USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

"Güclüyəmsə, böyük işlər gormək üçün əzmliyəm" - Adil Əliyevlə "Xəzər gəzişməsi"ndə


https://img.baki-baku.az/news/2021/03/photo_3303.jpg?v=MjAyMS0wMy0yNiAxNjo0MjowNA==

Ağıl, qoçaqlıq, cəsarət insanın bütün zamanlarda qəbul olunduğu ən gözəl xusisiyyətlərdir. Bu gün bu məziyyətləri özündə birləşdirən bir insanla həmsöhbətik. Həmsöhbətimiz Milli Məclisin sədr müavini, Azərbaycan  Kikboksinq Federasiyasının prezidenti, maraqlı və səmimi, hər halda özünü yetərincə təqdim etməyi bacaran bir insan Adil Əliyevdir.

- Adil bəy, Adil Əliyevin həyat fəlsəfəsi ilə tanış ola biləcəyik deyək... Bunu cəsarətlə deyirik, amma nə dərəcədə istəyimizə nail olacağıq yəqin ki, siz bunun üçün daha yaxsı zəmin yaradacaqsınız. İlk sualım təbii nemətimiz, Bakının nazlı dilbəri Xəzərlə bağlı olacaq. Ölkəmizin bənzərsiz simvolu Xəzər... İllər öncəyə qayıdaq. Adil Əliyev Bakıya gəlir və böyük, möhtəşəm, gözəl bir şəhərlə üzbəüz dayanır. O anları necə xatırlayır?

- Mən də sizi salamlayıram, çox təşəkkür edirəm ki, mənimlə həmsöhbətsiniz. Bakı gözəl və möhtəşəm şəhərdir. Bakımızı isə Xəzərsiz təsəvvür etmək mümkün deyil.

Xəzər dənizi ümumilikdə böyük bir məna kəsb edir, böyük dağlar, dənizlər, okeanlar hər zaman hər bir uşağın görmə arzusu olubdur. Və təbii ki, ilk dəfə Xəzəri görəndə məndə də böyük təəsürrat yaranmışdır. Xəzərin çimərlik hissəsini xüsusən də orada böyük kütləni görəndə bir anliq demişdim ki, yəni bu qədər insan burda - çimərlikdə?..

Bu mənim üçun çox maraqlı gəlmişdir. Məsələn, dənizin təlatumlü, coşğulu vaxtları insana daha çox qorxulu və maraqlı anları yaşadır. Əslində dərin meşələrə girdikcə orda daha qorxulu hisslər keçirmişəm, məsələn, tənhalıgı, təkliyi görüb oralarda yaşayan insanlara daha çox maraqla yanaşmışam. Ona görə məni təbii ki, bizim Xəzərimizin sakit olması, hər zaman ruhumuza uyğun olmağı daha  xoş gəlib.

- Demək ki, sabitliyi sevirsiz...

- Bəli, ümumiyyətlə sabitliyə üstünlük verirəm.

- Amma idman o qədər də sabit sahə deyil. Siyasət də həmçinin...

- İdman da sabit sahədir. Mən mübarizliyi çox sevənəm. Rəqibin nə qədər güclü olduğuna uyğun hazırlaşıram. İstər siyasət meydanında, istər idmanda, istərsə də həyat dərslərində ümumilikdə rəqibə və yaxud qarşımda duran manelərin nə qədər ağır olduğuna uyğun hərəkət edənəm. Rəqibim güclü olduqca güclü hazırlıqlara üstünlük verirəm. Yaxud seçkilərdə rəqib güclüdürsə ondan daha çox işləmək, ondan çox təbliğat aparmaq, görüşlər keçirtmək kimi istəyim var. Güclüyəmsə, böyük işlər gormək üçün əzmliyəm.

- Siyasət meydanı, idman meydanı və həyat meydanı: hər üçü Adil Əliyevin həyatında hansı parametrlərə bölünür və çəkidə hansı daha agır gəlir?

- Həyat meydanı hər bir insan üçün ağırdır. O, özlüyündə həm idmanı, həm siyasəti, həm də başqa meydanları cəmləşdirir, böyük və çətin sınaqdır. Orada fəth etmək imkanları yaranır. Ancaq o meydan hamı üçün eyni səviyyədə, eyni prizmada deyil. Hər kəsin önünə maneələr, sınaqlar çıxır. Düzgün addımlar atıb, yəni düz istiqamət götürməklə uğur qazanmaq olar. Arzuna çatmaq naminə istiqaməti düzgün götürməli, vicdanlı davranmalısan. Məhz buna görə deyirəm ki, həyat meydanı özündə bütün anlamları ehtiva edir.

