USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ziyad Səmədzadə ilə Xəzər ahəngli fəlsəfi söhbət - EKSKLÜZİV


https://img.baki-baku.az/news/2022/01/photo_6106.jpg?v=MjAyMi0wMS0yMiAxNjoxMDoyMQ==

Xalqın elmi, mənəvi, intellektual potensialının formalaşmasında ziyalılar aparıcı rola malikdirlər. Elm adamları isə bu potensialının əsasını təşkil edirlər.  Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, iqtisad elmləri doktoru, professor, Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə də həmin potensialın ən fəal daşıyıcılarındadır.

Qısa annotasiya: Ziyad Səmədzada Bakının Buzovna kəndində ziyalı ailəsində dünyaya göz açıb. Dövrünün novator gənci, müasirinin isə peşəkar mütəxəssisidir. O, əqidə möhkəmliyi, xeyirxahlığı, müdrikliyi, sadəliyi və digər nəcib insanı keyfiyyətlərinə görə böyük nüfuz qazanmış, vətənpərvər alim, gözəl ziyalı və müdrik insandır. Hələ 31 yaşındaykən iqtisad elmləri üzrə doktorluq dissertasiyası müdafiə edib. İqtisadi inkişaf, struktur, məşğulluq və bir çox aktual problemlərə dair 500-dən çox əsərin, çoxsaylı monoqrafiyaların müəllifidir. Baxmayaraq ki, indi artıq ömrünün müdrik dövrünə qədəm qoyub, görkəmli akademik yenə də müasir duyum, daha böyük həvəs və enerji ilə müstəqil Azərbaycanın iqtisadi inkişafına yardımçı ola biləcək faydalı tövsiyələrini verməkdədir. Biz Ziyad Səmədzadə şəxsiyyətinin dərinliklərinə varmaq istədik. Və o da cavabında bütün həyat fəlsəfəsini məhz bizimlə bölüşdü. 

- Ziyad müəllim, hər vaxtınız xeyir. İnsan cismən məhdud olsa da, mənən tükənməzdir. Və insan hər an özünü yenidən yaradır. İnsan bir sahədə mükəmməldirsə, o bütün sahələrdə mükəmməldir. Xoş gəlmisiz.

- Hər vaxtınız xeyir. Tamamilə haqlısınız.

- Buzovnada doğulub boya-başa çatan insan üçün dəniz, onun isti qumu, dalğaları bir başqa aləmdir. Deyilmi?

- Əvvəla söhbətimizi doğulub boya-başa çatdığım məkandan başladğınız üçün təşəkkür edirəm. Bir an gözlərimin qabağından uşaqlıq illərim keçdi. Xatırlayıram, biz 5-6 yaşından valideyinlərim ilə, böyük qardaşımla, bacımla, sonralar isə həmkarlarım və həm də yoldaşlarım ilə məhz dənizin qırağında ən gözəl anlarımı yaşamışam. Özü də dənizə məsafəmiz bir kilometrə yaxın idi. 

Xəzər ümumiyyətlə, xalqımızın milli sərvətidir. Xəzər olmasaydı, Azərbaycanın təbiəti necə olacaqdı? Onun ətrafında, yəni dəniz qırağında böyümək, orda formalaşmaq təbii ki,insana müəyyən hissləri uşaqlıqdan bədənə necə deyərlər hopdurur. Uşaqlığımda maraqlı anlarım olub. Qaçmışıq, nakkulu oynamışıq, şiləki oynamışıq, futbol oynamaşıq, loto oynamışıq. Taleyimdən çox razıyam ki, həmin vaxt insana xas yaxşı cəhətlərin çoxunu mənimsəməyə nail olmuşam. Bunu özümü tərifləmək üçün demirəm. Çünki o dövrdə bütün valideynlər, o cümlədən bizim valideynlərimiz həm sərt idilər, həm də qayğıkeş. Onlar bizə bir sıra mənəvi dəyərləri, o cümlədən, ən başlıcası  məsuliyyətli olmağı aşılayırdılar.  Və bu gün də Buzovnaya gedəndə Xəzərin sahilində mütləq gəzirəm. Xəzərin sahilində gəzmək mənim üçün güc, qüvvədir. Elə bil sən gedirsən elə bir yerə ki, orada özünə  qüvvəni toplayırsan. Həm adamın yorğunluğu keçir, həm də  yeni bir nəfəs alırsan, yeni enerji  toplayırsan. Və Allaha and olsun deyirəm ki, nə yaratmışamsa, nə kitablar yazmışamsa, bunların əksəriyyətini Xəzərin sahilində, öz doğma kəndimdə, yaratmışam. Hətta Mərkəzi Komitədə işləyəndə o dövrün ən çətin, mürəkkəb illərində də doğma Xəzərimdən güc alırdım. 

