USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

"İstənilən zərrə qədər uğurun təməlində təhsil dayanır"


https://img.baki-baku.az/news/2021/03/photo_3141.jpg?v=MjAyMS0wMy0wOCAxNjo0Mzo0NA==

Təhsil millətin gələcəyi, müəllim isə cəmiyyətin memarı sayılır. Müəllim hələ qadındırsa, anadırsa  bu ikiqat məsuliyyət, ikiqat keyfiyyət, ikiqat nəticə deməkdir. Bəli,  müsahibimiz müəllim peşəsini illərlə şərəfləndirən Bakı Slavyan Universitetinin  tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanovadır.  Xanım müəllimə ilə müsahibəmiz 8 Mart Beynəlxalq Qadınlar gününə təsadüf etsə də, söhbətimizə təhsildəki vəziyyətə münasibəti ilə başladıq.

Xanım müəllimə, 8 mart Beynəlxalq Qadınlar Günü ərəfəsindəyik. Amma  elm, təhsil sahəsini təmsil etdiyimiz üçün öncə  hamımız üçün aktual olan tədris məsələləri ilə bağlı fikirləriniz maraqlı olardı.  Təhsil sahəsində uzun illər çalışan bir ziyalı kimi  necə düşünürsünüz, bu gün  təhsilimiz  Covid 19-un fəsadlarından nə qədər qoruna bilir?

Düşünürəm ki, bütün sahələr kimi, təhsilimiz də  son bir ildə çətinliklərlə qarşılaşdı. Əlbəttə, dünyada tüğyan edən pandemiyanın təsirindən tam yan keçmək mümkün olmadı. Bu da təbiidir. Çünki bilirsiniz ki, belə qlobal şəkildə rastlaşdığımız ilk gözlənilməz vəziyyət idi.   Bu baxımdan əlbəttə, yaranan vəziyyət hər zaman  yeni yanaşma tərzi, yeni üslüblar, çevik qərarlar tələb edir. Həm də bu elə bir durumdur ki, yalnız dövlətin deyil, tutduğu vəzifədən, məqamdan asılı olmayaraq hər kəsin üzərinə düşən məsulyyətdir.  Çalışdığım  Bakı Slavyan Universiteti pandemiya şəraitində təhsildə, tədrisdə geri qalmamaq, bu problemdən ən az zərərlə çıxmaq üçün maksimum, var gücü ilə səy göstərdi.  Həm müsbət, həm də  mənfi çalarlı nəticələr müşahifə etdik.  Belə ki, biz distant təhsilin mümkünlüyünü müzakirə edərkən distant təhsil aparmaq məcburiyyətində qaldıq. Bu prosesdə bir sıra texniki problemlərlə qarşılaşdıq.  Müsbət tərəf ondan ibarətdir ki, hazırki mərhələdə biz artıq distant təhsil aparırıq və müsbət nəticələr əldə edirik. Mənfi tərəfi isə ondan ibarətdir ki, bu prosesdə bizdən asılı olmayan texniki maneələr hələ də mövcuddur. Amma ümid edirəm ki, dövrün tələblərinə uyğun olaraq zamanla bu problemlər də həllini taparaq arxada qalacaq.

Günümüzdə təhsilin və elmin inkişafında Azərbaycan qadınının rolu, töhfəsi necə qiymətləndirilə bilər?

