USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Akif Cabbarlı - 70 Mətbuat Şurasının sədri tanınmış jurnalisti təbrik etdi


  • Media
  •  10:31 16.07.2021
  •  376
https://img.baki-baku.az/news/2021/07/photo_4420.jpg?v=MjAyMS0wNy0xNiAxMjowMDowMQ==

Bu günlərdə veteran jurnalist Akif Cabbarlının 70 yaşı tamam olub. Bu münasibətlə A.Cabbarlı Azərbaycan Mətbuat Şurasının diplomu ilə təltif edilib. Şura sədri Əflatun Amaşov həmçinin özünün facebook səhifəsində yubilyarı təbrik edib. Təbrik mətnində bildirilib:

"Təpədən dırnağa söz adamı olan, sözün nazını çəkməkdən zövq alaraq yaşayan həmkarlarımız var. Onların tərcümeyi-halına diqqət yetirəndə görürsən ki, orada jurnalistikadan kənar bir gün də yoxdur. 70 illik yubileyini qeyd edən Akif Cabbarlı da məhz belə həmkarlarımızdandır.

Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin məzunu olmuş Akif müəllimin həyatının 50 ilə yaxını jurnalistikada keçib. Bu, kifayət qədər ciddi rəqəmdir. Hazırda Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqında redaktor kimi çalışır.

A.Cabbarlı mütəmadi şəkildə maraqlı yazıları, hekayələri ilə oxucuların görüşünə gəlir. Bu günlərdə “Yolda” adlı kitabı çapdan çıxıb. Onu da deyim ki, yubilyar həmkarımız jurnalistikanın yaşantılarını kitablara daşımağı da ustalıqla bacarır. Təbii ki, onun müəllifi olduğu nəşrlərdə publisistik duyum, vətənpərvərliyin obrazlı ifadə tərzi də var. Bu mənada illər öncə çapdan çıxmış “Biz o şəhərə gedəcəyik” kitabı mənə xüsusilə maraqlı gəlib. Demək ki, yaradıcılıq vətənpərvərlik üçün mayak ola bilirmiş. Bəli, illər sonra biz o şəhərə - Şuşaya getdik.

Azərbaycan Mətbuat Şurası olaraq söz sənəti yollarında usanmadan çalışan həmkarlarımızı hər zaman diqqətdə saxlayırıq. Bu diplomla Akif Cabbarlının çox illik əməyinə diqqətimizi göstərməklə məmnunluq yaşadıq, təbriklərimizi çatdırdıq. Bir daha dəyərli həmkarımı 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm. Yeri gəlmişkən, bu şəkilləri çəkdirəndə zarafatla hansımızın daha cavan göründüyünü soruşdu. Belə bir deyim var – özünə nə arzu edirsənsə, onu sənə arzulayıram. Zarafatından belə hiss etdim ki, Akif müəllim cavan görünməyi xoşlayır. Ona görə də 70 yaşının tamamında ona cansağlığı, gümrahlıq arzulayıram. Əminəm ki, o, cansağlığından da, gümrahlığından da ilk növbədə jurnalistika, söz sənəti üçün yararlanacaq, peşəyə dəyər qazandırmaqda davam edəcək".




Redaktorun seçimi

Atəşkəs niyə pozulur?
  • Daxili siyasət
  • 09:47 09.04.2024
Atəşkəs niyə pozulur?

Media