USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C

"Arzu edərdim ki, hər bir həkim fəaliyyəti ilə insanlara ancaq  şəfa bəxş etsin"


https://img.baki-baku.az/news/2021/05/photo_3901.jpg?v=MjAyMS0wNS0yOCAxMjo1ODozMg==

Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun Böyük elmi işçisi, tibb üzrə fəlsəfə doktoru, AQSİA İdarə Heyətinin üzvü Afət Həsənova ölkəmizdə  ana və uşaq sağlamlığı,  bu sahədəki mövcud durum, uğurlar və qayğılarla bağlı suallarımızı  cavablandırıb. 

- Afət xanım, uzun illər tibbin ginekologiya sahəsində çalışdığınız üçün əsasən bu sahədə olan vəziyyətlə bağlı fikirlərinizi bilmək istərdik. 

  - Adından göründüyü kimi, ginekologiya - tibbin qadın orqanizmi, cinsiyyət sistemi və reproduktiv funksiyasını öyrənən, qadın xəstəliklərinin profilaktikası və müalicəsi ilə məşğul olan sahəsidir.
Ginekoloji sağlamlıq qadının hərtərəfli sağlamlığı ilə məşğul olur. Təbii ki, digər sahələrdə və dünyada  olduğu kimi ginekologiyada da  çox ciddi irəliləyişlər var. Ölkəmiz  dünyanın bir parçasıdır. Və mütləq ki, ümumi inkişaf öz təsirini göstərir. Əlbəttə, bu sahədə ciddi dəyişikliklər göz önündədir. Çox dəyərli elm xadimlərinin, müasirimiz  olan  görkəmli alimlərin araşdırmaları mütləq ki, qadın sağlamlığının qorunmasına, qadın sonsuzluğunun səbəblərinin aradan qaldırılmasına təkan verir. Bütün qadınlar əlbəttə,  bunu gündəlik həyatında hiss edir,   yaşayır.   Lakin inkişaf, iş varsa mütləq ki, qüsurlar da var. Əslində müsbət ilə mənfi də bu müqayisə fonunda bəlli olur. Ölkəmizdə ana-qadın sağlamlığı, uşaqların sağlam doğulması dövlət üçün prioritetdir. Dövlətin qadın və uşaqlarla bağlı daimi həyata keçirdiyi siyasət belə qənaət yaradır.  Ulu Öndər Heydər Əliyevin ötən əsrin 90-cı illərindən başlayaraq qadın və uşaqlarla bağlı həyata keçirdiyi siyasət bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Birinci vitse-prezidentimiz, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın analara, uşaqlara qayğısı, diqqəti, məhəbbəti   ayrıca geniş bir mövzudur. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva  çalışdığım  Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun binasının əsaslı təmirdən sonra açılışında iştirak etdi, tibbi personalla görüşdü. Bu, dövlət rəhbərliyinin qadın, uşaq, ailə məsələlərinə verdiyi önəmin göstəricisidir.  Sizə deyim ki, ölkəmizdə fəaliyyətini  bu siyasətə uyğun quran, vicdanla xanımlara xidmət edən kifayət sayda mama-ginekoloqlar, ginekoloq-cərrahlar, alimlərimiz var.  Peşəsinin sirlərinə dərindən bələd olan, insanlarımızın sağlamlığının keşiyində duran  minlərlə tibb işçiləri var.  Bu göstərici səhiyyənin inkişafını təsdiqləyən amildir.  Məni bir qədər qayğılandıran qadınların öz sağlamlığına olan münasibətidir. Bəli, bu baxımdan xanımların, xüsusilə hamilə qadınların maariflənməsinə hələ də ehtiyac var. Biz cəmiyyət olaraq sağlam gələcəyimiz naminə bu istiqamətdə daha da geniş təbliğat, maarifləndirmə işlərini gücləndirməliyik. 

-  Mama Ginekologiya institutunun baş elmi işçisi kimi necə düşünürsünüz, bu institutun müvafiq sahənin inkişafında rolu nə  qədərdir?

- Qeyd etdiyim kimi, bir neçə il əvvəl İnstitut əsaslı təmir olundu.  Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda əhaliyə ən yüksək səviyyədə tibbi xidmət göstərmək üçün hərtərəfli şərait yaradıldı. Təcrübəmdən və müşahidələrimdən çıxış edərək deyə bilərəm ki, ölkəmizdə sonsuzluq probleminin həlli və qadın sağlamlığının təmin olunması Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu üçün hər zaman prioritet olub, bu gün də belədir.  İnstitutun inkişaf etmiş ölkələrin müvafiq qurumları ilə geniş informasiya mübadiləsi, hər il dəfələrlə keçirilən elmi-praktik konfranslar, həkimlərin ixtisaslarının artırılmasına verilən önəm,  peşəkar mütəxəssislərin yetişməsi, Bakıda və regionlarda konfranslar, seminarlar və təlimlərin keçirilməsi, bölgələrdə çalışan həkimlərin və orta tibb işçilərinin institutun bazasında işçi kimi təcrübə keçməsi və s.
göstəricilər,   məncə, qurumun cəmiyyətə  xidmətinin səviyyəsini müəyyən edir. 

