USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ankara Universitetinin 74 yaşlı xanım məzunu ilə MARAQLI SÖHBƏT


https://img.baki-baku.az/news/2022/01/photo_5984.jpg?v=MjAyMi0wMS0wNSAxMjozMTo0MQ==

Qadınlar haqqında danışarkən türk qadınını fərqləndirməmək, türk qadınına qarşı haqsızlıq olar. Türk qadınını olduğu kimi təsvir etmək kəlmələrə, bir yazıya, yaxud bir videoçarxa, hətta bir filmə belə sığmayacaq qədər geniş mövzudur. Bu arada Bakıda hər kəs üçün maraqlı ola biləcək xanım qonaq var. Çox maraqlı həyat hekayəsi və fikirləri ilə diqqətimizi çəkən Füqen Dalkılıcla müsahibəni təqdim edirik.

Müsahibimiz  orta məktəbi bitirdikdən sonra Ankara Universitetinin Hüquq fakültəsinə qəbul olub. Birinci kursu bitirər-bitirməz ailə qurub. Həyat yoldaşının işləri ilə əlaqədar tez-tez ölkədən kənarda olduğundan, Füqen xanım təhsilini yarımçıq qoymaq məcburiyyətində qalıb. Ardından ana olmaq, övladlarını böyütmək və sair...  Bir də baxıb ki, artıq 70-i haqlayıb. Həyat yoldaşının ölüm xəbəri ilə güclü sarsıntı yaşayan Füqen xanım üzüntüsünü üzərindən atmaq üçün çox maraqlı və təqdirəlayiq addım atıb. Təhsilini  davam etdirib. Hazırda 74 yaşlı Füqen xanım Ankara Universitetinin Hüquq fakültəsinin yeni məzunudur. 

- Füqen xanım Azərbaycan haqqındakı təsəvvürlərizlə, gördükləriniz sizcə, biri-birini tamamlayır? 

- Mən Azərbaycana ilk dəfə Sovetlər Birliyi dövründə - 1977-ci ildə gəlmişdim. O zaman da Bakı çox gözəl idi. Hər gəlişimdə Bakını daha gözəl, daha fərqli görürdüm. Bu gün Bakı dəyişərək dünyanın ən gözəl şəhərləri ilə rəqibə çevrilib. Cazibədar gözəlliyə malikdir. Dənizi, küləyi, istiqanlı, səmimi insanlarıyla ... İçərişəhəri də çox sevirəm. Burada böyük tarix yaşayır. İlk gəlişimdə də İçərişəhəri gəzmişdim, Qız qalasına çıxıb ordan şəhəri izləmişdim. İndi göydələnlər ucaldılıb. Gözəl istirahət parkları, alış-veriş mərkəzləri və s. Baxdıqca göz oxşayır. Azərbaycanı, azərbaycanlıları çox sevirəm. Əminəm ki, ölkənizin bütün rayonları da paytaxt qədər çox gözəldir.

Sovetlər Birliyi zamanında həyat yoldaşım Türkiyə Səfirliyində çalışdığı üçün bir müddət Moskvada yaşadıq. O zaman televiziya kanallarında həmişə Azərbaycan folklor nümunələrini dinləyir, pərəstiş edir, Azərbaycan filmlərini sevə-sevə izləyirdim. Ümumiyyətlə, Qazaxıstan, Özbəkistan və digər türksoylu ölkələrdə də olmuşam, hamısı haqqında müsbət düşüncələrim var. Azərbaycanla isə bağlarımız tamam fərqlidir. 

-  Bəs azərbaycanlılar haqqındakı düşüncələriniz nədir?

- İnsanlar çox mehriban, qonaqpərvər, istiqanlıdırlar. Türk olduğumuz üçün də daha fərqli, daha isti münasibət bəsləyirlər bizə. Dinimiz, dilimiz birdir. Tarixi bağlarımızı və qardaşlığımızı insanların münasibətində o qədər səmimi hiss edirəm ki, sözlə ifadə etməkdə çətinlik çəkirəm. 