Azərbaycan qadınının elmə, təhsilə bağlılığının böyük tarixi keçmişi var. Qadınlarımızın zəkası, çalışqanlığı, vətənpərvərliyi, ziyalılığı  tarix boyu  xalqımızın gələcəyini işıqlandırıb. Bütün müsbət keyfiyyətləri özündə birləşdirən Azərbaycan qadını dövrünün tarixi ədəbiyyatında iz qoyaraq nəsillərdən nəsillərə ötürülüb. Belə bir gündə fəxarətlə ilk qadın hökmdarlarımızdan olan Tomris, Şərqdə ilk diplomat qadın Sara xatun, Nüşabə, Məhsəti, Natəvan və s. kimi Azərbaycanın  xanım şəxsiyyətlərini xatırlatmaq yerinə düşər. Bu ənənə əsrlərlə davam edib. Yaxın keçmişimiz XX əsr isə  Azərbaycan qadınının ən yüksək nailiyyəti, şöhrəti ilə yadda qalıb. Məhz ötən əsrin ortalarından başlayaraq təhsilin və elmin inkişafında müstəsna xidmətlərə imza atan Azərbaycanın qadın alimləri, mütəfəkkirləri günümüzün zərif qəhrəmanlarına çevrilib. Bu uğurun kökündə  birmənalı olaraq Ümummilli liderimiz Heydər Əliyev dühası, onun uzaqgörən siyasəti və  böyüklüyü dayanır. Ulu öndərin unudulmaz sitatlarından birini xatırlatmaq istərdim: "Dünyanın ən gözəl qadını Azərbaycan qadınıdır." Bu gerçəkdən belədir. Dünya elminin daha da sürətlə inkişaf etməsinə adekvat olaraq qadınlarımızın elmə, təhsilə, araşdırmalara  marağının artması təbiidir. Bilirsiniz ki, ölkəmizdə bu sahədə qadınlar böyük bir məsuliyyəti zərif çiyinlrində daşıyırlar. Belə ki, cox saylı təhsil ordusunun hər iki cəbhəsində qadınlarımız şərəflə  fəaliyyət göstərirlər: həm ana, həm müəllim kimi şərəfli missiyanı layiqincə yerinə yetirirlər. Statistikaya görə  əhalimizin  yarıdan çoxunu və təhsil sistemində çalışanların çoxunu qadınlar təşkil edir. Müəllimlərin təqribən 79 faizi qadınlar, təhsil alanların isə 47 fazi qızlardır. Bundan başqa statistika son 18 ildə Azərbaycanda elmi tədqiqatla məşğul olan qadınların sayının  artdığını təsdiqləyir.  Məncə bu göstəricilər təhsilin və elmin inkişafında Azərbaycan qadınının yerini ifadə edir.

Bu gün gənc xanımların təhsilə, elmə  marağı hansı səviyyədədir?

Əgər statistik rəqəmlər özündə  təhsildə, elmdə qadınların sayının yüksək olduğunu ifadə edirsə, bu həm də gənc xanımların elmə və karyeraya olan marağından, diqqətindən xəbər verir. Bu sevindiricidir. Gənc qızların kütləvi ali təhsil müəssisələrinə üz tutması, ali təhsil almaq istəyi gələcəyimizin daha işıqlı olmasından xəbər verir.  Uzun illər ali təhsil ocağında fəaliyyət göstərən, bilavasitə gənclərlə çalışan bir müəllim kimi gənc qızlarımızla bağlı çox optimistəm.  Gənc xanımlar, gənc analar nə qədər savadlı, dünyagörüşlü olarsa millətin gələcəyi də bir o qədər ümidverici olar. Milli, mənəvi, zehni, mədəni inkişafımız  bir o qədər sürətli olar.  Bundan başqa gənc xanımların ictimai-siyasi sahədəki fəallığı,  müxtəlif sahələrdə uğurla təmsil olunması ürəkaçandır. İstənilən zərrə qədər uğurun təməlində təhsil dayandığı üçün bütün bu nailiyyətlərə görə bu sahədə bizi yetişdirən, ərsəyə çatdıran müəllimlərə borcluyuq. 

İşinizlə bağlı hər zaman  gənclərin əhatəsindəsiniz. Orta nəslin nümayəndəsi kimi dövrümüzün gənc  qızlarının  milli-mənəvi dəyərlərə sayğısı, bağlılığı sizi qane edirmi?  Sizcə gənc qızların dəyərlərimizə sadiq formalaşması üçün  təhsilin, müəllimlərin üzərinə hansı vəzifələr düşür?