- Bəs ümumi səhiyyənin durumunu necə qiymətləndirmək olar? Tibbi sığortanın tətbiqi bizə nə verəcək?

- Bilirsiniz ki, artıq son illər  icbari tibbi sığortanın tətbiqi həyata keçirilir. Bu səhiyyədə islahat kimi qiymətləndirilə bilər. Əlbəttə, uzun illər tətbiq edilən qaydalar, idarəetmə mexanizmi bir gündə dəyişə bilməz. Bir az zamana ehtiyac var. Son illərdə  icbari tibbi sığortanın tətbiqi yenilik kimi həyatımıza nüfuz edir. Çünki tibb, səhiyyə tutduğu vəzifədən asılı olmayaraq hər birimiz, hamımız üçün eyni əhəmiyyətə malikdir. Təbii ki, söhbət  özümüzün, əzizlərimizin, xalqımızın sağlamlığından gedir. Dövlətimizə, dövlətimizin apardığı daxili və xarici  siyasətə inamım sonsuzdur. Sözügedən islahatın həyata keçirilməsi mərhələlərlə baş verəcək. Verilən məlumatlardan bilirik ki, bölgələrdə pilot layihələr də  gerçəkləşib, son  illərdə  mərhələli şəkildə həyata keçirilir.  Ölkəmizin qazandığı iqtisadi və siyasi uğurlar, Qarabağ müharibəsindəki qələbəmiz,  beynəlxalq  mövqeyimiz, ən uğurlu idarəetmə mexanizmlərinin tətbiq olunması  məni də bir vətəndaş, bir ana, bir həkim, bir ictimaiyyətçi kimi ruhlandırır. Əminəm ki, cənab Prezident İlham Əliyevin təşəbbüsü, iradəsi ilə gerçəkləşən bütün islahatlar kimi icbari tibbi sığortanın  tətbiqi də uğurla başa çatacaq, dövlətimiz bu islahatla da  xalqın,  insanların sağlamlığının keşiyində duracaq, insanlarımız  bu islahatların müsbət nəticələrindən bəhrələnəcəklər.  Hesab edirəm ki, dəyişiklik  həm  tibbi xidmətlərin keyfiyyətini yüksəldəcək, həm də biz həkimlər arasında sağlam rəqabət yaradacaq.  

- Sağlam rəqabətdən söz düşmüşkən, bir məsələyə də münasibətinizi bilmək istərdik. Müasir dövrün bütün mənalarda imkanları çox genişdir. Həmçinin tibbdə... İstənilən həkim reklam yolu ilə öz təbliğatını qurur və populyarlaşır, İnsanlar da reklamdan faydalanır, seçir, özünü əmanət edir... 

 - Doğru, haqlısınız. Bəzən zamanın gətirdiyi yeniliklər bizdən asılı olmayan qaydalar, formalar yaradır. Subyektiv səslənsə də, bu barədə fikrim ondan ibarətdir ki, yaxşı həkimin, daha konkret  müalicələri xəstələrə şəfa verən  həkimin reklama nə marağı olur, nə də vaxtı. Xəstəsinin sağalması həkimin ən gözəl reklamıdır. Biz bəzən reklam vasitəsi ilə həkim seçən və sonradan narazı qalan, hətta mübahisələrin məhkəmə müstəvisinə qədər gedib çıxdığı halların da şahidi olmuşuq.  Bu baxımdan təkrar edirəm ki, insanlar reklamdan deyil,  həkimi müalicəsinin nəticəsinə əsasən seçsələr daha doğru olar. Təbii ki, reklam çarxında və ya proqramlarda,  həkim ancaq öz savadından, bacarığından danışacaq.  Bu təbii olduğu qədər də subyektivdir. Yenə də qeyd etmək istəyirəm ki, günün trendləri, tələbləri müxtəlifdir. Hər kəs də bu yeniliklərdən istifadə etməkdə azaddır. Arzu edərdim ki, hər bir həkim reklamdan da, təbliğatdan da vicdanla yararlansın, hippokrat andına sadiq qalsın,  həkim peşəsini şərəflə daşısın, insanlara ancaq və ancaq şəfa bəxş etsin.




Redaktorun seçimi

Üç pulyoxtyor -  TƏFSİLAT
  • İqtisadi təhlil
  • 15:57 15.11.2021
Üç pulyoxtyor - TƏFSİLAT

Müsahibə