- Bildiyimiz qədərilə siz  Xəzərin sahilində yalnız qış aylarında gəzməyi sevirsiniz…

- Doğrudur, qış aylarında, xüsusən də  küləkli havada Xəzərin sahilində gəzməyi çox xoşlayıram. Küləkli günlərdə dalğalı, ləpəli Xəzəri izləməkdən, onun təlatümlü gücünü seyr etməkdən böyük zövq alıram. Xəzərin sahili böyük bir poeziyadir. Sanki o insana daha möhkəm olmağı, daha mübariz olmağı aşılayır. 

- Ziyad müəllim, poeziya və iqtisadiyyat…  Bəzən həyatı rəqəmlər hərflərdən daha çox xarakterizə edir. 

- Dünyada gedən proseslərə nəzər yetirsək, görərik ki, heç vaxt iqtisadiyyatda proseslər stabil cərəyan etmir. Elə cəmiyyət də elədir. Bəzən görürsən ki, gedişat düz xətt boyunca gedir, bəzən də görürsən təlatümlü günlər yaşayırıq.  İnsan həyatı belədir. Qrafiklə götürsək, görərik ki, uşaqlıq illəri- inkişaf, inkişaf - sonra bir müddət stabillik…

- Hətta, Ziyad müəllim, fikir versək  görərik ki, ürək kordioqrammasi da elədir, yəni həyatın nəbzi də o ahənglə davam edir...

- Siz elə bir sual verdiniz ki… Bir dəfə bunu müqayisə etmişəm. Deməli, Avstraliyada 1995-ci ildə konfransa getmişdik. Dünyanın ən aparıcı alimləri ilə birlikdə təbiəti və həyatı müzakirə edirdik. Abaltkin adlı bir dostum var idi. Dünya miqyaslı böyük alim idi. Abaltkin orda çıxışını okeanla başladı, mən isə  çıxışımı bizim Xəzərlə başladım. Xəzərin o coşqun dalğaları da insanı həyatın bu həmahəngliyində, enişində-yoxuşunda güclü olmağı təlqin edir, dedim. Dəniz haqqında bizim gözəl mahnılarımız da var. Elə  vaxtilə sevimli müğənnimiz Şövkət Ələkbərovanın oxuduğu “Ləpələr” mahnısını xatırlamaq kifayətdir. O həzin əsər bu gün də sevilir. Ümumiyyətlə, təbiət, insan və cəmiyyət ahəngi bir-birindən ayrılmaz vəhdətdir. 

- Elə sizin özünüzün  də gözəl müsiqi duyumunuz var və sizin gözəl tar ifa etməyiniz bir insan kimi ruhunuzun həzinliyindən xəbər verir. 

- Vallah çox sağ olun, musiqini sevməyəni mən bədbəxt adlandırıram. Musiqini, poeziyani sevməyən adam həyatda  çox şeydən məhrum olur. Mən gənclik illərində saatlarla tar ifa etmişəm. Müasir Azərbaycan mədəniyyətinin təkamülündə görürürük ki, musiqimizə olan diqqət öndədir. Bu adi məsələ deyil. Bu xalqımızın milli-mənəvi  dəyərlərinin qorunmasıdır. Bilirsizinizmi,  biz o zamanlar tut ağacının altında böyümüşük. Yay vaxtı hamımız, qohumlar, uşaqlar, bacımgil, o tut ağacının altına yığışırdıq, şeir deyirdik, mahnı oxuyurduq, yəni müsiqi mənim üçün güclü mənbədir. Özü də həyat mənbəyidir.