Düşünürəm ki, bəlkə də orta nəslin nümayəndəsi olduğum üçün dəyərlərimizə bağlılıq səviyyəsi məni tam qane etməyə bilər. Milli-mənəvi dəyərlərə hörmət, sayğı və dəyərlərimizə sədaqət, ümumiyyətlə bu ənənəni qorumaq günün ən vacib vəzifəsidir. Cənab prezident, Ali Baş Komandan İlham Əliyev çıxışlarında hər zaman qeyd edir ki, "Azərbaycanı xalq kimi yaşadan milli-mənəvi və islami dəyərləridir".   Hesab edirəm ki, bu şüar gənclik üçün bir mayakdır, mesajdır. Bu günkü qloballaşma, müasir tendensiyalar, inteqrasiya təbii ki, qaçılmazdır.  Biz bu yeniliklərə açıq ola bilərik, amma təslim olmağa haqqımız yoxdur. Hər bir toplumu var edən onun dəyərləridir. Dəyərlərimizə sahib çıxmağı bir an belə unutmamalıyıq.  Hesab edirəm ki, bu məsələ ilə bağlı  təhsil öcaqlarında çalışan həmkarlarımızın üzərinə böyük məsuliyyət düşür. Milli mənəvi dəyərlərimizin təbliğatı, bu dəyərlərin gənc nəsillərə ötürülməsində hər birimiz şəxsi nümünə olmalıyıq.  

8 mart Beynəlxalq Qadınlar günü ərəfəsində olduğumuz üçün "dövlətin qadın siyasəti  və Azərbaycan qadınının uğurları" ilə bağlı fikirlərinizi də bilmək istərdik.

Dövlətin həyata keçirdiyi saysız-hesabsız layihələr, proqramların nəticəsidir ki,  Azərbaycan qadını bu gün də böyük inkişaf yolu keçir.  Cənab Prezidentin qadın məsələləri ilə bağlı yönləndirdiyi siyasət, qanunvericilik bazasının formalaşdırılması, dövlət qurumlarında, eləcə də seçkili orqanlarda  qadınların təmsil olunması, qadın hüquqlarının müdafiəsi  və s. bilavasitə uğurlarımızı şərtləndirir. Ən müxtəlif sahələrdə qadın zəhmətinə verilən dəyər, gənc xanımların həyatımızın ən müxtəlf sahələrində uğurlar qazanması, du uğurların dövlət tərəfindən dəstəklənməsi, şəxsən  dövlət başçısı tərəfindən qiymətləndirilməsi, mükafatlandırılması dövlətin qadın siyasətini özündə təzahür etdirir.  30 ilə qədər davam edən Qarabağ savaşı  Ali Baş Komandanın rəhbərliyi  altında 44 günlük müharibə ilə yekunlaşdı. Azərbaycan Zəfər çaldı. Bu həm də Azərbaycan qadınının zəfəri idi. Torpaq, Vətən uğrunda canından keçən övladlarımız, oğullarımız Azərbaycan qadınının əsərləridir. Şəhid anaları oğullarını "Vətən sağ olsun" deyib qurban verirsə, bu Azərbaycan qadınının böyüklüyü və həm də ən ali uğurudur.  Əlbəttə, bu qədər sadaladığım üstünlüklərlə yanaşı qadınlarımızın müəyyən qayğıları da var. İqtisadi, fiziki və psixi zorakılıq halları, bəzi hallarda cinsi diskriminasiya (karyera məsələlərində) halları da mövcuddur.  Bu məsələlərin qarşısının alınması üçün dövlət tərəfindən bütün hüquqi addımlar atılıb, qanunvericilik aktları qəbul olunub.  Hesab edirəm ki, bu kimi problemlərin həllində ictimai qınaq da öz rolunu oynamalı, hər bir ziyalı, elm xadimi və ictimaiyyət nümayəndələri də öz üzərinə düşən məsuliyyəti hiss etməlidir.

Baki-Baku.az




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Müsahibə