- Adil bəy, dünyada neçə milyard insan varsa, bir o qədər həqiqət var və siz düzgün istiqamət deyəndə yəni Adil Əliyevin həqiqəti, Adil Əliyevin düzgün hesab etdiyi nədir?

- Biz insanıq. İnsan həyata bir dəfə gəlir və bir dəfə də gedir. Gəlməyimiz də bizdən asılı deyil, getməyimiz də həmçinin... Yəni insan istəyər ki, filan tarixdə özünə övlad dünyaya gətirsin, təbii ki, bu da alınan iş deyil.  “Qobusnamə”də yazılır ki, əgər istəyirsənsə Tanrı səndən razı olsun, sən hər zaman özündən asağı səviyyədə yaşayan insanlara baxıb həyatına şükür etməlisən. Bu zaman həyatın mənasını daha çox dərk edəcəksən. Çünki həyatı çətin keçən insanlar var. Bu gün çətin an yaşayıramsa, mütləq və mütləq düşünməliyəm ki, daha çətin şəraitdə yaşayanlar mövcuddur.

Ümumən çətinliklər hər bir insan üçün vardır. Onlardan keçən insan sınaqdan çıxır. Yaxud insan çətinlik dövründə Allah-təalaya şükür edirsə, mükafatını alır. Həyatda ağ xətt, qara xətt deyilən bir anlam var. Və təbii ki, o qara xəttdən sonra mütləq o ağ xətt gələcək. Sadəcə sükür edib, səbr edib, dözüb gözləmək lazımdır.

- Tanrının bəxş etdiyi bir sıra məziyyətlər var ki, onları, agıllı, normal insan yetərincə dərk edir, görür, qiymətləndirir. Amma bəzi məqamlarda insanın üsyanı, həyata verə biləcəyindən az verdiyini düşünməsi onu doğru yoldan azdırır. Sizcə, bu halda insan öz doğrusunu necə tapa bilər? Hansı formada tapar? Bunun üçün şəraitmi lazımdır, cəmiyyətmi, ətraf muhitmi? Və hansı halda insanın seçimi doğrudur?

- Çox insan fikirləşir ki, mənə olunanlar, yaşadıqlarım azdır. Bəlkə həmin insan üçün çoxdur, bəlkə də mənim üçün də çoxdur, mən dərk eləmirəm onu. Axı insan bəzən dərk eləmir. Bunun üçün dinimiz var, kitabımız var, o kitaba uygün hərəkət etsək elə bilirəm ki, istədiyimizə nail ola bilərik.

Bir ömrümüz var. Bilmirik ki, nə vaxt sona yetəcək. Fikirləşirik ki, əşşi, mən bunu bu il eləməsəm, gələn il edəcəm. Halbuki bu iş bu il görülə bilər. Onu gələn ilə saxlamağa ehtiyac yoxdur. İmkan yaranıbsa, şərait yaranıbsa işi bu il, elə bu gün həyata kecirmək lazımdır. Çünki sabaha təminat yoxdur.

İnsan 5 dəqiqədən sonra nə olacağını bilmədiyi halda, hətta gecə yatanda səhər üçün saat zəngi qürur. Bu da onun ümididir. Gələcəyə nə isə edərəm deyə bir zaman ayarlamasıdır. Həqiqətən bu gün, sabah olmayacaq deyə yaşasaq, onu daha dolğun yaşayarıq, daha təhlillə yaşayarıq, daha çəkçevirli, siz dedyiniz kimi, aşağı-yuxarı baxaraq öz nizamımızı tapa bilərik.

- Adil bəy, əgər bir insan idman sahəsindədirsə, kimliyindən asılı olmayaraq demək ki, nizam-intizama tabe olan, formalaşmış, bəlli çərçivədə artıq düzəni olan biridir. Siz bir sıra arzulara çatmısınız. Arzudan arzu doğur deyirik, zamanında polis olmaq istəmisiz. Və olmusuz da. Bu gün Adil Əliyev prizmasından yanaşsaq, hansı arzu insan üçün daha məqbul olunan hesab olunar. Meyarca...