- Ziyad müəllim, bəlkə də  mənə elə gəlir, amma əminəm ki, elədir. Elə siz də təsdiqləyəcəksiniz. Bakımızın istənilən bir məkanında tut ağacının altında otursaq, bizə o dadı verməyəcək. Amma nədənsə sırf Bakı kəndlərində,  ayağın isti qumda, özün də tut ağacının altındasansa, o, sənə tamamilə başqa bir hissləri bəxş edəcəkdir. Elə sevilən “Tut ağacı” mahnısı düşünürəm ki, bizim Xəzərimizin, Bakımızın himnidir. Bizim dəyərli Aygün Səmədzadənin ürəyinə, qələminə, nəfəsinə qüvvət. Bu sevgini, bu hissləri  başqa cür ifadə etmək mümkün olmazdı. Aygün Səmədzadə həzin notlarla bunu tarixə yazdı.

- Bəli, bizim uşaqlığımız elə o tut ağacının altında keçib. Mənim atamın əmisi oğlanları o tut ağacının altında Hüseyn Caviddən, Füzulidən, Nizamidən şeir deyirdilər. Biz də gənc idik, qulaq asırdıq. Sağ olsun mənim qızım Aygün də, Aytən də, Elşad da hamısı bax, bu mühitdə böyüyüb, formalaşiblar. Aygünün “Tut ağacı” mahnısı həqiqətən Bakı kəndlərinin himninə çevrildi. Tut ağacına olan məhəbbətimiz artdı. 

- O mahnıdan sonra tut ağacı xüsusilə sevilməyə başladı, daha doğrusu xatırlanmağa başladı. 

- Həmin klipdə epizod var. Görürsünüz ki, qapılar bağlanır. Kənddən gediblər. Köçüblər. Kənd baxımsız qalıb. Quru ağaclar yığılıb qalıb. Bunlar hamısı həyatın hansısa bir mərhələsidir. Allaha şükür bu gün Buzovnada, Abşeronda, Qarabağda, Naxçıvanda, Mil düzündə çoxlu tut ağacları əkilir və yəqin ki, o ağacların altında yeni həyat hekayələri yaşanır.

- Həm də biz dediyimiz bax o harmonik həyat qanunauyunluğunu da bu tut ağacının simasında görmüş oluruq. Bu da sanki  bayaq dediyimiz iqtisadi bir hesablamadir. İnsanın bioloji aclığını qidalar təmin edirsə,  mənəvi aclığını da bax , bu xatirələr təmin edir. 

- Mənəvi aclığı Allah heç kimə göstərməsin. Mənəvi aclıq millətin yox olub getməsidir. Mənəvi aclıq insanı sındırır, əl qolunu bağlayır. Mən həmişə yazılarımda, hər çıxışımda da demişəm və tez tez deyirəm, dünya dəyişir, yeni keyfiyyətlərlə üzləşirik. Yəni qloballaşmanın mənfi təsirinə qarşı olmayıq. Kiçik xalqlar üçün bu daha çox vacibdir. Ona görə sizin sözünüzün qüvvəti mən arzu edirəm ki, biz məhz  mənəvi aclıq ilə üzləşməyək. 

- Bəs Ziyad müəllim, buna qarşı nə tədbir görməliyik, nədən başlamalıyıq? Praflaktikası varmı? 

- Əlbəttə, bunun üçün dövlətin, o cümldən Heydər Əliyev Fondunun gördüyü bir sıra silsilə tədbirlər var. Müntəzəm olaraq muğam festivalları keçirilirsə və bu festivala ildən-ilə gələn gənclərin sayı artırsa, istedadları daha artıq nümayiş olunursa, bu artıq musiqi mədəniyyətinin inkişafı deməkdir. Və biz də, müasir gənclik də mənən zənginləşir. Elə bu profilaktikanın özüdür. Ölkəmizdə bütün sahələrdə bu və bunu kimi bir sıra uğurların şahidi oluruq. Bu bizim dünyaya inteqrasiyamıza ən əhəmiyyətli addımdır. Elə hərb sahəsində 44 günlük şanlı qələbəmiz və şücaətimiz buna bariz nümunədir.

