- Daxili siyasət
- 11:19 17.04.2024
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi Sənədli mənbələrin elmi fond şöbəsində görkəmli mütəfəkkir və ictimai xadim Həsən bəy Zərdabinin ömrünün son günlərində çəkilmiş fotoşəkli (1907-ci il) qorunur.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
22 iyul Azərbaycanda Milli Mətbuat Günüdür. Görkəmli mütəfəkkir və ictimai xadim Həsən bəy Zərdabinin doğma xalqı qarşısında ən dəyərli xidməti ilk milli mətbuat orqanı olan “Əkinçi” qəzetini nəşr etdirməsi idi. H.Zərdabinin 1875-ci il iyulun 22-də nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olub, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirib, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb. “Əkinçi”nin milli şüurun, özünüdərkin təşəkkülündə rolu əvəzsiz olub. Çox çətinliklərlə həmin nəşri ərsəyə gətirən cəfakeş insan - Həsən bəy Zərdabi ətrafına görkəmli yaradıcı adamları – Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani kimi şəxsiyyətləri toplayaraq “Əkinçi” qəzetini inkişaf etdirib.
Azərbaycan milli mətbuatı zəngin və mənalı inkişaf yolu keçib. Bu gün ölkəmizdə söz və mətbuat azadlığına geniş imkanlar yaradılıb. Azərbaycanda çoxlu sayda mətbu orqanı fəaliyyət göstərir.