USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C

“Bölgələrdə qadın sağlamlığı ilə bağlı maarifləndirmədə ciddi problemlər var" Dr. Xəyalə Təhməzi

“40 yaşa qədər qadınlar ildə bir, 40 yaşdan yuxarı qadınlar isə  ildə iki  dəfə ginekoloqa müraciət etməlidirlər”


https://img.baki-baku.az/news/2021/08/photo_4727.jpg?v=MjAyMS0wOC0yMCAwOToyOTo1Mw==

Xəyalə Təhməzi.  1999-cu ildə Azərbaycan Tibb Universitetini bitirib.  2004-cü ildən bu günə qədər müxtəlif tibb mərkəzlərində həkim olaraq qadın sağlamlığına töhfə verməkdədir. Universiteti bitirdikdən sonra Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun aspiranturasına daxil olan müsahibimiz həkimlik fəaliyyəti ilə yanaşı elmi araşdırmalarla da məşğul olur.   2007-ci ildə dissertasiya müdafiə edərək  tibb üzrə fəlsəfə doktoru alimlik dərəcəsini qazanır. Bir müddət İran İslam Respublikasının Qızıl Aypara Klinikasının Sonsuzluq şöbəsində məsləhətçi həkim kimi çalışan müsahibimiz hər il minlərlə gənc ailənin dağılmasına səbəb olan və ginekologiyanın ən vacib istiqamətlərindən sayılan sonsuzluğun müalicəsində böyük təcrübəyə malikdir. Mama-ginekologiya elminin incəliklərini gələcək nəsillərə ötürən X.Təhməzi 30-dan artıq elmi məqalənin, həkimlər üçün 10-dan artıq metodik tövsiyyənin, bir tibbi kitabın müəllifidir. Hazırda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun böyük elmi işçisi və dosent kimi fəaliyyətini davam etdirir. Təbii və cərrahi (keysəriyyə) doğuşlar, laporaskopik və açıq ginekoloji əməliyyatlar, histereskopiya, ginekoloji plastik əməliyyatlar, USM diaqnostika, sonsuzluğun müalicəsi, süni mayalanma (EKO) – prosedurlarını həyata keçirir. Mövzunun qadınlar üçün ciddi əhəmiyyət kəsb etdiyini nəzərə alaraq Xəyalə Təhməzi ilə müsahibədə bir çox məqamlara aydınlıq gətirdik. 

- Xəyalə xanım, istərdim cəmiyyəti narahat edən əsas ginekoloji problemdən danışaq. Sizcə, bu sahənin inkişafı sürətli dünya nizamı ilə ayaqlaşa bilirmi?

- Açığı, mən bu məsələdə nikbinəm. Hesab edirəm ki, bunun üçün kifayət qədər əsaslarım var. Çünki sosial media sürətlə yayılır və informasiya əldə etmək artıq elə də çətin məsələ deyil. Ana olmaq istəyən, ginekoloji problemlərdən əziyyət çəkən xanımlarımız unikal imkan qazanıblar ki, maraqlandığı informasiyaları asanlıqla əldə etsinlər. Bu mənada maariflənmə səviyyəsinin yüksək olduğu qənaətindəyəm. Təbii ki, əvvəlki dövrlərlə müqayisədə inqilabi dəyişikliklər var. Lakin hər bir məsələnin müsbət tərəfləri olduğu kimi, mənfi tərəfləri də var. Bəzən informasiya bolluğu ciddi fəsadlara, qeyri-adekvat dəyərləndirmələrə gətirib çıxarır. Sözsüz ki, rəqəmsal mənbələrdən əldə olunan məlumatlar ümumi xarakterlidir. Peşəkar nəzarəti həmişə vacibdir və olacaq. Digər yandan hər bir insan fərdidir və ümumi yanaşma deyilən anlayış mövcud deyil. Unutmayaq  ki, sağlamlıqla bağlı istənilən sınaq bəzən ağır faciələrə gətirib çıxara bilər. Eyni zamanda kommunikasiya vasitələrinin artması, müasir dövrün gətirdiyi yeniliklər və bu xüsusda həkimlərimizin regionlarda keçirdiyi görüşlər də maariflənmə səviyyəsinin yüksək olduğundan xəbər verir.  Bütün bunları kompleks cəmləşdirərək deyə bilərəm ki, səhiyyə sahəsi müasir dünya nizamı ilə ayaqlaşa bilir. Lakin həyatla bərabər yeniliklər  də davam edir və təbii ki, ginekologiya da buna adekvat olaraq inkişaf etməlidir.

- Əsasən hansı yaş qrupundan olan qadınlar mama-ginekoloqlara müraciət edir? Statistik göstəricilər bu barədə nə deyir?