- Azərbaycan qadınları haqqında fikirləriniz necədir?  

-  Bakıda gördüyüm, tanıdığım bütün Azərbaycan qadınları modern, savadlı, çalışqandır. Düşünürəm ki, hər işə hakim olmağı bacaran güclü qadınlarınız var.  Ən üstün fərqliliklərindən biri də çox gözəl, baxımlı olmalarıdır. Özlərini cəmiyyətdə layiqincə, bütün sahələrdə təmsil edirlər. Gözəl ana, gözəl nənədirlər. Belə çalışqan, zəhmətkeş qadınları olduğu üçün Azərbaycan xalqı çox şanslıdır. Və ən önəmlisi, hər işdə uğura imza atan qadınlarınız möhkəm ailə dəyərlərini də yaşatmağın, gələcək nəsillərə ötürməyin öhdəsindən layiqincə gəlirlər. Bu baxımdan toplum olaraq şanslısınız. 

- Sizcə sizin bu yaşda ali təhsil almağınızın, universitet məzunu olmağınızın qadınlara nə kimi təsiri ola bilər?

- Örnək olduğumu düşünürəm. Rəfiqələrim mənə "idealımızsan" deyirlər. Bu məndə özgüvən hissini daha da artırır. Qadınların güclü olmasını, hər şeyin öhdəsindən təkbaşına gəlməyi bacarmalarını istəyirəm. Türkiyədə qadınlar üzərində hökmranlıq, qadına şiddət hələ də var. Bunların yaşanmaması üçün qadınların savadlı və güclü olmaları vacibdir.  Bu səbəbdən onları güclü görmək istəyir, uğurlarını alqışlayıram.

Digər tərəfdən, insanların hər yaşda təhsil almalarının mümkünlüyünü sübut etdim. Ayrıca uğur qazanmaq, çalışmaq, təhsil almaq, yüksəlmək yaşı altmışı keçmiş insanlar üçün ciddi motivasiyadır. Bu, yaşam enerjisini gücləndirir, həyat eşqini artırır. 

- Füqen xanım, müasir  dövrdə diplom əldə etmək o qədər də çətin deyil. Çoxları diplom ala bilir. Lakin, əksəriyyət ya sahib olduğu diplom üzrə çalışmır, ya da ümumiyyətlə çalışmır.  Belə bir halda mütləq diplom almaq cəsarəti və israrı hardan qaynaqlanır?

-  Fikriniz ümumən dünyadakı reallığı əks etdirir. Bəli, çoxları ixtisası üzrə çalışmır. Amma, insanın öz biliyi, məqsədi ilə ixtisasa yiyələnməsi, həm də onun özünü cəmiyyətə təsdiqləməsidir. Yəni, insan çox böyük qürur hissi ilə "mən bunu bacardım" demiş olur. Eyni zamanda diplomun bəzi qapıları açmaq üçün açar olduğunu düşünürəm. Diplom həm də sahib olduğumuz elmi biliklərin, savadın sübutudur. Qarşıda məni daha bir illik təcrübə gözləyir. Həmin təcrübəni keçdikdən sonra vəkil olmaq niyyətindəyəm. "Mən hüquq məzunuyam" demək bir başqa duyğu, "mən vəkiləm" demək tamam başqa duyğudur.  Allah izn versə, mən o duyğunu özümə yaşatmağı bacaracağıma əminəm.

İnşallah deyib Füqen xanım Dalkılıca Allahdan uzun, sağlam ömür və planlarını reallaşdırmasını arzulayaraq söhbətimizi tamamlayırıq
 

Jalə Əsədova




Redaktorun seçimi

Orkestrdə “yad not”
  • Daxili siyasət
  • 12:40 07.09.2024
Orkestrdə “yad not”
Söz demək haqqını itirənlərin heyrəti
  • Daxili siyasət
  • 10:05 06.09.2024
Söz demək haqqını itirənlərin heyrəti

Müsahibə