- Mən hərbçi olmuşam, ondan sonra polisə kecmişəm və uzun müddət polis orqanlarında xidmət etmişəm. Bilirsiz, elə bir məqamlar olur ki, hər şey gözlənilmədən baş verir. Məsələn, polisdən siyasət aləminə kecməyim. İstədim və o çətin maneləri gözardına alıb bu işə qol qoydum, müəyyən mənada riskə də getdim. Düşünsək ki, hansı çətindi, hansı asandır, artıq çətinliklər geridə qalanda marağı olmur. Çətinliklər öndə olanda daha maraqlıdır. Və biz çətin məqamları yaşadıqca nələrisə dərk edə bilirik, sonra bəzən keçdiyimiz yolu unuduruq.

- Yəqin yaxsı olana tez alışırsan ona görə...

- Təbii ki, hər bir insan yaxşı olana tez zamanda alışır, ancaq yenə deyirəm, insan olduğumuzu dərk etməliyik, ömrümüz çox qısadır. Həyatımızı normal, gülərüz yaşamalıyıq. Belə yaşayaraq ətrafımızdakılar üçün də xoş aura yaradırıq. Nə qədər qapalı, nə qədər qaşqabaqlı, nə qədər problemli olsaq, bir o qədər də ətrafa mənfi enerji ötürərik. Ona görə də çalışam ki, problemlərin çoxluğuna baxmayaraq, onlara sinə gərim.

- Həm idman, həm siyasət elə bil sahələrdi ki, bəlli çərçivə istəyir. Və bunun içərisində insan bir növ tərbiyə alır, çərçivədən kənara çıxmır. Refleklər də kənara çıxmağa imkan vermir. Amma bir nüans var ki, bəzən emosiyalar, hisslər insana tabe olmur. Maraqlıdır, Adil Əliyev hansı hisslərini cilovlaya bilməz, bilməyib, bu gün də cilovlamağı bacarmır?

- Belə məqamlar çoxdur. Əvvəllər daha çox olub. Yaşlandıqca, yaşımiz artıqca, səbrlə yanaşmağı öyrənirik. Çünki problemlərlə, problemli insanlara rastlaşmaq, onların öz problemlərinə səni cəlb etməsi, belə hallar çox olub, yenə də var. Əvvəllər daha çılğın reaksiya verirdimsə, artıq çılğınlıgı kənara qoymuşam.

- Bəli, bəzən insan emosiyalarına sahib ola bilmir, amma duruma geniş yanaşdıqda artıq mənzərə sənə daha aydın görünür.

- Bilirsiniz, bəzi insanlar, demək olar, çətinlik görməyiblər, çətin anlar yaşamayıblar. Ona görə də müəyyən çətinliklə üzləşəndə onu ciddi problemə çevirirlər.

Mən isə çərçivədən kənara çıxmamışam, orta məktəbdə də, Bakıda İdman təmayülli məktəbdə də, sonra Ali Hərbi Dənizçilik Akademiyasında oxuduğum illərdə də. Yəni hər zaman qanunlar, əsasnamələr əsasında yaşamışam. Bu  günədək  şəxsi işimdə qeyd olunan boş günüm yoxdur. Bir qaranlıq gün qoymamışam ki, kimsə desin ki, bax, o 10-20 il bundan öncə sən harada idin, nə işlə məşğul olurdun? O istintaq aparıldıqda soruşurlar e filan günü filan saatda harda idin? Yəni, o gün olmayıb mənim həyatımda. Yaşadıqca da çalışmışam ki, qanunlara hörmətlə yanaşım. Yenə deyirəm hamımız insanıq, səhv hamıda var, məndə də olub. İnsan bilərəkdən səhvə yol verməz. Yaşadıqdca səhvləri görüb dərk etmişəm. Yəqin buna görədir ki, hansısa mövzuya daha geniş aspektdən baxmaq vərdişim yaranıb.

Hesab edirəm ki, gələcəkdə də öyrənməli çox məqamlar ortaya çıxacaq. İnsanlar var ki, onlardan öyrənməli, görüb-götürməliyik. Elələri yetərincədir. Ümumən cəmiyyətimiz normaldır, Vətənimiz gözəl insanlar yetişdirib. Mən heç vaxt pafosla Vətənlə, dövlətlə, dövlətçiliklə bağlı çıxış edənlərdən olmamışam. Ancaq Vətənimi sevmişəm. Bu gün də sevirəm və hər zaman sevəcəm.

