USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Jurnalist məsuliyyəti və ya mediada "reketliyə" son


  • Media
  •  16:52 15.07.2021
  •  397
https://img.baki-baku.az/news/2021/07/photo_4416.jpg?v=MjAyMS0wNy0xNSAxNzowMzozOQ==

Ənvər MƏŞƏDİYEV

_____________________________________________________________________________

Azərbaycan Milli mətbuatın yaranma tarixindən yüz qırx altı il ötür. Milli mətbuatımızın bünövrəsi 1975-ci il iyulun 22-də “Əkinçi” qəzetinin ilk nömrəsinin nəşri ilə qoyulmuşdur. Öz müqəddəs qədəmləri ilə böyük əks-səda doğuran “Əkinçi”nin naşırı də, redaktoru da Azərbaycanın milli maarifçilik hərəkatının banilərindən biri, təbiətşünas alim Həsən bəy Zərdabi idi. Bu qəzetin təsis edilməsində böyük ədiblərimiz Mirzə Fətəli Axundzadənin, Nəcəf bəy Vəzirovun, Əsgər ağa Goraninin və başqalarının xidmətləri olmuşdur.

Nəşri iki il davam edən “Əkinçi” fəaliyyəti dövründə böyük uğurlar qazanmış, mütərəqqi ideyaların tribunası olmuş, elmin, maarif və mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafına müsbət təsir göstərmişdir. Bu qəzet bağlandığdan sonra göstərilən səylərə baxmayaraq ölkəmizdə bir müddət azərbaycanca mətbu orqan çıxmamışdır. Azərbaycanda baş verən içtimai-siyası hadisələr barədə ölkədə çıxan rusdilli qəzetlər məlumatlar verilirdi.

Ötən əsrin əvvələrində - 1903-cü ildə Azərbaycanda ilk anadilli qəzet “Şərqi-Rus” nəşrə başladı. Bir müddət sonra isə milli mətbuatımızda demokratik-satirik “Molla-Nəsrəddin” jurnalı işıq üzü görmüş və haqq səsini ucaltmışdır. Milli oyanış prosesinə xidmət edən bu ayağıyüngül jurnalın nəşr olunduğu dövrlərdə “Rəhbər”, “Məktəb” kimi uşaq mətbu orqanları yarandı.Həmin dövrlərdə nəşr olunan “Həyat”, “Füyuzat”, “Şəlalə”, “Açıq söz”, “Dirilik” kimi qəzet və jurnallar da milli mətbuatımızın inkişafında böyük rol oynamışdır.

Azərbaycanda sovet  hakimiyyəti dövründə “Kommunist”, “Bakinskiy raboçıy”, “Vışka”, Ədəbiyyat və incəsənət”, “Şərq qadını”, “Azərbaycan gəncləri”, “Bakı”, “Baku”, “Sovet  kəndi”, “Molodyoj Azerbaydjana”, “Azərbaycan müəllimi”, “Azərbaycan pioneri” və bir neçə başqa qəzetlər nəşr olunmağa başladı.

Respublikamız  öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan milli mətbuatı yeni bir mərhələyə qədəm qoymuşdur. Söz azadlığının təmin olunması üçün mətbuatımızın dostu və hamisi  olmuş ümummilli liderimiz Heydər Əliyevin prezidentliyi dövründə çox mühüm işlər həyata keçirilmişdir.

Mətbuata Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev də xüsusi qayğı göstərir. Məhz bu qayğının nəticəsidir ki, mətbuatımızın inkişafında dönüş yaranmış, siyasi plüralizm, söz azadlığı təmin olunmuşdur.  Bütün bunlar təşəkkül tapmış teleradio jurnalistikasının, mətbuatımızın  coğrafiyasının, kütləvi informasiya vasitələri növlərinin -  saytların, qəzetlərin, elektron variantlarının genişlənməsinə səbəb olmuşdur. Bir sözlə, media sahəsində bolluq yaranmışdır.