- Ziyad müəllim, bəli, biz dünya çapında özümüzü təqdim edirik. Biz istedadlı xalqıq. Məlumdur ki, bir sıra ölkələrdə heç  konservatoriya yoxdur. Bizim isə  nəinki konservatoriya, həmçinin opera və baletimiz var. Elə bu səbəbdəndir ki, bununla yanaşı  biz dünyanı öz etno zənginliyimiz, etno mədəniyyətimiz ilə lərzəyə gətiririk. Bunu əcnəbilərin çoxsaylı müsbət münasibətlərindən görürük. 

- Mən çox sevinirəm ki, siz belə məsələlərdə xatırladırsiniz. Təbii Azərbaycana turistlərin gəlişi üçün böyük işlər görürük. Bunun üçün  milyonlar,  milyardlar sərf olunur. Turistlər Azərbaycana təkçə baxmaq, dincəlmək üçün  gəlmirlər, həm də gəlirlər görsünlər ki, bu xalqın mənəviyyati, milli  dəyəri necədir. Bunları düşünməliyik. Və bunun üçün də son zamanlar keçirilən genişmiqyaslı tədbirlər yetərincə qənaətbəxşdir. Məsələn,  Fransada və digər ölkələrdə keçirilən mədəniyyət günlərində nə qədər aktivlik, fəallıq nümayiş etdirilir. 

- Həm də biz bayaq mənəvi aclıqdan danışdıq. Mənəvi toxluq... Bu toxluğun özü bir faciədir. Doymuşluq … Bütün dünya eyni tendesiyadan doyub. Ona mütləq dad qatmaq lazımdır. Fərqləndirmək,  təəccübləndirmək lazımdı. Bu mənada bizim yetərincə mənəvi dəyərimiz var ki, onlarla da  elə məhz   dünya və onun mədəniyyəti  qidalanır. Və bununla da yanaşı dünyanı hər zaman təəcübləndirən bizim  mədəni dəyərlərimizlə yanaşı elmi müstəvidə də uğurlarımız  göz önündədir. Siz özünüz 31 yaşında hələ sovetlər dönəmində ilk elmi ad alan azərbaycanlısiniz. Bunun özü çox böyük göstəricidir. Bir sıra elmi əsərlər var, bax bu da elmi zənginliyimizin dünya çapında  bir nümunədir. 

- 2002-ci ildə xaricə səfər etmişdim. Səfərdən sonra çox düşüncələrə daldım və bir neçə silsilə yazı verdim. Tox və ac dünya. 

93-cü ildə SSRİ dağıldıqdan sonra müstəqillik illərində Azərbaycan əhalisinin 86 faizi insanlar aylarla, günlərlə, saatlarla növbəyə dayanıb çörək almaq istəyirdilər. İndi biz o dövrü geridə qoymuşuq. Bu gün artıq sivil cəmiyyət qüruruq. Və sivil cəmiyyət qurulduqca biz çalışırıq ki, bu ədalətsizlik aradan qaldırılsın. Mən yazılarımın birində demişdim, ən təfəkkürümüzü biz ona yönləndirək ki, nə üçün biz bu məsələdə hələ hədəfə çatmamışiq. 

- Bu gün mükəmməl iqtisadçı Ziyad Səmədzadə, bəlkə də peşəkar musiqiçi kimi bizimlə həmsöhbət ola bilərdi. Lakin, o, atasının məsləhətinə qulaq asdı.

- Bəli, mənə dedilər səni konservatoriyaya götürək. Amma mən dedim ki, atama söz vermişəm iqtisadiyyatçi olacam. Əslində musiqi,  poeziya elə bir sənətdir ki, ifa etməsən də ona sevgin sönmür. 

- Ziyad müəllim, alın yazısı… insan öz əməli ilə, öz şansı ilə öz alın yazısını yaza bilərmi? Ziyad Səmədzadənin əlində olsaydı  öz alın yazısını necə yazardı? Nəyi dəyişərdi, nəyin əksini edərdi?

