USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ağahüseyn Hüseynov: "Nəsir müəllim əsl döyüşçü, sümüyündən iliyinədək qəzet işinə, öz övladlarına–“Bakı” və “Baku” qəzetlərinə sədaqətli idi"


https://img.baki-baku.az/news/2020/09/photo_899.jpg?v=MjAyMC0wOS0xOCAxMzo1NzowNQ==

Silahı qələm olanın ürəyinin  təpərinə güvənib mətbuatımız. Yaşayıb, yaradıb, yaşadıb... Ənənəsinə sadiq, dövrünə sadiq, dəyərinə sadiq...

Onunla əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş milli mətbuatımızın zəngin ənənələrinin layiqli davamçısı Nəsir İmanquliyev və Nəsir müəllimin qurucusu olduğu “Bakı” və “Baku” qəzetləri barədə söhbət açacağıq. Çünki onun üçün “Bakı” və “Baku”, Nəsir müəllim şəxsiyyəti bir məktəb olub. O, Nəsir müəllimin yaratdığı məktəbin müdavimidir. Beləliklə həmsöhbətimiz  respublikamızın əməkdar jurnalisti, 1990-cı ildən üzü bəri "Bakı" qəzetinin baş redaktoru Ağahüseyn Hüseynovdur.

- Ağ kağızın taleyini hər zaman qələm həll edir. Uzun illər ömrünü yazmaq deyə təlatümə həsr etmiş Ağahüseyn müəllim qələmin kağızla həmahəngliyini müəllif kimi necə səciyyəlındirir?

- Jurnalistika zəngin bir elmdir. Böyük zəhmət, xüsusi səy, professional qiymətləndirmək və prosessləri düzgün analiz bacarığı tələb edən sənətdir. Jurnalist qələmi olduqca güclü vasitədir. Bu sənətdə daim yaradıcılıq axtarışında olmalısan.

Ömrümün əsas hissəsi qələm ilə bağlı olub. Həmişə çalışmışam ki, qələmin obyektliyinə söykənim, vətəndaşlıq mövqeyimə sadiq qalım və bu mənim cəmiyyətdə elmi, ictimai-siyasi sahədə tutduğum əsas prinsiplərdən biridir.

Nəsir müəllim bir nümunə kimi daim qəlbimizdə yaşayacaq

- İnsan mənsub olduğu bir sıra dəyərləri, məsələn,  ata-ananı, doğulduğu ölkəsini, hətta zamanı belə seçə bilmir. Lakin peşəni və sevgini özü ayırd edə bilir.  Seçdiyiniz peşədə ustad kölgəsi hər zaman insana işıq saçır. Nəsir İmanquliyev şəxsiyyətini sizin şəxsinizdə tanımaq istərdi oxucu...

-Nəsir Əsədulla oğlu İmanquliyev – milli mətbuatın patriarxı, böyük mühərrir, jurnalistikamızın ağsaqqalı, zəhmətsevər, bacarıqlı idarə başçısı, əla təşkilatçı və ictimai xadim, nəhayət, sayğılı redaktor, ləyaqət-əxlaqi insan,vətəndaş, vətənpərvər bir şəxsiyyətdir.

İndi iftixar hissi ilə demək olar ki, Nəsir müəllimin redaktoru olduğu şəhər qəzetləri Azərbaycan milli mətbuatında sanballı iz qoymuş və onun rəhbərlik etdiyi özünəməxsus dəst-xətlə, təlim və tərbiyə üsullarına malik milli jurnalistika universiteti idi.

Mən Nəsir müəllimi ilk dəfə 1958-ci ilin yayında görmüşəm. Kommunist nəşriyyatının darısqal sexində “Bakı” qəzetinin səhifələnməsi üçün taler dəzgahının önündə hündürboylu, bir qədər dolğun, lakin tipik ziyalı görünüşlü bir şəxs dayanmışdır və o gündən mənim böyük müəllimlə uzun illərin birgə fəaliyyətinin təməli qoyuldu.

Nəsir müəllimin, zəngin həyat və iş təcrübəsi olan bu müdrik insanın, üstəlik də gözəl seçmə keyfiyyəti və qabiliyyəti var idi. Onun qəzetə gətirdiyi gənclərin bir çoxu sonralar mətbuatda rəhbər vəzifələrə yüksəldilər. Mən də otuz il ərzində jurnalist sənətinin incəliklərini, redaktənin sirlərini, idarəetmə bacarığını ondan öydəndim, əsl həyat məktəbi keçdim. Bütün bunlara görə Nəsir müəllimə dönə-dönə minnətdaram, ruhu qarşısında baş əyirəm.

Uzun həyat yolunda Nəsir İmanquliyev dəfələrlə qamçılanmışdı. Kənara çəkilmək, sakit ömür yaşamaq, bəlkə də, daha asan olardı, lakin onun təbiəti buna yol vermədi. Nəsir müəllim əsl döyüşçü idi, sümüyündən iliyinədək qəzet işinə, öz övladlarına – “Bakı” və “Baku” qəzetlərinə sədaqətli idi.