Hazırda ölkəmizin içtimai-siyasi həyatının elə bir sahəsi yoxdur ki, onu kütləvi informasiya vasitəsi əhatə etməsin. Bu inkişaf respublikamızda müstəqil qəzetlərin yaranması ilə də təsdiqlənir. Bəli, Azərbaycanda, necə deyərlər, mətbuat bolluğu yaranmışdır. Jurnalistikamıza yeni nəfəslər gəlmişdir. Yeni nəsl jurnalistlər arasında püxtələşmiş, öz sözü olan mütəxəssislər çoxdur. Onların yazılarını oxuyanda, verlişlərinə baxanda, reportajlarını dinləyəndə adam sevinməyə bilmir. Belə jurnalistlərlə fəxr etməyə dəyər.

44 günlük İkinci Qarabağ müharibəsi dövründə və hazırda erməni  vandallarının tapdağı altından azad olunmuş torpaqlarımızda aparılan bərpa və quruculuq işlərinin gedişatı barədə reportajlar aparan gənc, vətənpərvər jurnalist oğlan və qızlarımıza yalnız əhsən deyirsən!

Respublikamızda aparılan düzgün daxili və xarici siyasəti, İkinci Qarabağ müharibəsində möhtəşəm qələbəmizi, erməni qəsbkarlarının tapdağı altından torpağlarımızın azad olunmasını, orada aparılan genişmiqyaslı quruculuq işlərini, günbəgün hiss olunan inkişafımızı əks etdirən, ətraflı təhlillər, ümumiləşdirmələr verən yazılara həm rəsmi, həm də bəzi müstəqil qəzetlərdə rast gəlirik. Bu, ürəkaçandır. Təəssüf ki, bir çox müstəqil mətbu orqanlar, saytlar bu inkişafımızı, zəfərmizi görmür, daha doğrusu, görmək istəmirlər.

Mən bu mətbuat bolluğunda, söz azadlığı dövründə bəzi ağrılı məqamlara toxunmaq istəyirəm. Sovet dövründə belə bir cümlə işlədilirdi: “Qəzet ümumxalq tribunasıdır”. Bu deyim indi də öz mahiyyətini itirməmişdir. Qəzet redaktoru, televiziya işçisi, sayt rəhbəri bunu daim öz diqqətində saxlamalıdır. O bilməlidir ki, məqaləsində şəxsi fikirləri ilə yanaşı, həmdə ümumi rəy yaradır. Ona görə də faktlara – istər siyasi, istərsə də məişət, təsərrüfat və s. faktlar  olsun, obyektiv yanaşmalı, qərəzçilikdən, qarayaxalıqdan, əliəyrilikdən, umacaqdan uzaq olmalıdır. Mətbu orqandan şəxsi mənafe üçün istifadə etmək olmaz. Burada xalqımızın ümummilli lideri Heydər Əliyevin jurnalistlərin qulağına sırğa olan və onların əsas devizinə çevrilən bir deyimini yada salmağı vacib sayıram: “Jurnalistin mənəvi siması təmiz olmalıdır”. Ölkə jurnalistlərinin hələ 40 il bundan əvvəl keçirilən toplantılarının birində geniş nitq söyləyərkən ümummilli liderimizin səsləndirdiyi bu ibrətamiz sözlər nəinki jurnalistlər, hər bir ziyalı, hər bir qələm sahibi (əgər sahibdirsə), hər bir vətəndaş üçün  daim meyar olmalıdır.

