USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C

Əməkdar artist Dilarə Əliyeva ilə "Beşbetər" söhbəti - EKSKLÜZİV

Komediyanın görünən və görünməyən  tərəfi...


https://img.baki-baku.az/news/2021/12/photo_5832.jpg

Çoxdandı darıxmışdıq. Bir araya gəlmək, düşünmək, gülmək və alqış üçün. İsti nəfəs, parlayan gözlər, xoş təbəssümü pandemiya cərəyanına qurban vermişdik.

Bu günlərdə Respublika sarayında "Beşbetər" filminin qala gecəsi baş tutdu. Zal anşlaq idi. Və ən əsası filmin sonunadək heç kim zalı tərk etmədi, izlədi. Əməkdar artist Dilarə Əliyeva, sevilən aktyorlar Elməddin Cəfərov,  Fərda Amin, Məcid Hüseynov, Elcan Rəsulov kimi sevilən aktyor truppası filmə xüsusi rəng qatmışdı. Ssenari müəllifi Fariz Əliyev, quruluşçu rejissor Vüsal Haciqədir olan bu filmin uğuru həm də mövzu seçimindədir. Filmdə bir-birini əvəzləyən səhnələr uğurlu keçidlərlə əvəzlənirdi. Motiv isə reallığı özündə əks etdirən mövcudluqdur.

Filmin daha ətraflı təhlilini baş rollardan birinin ifaçısı əməkdar artist Dilarə Əliyevadan aapardıq.

- Dilarə xanım, xoş gördük.

- Xoş gördük.

- Bir çox filmlərdə rol almısınız və sevilmisiniz. Bu  film digərlərindən nə ilə fərqlənirdi?

- "Beşbetər" filmi indiyə qədər çəkildiyim filmlərdən çox fərqlənir. Ən böyük fərqləndirən cəhəti ondan ibarətdir ki, bu filmdə surrealizmdən istifadə olunub. Yəni olum və ölüm, qeyri-adi şəkildə, tamaşaçıya çatdırılır. Və bizdə dondan dona giririk, şəkildən şəkilə düşürük, gözlənilməz hadisələr tamaşaçını çaşdırır, əyləndirir. Həqiqətən mən düşünürəm ki, burada situasiya situasiyanı, hadisə hadisəni qeyri adi şəkildə izlədiyinə görə, filmin bu baxımdan fərqləndirən cəhəti həddindən artıq çoxdur.

- Sizi burda həm də fərqli danışıq üslubunda gördük. Bu sizdən gələn təklif idi, yoxsa rejissorun təklifi?

- İndiyə qədər bu şəkildə bir filmim olmamışdır. Orada mənim oyunuma gəldikdə isə, bu obrazda fərqli yeriş, fərqli gülüş, fərqli danışıq var. Bu da təqfim olunan materialdan irəli gəlirdi. Düşündüm ki, bu əgər fitness müəlliməsidirsə, onun avantajı sürət olmalıdır. Tez-tez yeyir, tez-tez danışır, hər şey üçün tələsir, hər şeyə tez çatmaq istəyir. Ümumiyyətlə, onun həyat qayəsi ondan ibarətdir ki, hər şey onun olmalıdır, özü də tez olmalıdır. Sanki vaxt çatmayacaq, elə bil, dalınca atlı düşüb onu qovur. Yəni buna onun həm də fiziki durumu icazə verir. Yerişi də fərqlidir, danışığı da. Amma eyni zamanda fikrini də çatdırmağı bacarır. Bu mənim özümdən irəli gəldi. Nə baxımdan? Materialı çözə-çözə, bu xarakterin ümumiyyətlə, xüsusiyyətlərini analiz edəndə, işləyəndə o nöqtəyə gəldim çıxdım ki, mənim xarakterimin əsas nöqtəsi, avantajı onun sürətindədir. Və mən də bu sürətdən yola çıxıb belə bir obraz yaratdım. Beləcə tamaşaçıya təqdim elədim.

- Ümumiyyətlə,  yaradıcı insan üçün əsas meyar nə olmalıdır?

- Yaradıcı insan üçün əsas meyar materialdır. İnanın ki, istər film olsun, istər tamaşa olsun, yaradıcı bir işdə ən vacibi, ən əsas  materialdır. Material varsa, bu səni işləməyə həvəsləndirir, yeni-yeni işlər görməyə sövq edir. Yəni orada yeni tapıntılar eləməyə rəvac verir. Mənim üçün ən əsası, bu işin özəlliyi, gözəlliyi materialdır. Material varsa aktyor, aktrisa xoşbəxt olur. Demək ki, onun təqdim edəcəyi məhsullar, deməyə sözü olacaq.

- Dilarə xanım, filmin sonunda bütün yaradıcı heyət səhnəyə dəvət olundu. Hamı alqışlandı. Amma yalnız siz sonsuz güllərə, çiçəklərə qərq olundunuz. İllərdi bu sevgi bitib tükənmir. Sizcə bunun sirri nədədir?

- Təbii filmin sonunda qeyd elədiyimiz kimi tamaşaçı güllərlə, çiçəklərlə bizi təbrik elədi. Bizə tamaşaçının ən böyük təbriki budur. Komediya güldürməlidir. Əgər faciədirsə, ağlatmalıdır. Gözlənilən reaksiyanı görəndə, yaradıcı insan xoşbəxt olur və daha daha gözəl işlər görmək istəyir.

- Daha hansı yeniliklər tamaşaçıları gözləyir?

- Qarşıda mənim stand-up konsertim olacaq. İnşallah ona hazırlıqlar gedir. Onu ilk dəfə edəcəm və çox  həyəcanlıyam. Dayanmadan işləyirəm. Yaradıcı insan, yaratmaq istəyirsə, heç vaxt özündən razı qalmamalıdır. Narazılıq hər dəfə onu yeni işlər görməyə, yeni tapıntılar eləməyə sövq edəcək. Bu filmdə çox əziyyəti keçən insanlar var. İlk növbədə ssenatistimiz Fariz Əliyevi qeyd eləmək istəyirəm.

Ümumiyyətlə, yaradıcı insanların xoşbəxtliyi ondadır ki, onlar üçün yazan, düşünən bir beyin var. Və bu beyin onları ətrafına yığmağa sövq edir. Bütün yaradıcı komandaya təşəkkürümü bildirirəm. "Üç ay sinema" yaxşı ki, var və onlar bizə şərait yaradırlar ki, biz bir yerə yığılaq, istedadımızı göstərək. Və onu da qeyd etmək istəyirəm ki, filmdəki tərəf müqabilərim də çox güclü idilər. Hər biri tamaşaçı sevgisini qazanmış, komediyada tamaşaçıya özünü sevdirən aktyorlarımızdır. Elcandır, Elməddindir, Fərdadır, Məciddir. Hər birinin geniş tamaşaçı auditoriyası var. Və arzu edirəm ki, istər yaradıcı insan olsun ,istərsə də digər peşə sahibləri, kim nə iş görürsə-görsün, Tanrı və tamaşaçı onların əziyyətini dəyərləndirsin. Və hamımız eyni hədəfə vurmağı bacaraq. Təşəkkür edirəm diqqətinizə görə. Var olun.

- Təşəkkür edirəm. Uğurlarınız bol olsun.

Söhbəti apardı: Fəxriyyə Lilpar




Redaktorun seçimi

Müsahibə