USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

ŞKTC-nin Azərbaycandakı təmsilçisi: "Xoşbəxtəm ki, Azərbaycandan Qarabağ zəfəri, Şuşa sevinci ilə ayrılıram" - EKSKLÜZİV


https://img.baki-baku.az/news/2021/08/photo_4585.jpg?v=MjAyMS0wOC0wNCAxNjozMjowOA==

Azərbaycandakı diplomatik fəaliyyətini başa vurmaqdadır. Vətəninə qayıdacaq. Sonra isə böyük ehtimalla planları, görüləcək işləri olacaq. Bunu demək üçün əsaslar kifayət qədərdir. Fransada Nant Universitetini bitirib. 1986-cı ildə Şimali Kipr Türk Cümhuriyyətin Xarici İşlər Nazirliyində fəaliyyətə başlayıb. Ölkəsini 5 il Belçikada, 4 il Strasburqda, 5 il Romada, 4 il Strasburqda təmsil etdikdən sonra 2020-ci ilin avqust ayından xidmətini Bakıda davam etdirib. "Baki-Baku.az" saytı olaraq ondan Azərbaycanla bağlı fikirlərini öyrəndik, ölkəmizdən hansı xatirələrlə ayrıldığını bilmək istədik. Beləliklə müsahibimiz Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı təmsilçiliyinin rəhbəri Növbər Fərid Veçhidir. 

- Növbər xanım, diplomatik xidmətinizin son bir ili Azərbaycanla bağlıdır. Ölkəmizi hansı düşüncələrlə tərk edirsiniz?  

- Bakıya gələnə qədər AŞPA-da çalışırdım. Avropa Şurasının toplantısında azərbaycanlı millət vəkilləri ilə görüşəndə Bakıya gedəcəyimi söylədim. Onlar mənə  dedilər ki, siz Bakıya getmirsiniz, siz Vətənə gedirsiniz. Beləliklə 2020-ci ilin avqust ayında Bakıya gəldim. Bakını, Azərbaycanı gördüm. Millət vəkilləri haqlıymış. Heç özümü yad hiss etmədim. Dostlar məndən "alışdınızmı Bakıya?" soruşanda, deyirdim, alışacaq bir şey yoxdur, özümü vətənimdəki kimi hiss edirəm. Bu da bir qismət ki, Azərbaycana gəlişim müharibə dönəminə təsadüf etdi. Bakıya gəldiyimdən bir ay sonra İkinci Qarabağ Müharibəsi başlandı. Burda müharibənin şahidi oldum, qardaşlarımızla birgə qələbə, zəfər sevincini yaşadım. 

- Uzun illər Avropanın müxtəlif ölkələrində fəaliyyət göstərən bir diplomat kimi beynəlxalq təcrübənizin məlum müharibə dönəmində Azərbaycan adına daha dolğun məlumatlar yayılmasında faydası oldumu?

- Hər zaman düşünürəm ki, beynəlxalq təşkilatlar 30 il Azərbaycanın haqqını yedilər və ikili standart tətbiq etdilər. Uzun illər Avropa Şurasında ölkəmi təmsil etdiyim zaman hər dəfə bunun şahidi oldum. Nə zaman Qarabağ, Azərbaycan mövzusu gündəmə gəlirdi, Avropa rəsmən Ermənistanı dəstəkləyirdi. Halbuki  Azərbaycan Ermənistanın torpaqlarını deyil, Ermənistan Azərbaycan torpaqlarını işğal etmişdi. Halbuki Azərbaycan öz haqqı olaraq tarixi torpaqlarını işğaldan azad etmək istəyirdi. Bu gün çox istərdim ki, Avropa Şurasının həmin toplantılarındakı parlamentarilərin zəfər xəbərinə reaksiyalarını görüm. Mən illərlə bu təşkilatda çalışanda Azərbaycan adına bu basqını, bu haqsızlığı gördüm, hiss etdim.  Çox istərdim ki, bu qalibiyyət zamanı AŞ-da erməni və kiprli yunan deputatların üzünə baxım... Amma mən olmasam da, bizim AŞ-dakı təmsilçimiz, nümayəndələrimiz mütləq ki, o qüruru yaşadılar. Azərbaycan prezidenti cənab İlham Əliyevin müharibə dönəmində beynəlxalq arenaya müraciəti, nümayiş etdirdiyi liderlik, böyük siyasəti məni çox təsirləndirdi. Prezidentin özgüvəni, cəsurluğu, dövlətinin, xalqının haqqını tələb etməsi maraqlı tərəflər üçün konkret mesaj oldu. Hər kəs, bütün tərəflər gözəl anlayırdı ki, Azərbaycan prezidenti haqqı, ədaləti bərpa edir.

Azərbaycan iqtisadi və hərb sənayesi baxımından kifayət qədər güclənmiş bir dövlətdir. Türkiyənin də Azərbaycanın yanında yer alması əlbəttə bu gücü daha da artırır. Türkiyə hər zaman Azərbaycanla olub. Dünən də, bu gün, sabah da belə olacaq. Müharibə dövründə də Türkiyənin dövlət və millət olaraq qəlbi burda döyünürdü. Bu gücü, birliyi görən Avropa haqqı ikinci dəfə yeyə bilmədi. Türkiyə-Azərbaycan birliyinin gücü bütün dünyaya sinə gərə bildi. Tarixi ədalət öz sözünü dedi. Bilirsiniz, KKTC-dən Qarabağ savaşında mənə nə qədər zəng etdilər? "Azərbaycana nə lazımdır, nə yardım edə bilərik" sualları ilə. Zəng edənlərin sayı-hesabı yox idi. Bu, yalnız adi torpaq davası deyil, 30 il zəbt olunmuş torpağının işğaldan azad olunacağı günü gözləyən Azərbaycan xalqının beynəlxalq ədalətsizliyə, ikili standarta olan son, qəti etirazı idi. Təəssüf ki, illərlə Kiprdə də, Qarabağda da biz ikili standartların, dini, irqçi yanaşmaların, türkçülüyə, müsəlmanlığa qarşı yönəlmiş cəhdlərin şahidi olduq. Amma dünyanı bu cür xaosa sürükləyən cəhdlər sonda məğlubiyyətə məhkumdur. 

-  Azərbaycanda cəmi bir il çalışdınız...  Və həmin il dünyanın üzləşdiyi ən çətin bir il oldu. Burda fəaliyyətiniz  müharibə və paralel olaraq pandemiya dönəminə təsadüf etdi. Azərbaycandan hansı hisslərlə, hansı təəssüratlarla ayrılırsınız? 

- Azərbaycanın yeri mənim üçün çox fərqlidir. Burda ikinci dəfə sanki 1974-cü ili yaşadım. O zaman yunanlar bizə qarşı  haqsızlıq etmişdilər. Burda da siz eyni problemi, haqsızlığı son 30 ildə ermənilərdən gördünüz, yaşadınız.  Mən iki dəfə artıqlamasıyla nələrə məruz qaldığınızı gözəl anlayıram. 

Şuşanın işğaldan azad olunduğu günü heç unutmayacam. Necə hönkür-hönkür ağladıq. Xarıbülbülün vətəni gözəl Şuşanın, nəhayət işğaldan azad olunduğunun şahidi olmaq, bu sevinci yaşamaq  tam fərqli bir hissdir. Bir il öncə Bakıya gələrkən heç ağlıma da gəlməzdi ki, Qarabağ zəfərini azərbaycanlı qardaşlarımızla bərabər qeyd edəcəm. Özümü şanslı, xoşbəxt hiss edirəm ki,  Azərbaycandan qələbə, zəfər, Şuşa xatirəsi ilə ayrılıram.  

- Azərbaycan-KKTC münasibətlərini, əməkdaşlığını necə dəyərləndirirsiniz? 

- Elə bilirəm, ölkələrimiz arasında əməkdaşlığın daha da  genişlənməsinə ehtiyac var. Əlbəttə, Qarabağ məsələsinə görə Azərbaycan  KKTC-yə təmkinli, məsafəli yanaşırdı. Təbii ki, mövcud siyasi durum belə tələb edirdi. İnanıram ki, bundan sonra bütün əlaqələr daha da sıxlaşacaq. Turizm, təhsil, mədəniyyət, siyasət, iqtisadi sahələrdə əməkdaşlıqlar daha da genişləndiriləcək. 

Baku-Bakı.az




Redaktorun seçimi

Solovyova “Geriyə dön!” əmri verildi
  • Daxili siyasət
  • 10:33 29.03.2024
Solovyova “Geriyə dön!” əmri verildi
Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi

Müsahibə