USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

"AQSİA öz fəaliyyətini yalnız ölkə daxilində deyil, beynəlxalq müstəvidə də davam etdirir"


https://img.baki-baku.az/news/2022/03/photo_6466.jpg

Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun Böyük elmi işçisi, tibb üzrə fəlsəfə doktoru, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İH-nin üzvü, "Kontinental" şirkətinin təsisçisi Afət Həsənova  30 ilə yaxındır ki,  tibb sahəsində fasiləsiz çalışır.  Müxtəlif araşdırmalara imza atan və vətəndaş cəmiyyətində  ictimaiyyətçiliyi ilə seçilən Afət xanım Həsənova 8 mart Beynəlxalq Qadınlar günü ərəfəsındə suallarımızı cavablandırıb.  Müsahibəni oxucularımıza təqdim edirik.

 - Afət xanım, qadınlar səhiyyə sahəsində üstünlük təşkil edir, desək yanılmarıq.  Sizcə nədən xanımlar tibb sahəsində çalışmaqdan zövq alırlar?

- Doğru, hər zaman belə olub, indi də belədir,  yəqin həmişə də belə olacaq deyə düşünürəm. Bu meyllik birmənalı şəkildə şəfqət, nəvaziş hissi ilə bağlıdır. Qadın anadır, həyat yoldaşıdır, övladdır, bacıdır. Hər bir qadın övladını, bütün doğmalarını sağlam görmək istəyir. Bəlkə də buna görədir ki, bir çox hallarda xanımlar, gənc qızlar tibbə üstünlük verirlər. Əminəm ki, əksər hallarda hətta bu incə nüansı düşünməyən gənc qıza  şüuraltı kodlanmış olan mərhəmət, şəfqət hissi tibbi seçdirir. Digər tərəfdən diplomla, sənətlə həkim olmasa da, qadın nəvazişi, qayğısı ilə yenə də şəfqət bacısıdır.

- Siz özünüz tibbin ginekologiya sahəsində çalışırsınız. Xanımlarımızın öz  sağlamlıqlarına, ümumiyyətlə insanlarımızın sağlamlıq məsələsinə  olan münasibəti  qaneedici sayıla bilərmi? 

- Sağlamlıq   insana Allahdan bəxş olunan bir xoşbəxtlikdir, Tanrının bizə lütfüdür. Əlbəttə, hər bir insan sağlam olmaq istəyər. Yeri gəlmişkən, hər bir insana sağlam, xoşbəxt olmağı arzulayıram.  Ölkəmizdə tibbi sahədə həyata keçirilən dövlət siyasətinin  nəticəsi kimi ölkəmizdə ən yüksək standartlara uyğun klinikalar, xəstəxanalar fəaliyyət göstərir. Ən müasir avadanlıqlarla təchiz olunmuş klinikalarda ixtisaslaşmış peşəkar həkimlərin insanlara xidmət göstərməsi də ürəkaçandır. Artıq sağlamlığının qayğısına qalmaq məsələsi fərd olaraq bizim öz seçimimizdir. Amma mən xanımlarla bağlı bir nüansın üzərində bir qədər geniş dayanmaq istərdim. Qadın sağlamlığını təəssüf ki,  əksər xanımlarımız ana olmaq, uşaq dünyaya gətirmək missiyası kimi dəyərləndirirlər. Amma  bu yanaşma doğru deyil.  Hər bir qadının reproduktiv saglamlıq haqqında məlumatlı olması cox önəmlidir.

Reproduktuv sağlamlıq nəsil artımı qabiliyyətinin olması və azad seçim etmək imkanı ilə yanaşı, həm də  insanın tam fiziki, əqli və sosial rifah halı deməkdir. Bununla bağlı çalışdığım Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutun rəhbərliyinin iştirakı ilə ölkə üzrə maarifləndirmə işləri aparılır,  bölgələrdə, ən ucqar rayonlarda, kəndlərdə  seminar konfranslar kecirilir. Məqsəd qadınların sağlamlıqlarını qoruya bilməsi üçün maarifləndirmə proqramlarının həyata keçirilməsidir. Bu davamlı prosesdir və 2-3 ilə mütləq nəticə gözləmək doğru deyil. Ancaq ötən illərlə müqayisəli şəkildə müsbət dinamikanı görmək mümkündür ki, bu da müşahidə olunur. Azərbaycan qadını gözəl, baxımlı və zövqlüdür. Bu mədəni dəyərlərin daşıyıcıları sağlamlıqlarına biganə qalmamalıdır. Çünki xoşbəxtlik sağlam ruhdan, sağlam bədəndən başlayır. 

- AQSİA-nın bölgələrlə bağlı fəaliyyəti də maraqlıdır.  Assosiasiyasının İdarə Heyətinin üzvü kimi bölgələrdə sahibkar və ya sahibkar olmaq istəyən qadınlarla əməkdaşlıq barədə nə deyə bilərsiniz? 