Biz ilk növbədə Vətənə bağlı olmalıyıq, gözəl mütəxəssis, deyək ki, gözəl idmançı, gözəl siyasətçi, gözəl həkim, gözəl jurnalist, gözəl aparıcı ola bilərik, ancaq ilk növbədə Vətən anlayışı ilə Vətənə baglı insanlardan olub, daha sonra işimizin peşəkarı olmalıyıq. Digər tərəfdən, hansı işin sahibi olursansa ol, ilk növbədə o sənəti peşəkarcasına bilməlisən. Peşəkar deyilsənsə, yalnız özünə yox, cəmiyyətə, insanlara, ətrafa da ziyan vurursan.

Təbii ki, insanın müsbət xüsusiyyətləri önə çəkilməlidir, daha sonra nəyə qadir olduğu. İstər cəmiyyətdə, istər ətrafında, istər ailəsində, istər işində bu, artıq onun xarakterinin xüsusiyyətləri, keyfiyyətləri olacaq. Bu birmənalı  belədir.

- Birinci insan olmaq, birinci müsbət qəbul olunmaq, daha sonra artıq geridə qalan bəzi çatışmazlıqlar o birinci xüsusiyyətinə bağışlanılandır. Elə deyilmi?

- Bəli, təbii. Yəni mənim də istədiyim odur. Cəmiyyəti, bizi o şəkildə  görmək istəyirəm, cəmiyyətimizi daha anlayışlı, daha oxumuş, daha çox bilən insanların əhatə etdiyi bir cəmiyyət görmək istəyirəm.

- Adil bəy, cəmiyyətin təmçilsisiniz, siyasətçisiniz, millət vəkilisiniz, Milli Məclisə 3  çagırış seçkidə uğur əldə etmisiniz. Və idman sahəsində yetərincə uğurlarınız var. Gənclərlə sıx ünsiyyətdə olursunuz. Siz bu məkana daxil olar-olmaz gördüm ki, neçə nəfər sizinlə salamlaşdı. Bilirsiz, xırda bir detal bəzən insanı xarakterizə etmək üçün böyük səbəb ola bilir. Bəzən kiçik hesab etdiyimiz detal insanın tam xarakterini aça bilir. Ola bilər ki, o insan çox gözəl şeylərdən danışsın, özünü çox gözəl təqdim eləsin, amma o detalı sən görməyəndə artıq onun dedikləri söz olaraq qalır.

- Cəmiyyətimiz bu gün daha çox peşə arxasınca deyil, diplom arxasınca gedir. İnsanlar təhsil alırlar, diplomu alırlar, sonra da qalırlar işsiz. Deyirlər iş yoxdur, iş tapmaq çətinləşib.

- Bəli, tamamilə doğrudur. Bu yaralı yerimizdir.

- Bir-biriləri ilə rəqabət aparırlar. Onun uşağı filan yerdə oxuyur, mənim uşağım niyə orda oxumasın kimi stereotiplər var. Bu uşaq bəlkə gözəl sənətkar, mütəxəssis ola bilər. Bir çox işlər var – məsələn, Azərbaycanda yayda da, qışda da kondisenerin ustası tapılmır. Hamının bu kimi problemi var, lakin mütəxəsislər çox azdır.

Digər yandan, baxırsan ki, hamı iş axtarır. Bizə çox müraciətlər olur, soruşuruq bu işi istəyirsən, deyir yox, o işi istəyirsən, deyir yox, onun özünün istədiyi işi də tapmaq olmur, çətindir. Və yaxud da soruşursan hansı dilləri bilirsən, deyir xarici dillər bilirəm, bu sahəyə ehtiyacı olan bir müəssisəyə göndərirsən gedir, yoxlayanda məlum olur ki, dil bilmir.

- Təbii ki, hər zaman neqativ enerji bacarıqsız  və bekar insanlardan gəlib, çünki o özündəki kompleksin fərqindədir.

- Bir, iki nəfər olur, ətrafdakıları da xəstələndirir, zəhərləyir. İstərdim ki, həkimlərimiz də, müəllimlərimiz də jurnalistlərimiz də, televiziya işçilərimiz də yüksək maaş alsınlar, hətta evdar qadınlarımız da maaş alsınlar, yəni uşaq pulları verilsin, tələbələr təhsil haqqlarını rahat ödəsinlər, qazilərimiz, veteranlarımız yaxşı yaşasınlar. Biz bunu istəyirik, hamımız istəyirik. Heç bir Azərbaycan vətəndaşı istəməz ki, həmyerlisi kasıb və ya pis yaşasın.

