- Dünya
- 11:07 10.09.2024
Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Minasız dünya təşəbbüsü - BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 18-ci məqsədi kimi" adlı yeni layihənin icrasına start verib.
Ölkəmizdə keçiriləcək beynəlxalq COP29 tədbiri çərçivəsində ekoloji problemlərin önəm daşıdığı bir zamanda aktuallığı ilə seçilin layihənin əsas məqsədi minaların insan sağlamlığına və təbiətə vurduğu ziyanlara, xüsusən qlobal sülh və inkişaf üçün yaratdığı maneələrə dair unikal çağırışlara və BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi (SDG/DİM) kimi mina probleminin müəyyən edilməsi təşəbbüsünə dəstək verməkdir. Bu təşəbbüs minaların yaratdığı humanitar böhranın həlli istiqamətində göstərilən səyləri dəstəkləmək, gələcək nəsillər üçün daha təhlükəsiz dünya yaratmaq çağırışlarını hədəfləyir.
Layihəni əsas fəaliyyətləri Bakıda BAMF-ın baş ofisində təşkil olunacaqdır. Layihənin icrası zamanı BAMF daha öncədən işbirliyi qurduğu və minasız dünyanın təmin edilməsi üçün uzun illərdir bu sahədə fəaliyyət göstərən “Sülhün Kökləri” təşkilatı ilə və Avropanın önəmli qurumlarından sayılan Cenevrə Geostrateji Araşdırmalar Mərkəzi ilə əməkdaşlıq edəcəkdir. Layihə çərçivəsində beynəlxalq müstəvidə görüşlərin təşkili, nüfuzlu ekspertlərlə onlayn müzakirələrin və BMT-nin Cenevrə ofisində hazırlıq görüşlərinin keçirilməsi və mətbuatda maarifləndirmə işlərinin aparılması nəzərdə tutulur.
Qeyd edək ki, layihə çərçivəsində 14-18 oktabr tarixlərində BMT-nin Cenevrə ofisində “Cenevrə Sülh Həftəsi”-də Paralel Sessiyanın keçirilməsi nəzərdə tutulub. Tədbir zamanı Azərbaycanın qarşılaşdığı mina problemi və mina qurbanları haqqında məlumat veriləcək və beynəlxalq səviyyədə DİM 18 təşəbbüsünün dəstəklənməsinə çağırış ediləcək. Hər il təşkil olunan “Cenevrə Sülh Həftəsi”-də 500-dən çox diplomatın, hökümət rəsmilərinin, nazirlərin iştirakı gözlənilir ki, bu da layihənin təsirini və mahiyyətini daha effektiv çatdırmaq üçün sözügedən məkanda müxtəlif görüşlər və tədbir keçirməklə beynəlxalq ictimaiyyətin, nüfuzlu təşkilatların diqqətini cəlb etmək, problemin həllinə maraq qazandırmaq şansını daha da artırır.