Mənim Nəsir müəllimlə ünsiyyətim onun ömrünün son gününə qədər davam etmişdi. Həmişə zəng edib qəzetdə gedən maraqlı yazılara öz münasibətini bildirərdi, lazım gələndə iradlarını da diqqətə çatdırardı. Tam əminliklə deyə bilərəm ki, kollektivdən, bizlərdən çoxunun öz redaktoru ilə sıx ailə münasibətləri yaranmışdı. Nəsir müəllim bir nümunə kimi daim qəlbimizdə yaşayacaq.

“Belə möhkəm olan çərçivədə doğruları oxuculara çatdırmaq çox çətin idi, lakin...”

- Zaman və diqtə... "Bakı" və "Baku" qəzetləri zamanın diqtəsiydi deyilmi? O zaman və bu zaman sizcə, nə ilə fərqlənir və yaxud bənzəyir?

- “Bakı”–“Baku” qəzetləri zərurətdən doğulmuşdur. O vaxtlar respublikada, həmçinin paytaxtda böyük quruculuq işləri görülürdü. Yeni müəssisələr açılırdı. Şəhər abadlaşırdı, sakinlərin rahatlığı üçün bütün imkanlardan istifadə edilirdi. Bu siyasəti dolğun və düzgün ictimaiyyətə çatdırmaq üçün “Bakı” və “Baku” qəzetlərinin üzərinə böyük məsuliyyət düşürdü. Qəzet obyektivliyi və operativliyi ilə  ilk nömrələrindən oxucularının rəğbətini qazandı.

O zaman rəsmi qəzetlər partiya-bürokrat diktəsi ilə işıq üzü görürdü. Təbii ki, belə möhkəm olan çərçivədə doğruları oxuculara çatdırmaq çox çətin idi, lakin “Bakı”–“Baku” qəzetləri bütün çətinliklərə baxmayaraq, öz aktuallığını və yüksək reytinqini qoruyub saxlaya bilmişdi. Bu gün mətbuat azaddır. Mətbuat orqanları istənilən mövzuları işıqlandıra bilər.

- Bu günün oxucusu... Sizcə, dünəndən gələn ənənə gələcək yaşaya biləcəkmi?

- Bu gün qəzetlər öz oxucularını itirirlər. Əlbəttə, burada zamanın da hökmü var. Bu günün reallıqları başqadır, lakin bütün bunlara baxmayaraq, Nəsir müəllim kimi peşəsinə hörmət edən, onun düzgünülüyün, ədalətin güzgüsü hesab edən jurnalistlər indi daha çox lazımdır. “Qara piar”la məşğul olan, öz fəaliyyətini böhtan və dedi-qodu üzərində quran, ağa qara deyən, qərəzli, respublikamızın inkişafına kölgə gətirən, göz yuman jurnalistlərimiz də var. Onlar, heç şübhəsiz, zamanın ələyindən keçib və keçəcəklər. Nəticədə Nəsir İmanquliyevin əsasını qoyduğu jurnalist zənginliyinə böyük ehtiyac yaranacaq. Çünki bu zənginlikdə ənənə var. Ənənələr isə daim yaşayır.

-Və bu gün “Bakı” və “Baku” qəzetlərinin ənənələrini yaşatmağa köklənmiş “Bakı-Baku.az” saytından gözləntilərinizi eşitmək xoş olardı. İstərdik ki, ziyalı xeyir-duası verəsiniz.

-Bildiyimiz kimi, Bakı Şəhər İcra Hakimiyyətinin qəzeti olan “Bakı” və “Baku” qəzetləri bir çox qəzetlər kimi maliyyə problemləri ilə üzləşiblər. Oxucularından bir az uzaqlaşıblar.

Lakin bu günlərdə doğma şəhər qəzetlərimizin yenidən dirçəlməsinə ümid qığılcımı - “Baki-Baku.az” saytı yarandı. Ömrünü “Bakı”–“Baku” şəhər qəzetlərinə bağlamış, unudulmaz Nəsir müəllimin şagirdi olmuş, onun qoyduğu ənənələri qoruyub yaşatmaq üçün səylər göstərmiş bir jurnalist kimi mən çox böyük fərəh hissi yaşadım.“Bakının – Bakıya qayıdışı” məndə böyük ümüd yaratdı. Əmin oldum ki, “Bakı” və “Baku” qəzetləri yaşayıb, yaşayır və yaşayacaqdır.

Fürsətdən istifadə edərək, bu nəcib təşəbbüsü həyata keçirənlərə, xüsusən Mətbuat Şurasının rəhbərliyinə, alim,tədqiqatçı jurnalist Şərəf xanım Cəlilliyə dərin minnətdarlığımı bildirirəm. Gözləntilərim çox böyükdür. İnamım da həmçinin. Əminəm ki, “Baki-Baku.az” ciddi auditoriyası olan peşəkar informasiya orqanı kimi özünü doğruldacaq, ənənələrə sadiqlik xəttini davam etdirəcəkdir. Saytın fəaliyyətinə uğurlar arzulayıram.

Müsahibəni apardı: Fəxriyyə Lilpar İsayeva




Redaktorun seçimi

Sübhaninin İrəvan sərsəmləməsi
  • Daxili siyasət
  • 13:00 19.04.2024
Sübhaninin İrəvan sərsəmləməsi
“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”
Ləzgi çörəyinin ətri...
  • Sosial
  • 12:19 19.04.2024
Ləzgi çörəyinin ətri...
Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü

Müsahibə