İndi Cənab Prezidentimiz idman sahəsinə, gənclər siyasətinə böyük diqqət yetirir, ordumuza xüsusi qayğı göstərir. Bunlar bir-birinə bağlı məsələlərdir. Gənclik siyasəti idman siyasətinə, idman siyasəti ordu quruculuğuna, ordu quruculuğu təhlükəsizliyimizə, təhlükəsizliyimiz ictimai siyasi sabitliyimizə, beynəlxalq məkandakı vəziyyətimizə, sərhədlərimizin qorunmasına bağlıdır. Bunlar bütövlükdə dövlət siyasətimizi təşkil edir. Dövlət addımlarını düşünərək atır, ancaq gəlin, görək bu dövlətin siyasətinə kimlər kömək göstərir. Vətəndaşlarımız dəstək olurmu?..

- Bunun yetişməsi üçün nədən başlamaq lazımdır? Nə edək biz o həddə çataq?

- Yaxşı insan axtarılmamalıdır, hər kəs özü yaxşı olmalıdır. Yaxşı insanların bir-birilərini tapmaları asandır. Özümüzdən  başlamalıyıq. Deyingən, narazı  insanlardan soruşmaq lazımdır, bax bir-bir sadala gənclərimiz üçün, idmançımız üçün, ordumuz üçün, təhsil alan tələbələrimiz üçün, qazilərimiz üçün, şəhid ailələri üçün hansı işi görmüsən, beynəlxalq aləmdə fəaliyyət göstərən insanlar üçün, diasporamız üçün nə iş görmüsən?.. 

Bax, bu sualları ünvanlayanda onlar cavab verə bilmirlər, ancaq dedi-qodu ilə məşğul olurlar, belə hallar yaşanmasın deyə insan özü yaxşı olmalıdır və ilk növbədə özündən başlamalıdır. Və heç kim deməməlidir ki, mənim onu etməyə imkanım yoxdur, hər bir insanın nəsə etməyə qadirdir. Ən azından onun gülərüzü var, verdiyi salamı var, onun münasibəti var, ünsiyyəti var qonşusuna qarşı, qohumuna qarşı, vətəndaşına qarşı, işlədiyi cəmiyyətə qarşı, yaşadığı cəmiyyətə qarşı. Yəni yenə deyim, hər kəs özündən başlamalıdır.

Biz böyük uğurları dövlətin hesabına qazana bilirik. İndi rəhbərlik bütün tapşırıqları verir, əmrlər, sərəncamlar imzalanıb, qanunlar qəbul edilib, gəlin görək vətəndaş bunları icra edirmi, vətəndaş mütaliə edirmi? Məsələn, deyək ki, vətəndaş bu gün gəlir ki, qəzaya düşüb. Araşdıranda görürsən ki, yol qadağası olan yoldan atlanıb dəmirin üstündən keçir və qəza törənir. Bilirsiz bu kimi hallar cəmiyyətimizin problemidir, bu da insanlarımızın problemidir. Problemlər olmasın deyə onlar maariflənməlidirlər, bunun üçün də sosial roliklər çəkilməlidir. Sosial roliklər çox böyük anlam daşıyır.

- Maariflənmə, ancaq maarifləndirmə...Yəni bir mənalı şəkildə maariflənmə...

- Bunlar çox vacibdir. Daha istedadı gəncləri seçib yetişdirmək lazımdır. Məsələn, bu gün təhkim olunduğum federasiya kütləviliyi təmin edən federasiyalardan birinə çevrilib. Çünki özüm şəxsən, federasiyamızın rəsmiləri, rəhbərliyi biz hər bir xırda klub yarışında da gedib iştirak edib onları dəstəkləyirik. Yəni onları yetişdiririk. Azərbaycanda idman federasiyaları çoxdur. Əgər hamısı bu işlərlə məşğul olsa, hamısında əsgər yetişdirmək düşüncəsi olsa, daha çox uğura imza ata bilərik.

- Tamamilə doğru buyurursuz.