- Mən heç nəyi dəyişməzdim. Keçdiyim həyat yolu çox mürəkkəb olub. Həm də həddən artıq… Elə bir qüvvə olmayıb ki, məni kimsə itələsin və s. Yəni biz hamımız, o cümlədən  valideynlərimiz qarşımıza bir məqsəd qoymuşuq. 4 qardaş olmuşuq. Hamı ali təhsilli olub. Nəyə nail olmuşamsa alın təri ilə nail olmuşam . Bu günki gündə nəvəm var, nəticələrim var həyatımda heç nəyi dəyişdirmək istəməzdim. Böyük bir günahım olsaydı nəsə onu dəyişdirməyə çalışardım. Amma səhvsiz insan yoxdur. Ola bilər ki, kiminsə xətrinə dəymişəm, kimisə incitmişəm bu da alın yazısıdır. İnsan dünyaya gələndə günahsız olur. 

- Həm də o günahlar insanı cilalayan sanki bir ailətdir. Uğursuzluqlar uğurun həm dadını bildirən, həm də onu uğura çatdıran bir pillədir. Hardasa oxumuşdum  ki, iqtisadçıların ən uğurlu rəqəmi sıfırdır. Çünki sıfırdan sonra artıq yüksəlmə başlayır. Bilmirəm bu nə dərəcədə doğrudur?

- Mən bir iqtisadçı olaraq heç zaman iqtisadiyyatımızda mənfi rəqəmlər görmək istəməzdim. Çünki biz rəqəmi ona görə işlədirik ki, potensialı qiymətləndirək. Elə rəqəmlər var ki, o doğurdanda azalmalıdır. Uşaq ölümləri, avtomobil qəzaları, itkilər və s. Amma bəzi rəqəmlər var ki, bizim həyatımızı xarakterizə edən rəqəmlərdir və o artmalıdır. Siz doğru dediniz, sıfır rəqəmi başlanğıcdır. 

- Ziyad müəllim, hərdən mənə elə gəlir ki, fikri ifadə etmək üçün bəzən rəqəmlər sözlərdən daha təsirlidir. Çünki rəqəm sənin qiymətindir. Rəqəm sənin göstəricindir. Bu mənada rəqəm hərflərdən daha kəskindir, daha kəsərlidir. Daha çox fikri ifadə edir. 

-Təsəvvür edin ki, Azərbaycan Respublikasının dövlət inkişaf büdcəsi ilə əlaqədar materiallar milli məclisə gələndə görürük ki, orda iki milyona yaxın rəqəm var və bu rəqəmlər Azərbaycan xalqının yaşayışı ilə, sosial həyatı ilə, ordumuz ilə, təşkilatlarla və s. əlaqədardır. Bir səhifə rəqəm götürə bilərsən. O rəqəmlərdən beş saat danışa bilərsən. Çünki hər bir rəqəmin arxasında böyük həyat var. Qaynar iqtisadi proses  var. Duran zəhmət var. Eyni zamanda bu dövlətin idarə edilməsi prosesləri var. Dövlət nə ilə idarə olunur? Təbii ki, rəsmilər var, qanunlar var və s. amma ölkə sosial iqtisadi rəqəmlərlə ifadə olunur. Mən heç vaxt rəqəmlər haqqında danışmamışdım. Sevindim ki, siz məhz bu məqama toxundunuz. Çünki həqiqətən bizim fəaliyyətimizi canlandıran məhz rəqəmlərdir. 

Ziyad müəllim, etiraf edim,  baxmayaraq ki, sizinlə görüşə gəlməmişdən öncə xüsusi suallar tərdib etmişdim. Amma bu sualların heç birindən istifadə etmədim. Söhbətimiz öz səmimi axarı ilə davam edir və o qədər zəncirvari bir-birini tamamlayır ki, planlı  suallara ehtiyac qalmır. Səmimiyyətiniz üçün təşəkkür edirəm. Bax, bu günki bu vəziyyəti rəqəmlə qiymətləndirsəydiniz hansı şkala çərçivəsində hansı qiyməti verərdiniz? 

