştirak etməyə bilər. Amma bizim elan etdiyimi müsabiqəyə media subyektləri kütləvi olaraq müraciət edirsə, deməli media subyektlərinin özləri bunu istəyirlər və bu prosesin tərkib hissəsidirlər. Ona görə də bu layihələrin medianın müstəqilliyini əlindən alması ilə bağlı fikirlərlə biz razı deyilik. Bu müsabiqələrin keçirilməsi ilə bağlı praktika, təcrübə dünyanın bir çox ölkələrində, Avropa dövlətlərində də mövcuddur. Bizim elan etdiyimiz müsabiqələr media dəstək layihələridir. Mediamız müəyyən layihələrin icrası üçün müsabiqədə iştirak edir. Bizim müsabiqələr mediaya maddi dəstək layihələri göstərmir. Media subyektləri ilə bağlanmış müqavilədə də bunu görmüş olarsınız. Media subyektləri müxtəlif sahələrdə araşdırma materialları təqdim edirlər, təqdim etməkləri müqabilində həmin layihənin həyata keçirilməsi maliyyələşdirilir. Yəni bu, medianın maliyyələşdirilməsi deyil. Təəssüflər olsun ki, belə bir fikir köhnədən də var idi. Amma biz bu fikri qəbul etmirik, bunu birmənalı olaraq qeyd edirik ki, MEDİA layihəni maliyyələşdirir. Bu layihələri həyata keçirmək istəməyən media subyekti bizə müraciət etməyə bilər. Belə layihələrin davamlı olacağı ilə bağlı isə deyə bilərəm ki, biz də istəyirik ki, medianın iqtisadi müstəqilliyi gücləndirilsin və media subyektlərinin belə müsabiqələrə marağı azalsın. Biz istəyirik ki, onlar öz reklam bazarları və digər gəlirləri əsasında öz fəaliyyətlərini təmin etmiş olsunlar. Amma yenə də müvafiq istiqamətlər var -ictimai-siyasi məzmunlu məlumatların yayılması, onların cəmiyyətə çatdırılması ilə bağlı layihələrin həyata keçirilməsi mediada daha az reklam cəlb olunan sahələrdir. O zaman həmin layihələrin həyata keçirilməsi ilə bağlı media subyektləri dünya təcrübəsində olduğu kimi, dəstək layihələri üçün müraciət edə bilərlər.

- Onlayn media subyekti (redaksiyaları) gündəlik azı 20 kütləvi informasiya dərc etdikdə onun fəaliyyəti davamlı hesab olunacaq. Bu tələb hər redaksiyasının öz 20 materialını nəzərdə tutur, yoxsa istinadla verilmiş materiallar da daxil olmaqla 20 kütləvi informasiyanı nəzərdə tutur?

- Bu tələb özəl material deyil. Bu öz 20 materialını nəzərdə tutur. Yəni heç bir yerdən köçürülməmiş, heç bir hüquq pozulmadan həmin redaksiyanın istehsal etdiyi bir kütləvi informasiyadır. Bu ağır yük sayılmır. Bunu dəfələrlə müzakirə etmişik. Bura tərcümə və s. də daxildir.

Bu tələbə nəzarəti necə həyata keçirəcəksiniz? Ölkədə kifayət qədər çox onlayn media subyekti fəaliyyət göstərir.

- Əslində bu müəllif hüquqları ilə bağlı olan məsələdir. Biz inanırıq ki, peşəkarlıq artdıqca bizim media subyektlərimiz artıq bir-birlərinin materiallarına istinad etməklə, icazəsini almaqla və yaxud da müvafiq müqavilələrlə, bu şərtlər əsasında fəaliyyət göstərəcəklər. Ona görə də avtomatik olaraq belə materialların yerləşdirilməsi rəqabət şəklində öz-özünü tənzimləmiş olacaq. Əsas məqsəd heç işləməyən media subyektlərini müəyyən etməkdir. Çünki elə media subyektləri var ki, heç işləmirlər, heç gündə bir informasiyanı dərc etmirlər. Onlar öz istədikləri vaxtlarda materiallar qoyurlar. Bu zaman bizim tərəfimizdən qanunamüvafiq qaydada tədbirlərin görülməsi üçün media subyektlərinə xəbərdarlıq olunacaq.

- Media subyektləri və jurnalistlər üçün vergi güzəştlərinin də nəzərdə tutulduğunu demişdiniz. Bununla bağlı layihə artıq hazırlanıb? Media qurumları üçün vergi tətilləri nəzərdə tutulur?

- Vergi güzəştləri ilə bağlı məsələ müvafiq qurumlarla müzakirə olunur. Həmin müzakirələr bitdikdən sonra qanun layihəsi formalaşdırılacaq. Qanun layihəsi hazır olanda isə bu barədə ətraflı məlumatlar veriləcək.

- MEDİA-nın vəzifələri sırasına Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmadıqda, redaksiyasının daimi yeri Azərbaycan Respublikasının hüdudlarından kənarda olan xarici çap mediası məhsulunun Azərbaycan Respublikasının ərazisində yayılması ilə bağlı məsələləri həll etmək də daxil edilib. Bu maddənin necə tətbiq olunacağına aydınlıq gətirməyinizi xahiş edirdik.

Bu, əslində indi də tətbiq edilir. Bu, xarici çap mediasının Azərbaycanda yayılması ilə bağlıdır. Bu yayılma həmin beynəlxalq müqavilələr əsasında həyata keçiriləcək. Hazırda bu sistem var. Çap mediasının yayılmasında elə problem yoxdur. Qanun da mövcud münasibətləri tamamilə təsbit edir.




Redaktorun seçimi

Media