- Bu sahədən çox danışmaq olar. Çox təkliflər vermək mümkündür. 85 federasiya Gənclər və İdman Nazirliyi tərəfindən maliyyələşir. Bizim federasiyamız yarışa min idmançı çıxarır. Əgər hər bir federasiya yarışa min idmançı çıxara bilsə, bu, hər il orta məktəbi bitirən 40000 sağlam çevik gənc deməkdir. Bu 40000 sağlam çevik gəncin qoy 30000-ni, 20000-ni Azərbaycan ordusunun əsgəri olsun. Bu da kütləvi şəkildə hər il davamlı şəkildə olsa, Azərbaycanda hər kəs saglam düşüncəli olar, hər kəsin evində bir idmançısı olar, hər kəsin evindəki o idmançısı onun xilaskarına çevrilər. Hər kəsin evindəki oğul Vətənin xilaskarına çevrilər. Yəni mən cəmiyyətimizi belə görmək istəyirəm, cəmiyyətimizi güclü görmək istəyirəm.

- Adil Əliyev insan tanıyandırmı?

- Elə insanlar olur  ki, onları dərhal tanımaq mümkün deyil, zaman keçdikcə tanıyırıq. Çünki cildə girmiş insanlar çoxdur. Allah-təalaya çox şükürlər olsun ki, məni belə insanlarla bir masada əyləşdirmir, ancaq olur...

Mən daha çox nədən əziyyət çəkirəm, heyfislənirəm? Məsələn tanımadığımız insanlar bir işlə bağlı müraciətlər edirlər. Allah köməkləri olsun güman yeri bilib, xilas yeri sayıb gəliblər, anlayıram. Ən azından onunla görüşürəm, ən azından dərdinə qulaq asıram, şərik olmaq istəyirəm və ən azından onun probleminin həlli üçün müəyyən zənglər edirəm, müəyyən görüşlər keçirirəm. İndi bu iş alınmaya da bilər, alına da. Elə insanlar var ki, işləri dərhal alınır, dərhal kömək eliyə bilirəm. Ancaq elələri də olur ki, işləri on illərdir alınmır. Yəni onun indi bəxtində yoxdur. Sehrli çubuğumuz da yoxdur ki, məsələni dərhal həll edək. Belələri sonradan özləri problemə çevrilirlər.

İndiki zəmanədə cəmiyyətimizdə daha çox çalçağırı yox, Vətən keşiyində övlad itirən şəhid ailələrini, qaziləri, veteranları ziyarət etmə səhnələrini görmək istəyirəm. Biz daha çox onların ailələrinə ürək-dirək verməliyik, biz daha çox onları ziyarət etməliyik, yəni biz gücümüz çatan qədər bir federasiya olaraq, bir ərazidən olan insanlar olaraq kömək etməliyik.

Bizim ərazimiz (Milli Məclisin deputatı seçildiyi seçki dairəsi nəzərdə tutulur -red.) çox fəaldır, mən dünən bir xeyriyyə tədbirində oldum. Mənə dedilər ki, burdakı insanların çoxu Nərimanov rayonunda yaşayır. Baxdım ki, orda köməyə ehtiyacı olan insanlar var, amma heç birini tanımadım. Bildirdim ki, burda mənim ərazimdən insan yoxdur. Onlar israrla dedilər ki, yox, burda Nərimanov rayonun sakinləridir. Dedim, yox, mən burda heç kimi tanımıram. Yəni israr etdim ki, soruşulsun mikrafonla görək ki, burda mənim ərazimdən olan insan varmı? Ola bilməz ki, ehtiyacı olan insan olsun və mən də onu tanımıyım. Soruşdular, heç kim olmadı. Yəni insanları belə - üzbəsurət tanımağım da var. 

- Biz sizə təşəkkür edirik, Adil bəy. Var olasınız. Çağırış dolu bir söhbət oldu. Və hesab edirəm ki, bizim sərf etdiyimiz bu günkü enerji, əmək hədər getmədi. Və biz də KİV olaraq sizin timsalınızda cəmiyyətimizə mesajlar göndərdik. Cəmiyyətimiz üçün hansısa görülən o binada bizim də daşımız olsun. Bu mənada var olasınız, bizə köməkçi olursunuz. Sizin missiyanız insanlara çağırış etmək və bizim missiyamız isə oxuculara bunu çatdırmaqdır.

- Görüşmək ümidi ilə ... Var olasınız!

- Siz də sağ olun. Mən də sizə təşəkkür edirəm. 

 

 

 

Müsahibəni apardı: Fəxriyyə Lilpar İsayeva

 

 




Redaktorun seçimi

Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Müsahibə