- AQSİA qadın sahibkarkarlığının inkişafına dəstək verən qurumlardan biridir.  Fəaliyyət göstərdiyi illər ərzində qadınların biznesə təşviq olunması, kiçik sahibkarların böyüməsi, bu və digər məsələlərlə bağlı çoxlu sayda layihələr həyata keçirib. Əlbəttə, bu fəaliyyət çərçivəsində bölgələr önəmli yer tutur. Bu baxımdan müxtəlif rayonlarda AQSİA-nın təmsilçilikləri də yaradılıb. Bu istiqamətdə əməkdaşlığımız uğurla davam etdirilir. Yeri gəlmişkən, bu günlərdə Şəki-Zaqatala iqtisadi zonasından olan qadın sahibkarlar üçün növbəti təlim keçiriləcək. AQSİA -nın Gürcüstanın Biznes Qadınları Şurası ilə birlikdə gerçəkləşdirəcəyi “Dayanıqlı inkişaf yolunda qadınların iqtisadi gücləndirilməsi və gender bərabərliyinin təşviqi” adlı  layihə də bölgələrdəki qadın sahibkarkarlığının inkişafı üçün nəzərdə tutulub.  Layihə çərçivəsində  iştirakçılar peşəkar təlimçilərdən biznes bacarıqları və bizneslərin inkişafı ilə bağlı   faydalı biliklər əldə edəcək, Gürcüstandan olan oxşar bizneslərlə təcrübə mübadiləsi apara biləcəklər. Layihələrlə, əməkdaşlıqlarla bağlı kifayət qədər geniş danışmaq olar. AQSİA öz fəaliyyətini yalnız ölkə daxilində deyil, beynəlxalq müstəvidə davam etdirir.   Xatırladım ki, bu günlərdə AQSİA  rəhbərliyi, idarə heyətinin üzvləri, və tekstil sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan üzvləri Rumıniyanın tekstil üzrə ixtisaslaşmış fabriki "SECUIANA Group"da olmuş, daha sonra Covasna Ticarət və Sənaye Palataları ilə görüş keçirilib.  Bir neçə gün öncə isə İstanbulda Türkiyə-Azərbaycan qadın sahibkarların biznes forumu keçirildi. Bu tədbirin keçirilməsində məqsəd türk dünyası qadın sahibkarları arasında əməkdaşlığın və məşğulluğun genişlənməsinə nail olmaqdır.  Demək istəyirəm ki, bu kimi tədbirləri,  çoxşaxəli layihələr böyük-kiçik, paytaxt-bölgə fərqi olmadan sahibkar xanımların inkişafına hesablanmış fəaliyyət planıdır. 

  - AQSİA İdarə Heyətinin üzvü kimi müşahidələrinizlə hansı nəticəyə gəlmisiniz? Bölgələrdə gənc xanımlar  əsasən biznesin hansı sahələrində öz potensiallarını realizə edirlər? 

   - Əlbəttə, bölgədən bölgəyə, bu faktor dəyişə bilir. Təbii, bölgələrdə kənd təsərrüfatı sahələri daha aktualdır. Amma eyni zamanda xidmət sahələri də yetərincə maraqlıdır. Hər zaman olduğu kimi, qadınlar ən müxtəlif sahələrdə çalışa bilir, uğur qazanır. Bölgələrdə də həmçinin. Daha konkret deyə bilərəm ki, bölgələrdə xanımları turizmdən tutmuş otel, restoran, geyim mağazaları, gözəllik salonları,  moda atelyeləri,  istehsalat və kənd təsərrüfatının ən müxtəlif sahələrində görmək olar.  

- Qadınların birləşməsi, cəmiyyət olaraq eyni mövqedən çıxış etməsi arzuolunan, amma hər zaman gerçəkləşməsi o qədər də asan olmayan məsələdir.  Bu baxımdan qadınların eyni təşkilatın sıralarında cəmləşməsinin  cəmiyyətə töhfəsi nədən ibarət ola bilər?

- Mən hesab etmirəm ki, qadınların birləşməsi asan deyil. Mümkündür və bunun bizim ölkəmizdə nümunələri də var. Əsas odur ki, milli qanunvericiliklə qadın hüquqları tənzimlənir, qarşıya çıxan  problemlər  də bir çox hallarda qadın həmrəyliyi ilə həll olunur. Əlbəttə, qadınlar təşkilatlanmış halda daha böyük qüvvədir və cəmiyyətlərin aydınlanmasında, tərəqqisində birmənalı şəkildə  böyük rola malikdir. AQSİA kimi cəmiyyətlərdə birləşən xanımlar, həm də gənc xanımlar üçün stimul mənbəyi sayıla bilər. Birlikdə addımlamaq, birlikdə böyümək, birlikdə güclənmək özü cəmiyyətə töhfədir.  Onu da deməliyəm ki, ən böyük təşkilatlanma mütərəqqi, milli məqsədlər uğrunda olur. Bu amal insanlığa sevgidir,  ailədir, xalqdır, Vətəndir. Azərbaycan qadınları bu dəyərləri daşıyan Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ətrafında sıx birləşib.  Hesab edirəm ki, bütün varlığı,  fəaliyyəti ilə hər birimizə örnək olan Mehriban xanım Əliyeva   ideyalarının ətrafında birləşmək  özü cəmiyyətə töhfədir. Fürsətdən istifadə edib eyni amal, müqəddəs məqsədlər uğrunda birləşən  Azərbaycan qadınını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbriklərimi çatdırıram. 

Jalə Asiman




Redaktorun seçimi

Solovyova “Geriyə dön!” əmri verildi
  • Daxili siyasət
  • 10:33 29.03.2024
Solovyova “Geriyə dön!” əmri verildi
Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi

Müsahibə