USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Polad Bülbüloğlu “Nezavisimaya qazeta”ya müsahibəsində nələri dedi? - Ermənistanın iddiaları əsassızdır


  • Region
  •  09:35 17.03.2021
  •  447
https://img.baki-baku.az/news/2021/03/photo_3250.jpg

Ermənistan minalanmış ərazilərin xəritələrini verməkdən qəti şəkildə imtina edir.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “Nezavisimaya qazeta”ya müsahibəsində bildirib.

O, ilk növbədə bu günə kimi davam edən dinc sakinlərin mənasız ölümlərini dayandırmağın vacibliyini söyləyib: “Siz yəqin ki, ikinci Qarabağ müharibəsində bombalanma zamanı 100-dən çox dinc sakinin həlak olduğunu, Gəncə, Bərdə, Tərtər, Naftalan və digər şəhərlərin yaşayış məhəllələrinin dağıdıldığını bilirsiniz. Lakin ən qorxulusu müharibədən sonra insanların sözün əsl mənasında torpaqlarımıza səpilən minaların partlaması zamanı həlak olmasıdır. Mütəxəssislərin ən nikbin proqnozlarına görə, azad olunmuş ərazilərin minalardan tam təmizlənməsi 10 ildən 15 ilə qədər davam edə bilər, Azərbaycan tərəfinin ən müasir avadanlıqlardan istifadə etməsinə və istehkamçıların maksimal dərəcədə qorumasına baxmayaraq, əhəmiyyətli maddi sərmayə tələb edəcək. Bu təhlükəli işdə bizə Rusiya sülhməramlıları yardım edir, hansı ki, onlardan biri də bir müddət əvvəl minaya düşərək həlak oldu, digər bir neçəsi isə yaralandı. Bu işə eləcə də türkiyəli mütəxəssislər cəlb olunublar. Lakin bununla belə, erməni tərəfi minalanmış sahələrin xəritələrini təqdim etməkdən qəti şəkildə imtina edir”.

Azərbaycanlı diplomat erməni diversiya qruplarının dinc dövrlərdə törətdiyi terror aktlarından danışıb: “Təəssüf ki, ancaq onu deyə bilərəm ki, erməni təxribat qrupları dinc dövrdə də partlayıcı maddələrdən aktiv şəkildə istifadə edirlər. Yaşlı nəsil moskvalılar 1977-ci ildə ictimai yerlərdə baş vermiş üç partlayış şəklində seriya terror aktlarını yaxşı xatırlayarlar: “İzmaylovskaya” metro stansiyasında vaqonda, Lubyankadakı ərzaq mağazasında və 25 oktyabr küçəsindəki ərzaq mağazasındakı partlayışları... Bu partlayışlar nəticəsində 7 nəfər ölüb, 37 nəfər yaralanıb. Cinayətin təşkilatçıları Ermənistanın Milli Birləşmiş Partiyasının üzvləri olan Stepan Zatikyan, Akop Stepanyan, Zaven Baqdasaryan mühakimə olunaraq ölüm cəzasına məhkum ediliblər. Maraqlıdır ki, bu terrorçu qrup Moskva-Bakı marşrutu istiqamətində hərəkət edən qatara bomba yerləşdirərkən yaxalanıblar. Əldəqayırma partlayıcı qurğulardan bundan sonra da erməni diversiya qrupları tərəfindən Azərbaycan ərazisində dinc əhaliyə qarşı fəal şəkildə istifadə olunub.

Demək lazımdır ki, Azərbaycanın dinc əhalisinə və Ermənistanın azərbaycanlı əhalisinə qarşı terror aktları erməni millətçiləri tərəfindən uzun illər mütəmadi və planlı şəkildə həyata keçirilib. Erməni separatçılarının törətdikləri cinayətlərin uzun siyahısı ilə oxucuları darıxdırmaq istəmirəm, amma bu məsələ ilə maraqlananlar üçün Oleq Kuznetsovun bütün bu faktların olduğu “XX əsrdə Transmilli Erməni Terrorizminin Tarixi” kitabını tövsiyə edə bilərəm, hansı ki, bu kitabda faktlar kifayət qədər ətraflı şəkildə öz əksini tapıb. Eləcə də bu mövzuda genocide.preslib.az saytını məsləhət verə bilərəm.

Avtobuslarda, sənaye və infrastruktur obyektlərində partlayışlar, körpülər və daha çox şey... Bakı metrosunda yalnız iki partlayış nəticəsində 27 nəfər həyatını itirib və 100-ə yaxın sərnişin xəsarət alıb. Türkmənistanın Krasnovodsk şəhərindən (indiki Türkmənbaşı) Bakıya sərnişin daşıyan “Sovetskaya Kalmıkiya” dəniz bərəsində digər partlayış nəticəsində 25 nəfər ölüb, 88 nəfər yaralanıb. Ümumiyyətlə, 1988-1993-cü illərdə terror aktları nəticəsində 1250 nəfər öldürülüb, 1283 nəfər yaralanıb, 65 nəfər itkin düşüb. Bu cür faktlar çoxdur və onlar dəhşətlidir”.