- Əslinə qalsa bununla bağlı statistik araşdırmalar aparılmayıb. Bu mənada konkret rəqəmlər söyləmək doğru olmazdı. Lakin təcrübəmə əsaslanıb deyə bilərəm ki, əsasən reproduktiv yaş dövründə olan, yəni 20-35 yaşlı xanımlarımız daha çox ginekoloqa müraciət edirlər. Çünki həmin yaşlarda uşaq dünyaya gətirmək funksiyaları daha aktiv olur. Bu məqamda qeyd edim ki, regionlar arasında da sağlamlıq məsələsinə münasibətdə ciddi fərqlər var. Bəzi əyalətlərdə maariflənmə səviyyəsi yüksək olsa da, bəzilərində göstəricilər aşağıdır. Xüsusən sərhədyanı bölgələrdə bu sahədə ciddi problemlər var, kadr çatışmazlığı hökm sürür. 10 il öncə bir səfər çərçivəsində Qobustan rayonunda ginekoloji müayinələr aparan zaman çox dəhşətli mənzərə ilə üzləşdik. Deməli, əri hamilə qalan qadının rayon mərkəzində tibbi müayinələrə getməsinə icazə vermirdi. Bu cür hallar qətiyyən yolverilməzdir. Hamiləlik kifayət qədər riskli dövrdür və mütləq həkim nəzarətində olmaq lazımdır. Ucqar kəndlərdə həkimlərdən ibarət briqadalar təşkil olundu və o zaman gördük ki, xanımlar həvəslə bu müayinələrdə iştirak edirlər. 

- Müasir şəraitdə qadınların üzləşdiyi əsas problemlər hansılardır və onlar daha çox hansı xəstəliklərdən əziyyət çəkirlər?

- Müasir mama-ginekologiyada xanımlarımızı narahat edən əsas problem infeksion xəstəliklərdir. İltihabi xəstəliklər həmişə ilk sırada qərarlaşıb. İkinci yerdə hormonal balansın pozulmasına bağlı disfunksional xəstəliklər yer alır. Yəni, disfunksional qanaxmalar və s. Ondan sonra xoşxassəli törəmələr və digər xəstəliklər gəlir. Bu statistik məlumatlara əsasən deməliyəm ki, qadınların vaxtaşırı müayinə olunmsı mütləqdir.  Çünki qeyd etdiyim xəstəliklərdən bəziləri ilkin dövrdə özünü büruzə vermir. Tibbi profilaktika həmişə vacibdir. Vahid dünya tibbi protokollarında nəzərdə tutulur ki, reproduktiv yaş dövrlərində, 40 yaşına qədər xanımlar heç bir problemi olmasa belə, müntəzəm olaraq tibbi müayinələrdən keçməlidirlər. Ümumiyyətlə, 40 yaşa qədər qadınlar ildə bir, 40 yaşdan yuxarı qadınlar isə iki ildən bir ginekoloqa müraciət etməli, öz sağlamlıqlarını nəzarətdə saxlamalıdırlar. Təəssüf ki, əksər hallarda buna riayət olunmur. Xüsusən onkoloji problemlər adətən 40 yaşdan sonra meydana çıxır və aktiv doğuş dövrünü bitirdikdən sonra müayinələrə ehtiyac yoxdur yanaşması kökündən yanlışdır.

- Övlad sahibi ola bilməyən cütlüklər süni mayalanma yolu ilə uşaq dünyaya gətirirlər. Sizcə, ölkədə bu sahədə vəziyyəti qənaətbəxş saymaq olarmı?

-  10 il öncə  süni mayalanma  bir və ya iki tibbi müəssisədə tətbiq olunurdusa, hazırda onların sayı səkkizə çatıb. Əvvəllər  bu sahədə fəaliyyət göstərən mütəxəssislərin sayı barmaqla sayılacaq qədər idisə, hazırda kifayət qədər peşəkar həkimlərimiz çalışır. Əvvəlki illərdən fərqli olaraq artıq insanlar süni mayalanma sözündən xoflanmırlar. Bir məqamı unutmaq lazım deyil ki, süni mayalanma sonsuzluğun yardımçı  reproduktiv vasitələrlə aparılan müalicə üsullarından biridir.

 Necə ki, böyrək, qaraciyər və digər üsullarla insanı həyata bağlayırlar, süni mayalanma da övlad dünyaya gətirmək üçün yardımçı texnologiyadır. Bu gün Azərbaycanda bu üsul geniş şəkildə tətbiq olunur. Süni – ekstrakorporal mayalanma – boru sonsuzluğunun əsas müalicə üsuludur. Bu zaman superovulyasiyanın stimulyasiyası bir tsikldə bir neçə yetişmiş folikul yaratmaq məqsədilə aparılır. Bunun üçün, preparatları ilə fərqlənən müxtəlif proqramlar (protokollar) tətbiq edilir. Ovulyasiyanın stimullaşdırılması protokolunun seçilməsini, pasientin fərdi xüsusiyyətlərini nəzərə alaraq, həkim həyata keçirir. Nəticə etibarilə illər boyu övlad həsrətilə yaşayan cütlüklərin sonsuzluq probleminə son qoyulur. Mən özüm də bu vasitə ilə indiyə  qədər yüzlərlə ailəyə övlad sevinci bəxş etmişəm. Minlərlə körpə isə mənim qucağımda dünyaya göz açıb. Onların arasında bu il ali məktəbi bitirənlər də var (gülür).

Azər Niftiyev




Redaktorun seçimi

Üç pulyoxtyor -  TƏFSİLAT
  • İqtisadi təhlil
  • 15:57 15.11.2021
Üç pulyoxtyor - TƏFSİLAT

Müsahibə