Ulu öndərin bu tövsiyəsini yada salmaqdan məqsədim onu qəzet bolluğunda özlərini jurnalist hesab edən bəzi şəxslərin diqqətinə çatdırmaq, onların yaddaşlarına həkk etməkdir. Gizli deyildir ki, məqsədi, mərami cəmiyyətə məlum olmayan bir çox müstəqil qəzetlər, saytlar mövcuddur. Onların sayı kifayət qədər olduğu üçün adlarını çəkməyəcəm. Həmin qəzetləri nə dilimizin saflığı, üslubu, nə də ölkəmizin mövcud iqtisadi, inkişafı, içtimai-siyasi vəziyyəti maraqlandırır. Çünki onların “baş redaktor”larının səviyyəsi cəmiyyətimizin inkişafı üçün gərəkli olan həmin məsələləri dərk etməyə qadir deyil. Belələrini kimisə şantaj etmək, uğurlarımıza göz yummaq, qisasçılıq, rüşvətxorluq, mətbu orqandan yalnız öz mənafeləri üçün istifadə etmək düşündürür. Bu da jurnalistikamızın ən ağrılı yeridir. Ədəbiyyatdan, bədiiyyatdan, mədəniyyətdən xəbəri olmayan, heç bir ali təhsil almayan şəxslərin jurnalistikaya asanlıqla yol tapmaları təəcüb doğurur. Neçə-neçə müstəqil qəzetlərin “əməkdaşları” arasında (biz hələ baş redaktorları demirik) axtarsan ancaq 3-4 nəfər ali təhsil almış şəxs taparsan. Lakin istədiyin başqa hansı bir peşə üzrə desən təsisçi, baş redaktor, müxbir və s. var. Bax bu, jurnalistika üçün bəladır. Baş aşpaz -  baş redaktor, baş satıcı – baş redaktor, baş çoban – baş redaktor, traktorçu – baş redaktor, mexanizator – baş redaktor, evdar qadın - baş redaktor, təchizatçı - baş redaktor baş alıb gedir. Qəribə də olsa, bu dırnaqarası baş redaktorlar bir mətbu orqanla qane olmur, bir neçə qəzet təsis edirlər. Belələri yalnız öz mənafelərini güdür, rüşvətxorluqla, qarayaxmaqla məşğul olurlar. Qəribədir ki, onlar “ovladıqları” şəxslərdən bir şey qoparan kimi həmin adamın əliaçıq olması barədə öz “şəbəkələrinə” daxil olan reket mətbuatın reket redaktorlarına məlumat verirlər. Onlar da öz növbələrində “araşdırmalara” başlayırlar.

Mən qətiyyən qəzet bolluğunun əleyhinə deyiləm. Nə də “baş redaktirların” düşməniyəm. Amma bu bolluğun içində dediyim kimi, məqsədi, mərami, istiqaməti nə cəmiyyətə, nə oxucuya, nə də sahiblərinin özlərinə məlum olmayan, müəyyən dairələrə və şəxsi maraqlara xidmət edən qəzetlər də boldur. Axı humanist qanunlarımızdan istifadə edərək qəzet təsis etmək və yaxud sayt açmaq, möhür düzəltmək, qohum-əqrəbaya, qız-gəlinə, əliəyri adamlara vəsiqə paylayıb onları idarə qapılarına “səpmək”,  redaktorların isə səhərdən axşamadək müxtəlif təşkilatların qəbul otaqlarında, təskinlik tapmağa ehtiyacı olan ailələrin qapları ağzında dirəyə dönmələri jurnalistik peşəsi deyil.

Bu biabırçılıqdır. İçtimai tribunadan şəxsi məqsəd üçün istifadə etmək, insanların şəxsiyyətini, ləyaqətini tapdalamaq nadanlıqdır.

Görün, özlərini jurnalist adlandıran bəzi nankor, rüşvətxor adamlar hansı alçaqlığa qədər enmişlər ki, şəhid ailələrinə belə əl açırlar, onlardan Vətən uğrunda canlarından keçmiş övladları barədə güya yazı dərc edəcəkləri üçün pul istəyirlər. Sosial şəbəkələrdə bu cür halları seir edəndə adamın ayaqları yerdən üzülür.

Jurnalistlərin peşə bayramı ərəfəsində bəzi tənqidi fikirlər söyləməyimə şübhəsiz, ağız büzənlər də olacaq. Ancaq nahaq yerə. Çünki faktlar realdır və hərə öz payını götürəcək.

Bizim milli adət-ənənələrimizə söykənməyən, elmimizin, təhsilimizin, mədəniyyətimizin, iqtisadiyyatımızın inkişafına kömək göstərməyən, dilimizi, üslubumuzu korlayan, mənəviyyatımıza zidd yazılar, mediya yayımları ciddi  məzəmmətə layiqdir.

Mətbuat haqqında qəbul olunacaq yeni qanunda belə biabırçılıqların, reketçiliyin qarşısını almaq üçün konkret müddəalar əksini tapmalıdır.

Qaldı ki,  müvafiq dövlət və içtimai qurumlar dövri mətbuatın həm qeydiyyata alınmasında, həm fəaliyyətində lazımi qanuni mexanizm yaradılması üçün düşünməlidirlər.




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Ənvər Məşədiyev