Polad Bülbüloğlu bildirib ki, ötən il bütün Azərbaycan xalqı və şəxsən onun özü üçün ilk növbədə qələbə və torpaqlarımızın çoxdan gözlənilən qaytarılması ili oldu.

“Bir milyona yaxın azərbaycanlı qaçqın evlərinə qayıtmağı səbirsizliklə gözləyirdi. Bizim üçün bu, Vətən müharibəsi idi, çünki beynəlxalq hüquqla müəyyən edilmiş sərhədlər daxilində əzəli torpaqlarımızı azad etdik. Vurğulamaq istəyirəm: Azərbaycan əsgəri heç vaxt özgə əraziyə ayaq basmayıb”, - deyə Azərbaycan səfiri vurğulayıb.

Polad Bülbüloğlu rusiyalı jurnalistin Qarabağla bağlı üçtərəfli Bəyanatdan sonra Azərbaycan ərazisində diversiya törədən 62 Ermənistan vətəndaşı ilə bağlı sualına da cavab verib:

“Hər şeydən əvvəl demək istərdim ki, Azərbaycan tərəfi rəsmi səviyyədə dəfələrlə bu məsələyə münasibətini bildirib. Eyni fikir Rusiya Federasiyası xarici işlər naziri tərəfindən bu ilin yanvarın 18-də keçirilən onlayn mətbuat konfransında da səsləndirilib. Lakin qarşı tərəf bizim arqumentlərimizi eşitmir və ölkəmizə beynəlxalq təzyiq göstərməyə çalışır. Məsələnin mahiyyəti aşağıdakı kimidir:

Ermənistandan olan hərbçilər Azərbaycanın xüsusi xidmət orqanlarının antiterror əməliyyatı nəticəsində tutulub. Bu diversiya qrupu Azərbaycan Silahlı Qüvvələrinə və mülki şəxslərə qarşı terror aktları törətmək məqsədi ilə 2020-ci ilin noyabr ayının sonunda ərazilərimizə göndərilib. Onlar Azərbaycan Ordusunun dörd hərbçisini və bir mülki şəxsi öldürüblər. Diversiya qrupunun üzvləri ötən ilin dekabrında Azərbaycanın Xocavənd rayonunda, yəni müharibənin bitməsindən və imzalanan bəyanatdan bir ay sonra zərərsizləşdirilib. Onlar cinayət məsuliyyətinə cəlb olunublar və hazırda araşdırmalar aparılır. Tamamilə aydındır ki, bu şəxslərin heç biri, beynəlxalq konvensiyaya əsasən, hərbi əsir hesab oluna bilməzlər və 10 noyabr 2020-ci il tarixli üçtərəfli sazişin müddəaları onlara şamil olunmur.

Beynəlxalq humanitar hüquq normalarına sadiq qalaraq üzərinə götürdüyü beynəlxalq öhdəliklərin vicdanla yerinə yetirilməsi prinsipindən çıxış edərək Azərbaycan tərəfi 10 noyabr sazişini tam icra edib. Azərbaycan tərəfi daha çox əsgər və zabitləri təhvil verib, çünki ordumuz tərəfindən daha çox hərbi əsir götürülmüşdü. Eləcə də Ermənistan ordusunun öldürülən hərbçilərinin, demək olar ki, bütün meyitləri də təhvil verilib.

Rusiyanın Sülhməramlı Qüvvələrinin və Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin iştirakı ilə Azərbaycan ərazilərində erməni hərbçilərinin cəsədlərinin tapılması üçün bütün tədbirlər görülür və biz misilsiz konstruktivizm və bu sahədə əməkdaşlığa açıq olduğumuzu nümayiş etdiririk.

Beləliklə, Azərbaycanın guya birgə üçtərəfli Bəyanatın 8-ci bəndini pozması barədə Ermənistan tərəfinin iddiaları əsassızdır. Xoşməramlı bir jest olaraq, bildiyim qədər Rusiya tərəfinin xahişi ilə artıq iki dəfə bir neçə nəfər qaytarılıb və 8 mart ərəfəsində yeganə qadın məhbus sərbəst buraxılıb və Livandakı vətəninə göndərilib, hansı ki, yeri gəlmişkən Ermənistana qayıtmaqdan imtina edib”, - deyə səfir qeyd edib.




Redaktorun seçimi

Solovyova “Geriyə dön!” əmri verildi
  • Daxili siyasət
  • 10:33 29.03.2024
Solovyova “Geriyə dön!” əmri verildi
Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi