USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C

“Mütləq bu müayinədən keçin!” - Məşhur ginekoloq qadınlara çağırış etdi

Ləman Əliyeva: “Azərbaycanda tibbi araşdırma aparan müstəqil qurumlar yaradılsın və onlar həkimlərin fəaliyyətini monitorinq etsinlər”


https://img.baki-baku.az/news/2021/07/photo_4354.jpg?v=MjAyMS0wNy0wOSAxNjozMTozMQ==

2019-cu ilin dekabrında Çinin Uhan şəhərində başlayan koronavirus infeksiyası cəmi bir il sonra milyonlarla insanın canını aldı, yüzmilyonlarla insan isə bu virusa yoluxdu. Amma və lakin... Cəmi bir il keçmədi ki, COVİD-19-un peyvəndi tapıldı. Halbuki, bundan öncəki pandemiyalar zamanı vaksinin tapılmasına onilliklərlə zaman sərf olunmuşdu. Bu gün dünyada ölümdən başqa hər şeyin əlacı var, ən ağır əməliyyatlar, fərqli müalicə prosedurları icra edilir. Dünyada tibb inkişaf edir, keyfiyyətcə yeni mərhələyə qədəm qoyur və biz bir daha əmin oluruq ki, həyatını insanların sağlamlığını qorumağa həsr etmiş həkimlərin şəfalı əllərindədir bizim nicatımız.

Azərbaycanda iki tip həkimlər var: Uzun illər çalışan və təcrübəsinə güvənərək yola çıxan və XXI əsrin qızıl standartı – Avropa protokollarını mənimsəyərək fəaliyyət göstərən həkimlər. Çox az mütəxəssis var ki, hər iki parametrə cavab verir. Onlardan da biri ölkəmizin tanınmış mama-ginekoloqu Ləman Əliyevadır. Dr. Ləman Əliyeva kənd tibb məntəqəsindən tutmuş rayon xəstəxanasına, ən müasir səhiyyə ocaqlarında konservativ müayinədən tutmuş ağır cərahiyyə əməliyyatlarına qədər çətin və məsuliyyətli bir yol keçib. Məhz elə bu səbəbdəndir ki, ana olmağa hazırlaşan, müxtəlif qadın xəstəliklərindən əziyyət çəkən, həyatının kritik dövrünü yaşayan xanımlarımız ona güvənir, öz sağlamlıqlarını ona etibar edirlər.Beləliklə, müsahibimiz “German Hospital”ın mama-ginekoloqu, Dr. Ləman Əliyevadır.

DOSYE: Dr. Ləman Əliyeva Azərbaycan Dövlət Tibb Universitetində, ardınca Türkiyənin dünya şöhrətli İstanbul Universitetinin Tibb fakültəsində təhsil alıb. Moskvada, Ankarada, İstanbulda və dünyaca məşhur müxtəlif nüfuzlu tibb ocaqlarında ixtisasartırma kurslarında iştirak edib. Müsahibimiz tibb elmləri üzrə fəlsəfə doktorluğu dissertasiyasını müdafiə etməyə hazırlaşır. Əziz Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun  doktoranturasının sonuncu ilindədir. İlk iş yeri M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası olub. Nə qədər qəribə olsa da, öz istəyi əsasında oradan doğulub boya-başa çatdığı Tərtər rayonuna təyinat alıb. Burada kənd məntəqə həkimindən rayon Mərkəzi Xəstəxanasının mama-ginekoloquna qədər müxtəlif vəzifələrdə çalışıb. Uzun müddət Yazıçılar Birliyinin poliklinikasında mama-ginekoloq kimi işləyib və hazırda “German Hospirtal”ın mama-ginekoloqudur. 

Ginekologiya mühüm istiqamətlərdən olan vaginal plastika, açıq üsul ilə (abdominal) uşaqlığın artımlarla birlikdə çıxarılması, açıq və laparoskopik üsulla yumurtalıq kistlərinin, miomaların çıxarılması, açıq və laparoskopik üsulla boru əməliyyatları, histeroskopik uşaqlıq anomaliyalarının (septum,sinexiya) aradan götürülməsi, uşaqlıq ağzı patologiyalarının müalicəsi, polikistozun, endometriozun və uşaqlıq qanaxmalarının müalicələri, kolposkopiyanı icra edir. Hamiləliyin müşahidəsi, riskli (yüksək təzyiq, şəkər xəstəlikləri və s.) hamiləliklərin müşahidəsi, ikili, üçlü və dördlü darama testləri, uşaqlıq boynunun çatışmamazlığı əməliyyatı (serklaj), normal doğuş, ağrısız normal doğuş, qeysəriyyə əməliyyatı, sonsuzluq müalicəsi üzrə prosedurlar və ovulyasiyanın induksiyası, vaginizmin müalicəsi, boruların yoxlanılması (HSG) və s. mamalıq istiqamətləri üzrə ixtisaslaşıb.

- Ləman xanım, kifayət qədər gəncsiniz. Lakin keçdiyiniz yola baxanda görünür ki, başqalarının böyük müddətə əldə etdiklərinə qısa zamanda nail olmusunuz. İstərdim, ənənəvi sualdan başlayaq: Necə oldu, həkim olmaq qərarına gəldiniz?

- Hələ uşaq yaşlarımdan həkim olmaq arzum var idi. Düzdür, bu əvvəllər sadəcə maraq idi. Yadımdadır, valideynlərim mənim bu marağımı nəzərə alıb, həkim çantaları olan oyuncaqlar alardılar. Mən də həmin oyuncaq ləvazimatlarla evdəkilərin, gəlib-gedən qonaqların təzyini ölçər, onlara məsləhətlər verərdim (gülür). Artıq yaş irəlilədikcə bu həvəs reallığa çevrilməyə başladı. Çünki, mən məktəbi bitirəcək və ali məktəbə daxil olacaqdım. Qəti qərarla IV qrupu seçdim.  Gələcək müqəddəratımı təyin edərkən valideynlərim bu dəfə də mənə dəstək oldular. Yüksək balla Azərbaycan Dövlət Tibb Universitetinə daxil oldum. Qeyd edim ki, nəinki bizim ailədə, yaxın qohum çevrəmizdə belə həkim yox idi. Bu qərarı verməyimin bir səbəbi də dəqiq elmlərə olan xüsusi marağım oldu. Əslinə qalsa, ginekoloq olmaq kimi qəti qərarım yox idi. Sadəcə Universiteti bitirikdən sonra Səhiyyə Nazirliyindən belə bir təklif gəldi. Mərkəzi Kliniki Xəstəxanada internatura keçdim və təyinatla Tərtər rayonunda ginekoloq kimi fəaliyyətə başladım. İlk olaraq kənd xəstəxanasında həkim, ardınca rayon Mərkəzi Xəstəxanasında mama-ginekoloq, Yazıçılar Birliyinin poliklinikasında mama-ginekoloq kimi fəaliyyət göstərdim. Fəaliyyətimin sonrakı dövrü isə özəl klinikalarla bağlıdır. 

- Bildiyimiz qədər həm də elmi araşdırmalarla məşğulsunuz. Namizədlik dissertasiyasını müdafiə etməyə hazırlaşırsınız. Klinik həkimlik, elm və tədris, bunlar ayrı-ayrı şeylərdir. Necə çatdırırsınız?

- Açığını deyim ki, işin elm tərəfinə olan marağım daha üstündür. Hətta ali məktəbdə təhsil aldığım illərdə həkim kimi işləməkdən çox, universitetdə müəllim kimi çalışmağı arzulayırdım. Auditoriya həmişə mənim üçün cəlbedici olub. Bu il doktoranturanı bitirirəm, qarşıdakı dövrdə tibb elmləri üzrə fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edəcəyəm. Lakin bununla kifayətlənmək niyyətim də yoxdur. Elmlər doktoru, professor olmaq, böyük auditoriyalarda mühazirələr söyləmək iddialarım var. Çünki dünya dəyişir və bu dəyişiklik özünü bütün sahələrdə olduğu kimi, tibb sahəsində də göstərir. Hamımız səhiyyə sahəsində sürətli yeniliklərin, gözlənilməz hadisələrin iştirakçısıyıq. Elə koronavirusun özü, digər gözləntilər bu sahədə də dərin tibbi araşdırmaları qaçılmaz edir. Heç şübhəsiz Azərbaycanda da bu istiqamətdə elmi araşdırmalar var, olmalıdır və olacaq. Mən bu prosesdən kənarda qalmaq istəmirəm. Bu səbəbdən daim öz üzərimdə işləmək, mama-ginekoloq kimi fəaliyyətimlə bərabər, həmçinin elmi işlərlə məşğul olmaq niyyətindəyəm. Əldə etdiyim nəticələri tədris etmək, gələcəyin həkimləri ilə bölüşmək isə ən böyük istəklərimdən biridir. O ki qaldı, necə çatdırmaq məsələsinə, bu gün mən həm həkim kimi fəaliyyət göstərir, həm elmi araşdırmalar aparır, həm də ailə xanımı olaraq öz üzərimə düşən missiyanı yerinə yetirirəm. Nə qədər çətin olsa da, insan sevdiyi işin arxasınca getməyə hər zaman vaxt tapır.

- Bu gün nəinki paytaxt Bakıda, ən ucqar əyalətlərdə belə müasir tibb ocaqları istifadəyə verilib. Demək olar ki, bütün zəruri avadanlıqlarla təhciz edilib. Lakin cəmiyyətdə hələ də yerli həkimlərə inam azdır? 

- Son dövrlər bu istiqamətdə ciddi dəyişikliklər müşahidə olunmaqdadır. Haqlısınız, bir neçə il öncəyə qədər belə fikirlər mövcud idi, ancaq hazırda bu yanaşma öz aktuallığını itirir. Bunu doğuran səbəblər müxtəlif idi. Bir səbəb həkimlərin peşəkarlığı ilə bağlı idisə, digər səbəb cəmiyyətin narazı ovqata köklənməsindən qaynaqlanırdı. Lakin artıq dünya dəyişir və informasiya texnologiyalarının verdiyi imkanlar həm həkimlərin öz üzərində işləməsinə, həm də pasiyentlərin bu yöndə araşdırmalar aparmasına zəmin yaradır. Nəzərə almaq lazımdır ki, əvvəlki dövrlərdən fərqli olaraq hazırda universiteti bitirən məzunlar bununla kifayətlənmirlər. Müxtəlif xarici dövlətlərdə ixtisasartırma kurslarında iştirak edir, Avropa protokollarını tətbiq etmək üçün zəruri biliklər əldə edirlər. Yəni, bu gün dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində tətbiq olunan müalicə və müayinə protokolları Azərbaycanda da tətbiq edilir. Bu baxımdan soydaşlarımız rahatlıqla yerli həkimlərə etibar edə bilərlər. Təklif edərdim ki, Azərbaycanda tibbi araşdırma aparan müstəqil təsisatlar yaradılsın. Bu dövlət səviyyəsində də ola bilər, qeyri-hökumət təşkilatları səviyyəsində də, monitorinq mərkəzləri səviyyəsində də. Səhiyyə bələdçiliyi xidməti yerli sektorun fəaliyyəti, görülən işlər barədə cəmiyyətə müfəssəl məlumatlar verə bilər. Bu səpkili maarifləndirmə üsulları ilə biz cəmiyyətin yerli həkimlərə olan inamını tam bərpa edə və qarşılıqlı etibarın yaradılmasına nail ola bilərik.

- Bir müddət öncəyə qədər internet resurslarında vaxtaşırı olaraq ana ölümləri ilə bağlı şikayətlərə rast gəlirdik. Son dövrlər bu elə də ciddi müşahidə olunmur. Doğuş zamanı ana ölümləri azalıb, yoxsa cəmiyyət bununla qəbullanıb?

- Nəinki doğuş zamanı, istənilən cərrahi əməliyyat və hətta müalicə proseduru zamanı xəstənin həyati riski ola bilər. Bütün dünyada belədir və hamı bunu qəbul edir. Düzdür, tibbin verdiyi mövcud imkanlar bu cür fors-major halların sayını xeyli azaldıb, lakin heç kim istisna edə bilməz ki, bu olmayacaq. Doğuş zamanı ana ölümlərinə gəldikdə isə bunu doğuran səbəblər müxtəlifdir. Başlıca səbəb hamiləlik dövründə analığa namizədlərin öz durumuna biganə qalması ilə bağlıdır. Onlar anlamalıdır ki, hamilə olduqları doqquz ay müddəti kifayət qədər həssas dövrdür. Çünki özü ilə bərabər bətnində bir və ya bir neçə insan da daşıyırlar. Hamiləliklə bağlı informasiyanı alan kimi dərhal ginekoloqa müraciət edilməlidir. Öz növbəsində həkim də indiyə qədər keçirdiyi xəstəlikləri, yanaşı xəstəlikləri, özünün və dölün durumunu qiymətləndirməlidir. Statistik göstəricilərə nəzər salsaq görərik ki, daimi həkim nəzarətində olan hamilə qadınların doğuş riski çox aşağıdır. Əgər biz ananın hamiləlik sınağından üzüağ çıxmasını və eyni zamanda sağlam uşağın dünyaya gəlməsini istəyiriksə, vaxtaşırı müayinələr həyata keçirməli, xəstələri həkim nəzarətinə verməliyik. Misal üçün, screening müayinələr var ki, həmin müayinələr tətbiq edilməlidir. Bütün bunlar olarsa, hamilə və gələcək körpənin həyat risklərini sıfırlamış olarıq.

-  Qadınlar arasında erkən ölümləri şərtləndirən ginekoloji xəstəliklər, qadınlıq xərçəngi və digər xəstəliklər barədə nə deyə bilərsiniz?

- Pap smear testi deyilən bir müayinə üsulu var ki, hər bir qadın ildə və ya iki ildən bir mütləq bu müayinədən keçməlidir. Heç bir problemi olmayan qadınlar da bu müayinədən keçməlidirlər. Mahiyyəti ondan ibarətdir ki, uşaqlıq boynu xərçəngini vaxtında müəyyən etmək mümkün olsun. İstər ginekoloji, istərsə də digər səbəblərdən meydana çıxan xərçəng şişləri ilkin mərhələdə heç bir əlamətlə özünü büruzə vermirlər. Və ən dəhşətlisi də odur ki, xəstələrin müalicə ilə sağlamlığına qovuşduqları xərçəng dövrü də məhz həmin dövrlərdir. Türkiyədə ginekoloqa müraciət edən hər bir qadından ilk növbədə papsmear testi götürülür. Təəssüf ki, cəmiyyətimizdə bu barədə məlumatlar çox azdır. Düzdür, onların bunu bilməsinə xüsusi gərək də yoxdur, lakin vaxtaşırı ginekoloqa müraciət etməklə gələcəkdə qarşılaşa biləcəkləri ağır xəstəliklərdən sığortalanmaq olar.

Eyni zamanda hamiləlik dövrünə qədəm qoyan hər bir qadın mütləq bu müayinədən keçməlidir. Zamanında aşkar olunarsa, uşaqlıq boynunun bir hissəsi götürülər, gecikmiş mərhələdə isə bütün uşaqlıq boynu götürülər. O cümlədən qeyd etdiyim kimi, ilkin dövrlərdə müdaxilə tam sağalmaq şansını artırır.

- Tərtərdə böyüyüb başa-çatmısınız. Bir müddət orada çalışmısınız. 44 günlük Vətən müharibəsi zamanı Tərtər müharibənin qaynar nöqtəsi idi, bu rayonda böyük dağıntılar qeydə alındı...

- Mən bir həkim, bir mütəxəssis olmaqla yanaşı, həm də dövlətini sevən vətəndaşam. Hansı ölkədə olmuşamsa, Qarabağ həqiqətlərini təbliğ etmişəm. Qarabağ bizim ən yaralı yerimiz idi. 44 günlük Vətən müharibəsi zamanı biz öz qürurumuzu geri qaytardıq. Bütün dünyaya nümayiş etdirdik ki, biz torpaqlarımızın düşmən tapdağı altında qalması, problemin gələcək nəsillərə ötürülməsi ilə barışmayacağıq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu tarixi Zəfərə imza atdı. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin! Onlar bizim şərəf tariximizi yazdılar. Bəli, Tərtər mənim üçün doğmadır, Qarabağ da doğmadır. Şükür ki, biz torpaqlarımızı geri qaytardıq. Fürsətdən istifadə edib, Cənab Prezident İlham Əliyevə, Azərbaycan Ordusunun zabit və əsgər heyətinə bu tairixi qələbəni bizə yaşatdıqları üçün sonsuz təşəkürlərimi çatdırıram!

SONDA: Dr. Ləman Əliyeva 44 günlük Vətən müharibəsi və koronavirusun aktiv olduğu dövrlərdə ehtiyacı olan qadınların müayinə və müalicəsini, cərrahiyyə əməliyyatlarını təmənnasız həyata keçirib. Müxtəlif yardım kampaniyalarında, xeyriyyə aksiyalarında fəal iştirak edib. Necə deyərlər: peşəkar həkim, araşdırmaçı alim, layiqli və məsuliyyətli vətəndaş Dr. Ləman Əliyeva!




Redaktorun seçimi

Şuşada yaranmış muğamlar
  • Mədəniyyət
  • 11:50 13.07.2021
Şuşada yaranmış muğamlar

Müsahibə