- İndi özümüzü tərifləmək kimi çıxmasın sevdiyim lato oyunun  axırıncı kartı 90-dır. Bu yüksəkdi. 90 da yaxşı baldır. 90 verərdim.

Siz məni keçmiş xatirələrimə qaytardınız. Mən Moskvada aspiranturada oxuyanda da yaxşı futbol oynayırdım. Azərbaycan aspirantlarından ibarət  futbol komandasının kapitanı olmuşam. Ləqəbim də olub Elsevyo. İspaniya-Portuqaliya bir oyunçusu var idi, Elsevyo xoşumuz gəlirdi. Son illərə qədər həmin yoldaşlara rast gələndə - Elsevyo privet -deyə müraciət edirlər . 

- Ziyad müəllim, insan özünü ancaq öz fəlsəfə tərəzisində ölçə bilir. Sizin bu tərəzinizin misqalı özünüz üçün nə qədər dəqiqdir? 

- Misqalı qızılı hesablayanda istifadə edirlər. Mən hesab edirəm ki, əgər hələ mənim potensialim var işləməliyəm. O yüksək misqala nail olmalıyam. Şair Bəxtiyarın bir sözü var həyat, sən nə şirinsən, sən nə dadlısan onun qədrini bilməlisən. Biz həyatımızın qədrini bilməliyik nə üçün? Ona görə yox ki, təkcə yaşayaq, əylənək, dincələk və s... ona görə ki, bu vətən torpağı üçün daha sanballı əsərlər yazaq. Daha sanballı kadrlar yetişdirək. 

- Biz Ziyad Səmədzadənın həyatını vərəqlədik. İnsan oxunacaq böyük bir kitabdır. Onun hər səhifəsi onun özünə xarakterizə edir. Əgər bu kitab cildlənmiş bir əsərdirsə, onun hər bir səhifəsi sənə böyük bir salnaməni xatırladacaq. Ziyad Səmədzadə şəxsiyyəti də məhz o oxunacaq kitablardan biridir. Onun ardı var deyərək növbəti mərhələyə, yəni, yeni bir görüşə  keçid alırıq. 

-Mən sizə deyim, mənim cəmiyyət qarışısında, vətən qarşısında bir iqtisadçı kimi, bir ziyalı kimi borcum odur ki, elmimizi qoruyaq və Azərbaycana xidmət edək. Ulu Öndər Heydər Əliyevin bir sözü olub, o deyərdi, müstəqilliyimizin hər gününün tarixi yazılır. Və biz də bu tarixin iştirakçılarıyıq.

- Biz sizin dəyərli vaxtınızı sizdən oğurladıq və insanın ən böyük səyahəti insanın öz daxilinə olan səyahətidir. Səyahəti də hər zaman məkana görə seçirlər. Mənə elə gəlir ki, bu gün biz sizin iç dünyanıza səyahət etdik və o məkanın iqlimi istidir, temperaturunu yüksək göstərir. 

- Sizin mənə verdiyiniz suallar, məni düşünməyə vadar etdi. Mən həmişə özümdən razıyam ki, özümdən narazıyam. Hər birimiz üçün həyat beşiklə məzar arasında sınaq müddətidir ki, bax o müddəti biz yaşayırıq. Mən bir iqtisadçı kimi  rəqəmlərə baxıb təhlil edirəm və deyirəm Azərbaycan dinamik keyfiyyətli inkişaf edən məmləkətdir. Bizim bu  məmləkətimizin qorunması üçün, inkişafı üçün hər birimiz təhsilindən, peşəsindən asılı olmayaraq düşünməliyik. Biz çalışmalıyıq ki, bir dənə də yoxsulumuz olmasın, işsizliyimiz olmasın. Yüksək keyfiyyətli yaşayış potensialımız olsun. Bizim ölkədə görülən inkişaf prosesi də elə  bundan xəbər verir. Mən inkişafımızı görürəm və qürur duyuram. 

- Biz sizə sonsuz təşəkkür edirik. Var olasınız. 

Müsahibəni apardı: Fəxriyyə Lilpar


 




Redaktorun seçimi

Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi
Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Müsahibə